Məhkəmə qərarları › İş №2-1(107)-771/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-771/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-771/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X16 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “şəhadətnamədə və çıxarışda düzəliş edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2- 1(116)-1870/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. İsmayıllı AİK-in xx.xx.1999-cu il tarixli, 74 saylı qərarı ilə X13 və onun ailə üzvlərinin mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmiş və JN-107C (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.

2. xx.xx.2024-cü il tarixli, **********81 reyestr nömrəli Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0,06 ha torpaq sahəsi X2 adına rəsmiləşdirilmişdir.

3. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli (**********81) reyestr nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Ərəgit kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X3 tam, torpaq sahəsi üzərində X21, X11 və X19 ümumibirgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək JN-107C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə mülkiyyətçilər siyahısında adı qeyd olunan X14 adının mülkiyyətçilər siyahısından çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh orqan 16 dekabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinanı müraciətdə qeyd edilən xüsusatların Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması ilə əsaslandırmışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN107C kod 40703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və onun əsasında verilmiş **********1 reyestr nömrəli çıxarışda düzəliş edilərək Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1870/2025 saylı qərardadı ilə Haşımova (Lahuti) Aynur Əliazad qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

8. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “JN-107C kod 40703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və reyestr nömrəsi **********81- 10301 olan, xx.xx.2024-cü il tarixli çıxarışda düzəliş edilərək Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

10. İddia ərizəsinin əsaslarına görə iddiaçının atası X13, anası X28 və bacısı X1 rayonunun Ərəgit kəndində yaşamışlar. Ailədə 11 uşaq olmuş və 1996-cı il 1 yanvar tarixinə kimi yalnız xəstə bacıları X11 həmin ünvanda yaşamış, digər övladlar isə ailə quraraq müxtəlif ünvanlarda məskunlaşmışlar. Onların ərizəsinə əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinin 05 dekabr 2024-cü il tarixli Arxiv Arayışından göründüyü kimi, İsmayıllı rayon Lahıc qəsəbə İƏD üzrə RİHB-in nümayəndəliyinin 75 nömrəli Arxiv Fondunda saxlanılan 1996–2000-ci illərin Ərəgit kəndi üzrə Təsərrüfatbaşına kitabında mərhum ailə başçısı X4 ailə tərkibi aşağıdakı kimi qeyd olunmuşdur: Ailə başçısı: X13, 1919-cu il təvəllüdlü; Qızı: X11, xx.xx.1961- ci il təvəllüdlü. Həmçinin X7nın xx.xx.1997-ci ildə vəfat etməsi də həmin sənədlərdə göstərilmişdir. Torpaq islahatı aparılan dövrdə torpaq payı almaq hüququ olan şəxslərin siyahısı hazırlanaraq müvafiq qurumlara və İsmayıllı rayon Aqrar İslahat Komissiyasına təqdim edilmişdir. Həmin siyahıda ailə üzvləri – X13, X28 və xəstə bacıları X2 adları göstərilmiş və müvafiq orqanlar tərəfindən təsdiqlənərək Aqrar İslahat Komissiyasına təqdim olunmuşdur. Aqrar İslahat Komissiyası həmin siyahı əsasında 16 aprel 1999-cu il tarixli 74 saylı Qərarla “X24” Qanunun tələblərinə uyğun olaraq ailə başçısı X13, həyat yoldaşı X28 və qızı X2 qanuni istifadəsində olan 0,06 hektar həyətyanı torpaq sahəsini onların mülkiyyətinə vermiş və bu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırlanıb təqdim edilməsini müvafiq dövlət qurumuna tapşırmışdır. Şəhadətnamələr hazırlanaraq verilmişdir. X7 04 dekabr 1997-ci ildə, ataları X13 isə 22 avqust 2009-cu ildə vəfat etmişdir. Mərhumların varisləri 2024-cü ilin avqust ayında ata və analarından qalmış miras əmlakının — İsmayıllı rayonunun Ərəgit kəndində yerləşən həyətyanı torpaq sahəsinin və həmin sahədə yerləşən fərdi yaşayış evinin vərəsəlik paylarının müəyyən edilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin vərəsələr arasında mübahisə olduğu üçün onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclasında isə onlara məlum olmuşdur ki, ata-anasının adına verilmiş JN-107C, kod 40703028 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və onun əsasında tərtib edilmiş Reyestr nömrəsi **********81 və yeni Reyestr nömrəsi **********81-10301 olan Çıxarışlarda heç vaxt həmin evdə yaşamamış və islahat dövründə qeydiyyatda olmayan bacıları X5 və onun qızı X9 adları mülkiyyətçilər sırasında göstərilmişdir. Bacısı Dilarə islahatdan təxminən 20 il əvvəl ailə quraraq ər evinə köçmüş, övladı X17 da həmişə ata-anası ilə onların özlərinə məxsus olan evdə yaşamışdır. O, 1996-cı ildə atalarına məxsus təsərrüfatda qeydiyyatda olmamış və faktiki orada yaşamamışdır. Onun adının hüquqmüəyyənedici sənədlərdə mülkiyyətçi kimi yazılması texniki səhv hesab edilir və bu hal varislərin vərəsəlik paylarının azalmasına səbəb olmuşdur. Bu məqam onlar tərəfindən yalnız İsmayıllı Rayon Məhkəməsinə müraciətdən sonra, dekabr ayında keçirilən məhkəmə iclasında məlum edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

11. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Həşimov X10 rayonu, Ərəgit kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-107C saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə, onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlarda düzəliş edilərək, mülkiyyətçilər siyahısında adı qeyd olunan Haşimova (Lahuti) Aynur Əlizad qızının adının mülkiyyətçilər sırasından çıxarılması ilə bağlı müraciət etmişdir. Qeyd edilmişdir ki, irəli sürülən Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır.

12. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. O, 1978-ci ildə Bakıda doğulmuş olsa da, anası X15 ilə atası X18 1981-ci ildə ayrılmışlar, 1983-cü ildə isə rəsmi qaydada nikahları pozulmuşdur. Anası atasından ayrıldıqdan sonra, yəni 1981-ci ildə onu götürərək ata evinə qayıtmışdır. Belə ki, həmin vaxtdan babası X6 himayəsində olmuşdur. Buna görə də təsərrüfatbaşı katiblarda babasının ailə üzvləri sırasında onun da, adı qeyd edilmişdir. O, orta məktəbin 1-8-ci siniflərini İsmayıllı rayonunun Ərəgit kəndində yerləşən Lahıc orta məktəbində bitirmişdir. Bundan sonra isə daimi olaraq kəndə gedib gəlmişdir. Yəni ki, iddiaçının qeyd etdiyi kimi onun adı hər hansı texniki səhv olaraq torpaq şəhadətnaməsində qeyd edilməmiş, babası torpaq islahatları zamanı ailə üzvlərinin siyahısını təqdim edərkən onun da adı həmin siyahıda olmuş, həmin siyahı əsasında şəhadətnamədə onun da adı qeyd edilmişdir. İddiaçının qeyd etdiyi kimi olsa idi, babası (2009-cu ildə vəfat etmişdir) qeyd edilən halı mübahisələndirərdi. Babası JN-107C, kod 40703028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni mübahisələndirməmiş, həmin şəhadətnamənin verilməsindən məlumatı olmuşdur. Şəhadətnamənin verilməsindən isə artıq 20 ilə yaxın vaxt keçmişdir. Babasının ölümündən isə 15 ildən artıq vaxt keçmişdir. Babası ali təhsilli adam olmuş, uzun müddət həmin torpaq sahəsi üçün torpaq vergisi ödəmişdir, bu da onu göstərir ki, babasının onun adının da şəhadətnamədə qeyd edildiyindən məlumatı olmuşdur, səhv olsaydı istənilən vaxt adını həmin şəhadətnamədən çıxarardı. Hətta babası X13 vəfat etməmişdən əvvəl, daha dəqiq desək xx.xx.2008-ci il tarixdə xalası X2 adına vəsiyyətnamə qoymuşdur, həmin zaman da qeyd edilən şəhadətnaməni mübahisələndirmək üçün kifayət qədər vaxtı vardı. Babası özü bilərəkdən ailə üzvləri siyahısında onun da adını qeyd etdirmiş, onun şəhadətnamədə adının qeyd edilməyinə nail olmuşdur. Hesab edir ki, bu gün iddiaçının ümumiyyətlə həmin halı mübahisələndirməyə subyektiv hüququ belə yoxdur. Hətta babası nəinki mübahisələndirilən, digər torpaq şəhadətnamələrində də onun adını yazdırmışdır. Belə ki, onun yaşı az olduğundan sənəd məsələlərindən başı çıxmırdı. Hal-hazırda da İsmayıllı raronu, Ərəgit kəndində qeydiyyatdadır. Qeyd edilən halları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

13. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1870/2025 nömrəli qərarı ilə (hakim X32) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, Haşımova (Lahuti) Əliazad qızının adının texniki səhv nəticəsində sözügedən Şəhadətnamədə və çıxarışda qeyd edilməsini bildirir. İddiaçı Haşımova (Lahuti) Əliazad qızının heç vaxt mərhumlardan miras qalmış əmlakda yaşamadığını, təsərrüfatda qeydiyyatda olmadığını qeyd edərək həmin şəxsin adının mülkiyyətçilər sırasına yalnışlıqla qeyd edildiyi təəssüratı yaratmağa çalışsa da, məhkəmə araşdırması nəticəsində Haşımova (Lahuti) Aynur Əliazad qızı aqrar islahat aparılan zaman torpaq sahəsi ayrılmış subyektlərdən biri olması müəyyən edilmişdir. Belə ki, Haşımova (Lahuti) Əliazad qızı adının sözügedən Şəhadətnaməyə daxil edilməsi hər hansı texniki səhv nəticəsində deyil, rayon aqrar islahat komissiyasının qərarı ilə ona müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Odur ki, o, hazırkı iddiaçılarla bərabər sözügedən torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir və onun adının həmin Şəhadətnamədə qeyd edilməsi texniki səhv olaraq qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçilərdən biri olan şəxsin adı nəzərə alınmadan həmin torpaq sahəsinə iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur.

15. İddiaçı, həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, üçüncü şəxs Haşımova (Lahuti) Aynur Əliazad qızının adının qeyd edilən “Şəhadətnamədə” olmasından məlumatsız olmuşdur. Bundan əlavə, onu da qeyd etmişdir ki, mərhum atası X13 üçüncü şəxs Haşımova (Lahuti) Aynur Əliazad qızının adının subyəktlər siyahısından silinməsinə maraqlı olmamışdır. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə aktının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

29. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

30. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-107C (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli (**********81) reyestr nömrəli Çıxarışdan Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılmasına nail olmaqdır.

31. Yəni, iddiaçı faktiki olaraq JN-107C nömrəli Şəhadətnamənin subyekt tərkibi ilə razılaşmır və hesab edir ki, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində Haşımova (Lahuti) Aynur Əliazad qızının digərləri ilə bərabər ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

32. İş materiallarından görünür ki, İsmayıllı AİK-in xx.xx.1999-cu il tarixli, 74 saylı qərarı ilə X13, X17, X11 və X19 ümumibirgə mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmiş və JN-107C nömrəli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

33. Torpaq sahəsinin ayrıldığı şəxslər torpaq sahəsi ayrıldığı zaman 4 nəfər ailə tərkibi ilə 0,06 ha torpaq sahəsinin ayrılması ilə razılaşmış, ötən müddət ərzində bununla bağlı mübahisə açılmamışdır. Nəzərə alınmalıdır ki, sözügedən şəhadətnamənin subyekt tərkibi ilə bağlı mübahisəni yalnız torpaq sahəsinin ayrıldığı şəxslər aça bilərdilər. İddiaçının mübahisələndirdiyi sənədlərdəki torpaq sahələrinə heç bir aidiyyəti yoxdur və hazırda mərhum valideynindən qalmış miras əmlakı əldə etmək niyyətinin olması ona sözügedən sənədləri mübahisələndirmək üçün subyektiv hüquq yaratmır.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə sözügedən Şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

35. Digər tərəfdən iddiaçının düzəliş edilməsini tələb etdiyi Şəhadətnamədəki subyektlərin dairəsi İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmişdir. Odur ki, həmin şəhadətnamənin mübahisələndirilməsi üçün ilk növbədə onun verilməsinə əsas olmuş İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 74 nömrəli qərarı mübahisələndirilməli idi. Yuxarıda qeyd edildiyi kimi ümumiyyətlə nə şəhadətnamə, nə də onun verilməsinə əsas olmuş rayon aqrar islahat komissiyasının qərarı mübahisə predmeti olmamışdır.

36. Odur ki, mübahisələndirilən şəhadətnamə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş subyektlərin dairəsinə müdaxilə edilməsi üçün JN-107C nömrəli Şəhadətnamənin subyekt tərkibi mübahisələndirilməli idi. İddiaçı, tələbini “şəhadətnamə və çıxarışda yol verilmiş texniki yanlışlıq kimi” qələmə versə də, icraat materiallarından görünür ki, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinin siyahıda üçüncü şəxs X12 da, adı qeyd edilmişdir.

37. Odur ki, JN-107C nömrəli Şəhadətnamənin subyekt tərkibi onun verilməsinə əsas olmuş subyektlər siyahısı ilə eyni olduğundan və İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 74 nömrəli qərarı qüvvədə olduğundan ümumiyyətlə Şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın subyekt tərkibinin dəyişdirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz.

38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2-1(116)-1870/2025 nömrəli qərarı ləğv edilir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN107C kod 40703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və onun əsasında verilmiş **********1 reyestr nömrəli çıxarışda düzəliş edilərək Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar