Məhkəmə qərarları › İş №2-1(107)-77/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-77/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-77/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12nin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri, Gəncə şosesinin 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1477/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, Gəncə şosesinin 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Gəncə şossesinin, 9-cu döngəsində yerləşən Mingəçevir "Şüşə Mahlıcı" zavodunun "Kimyaçı" kollektiv bağçılığından iddiaçıya verilmiş 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi üçün ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 17 saylı Yevıax Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.

3. Cavadeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qänununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İlkin müraciətlə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Təqdim edilən sənədlər toplusu (surətləri) qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir “Şüşə Mahlıcı" zavodunun “Kimyaçı” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı aşkarlanmamışdır. Ərizəyə əlavə edilən ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 0.051945 ha bağ sahəsinə dair X9 kitabında xx.xx.2009-cu il tarixində 1255 nömrə ilə uçota alınmış A seriyalı 155170 nömrəli torpaq sahəsinin planı və ölçüsü isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən olan texniki sənəd olduğu üçün, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - A seriyalı 155170 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 sərəncamına əsasən İddiaçı 519.45 kv.m. torpaq sahəsi ayrılmış, X9 kitabında xx.xx.2009-cu il tarixli 1255 nömrə ilə uçota alınmışdır. - Mingəçevir “Şüşə Mahlıcı" zavodunun “Kimyaçı” kollektiv bağçılığının adlı siyahısından görünür ki, İddiaçı adı aşkarlanmamışdır. - Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 sərəncamının surəti. - Mingəçevir şəhər üzrə vətəndaşların xüsui mülkiyyətinə verilmiş bağ sahələrinə aid siyahının surəti. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2810/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 518 kv.m torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 155170 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçıya verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 518 kv.m torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür. Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Naturada göstərilən torpaq sahəsi ilə elektron bazada olan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi Mingəçevir “Şüşə Mahlıcı” Zavodunun Kimyaçı kollektiv bağçılığı üçün ayrılmış əraziyə düşür. İddiaçıya və ya ərinə əvvəllər bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsi əsasında çıxarış verilməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 04 sentyabr 2024-cü il tarixli 2-1(116)-1477/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12nin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri, Gəncə şosesinin 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan Mingəçevir şəhəri, Gəncə şosesinin 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A seriyalı 155170 “torpaq sahəsinin planı və ölçüsü” sənədi onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. İddiaçının təqdim etdiyi “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənəd hüquqmüəyyənedici sənəd deyil. Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Başqa sözlə hüquqmüəyyənedici sənəd mövcud olduqda həmin yerin koordinatlarının müəyyən edilməsinə imkan yaradır. - Məhkəmə araşdırması zamanı əldə olunan, Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısına baxış keçirilərək müəyyən edilmişdir ki, İddiaçı adı həmin siyahıda qeyd edilməmişdir. İddiaçının həmin kollektivin üzvü olmasına və torpaq sahəsinin verilməsinə dair A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini təqdim etmişdir. Lakin, araşdırma zamanı Torpaq sahəsinin planı və ölçüsü sənədi texniki sənəd olduğu üçün torpaq sahəsinin iddiaçıya ayrılmasının əsası kimi hüquqmüəyyənedici sənəd deyildir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş, nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. - Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı deyildir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2-1(116)-1477/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərarı aşağıdakılara görə tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli qanunu tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Məhkəmə tərəfindən iddiaçı dinlənilmədən, aşkarlıq prinsipi pozulmaqla qərar qəbul edilmişdir. Belə ki, əvvəla onu qeyd etmək istəyir ki, qərarın təsviri hissəsində istinad olunan və məhkəmə araşdırmasının predmetlərini təşkil edən sənədlər siyahısında nədənsə məhkəməyə təqdim edilmiş, 1986-cı ildə adına verilmiş "X11" ASC-nin "Kimyaçı" bağçılıq cəmiyyəti üzvünün bağ sahəsi pasportu öz əksini tapmamış, məhkəmə tərəfindən həmin sənədə istinad edilməmiş və məhkəmə araşdırmasının predmeti olmamışdır. Bundan başqa tərəfindən cavabdehə və məhkəməyə "X11 ASC-nin "Kimyaçı" bağçılıq cəmiyyətinin üzvlərinin siyahısının surəti təqdim edilmişdir. Həmin siyahı ASC-nin İdarə Heyətinin sədr əvəzi B.Z.Dadaşov tərəfindən imzalanmışdır. Həmin siyahının 4-cü sırasında onun adı qeyd edilmişdir. Nədənsə məhkəmə tərəfindən həmin siyahı nəzərə alınmamış, araşdırılmamış, hüquqi qiymət verilməmişdir. "X11" ASC-nin "Kimyaçı" Bağçılıq Cəmiyyəti tərəfindən adına 1986cı il tarixdə üzvlük kitabçası verilmiş və həmin torpaq sahəsinin pasportu tərtib edilmişdir. Həmin vaxtdan da torpaq sahəsi onun istifadə və sahibliyindədir. Eyni zamanda həmin torpaq sahəsi üzərində yaşayış evi də tikilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə bağlı adına Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır. - Qanunun tələbinə əsasən kollektiv bağçılıq - yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası çıxarışın verilməsi üçün əsas hesab edilir ki, həmin üzvlük kitabçası da ona verilmişdir. Sual olunur: təsərrüfat üzvlərinin siyahısında adı olmasaydı həmin üzvlük kitabçası ona verilərdimi? Adına plan-ölçü sənədi işlənib hazırlanardımı? Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ formalaşmış və həmin torpaq sahəsi ilə bağlı ona çıxarış verilməlidir. - Göründüyü kimi qanunvericiliyin tələbinə görə sözügedən torpaq sahəsi ilə bağlı "X11" ASC-nin "Kimyaçı" bağçılıq cəmiyyəti tərəfindən adına 1986-cı il tarixdə verilmiş üzvlük kitabçası və Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli Sərəncamı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin sənədlər hazırda qüvvədədir, dəyişdirilməmiş və ləğv edilməmişdir. Lakin həmin sənədlər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu və məhkəməyə təqdim edildiyi halda, nədənsə məhkəmə öz qərarında iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilmədiyini və məhkəmə araşdırması zamanı da belə bir sənədin aşkar edilmədiyini qeyd edir. - Ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir "Şüşə Mahlıcı" zavodunun "Kimyaçı" kollektiv bağçılığının adlı siyahısında adının olmaması iddiaçının təqsiri deyil. Bu səbəblə də çıxarışın verilməsindən imtina edilməsi yolverilməzdir. Bu dövlət orqanının səhvidir, belə səhvlərə görə isə məsuliyyəti həmin dövlət orqanı daşıyır və belə səhvlər vətəndaşın hesabına düzəldilə bilməz. Dövlət orqanının səhvi onun hüququna tənasübsüz şəkildə maneə törətmişdir. "X11" ASC-nin "Kimyaçı" bağçılıq cəmiyyəti tərəfindən ona verilmiş üzvlük kitabçası daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri olduğu halda, cavabdeh orqan qanunsuz və əsassız olaraq çıxarışın verilməsindən imtina etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2-1(116)-1477/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

18. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır.

19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;

Apellyasiya şikayətinin mümkünlüyü

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

28. Belə ki, iddiaçının şikayətinin ilk dəlili ondan ibarətdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli akta əsasən DƏDRX-nin 17 savlı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir "Şüşə Mahlıcı" zavodunun "Kimyaçı" kollektiv bağçılığının adlı siyahısında adının olmaması iddiaçının təqsiri deyil. Bu səbəblə də çıxarışın verilməsindən imtina edilməsi yolverilməzdir.

29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdə olan sübutlardan görünür ki, Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısına baxış keçirilərək müəyyən edilmişdir ki, İddiaçı adı həmin siyahıda qeyd edilməmişdir. Adlı siyahıda onun adının olmaması onun təqsiri olmasa da, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, üzvlük kitabçası daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas olsa da, həmin üzvlük kitabçası da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına uyğun verilməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötəbərliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe).

31. İddiaçı isə şikayətində qeyd edir ki, tərəfindən cavabdehə və məhkəməyə "X11 ASC-nin "Kimyaçı" bağçılıq cəmiyyətinin üzvlərinin siyahısının surəti təqdim edilmişdir. Həmin siyahı ASC-nin İdarə Heyətinin sədr əvəzi B.Z.Dadaşov tərəfindən imzalanmışdır. Həmin siyahının 4-cü sırasında onun adı qeyd edilmişdir. Nədənsə məhkəmə tərəfindən həmin siyahı nəzərə alınmamış, araşdırılmamışdır.

32. Kollegiya qeyd edir ki, bu istinad olunan siyahıda həqiqətən iddiaçı adı qeyd edilsə də, iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilməmişdir. Bu halda, təqdim olunmuş həmin sənəd mötəbər sayıla bilməz. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Lakin bununla bağlı işdə mötəbər sübutlar aşkar edilməmişdir.

33. Belə ki, həmin siyahıda göstərilmişdir ki, “X11” ASC-nin “Kimyaçı bağçılıq” cəmiyyətinin üzvlərinin (Gəncə şossesinin sol tərəfində xx.xx.1989-cu il 134 saylı qərarına əsasən sağ sahildə 3 hektar torpaq sahəsinin zavod müdriyyəti və HİK-nin birgə qərarına əsasən zavod əməkçilərinin) istifadəsinə verilmişdir. Həmin siyahıda 51 nəfər şəxsin adı qeyd edilmiş, başqa hər hansı məlumat qeyd edilməmişdir.

34. Halbuki məhkəmə kollegiyası tərəfindən X4 filialına sorğu verilmiş, bununla bağlı Filial tərəfindən 09 yanvar 2025-ci il tarixli arxiv arayışı tərtib edilmişdir. Həmin arayışdan da görünür ki, filialda mühafizə olunan Şüşə zavodunun işçi heyət üzrə əmr kitablarında və işçilərin şəxsi vərəqəsində 1940-cı il təvəllüdlü İddiaçı qeyd edilmişdir. İddiaçı şəxsi vərəqəsində aşağıdakı kimi qeyd edilmişdir. -108 saylı əmrinə əsasən xx.xx.1970-ci il tarixdən toxucu şagirdi. Zavodun 30 noyabr 1970-ci il tarixli 238 saylı əmrinə əsasən toxucu X10 4 dərəcə verilmişdir. Zavodun 25 dekabr 1980-cı il tarixli 597/k saylı əmrinə əsasən toxucu İddiaçı xx.xx.1980cı il tarixdən işdən azad edilmişdir.

35. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “X11” ASC-nin “Kimyaçı bağçılıq” cəmiyyəti üzvünün bağ sahəsi pasportunun surətindən görünür ki, həmin pasport İddiaçı 1986-cı il tarixdə verilmişdir. Göründüyü kimi, üzvlük pasportu iddiaçıya verildiyi vaxt isə o, artıq həmin Cəmiyyətdə işdən azad edilmişdir.

36. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçının rəsmiləşdirilməsini istədiyi torpaq sahəsinin həmin vaxtdan onun istifadə və sahibliyində olması, eyni zamanda həmin torpaq sahəsi üzərində yaşayış evi tikilməsi, bundan başqa həmin torpaq sahəsi ilə bağlı adına Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənib hazırlanması mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil.

37. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli Sərəncamı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin sənəd hazırda qüvvədədir, dəyişdirilməmiş və ləğv edilməmişdir. A seriyalı 155170 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi də akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına istinad edilmişdir.

38. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti Mingəçevir şəhəri, Gəncə şosesinin 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh orqan da bu müraciətin təmin edilməsindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələblərinə əsasən haqlı olaraq imtina etmişdir.

39. Hazırda iddiaçı şikayətində Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli Sərəncamını əsas gətirərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Bununla bağlı isə cavabdeh orqan tərəfindən imtina verildikdən sonra iddiaçının məhkəməyə müraciət etmək hüququ vardır. Çünki hazırda həmin Sərəncam və ona əlavə edilmiş sənədlər əsasında torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhkəmə araşdırmasının predmeti olmamışdır.

40. Bundan başqa, qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

41. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

42. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

44. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

45. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır.

46. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

47. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

48. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Mingəçevir şəhəri, Gəncə şosesinin 9cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2-1(116)-1477/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar