Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-766/2025 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X8 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ın nümayəndəsi X11, X16 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X4, X18 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X16 Sistemlərinin İstismarı İdarəsinə və X18 Sistemlərinin İstismarı İdarəsinə qarşı “dəymiş ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2-1(116)-980/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Yevlax rayonu, Aran qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,85 ha (**********35 reyestr, ********** qeydiyyat nömrəli) torpaq sahəsi notarial qaydada icarə müqaviləsi ilə iddiaçıya 20 il müddətinə icarəyə verilmişdir.
2. İddiaçı, X9 İdarəsinə aid X10 boru xəttindən sızan sular, kollektorların işlək vəziyyətdə olmaması, artıq suları əkin sahəsindən uzaqlaşdıran vasitələrin yoxluğu kapilyar su keçiriciliyi çox olan gilli əkin torpağının şoranlaşmasına və bataqlıqlaşmasına səbəb olduğunu bildirərək eyni məzmunlu ərizələrlə Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X9 İdarəsinə, X14 İdarəsinə müraciətlər ünvanlamış 9.000 manat məbləğində dəymiş zərərin ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, X9 İdarəsinə (X16 Sistemlərinin İstismarı İdarəsi) və X14 İdarəsinə (X18 Sistemlərinin İstismarı İdarəsinə) qarşı «dəymiş ziyana görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı 2023-cü ilin oktyabr ayında özünə və ailəsinə məxsus olan Yuxarı Qarabağ kanalının sağ sahilində, X10 su boru kəmərinin sağ kənarında icarəyə götürülmüş 3,08 ha və ümumi istifadədə olan 4,63 ha torpaq sahəsində arpa əkmişdir. Həmin əkinlə əlaqədar ona subsidiya verilmişdir. Əkin sahəsi Goranboy və Yevlax rayonlarının ərazilərinin sərhədində yerləşir. Əkin sahəsi Goranboy rayonu X10 su boru kəmərinin korroziyaya uğraması səbəbindən su sızması, meliorasiya və irriqasiya işlərinin müvafiq qaydada aparılmaması səbəblərindən bataqlıqlaşmış və şoranlaşmışdır. Əkin sahəsinin strukturunun gilliliyi və relyefinin meyil bucağının çox olması, vaxtilə mövcud olmuş dərin su toplayıcı yerüstü kollektorların işləməməsi, borudan sızan suların kapilyar keçiriciliyinin çox olması da torpaq sahəsinin bataqlıqlaşmasına və şoranlaşmasına səbəbdir. Uzunmüddətli sızmalar qrunt suyunun səviyyəsinin hədsiz dərəcədə qalxmasına gətirib çıxarmışdır. 2023-cü ilin noyabr ayı ərəfəsində yuxarıda qeyd olunan borunun bir neçə hissəsində böyük sızmalar yaranmışdır ki, bunun nəticəsində də əkin sahəsində suyun səviyyəsi qalxmışdır. Kollektorlar tələb olunan qaydada işləsəydi, əkinə böyük ziyan dəyməzdi. Yeni əkilmiş arpa kökləri havasız qaldığından, onların təqribən 80 faizi tələf olmuşdur. Nəticədə ona 9.000 manat ziyan dəymişdir. Şikayət edildikdən sonra su borusu qaynaq edildi və dəliklər yamandı. Lakin kiçik sızmalar hələ də qalmaqdadır. Dəymiş ziyanla bağlı Goranboy RİH-nə və X9 İdarəsinə müraciətlər cavabsız qalmışdır. Hazırda torpağın üst qatı quru görünsə də, şum qatı palçıq olduğundan əkin işinin aparılması mümkün deyil. Göstərilənlərə əsaslanaraq, qeyd edilən əkin sahəsinin korlanması ekspertiza edilərək mövcud səbəb aradan qaldırılması ilə cavabdehlərdən dəymiş zərərə görə 9.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
5. Əmlak Məsələləri Dövlət Xidmətinin iddia ilə bağlı məhkəməyə daxil olmuş 4 noyabr 2024-cü il tarixli yazılı etirazında bildirmişdir ki, Xidmətin Mİngəçevir ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılan zaman Aran qəsəbəsi ərazisində onun ailəsinə məxsus pay torpaq sahəsinin yaxınlıqdan keçən Boluslu suvarma boru xəttindən su sızması nəticəsində istifadəyə yararsız hala düşməsi faktının müəyyən olunduğu və suvarma boru xəttinin təmir edilərək su sızmasının aradan qaldırıldığı bildirilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin korlanması ilə əlaqədar ona dəymiş ziyan üçün müvafiq vəsaitin ödənilməsini xahiş edir. İddiaçı Goranboy rayonu X10 boru kəmərinin korroziyaya uğraması, nəticədə meliorasiya və irriqasiya işlərinin qaydaya uyğun olmaması ilə əlaqədar əkin sahəsinin yararsız hala düşməsi səbəbindən ona ziyan dəydiyini bildirsə də, bununla bağlı ona ziyanın Əmlak Məsələləri Dövlət Xidmətinin hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsini və bununla bağlı Xidmətin məsuliyyət daşımasını iddia ərizəsində əsaslandırmamışdır. İddia ərizəsində qeyd olunan ziyanın yaranmasına səbəb olan halların aradan qaldırılması məsələsi Xidmətin fəaliyyət istiqamətlərinə aid olmadığından, Xidmət iddia tələbinin birinci hissəsi ilə bağlı hər hansı öhdəlik daşımır. Eyni zamanda, iddiaçıya ziyan dəyməsinə səbəb olan hallar Xidmətin hər hansı təqsirli hərəkəti ilə bağlı olmadığından, iddia tələbinin “kompensasiya ödənilməsi” ilə bağlı hissəsində də Xidmət cavabdeh qismində çıxış edə bilməz. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamış və iddiaçı bunu ərizəsində əsaslandırmamışdır. İddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.
6. X18 Sistemlərinin İstismarı İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İdarə tərəfindən əraziyə baxış keçirilmiş və İddiaçı əkin sahəsinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşməsinə baxmayaraq ərazinin suvarma suyu ilə təminatının X16 Sistemləri İdarəsi tərəfindən aparıldığı məlum olmuşdur. İddiada qeyd edilən əkin sahəsinə ziyan vuran boru kəməri Yevlax SMSSİ-nin balansında deyil. Həmin ərazidə Yevlax SMSSİ-nin balansında olan qrunt sularını ərazidən kənarlaşdıracaq hər hansı kollektor – drenaj şəbəkəsinin mövcud olmadığı müəyyənləşmişdir.
7. X16 Sistemlərinin İstismarı İdarəsinin iddia ilə bağlı məhkəməyə daxil olmuş 17 oktyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı 2023-cü ildə əkdiyi arpa sahəsini İdarənin balansında olan X12 su götürən X10 boru xəttinə icazəsiz quraşdırılmış siyirtmədən istifadə edərək bir dəfə suvarmışdır. 5 oktyabr 2023-cü il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin və Goranboy SSİ-nin mütəxəssisləri baxış keçirərkən X10 boru kəmərinə icazəsiz olaraq 100 mm-lik siyirtmənin quraşdırıldığı məlum olmuşdur. Siyirtmə kəmərdən kəsilərək ayrılmışdır. İddiaçı bildirilmişdir ki, siyirtmənin təkrar quraşdırılması üçün siyirtməyə sayğac quraşdırılmalı və nasos stansiyanın istismara verildiyi Boluslu SİB ilə müqavilə bağlanmalıdır. Bu barədə akt tərtib olunmuşdur. Sayğac quraşdırılmadığı üçün siyirtmə təkrar kəmərə qoşulmamış, nəticədə iddiaçı 19 fevral 2024-cü il tarixdə ölkə başçısına ünvanladığı ərizəsində sahənin susuzluqdan yanaraq məhv olduğunu bildirmiş, ona kəmərdən su verilməsi üçün müraciət etmişdir. İddiaçının müraciəti və sahəyə baxış aktına əsasən məlum olmuşdur ki, onun sahəsi susuz qalmışdır. Onun torpaq sahəsinin X6 sızan sularla bataqlığa çevrilməsi haqqında iddiası əsassızdır. Ərazisinin şoranlaşması isə orada çəkilmiş kollektor drenaj şəbəkəsinin işləməməsi səbəbindən baş vermişdir. Goranboy SMSİİ-nin həmin ərazidə kollektor drenaj şəbəkəsi yoxdur. X16 Sistemlərinin İstismarı İdarəsinin məhkəməyə ünvanlanmış 3 dekabr 2025-ci il tarixli məktubunda isə qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 1 sentyabr 2025-ci il tarixli məktubda ünvan 5 təsərrüfatı təyinatlı 4,63 ha və 3,85 ha torpaq sahələri və yaxud onların müəyyən hissələri üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı bildirilmişdir. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi X21 İnkişaf Mərkəzi tərəfindən 26 avqust 2025- ci il tarixli məktubda rayonun Aran qəsəbəsində yerləşən 4,63 ha torpaq sahəsinin X3, 3,85 ha torpaq sahəsinin isə X13 məxsus olduğu qeyd olunmuşdur. Həmin sənədlərdən məlum olur ki, iddiaçı iddia ərizəsində qeyd edilən torpaq sahələrinin nə mülkiyyətçisidir, nə də icarəçisi. Bu nöqteyi nəzərdən İddiaçı həmin torpaq sahələrinə dair heç bir subyektiv hüququ mövcud deyildir. Subyektiv hüquq prinsip və normalarını əsas götürərək İddiaçı bu iş üzrə iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınaraq, işə xitam verilməsi məhkəmədən xahiş olunur.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 1 sentyabr 2025-ci il tarixli məktubunda bildirilir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 4,63 ha (**********93 reyestr, ********** qeydiyyat nömrəli) və 3,85 ha (**********35 reyestr, ********** qeydiyyat nömrəli) torpaq sahələri və yaxud onların müəyyən hissələri üzərində X2 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli 2-1(116)-980/2025 nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarına görə İddiaçı iddiası üzrə obyekt kimi çıxış edən Yevlax rayonunun Aran qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı müvafiq (4,63 ha və 3,85 ha ölçüdə) torpaq sahələri onun mülkiyyətində deyil. Torpaq sahələrindən biri, yəni 3,85 ha torpaq sahəsinin mülkiyyətçiləri ilə (mülkiyyətçilərin hamısı olmasa da) notarial qaydada icarə müqaviləsi ilə iddiaçıya 20 il müddətinə icarəyə verilsə də, onun icarə hüquqları dövlət qeydiyyatına alınmadığından, Torpaq Məcəlləsinin 66 və 68-ci maddələrinin tələblərinə görə bu hüquq yaranmır. İddiaçı digər torpaq sahəsinin istifadəsində olduğunu iddia etsə də, onun istifadə hüququ da dövlət qeydiyyatına alınmadığından, bu hüquq yaranmır. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı cavabdeh inzibati orqanların publik hüquqi öhdəliklərini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, İddiaçı həmin torpaq sahələrində əkinlə bağlı hər hansı səbəbdən dəymiş ziyanı tələb etmək üzrə subyektiv hüququ mövcud olmur. İddiaçının dəyişdirilməsi, yəni subyektiv hüququ olan şəxslə və ya şəxslərlə əvəz olunmasına gəldikdə isə məhkəmə vurğulayır ki, aidiyyəti quruma (qurumlara) həmin şəxsin müraciəti məhkəmə icraatında müəyyən edilmədiyindən, bu dəyişikliyin tövsiyə edilməsini məhkəmə məqsədəuyğun saymamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ilkin iddia tələbinə uyğun qərar qərar qəbul edilməsini xahiş etmişlər.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini ilkin iddia ərizəsini təkrarlamaqla əsaslandırmış və maddi hüquq normalarını sadalanmışdır b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi, X16 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi və X18 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin iddianın mümkünsüzlük əsası ondan ibarətdir ki, hazırkı iş üzrə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə mövcud deyil və mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır və bu zaman konkret mübahisəyə münasibətdə konkret inzibati orqanın hərəkət və hərəkətsizliklərinin hüquqi əsasları yoxlanılır. Bu zaman cavabdeh orqan yalnız həmin hərəkət və ya hərəkətsizliyi həyata keçirən və ya müvafiq inzibati aktı qəbul edən orqan olmalıdır. Yəni, inzibati mübahisənin cavabdehi qismində yalnız o orqan ola bilər ki, onun ümumi publik hüquq sahəsində hərəkətləri və ya hərəkətsizliyi iddiaçının hüquqlarını birbaşa pozmuş olsun.
21. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
22. Hazırkı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və X18 Sistemlərinin İstismarı İdarəsinin ümumi publik hüquq sahəsində iddiaçının subyektiv hüquqlarına müdaxiləyə səbəb olan hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Həmçinin, sözügedən orqanların iddiaçı ilə X9 İdarəsi arasında yaranmış mübahisəyə də, hər hansı aidiyyəti yoxdur.
23. X9 İdarəsi ilə iddiaçı arasında yaranmış mübahisə isə mülki xarakterli olmaqla xüsusi hüququn tənzimetmə predmetinə aiddir.
24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li qərarının 13 və 14-cü bəndlərində aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır:- - (13) Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar. - (14). Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. ... Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
25. Məhkəmə kollegiyası istinad olunan hüquqi mövqedən çıxış edərək qeyd edir ki, hazırkı mübahisə iddiaçının icarəsində olan 3,85 ha torpaq sahəsinə X9 İdarəsinə məxsus X10 boru xəttindən sızan suyun ziyan vurması ilə bağlıdır.
26. Faktiki mübahisənin özü X9 İdarəsinin ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərini həyata keçirməsi ilə bağlı yox, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. Buna görə də, sözügedən orqana qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi mülki mühakimə icraatı qaydasında irəli sürülməlidir.
27. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə kollegiyasının iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı, məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə razılaşmamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2-1(116)-980/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.