Məhkəmə qərarları › İş №2-1(107)-770/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-770/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-770/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının prosessual hüquqi varisi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "bələdiyyə qərarının qismən ləğv edilməsi" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, e-2-1(116)-4331/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 188 nömrəli sərəncamından görünür ki, iddiaçıya metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsinə 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi ayrılmışdır.

2. X9 xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, 15,0 m x 12,0 m =180,m ölçüdə iaşə obyektləri tikintisi üçün torpaq sahəsi daxil olmaqla yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m ölçüdə torpaq sahəsi X3 ayrılmış, sonuncun mülkiyyət hüququ **********42 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Ağdaş Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 235 nömrəli məktubda mübahisəli ərazinin X9 xx.xx.2004-cü il tarixli, 112 saylı sərəncamı ilə X3 ayrılması bildirilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsində DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qaldırdığı iddia ərizəsinə həmin məktubu əlavə etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X9 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının qismən, yəni Ağdaş şəhər sakini X3 ayrılmış iaşə obyektləri tikintisi və yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m torpaq sahəsinin ayrılmış 24 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsinə 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsi sentyabr 1997-ci il tarixdə aidiyyəti orqanların iştirakı ilə tərtib edilmiş aktla ona təhvil verilmiş, torpaq sahəsinin sxematik planı təsdiq edilmişdir. Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2024-cü il tarixli 5-32-15/2-6/2024 saylı məktubla Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamının ləğv olunmadığı hazırda qüvvədə olduğu öz təsdiqini tapmışdır. İddiaçı həmin vaxtdan ayrılmış torpaq sahəsində mağaza işlədirdi. Mağazanın Yanğın təhlükəsizlik sertifikatı da alınmışdır. O, həmin torpaq sahəsinə təyinatına uyğun olaraq reyestrdə qeydə alınıb çıxarış verilməsi, həmçinin orada əsaslı tikinti işləri aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Oradan xx.xx.2023cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar ünvanlayaraq bildirilmişdir ki, həmin ərazinin bələdiyyə mülkiyyətinə aid boş ərazi olduğu üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməlidir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının, Ağdaş bələdiyyəsinin və memarın iştirakı ilə Akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, sözügedən Sərəncamla ona ayrılmış torpaq sahəsində mövcud olmuş köşk 2010-cu ildə abadlıq işləri ilə əlaqdar oradan götürülmüş, baza məlumatlarına əsasən həmin ərazi bələdiyyə mülkiyyəti kimi elektron baza məlumatları əsasında xəritəyə işlənmişdir. İddiaçıya Ağdaş bələdiyyəsinə və Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün Ağdaş Bələdiyyəsinə müraciət etmiş, ona məlum olmuşdur ki, elektron baza məlumatlarında boş ərazi kimi qeyd edildiyi bildirilən torpaq sahəsi 1088 kv.m hissədə Ağdaş şəhər sakini X2 adına sənədləşdirilmişdir və ona ayrılmış 24 kv.m torpoaq sahəsi həmin 1088 kv.m torpaq sahsinin içərisində qalmışdır. Deməli Ağdaş bələdiyyəsi həmin ərazidə ona məxsus 24 kv.m torpaq sahəsi olduğunu bildiyi halda həmin torpaq sahəsini başqa şəxsə vermişdir və bununla da onun həmin torpaq sahəsinə olan hüquqları xəbəri olmadan əlindən alınmışdır. Bu səbəbdən də müraciət etdiyi dövlət orqanlarından müraciətinə cavab olaraq bildirmişlər ki, iddia etdiyi torpaq sahəsində tikinti işləri aparılması üçün icazə verilməsindən ötrü əvvəlcə həmin torpaq sahəsinə çıxarış almalıdır. O, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsindən ayrılmış 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilməsini tələb etmişdir. Ona imtina cavab verilmişdir ki, həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim etməlidir. O, həm İcra başçısının Sərəncamını, sahənin ayrılması barədə Aktı, plan-cizgini, hətta bələdiyyə ilə aralarında bağlanmış və ləğv edilməmiş xx.xx.2000-ci il tarixli 28 nömrəli Müqaviləni təqdim etmiş və bildirmişdir ki, həmin ərazidə yerləşən 24 kv.m torpaq sahəsi onun istifadəsinə ayrılıb, hazırda həmin sahə bələdiyyə mülkiyyəti kimi baza məlumatlarına qeyd edilmişdir, lakin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi ora başqa şəxsin adına sənəd verildiyini bildirmişdir. Bundan sonra o Şəki İnzibati Məhkəməsinə müraciət edərək sözügedən torpaq sahəsinə adına sənəd verilməsinin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə tapşırılmasını xahiş etmişdir. Uzun sürən məhkəmə araşdırmasından sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-878/2025 saylı Qərardadı ilə iddiası mümkün hesab edilməmiş və ona həmin Qərardadla izahat verilmişdir ki, “İş üzrə təqdim edilmiş sənədlərdən belə müəyyən olunur ki, sözügedən ərazidə 1088 kv.metr ölçüdə torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 01 iyul 2004-cü il tarixli 112 saylı qərarı ilə X3 ayırılmış, sonuncun mülkiyyət hüquqları **********42 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya izah olunur ki, hazırkı tələblə çıxış etməzdən əvvəl X2 rəsmi reyestrdə alınmış qeydə alınmış mülkiyyət hüquqlarının qeydiyyatı ayırıca icraatda mübahisələndirilməlidir”. O da məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etməli olmuşdur. Belə ki, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-878/2025 saylı işin gedişatı zamanı Məhkəmə sorğuları və mütəxəssis rəyi ilə onlara məlum olmuşdur ki, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə ayrılmış 8m x 3m = 24 kv.m ölçüdə torpaq sahəsi ünvan 2 ünvanda yaşayan X3 X4 ilə satılmışdır. X3 ona ayrılmış torpaq sahəsi də daxil olmaqla X9 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamı ilə 15,0 m x 12,0 m =180,m ölçüdə iaşə obyektləri tikintisi üçün torpaq sahəsi daxil olmaqla yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m ölşüdə torpaq sahəsi ayrılmış, ona ayrılan 24 kv.m torpaq sahəsi də qeyd edilən 1088,5 kv.m torpaq sahəsinə daxil edilmişdir. Bu da qanunsuzdur. Bu barədə Sərəncamın olması və sənədləşmə işlərinin aparılmasından onun məlumatı ancaq məhkəmə araşdırması zamanı olmuşdur. Bir daha bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi onun icarəsində idi və aylıq 1000 manat icarə haqqı ödəyirdi, torpaq sahəsi onun icarəsində ola-ola, müqavilə müddətinin bitməməsinə baxmayaraq həmin torpaq sahəsi sotu 3000 manat Çingiz Cəbrayılova satılıb, bu da qanunsuzdur. Cavabdeh orqan ya ona həmin torpaq sahəsinin əvəzinə torpaq sahəsi verməli, ya da kompensasiya ödəməli idi.

6. Cavabdeh orqan iddia ərizəsinə münasibət bildirməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, e-2-1(116)-4331/2025 nömrəli qərardadı ilə (hakim X10) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi X9 xx.xx.2004-cü il tarixli 112 saylı sərəncamının ləğvi barədədir. Hazırki iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2004-cü il tarixində qəbul edilmişdir. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından görünür ki, mübahisələndirilən sərəncamla X3 1088,5 kv.metr torpaq sahəsi satılmışdır, hansıki tərkibinə Ağdaş Rayon İcra Hakimiyyətini başçısının xx.xx.1997-ci il tarixli 188 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 24 kv.metr torpaq sahəsi də daxil olmuşdur. İddiaçının nümayəndəsi bələdiyyənin sərəncamından gec məlumatlı olduqlarını bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçı həmin qərarla bağlı məlumat əldə etdikdən sonra da, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ərzində sözügedən qərarı mübahisələndirməmişdir. Belə ki, yuxarıda qeyd edilən bələdiyyə tərəfindən iddiaçıya ünvanlanmış məktublarda hazırda mübahisələndirilən qərarın məzmunu ilə bağlı məlumatlar ətraflı qeyd edilmiş, yəni həmin mübahisəli torpağın X1 barədə məlumat verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hər bir halda X9 xx.xx.2004-cü il tarixli 112 saylı sərəncamının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olmadan buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində ilkin iddia ərizəsində göstərilən dəlillər təkrarlanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə təqdim edərək, atası İddiaçı xx.xx.2026-cı il tarixdə vəfat etdiyini və onun vəziyyətnamə üzrə vərəsəsi olduğunu bildirmişdir. Odur ki, atası İddiaçı hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. İş materiallarında olan AZ-ll № 526713 nömrəli “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə”dən görünür ki, İddiaçı vərəsəsi X6r. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə İddiaçı prosessual hüquqi varisi – X8 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

19. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 1088,5 kv.m torpaq sahəsin ayrılması barədə X9 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının 24 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin metal konstruksiyalı mağaza köşkünün qoyulması üçün Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə verildiyini bildirir.

21. Göründüyü kimi iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir.

22. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamından görünür ki, torpaq sahəsinin ayrılması məqsədi metal konstruksiyalı mağaza köşkünün qoyulması olmuşdur. Ağdaş bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda dəmir konstruksiyalı köşklərin həmin ərazidən 2010-cu ildən götürülməsi qeyd edilmişdir. Ağdaş bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda isə qeyd edilmişdir ki, həmin ərazidə mövcud olan köşklər 2003-cü il tarixdə rayonda aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri zamanı ərazidən götürülmüşdür. Hazırda həmin ərazidə heç bir köşk yoxdur.

23. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

24. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir.

25. İddiaçı, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-878/2025 saylı inzibati işin gedişatı zamanı məhkəmə sorğuları və mütəxəssis rəyi ilə sözügedən qərardan məlumatının olmasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçının, mübahisələndirilən qərardan xx.xx.2024-cü il tarixdən məlumatı var idi.

26. Belə ki, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-878/2025 saylı iş üzrə iddiaçının DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin iş üzrə iddia ərizəsinə əlavə edilmiş 24 səhifəlik sənədlərdən biri də bələdiyyənin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdur.

27. Tədqiq edilən məktubda iddiaçıya izah edilmişdir ki, şəhərin H.Əliyev prospektində, qeyd edilən ərazidə yerləşən torpaq sahəsi və qeyri yaşayış binası Ağdaş şəhər sakini X2 mülkiyyətində olan ərazidir. Həmin ərazidə yerləşən 1088 kv.metr ölçüdə torpaq sahəsi Ağdaş Bələdiyyəsi sədrinin 01 iyul 2004-cü il tarixli 112 saylı qərarı ilə X2 adına özəlləşdirilərək sənədləşdirilmişdir.

28. Göründüyü kimi, iddiaçı, hazırda mübahisələndirilən qərarla bağlı bələdiyyə tərəfindən məlumatlandırılmışdır. Hətta iddiaçı həmin məktubu özü iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Bu halda iddiaçının mübahisələndirilən qərardan yalnız məhkəmə icraatının gedişində və sübutların toplanmasından sonra məlumatlı olduğunu bildirməsi iş materiallarında müəyyən edilmiş yuxarıda göstərilən hallarla təkzib olunduğundan həqiqətə uyğun hesab edilə bilməz.

29. Mübahisələndirilən qərardan əvvəllər iddiaçının məlumatının olmaması nəzərə alınsa belə, iddiaçı Ağdaş bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra həmin qərarı mübahisələndirməli idi. Halbuki hazırkı iddia ərizəsi qərarın məzmunundan iddiaçının məlumatlı olduğu tarixdən 1 il 2 aydan artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir.

30. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2004-cü il tarixli 112 saylı qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır.

31. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin 24-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

32. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş, o cümlədən, müddətin buraxılması təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmuşdur və bu hallar bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı tərəfindən İPMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin onun təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim edilməmişdir.

33. Nəzərə alınmalıdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan, iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

34. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

34. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, e-2-1(116)-4331/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar