Məhkəmə qərarları › İş №2-1(107)-772/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-772/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-772/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2581/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. İnzibati orqan ilk dəfə iddiaçıya 48 yaşının tamam olduğu xx.xx.2004-cü il tarixdə təhsil işçisi kimi xidmət illərinə görə əmək pensiyası təyin etmiş, lakin xx.xx.2025-ci il tarixində (iddiaçının müraciətindən sonra) iddiaçının pensiyasının ümumi əsaslarla hesablanması barədə qərar qəbul edilmiş, hesablamanın əsası kimi isə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi göstərilmişdir.

2. Həmçinin həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2025-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2004-cü il tarixdən hüququ olmadığı halda xidmət illəri əsasında əmək pensiyası təyin edilmişdir. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. Artıq ödənmiş pensiya məbləği 28750.67 manat təşkil edir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona təyin edilmiş əmək pensiyasının məbləğində xx.xx.2004-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə aşkar edilməsi haqqında inzibati aktın qanunsuz hesab edilərək ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi” kimi qeyd edilməsini xahiş etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı, xx.xx.1956-cı il tarixdə Balakən rayon, Tülü kəndində anadan olmuşdur. 28 il müddətində Balakən rayonu Tülü kənd orta məktəbində müəllim işləmişdir. 2021-ci ildən tarixdən əmək pensiyası almağa başlamışdır. Pensiya məbləği az oduğundan düzgün hesablanmadığını düşünüb Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X1 pensiya məbləğinin artırılması üçün müraciət etsə də, müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı 14 fevral 2025-ci il tarixli inzibati aktı tamamilə qanunsuz və əsassız hesab edir. İlk növbədə qeyd edir ki, inzibati icraatda onun iştirakı təmin edilməmişdir. Həmçinin hesab edir ki, ona qeyd edilən pensiya məbləğinin ödənilməsi qanunidir. Hətta hər hansı artıq ödəmə olmuşdursa da, bunun məsuliyyətini o daşımalı deyil. Aktın məzmunundan da göründüyü kimi onun pensiya məbləği dəfələrlə cavabdeh orqan tərəfindən hesablanmış, lakin artıq ödəmə müəyyən olunmamışdır. Necə olur ki, o pensiyanın az hesablandığını düşünərək artırılması üçün müraciət etdikdə artıqödəmə aşkar olunur. Bu digər vətəndaşları da cavabdehə müraciət etməkdən çəkindirə bilər. Digər tərəfdən 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən əmək pensiyası alan şəxslərin işləməyə davam etdikləri halda da pensiyalarını tam almaq hüququ təsbit olunmuşdur. Bu baxımdan onun vəziyyətini ağırlaşdıracaq köhnə qanun tətbiq edilə bilməz. Odur ki, həmin tutulma haqqında qərar ləğv olunmalıdır.

7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeyd olunan 1605,80 manat pensiya kapitalı (2025-ci il tarixinə indeksləşdirilmiş) əsasında ona təyin olunmuş əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən 380,60 manat müəyyən edilmişdir. Eləcə də, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixində təhsil işçisi kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 66-cı maddəsinə əsasən bu Qanunun 60-62-ci maddələrində göstərilən pensiyaçılara pensiyalar əmək fəaliyyətini dayandırdıqdan sonra ödənilirdi. Lakin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı adına qüvvədə olan əmək müqaviləsi olduğu halda, Qanunun 60-62-ci maddələrinin tələbləri pozularaq ona əmək pensiyasının ödənişi xx.xx.2025-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2004-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmek pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Sözügedən Qanunun 66-cı maddəsinə əsasən Qanunun 60-62-ci maddələrində göstərilən pensiyaçılara pensiyalar əmək fəaliyyətini dayandırdıqdan sonra ödənilir. Belə ki, iddiaçıya pensiya təyinatı həmin dövrdə qüvvədə olunmuş “Vətəndaşların pensiya təyinatı haqqında" Qanunun tələblərinə uyğun olaraq aparıldığından, eləcə də iddiaçı təhsil işçisi olaraq xidmət illərinə görə pensiyaya çıxdığından Qanunun 66-cı maddəsinin ona münasibətdə tətbiq olunması qanunvericiliyin tələblərinə uyğundur. Yəni, cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa iddiaçı iddia tələbinin əsasları qismində cavabdeh tərəfindən inzibati icraat qaydalarının tələblərinin pozulduğunu bildirmişdir. Cavabdeh tərəfindən məktubla artıq ödəmə barədə iddiaçıya məlumat verilmiş və müvafiq regional filiala və ya “DOST" mərkəzlərinə yaxınlaşması xahiş edilmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin olunmuş pensiya məbləğindən hər hansı tutulma həyata keçirilməmiş, inzibati icraat qaydalarına riayət olunmuşdur. İddiaçının etimad hüququnun qorunmasına münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsində qanunsuz inzibati aktın ləğv olunması tənzimlənmişdir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin məcəllənin 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunan müddəa inzibati aktın bütünlüklə ləğv edilməsini özündə ehtiva edir. Həmin maddədə inzibati aktın ləğv edilməsi dedikdə hüquqi müdafiə vasitələrindən istifadə edilmədən ləğv etmə başa düşülür. Maddi anlamda, bu, eyni iş barəsində yeni inzibati aktın qəbulu deməkdir. Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş qanunsuz inzibati akt dedikdə Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt başa düşülməlidir. İnzibati akt o halda qanunsuz hesab edilir ki, onun qəbul edilməsi zamanı hüquq normaları səhv tətbiq edilsin və ya qərarın qəbul edilməsi zamanı işin halları səhv müəyyən edilsin. İddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın qanunsuz əlverişsiz və ya qanunsuz əlverişli inzibati akt olubolmaması müəyyən edilməlidir. Hesab edilmişdir ki, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə pensiyası qanunsuz əlverişli inzibati aktdır. Belə ki, əlverişli inzibati akt “status quo” dan "status quo plusa”-a olan dəyişiklikdir. Yəni iddiaçının xeyrinə hüquq və imtiyaz müəyyən edilmişdir. Qanunun 67.5 ci maddəsində maraqlı şəxslərin əlverişli mövqeyinə olan maraqları qorunmalıdır qeyd olunsa da, bununla yanaşı etimad hüququna istinad edilə bilməyən halları da müəyyən edən şərtlər də nəzərdə tutulmuşdur. Bu hallar (başqa şəxslərin qanunla qorunan maraqlarına və hüquqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğu hallar) mövcud olduğu zaman maraqlı şəxs öz etimad hüququna istinad edə bilməz. Eyni zamanda Qanunun 67.6.3-cü yarımbəndində qeyd olunur ki, maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda şəxs öz qorunan etimad hüququna malik ola bilməz. Yəni iddiaçının sözügedən dövrdə qüvvədə olmuş qanunvericilik aktlarından, ələlxüsus ümumi ictimai xarakter daşıyan və pensiya sahəsi üzrə münasibətləri tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun sözügedən maddələri ilə bağlı məlumatının olduğu və ya məlumatlı olmaq iqtidarında olduğu nəzərə alınır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndində bildirilir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Belə ki, iddiaçının əmək kitabçasına nəzər yetirdikdə, onun təhsil işçisi olduğu müəyyən olunur. İddiaçının ziyalı şəxs kimi dövr üzrə uzun müddət ərzində qüvvədə olmuş qanunvericilik aktının ona münasibətdə tətbiq olunan normalarından məlumatının olmaması sual doğurur. Eləcə də, Qanunun sözügedən müddəasına diqqət yetirdikdə qeyd olunan hal iddiaçını bu barədə məlumatlı olmadığı halda belə yaranacaq məsuliyyətdən azad etmir. Həmçinin, iddiaçının pensiya hüququnun yaranmasına münasibətdə fərqli dövrlər üzrə qüvvədə olmuş qanunvericilik aktlarının birgə tətbiqi sosial bərabərlik prinsipinə ziddir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar", həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Belə ki, Ali Məhkəmə xx.xx.2023-cü il tarixli 2-1 (102)-2553/2023 nömrəli qərarında bildirmişdir ki, məhkəmə tərəflərin iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

8. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2581/2025 nömrəli qərarı ilə (hakim X5) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında hansı hallara görə 2004-cu ilin sentyabr ayında qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz 2025-ci il tarixində qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda düzgün şəkildə göstərə bildirməmişdir. Cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana 2025-ci il tarixli qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Əksinə pensiya təyinindən 21 il sonra məhz iddiaçının müraciətindən sonra yanlış hesablamanın aparılması müəyyən edilmişdir. İşin hallarından həm də belə nəticə çıxır ki, əgər iddiaçı öz müraciəti ilə pensiya hesablanmasının yenidən aparılmasını xahiş etməsəydi, cavabdeh orqan uzun illər ərzində mövcud olmuş bu uyğunsuzluğu özü tərəfindən aşkarlamaq niyyətində olmayacaq və həmin hüquqi vəziyyət dəyişməz qalacaqdı. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Həmçinin cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablaması qanunsuz olmuş və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlillərində ilkin iddia ərizəsinə etirazın dəlilləri təkarlanmış və maddi hüquq normaları sadalanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, etimad hüququna münasibətdə bildirmişdirlər ki, Azərbaycan RespublikasıAli Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1157/2024 nömrəli qərarında qeyd edilmişdir: Etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 33-cü bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. 1 illik müddətin tətbiqi məsələsi ilə bağlı bildirmişdirlər ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq qeyd etmişdirlər ki, məhkəmə 1 illik müddət yanaşmasını hazırki mübahisəyə düzgün tətbiq etməyərək, hətta bildirmişdir ki, “iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir.” Halbuki tərəfimizdən məhkəməyə təqdim edilən inzibati icraat materiallarında bir illik müddəti ötürmədiyimiz aydın görünür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Bununla əlaqədar olaraq vətəndaş xx.xx.2025-ci il tarixdə inzibati orqana müraciət etmiş və həmin tarixdən əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallar göstərilmişdir. Bundan sonra vətəndaşa təyin olunmuş əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 380,60 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı dərhal inzibati aktın qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-1/1-N16019/2025 nömrəli məktub göndərilmiş və məktubda əmək pensiyasının yenidən hesablanmasına (azaldılmasına) əsas olan hal göstərilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək sözügedən qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/1-N- 16019/2025 saylı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının 28750,67 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

16. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bununla belə, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı bütövlükdə ləğv etmişdir.

22. Halbuki həmin qərarla xx.xx.2004-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilməsi ilə yanaşı, iddiaçının xx.xx.2021-ci il tarixindən xx.xx.2025ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeyd olunan 1605,80 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında ona təyin olunmuş əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2025-ci il tarixdən 380,60 manat məbləğində müəyyən edilmişdir.

23. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı yalnız artıqödəmə məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirilən qərarın ləğvinə nail olmaqdır.

24. Qərarın bütövlükdə ləğvi isə 1605,80 manat pensiya kapitalı əsasında xx.xx.2025-ci il tarixdən pensiyanın 380,60 manat məbləğində müəyyən edilməsinə dair nəticəni də aradan qaldıracaqdır ki, bu hal ümumiyyətlə iddiaçının hüquqi marağına uyğun deyildir.

25. Birinci instansiya məhkəməsi qərarı bütövlükdə ləğv etsə də, faktiki olaraq yalnız artıqödəmə ilə bağlı hissəyə hüquqi qiymət vermiş, pensiyanın yenidən hesablanmasına dair hissə isə məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir.

26. Odur ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun olaraq mübahisələndirilən qərara yalnız artıqödəmə məbləğinin müəyyən edilməsi hissəsində hüquqi qiymət verilməlidir.

27. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Müraciət əsasında aparılmış araşdırma zamanı cavabdeh orqan müəyyən etmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixində təhsil işçisi kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 66-cı maddəsinə görə isə 60–62-ci maddələrdə göstərilən pensiya növləri üzrə ödənişlər yalnız əmək fəaliyyəti dayandırıldıqdan sonra həyata keçirilməli idi. Buna baxmayaraq, iddiaçıya əmək pensiyasının ödənişi xx.xx.2025-ci il tarixədək davam etdirilmiş və nəticədə xx.xx.2004-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üzrə artıqödəmə yaranmışdır.

28. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, etimad hüququnun qorunması prinsipi “bona fides” (vicdanlılıq) prinsipinə əsaslanır və bu baxımdan iddiaçının artıqödəmənin qanunsuz olduğunu bilib-bilməməsi onun statusu, peşəsi, bilik səviyyəsi və digər hallar nəzərə alınmaqla qiymətləndirilməlidir. Cavabdehin mövqeyinə görə, iddiaçı ona pensiyanın ödənilməsinin qanunsuz olduğunu bilmiş və ya kobud ehtiyatsızlıq nəticəsində bilməmişdirsə, etimad hüququna istinad edə bilməz. Eyni zamanda qeyd olunmuşdur ki, inzibati orqan qanunsuz inzibati aktla bağlı əsaslı məlumat əldə etdikdə həmin akt üzrə icraatı təzələməyə və yenidən qiymətləndirmə aparmağa borcludur, bu zaman formal (prosessual) pozuntular yalnız qərarın nəticəsinə təsir etdiyi halda hüquqi əhəmiyyət kəsb edir və maddi hüquq baxımından düzgün olmayan pensiya təyinatı təkcə bu əsasla ləğv edilə bilməz. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsinin bir illik müddətlə bağlı normaları düzgün tətbiq etmədiyini qeyd etmiş, bildirmişdir ki, iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti əsasında inzibati icraat başlanmış və müddət ötürülməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür.

30. İnzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

31. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, cavabdeh tərəfindən ondan artıqödənilmiş vəsait kimi 28750.67 manat hesablaması qanunsuzdur.

32. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

33. Nəzərə alınmalıdır ki, iddiaçıya münasibətdə qəbul edilmiş əlverişli inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə əldə olunması faktı mübahisə doğurmur. Həmin inzibati aktın ləğvini şərtləndirən hallar cavabdeh orqan tərəfindən iddiaçının pensiya işinin yenidən araşdırılması zamanı müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, 1 illik müddətin hesablanması inzibati orqanın həmin halları faktiki olaraq bildiyi anla deyil, bilməli olduğu anla əlaqələndirilməlidir. Belə ki, inzibati orqan yalnız müvafiq məlumatı kənar mənbədən əldə etdiyi hallarda həmin müddətin məlumatın alındığı tarixdən hesablanmasına istinad edə bilər. Hazırkı halda isə aşkar edilmiş hallar cavabdeh orqanın öz fəaliyyət sferasına aid olmaqla, vaxtında lazımi nəzarət və təftiş tədbirlərinin həyata keçirilməsi yolu ilə müəyyən edilə bilən hallardır və bu cür nəzarətin həyata keçirilməsi cavabdehin xidməti vəzifələrindən irəli gəlir. Bu səbəbdən 1 illik müddətin hesablanmasına həmin hallar üzrə inzibati orqanın bilməli olduğu an əsas götürülməklə hüquqi qiymət verilməlidir.

35. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əgər iddiaçı öz müraciəti ilə pensiya hesablanmasının yenidən aparılmasını xahiş etməsəydi, cavabdeh orqan uzun illər ərzində mövcud olmuş bu uyğunsuzluğu özü tərəfindən aşkarlamaq niyyətində olmayacaq və həmin hüquqi vəziyyət dəyişməz qalacaqdı.

36. Belə olan halda, cavabdeh qurum tərəfindən həmin əlverişli inzibati aktın qanunsuz inzibati akt olmasına istinad edilərək, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması qanunla müəyyən edilmiş 1 illik müddət ötürüldüyü üçün artıq mümkün deyil.

37. İddiaçının artıqödəmənin qanunsuz olduğunu bilməsi və ya bilməli olması onun statusu, peşəsi və bilik səviyyəsi nəzərə alınmaqla qiymətləndirildikdə müəyyən olunur ki, o, pensiyanın məbləğinin hesablanması prosesində iştirak etməmiş, bu sahədə xüsusi bilik və ixtisasa malik olmamış və inzibati orqan tərəfindən qəbul edilmiş qərara əsasən ona təyin olunmuş pensiyanı almışdır.

38. Bir halda ki, iddiaçıya pensiya təyin edən və bu təyinatın qanunvericiliyə uyğunluğunu təmin etmək vəzifəsini daşıyan cavabdeh orqan ödənişlərin əmək fəaliyyəti dövründə, yoxsa əmək fəaliyyəti dayandırıldıqdan sonra həyata keçirilməli olduğunu vaxtında müəyyən edə bilməmiş və bu halı yalnız 21 il sonra iddiaçının növbəti müraciəti zamanı aşkar etmişdirsə, belə şəraitdə iddiaçıdan həmin ödənişlərin qanunsuz olduğunu bilməsinin və ya bilməli olmasının gözlənilməsi məntiqli hesab edilə bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2581/2025 nömrəli qərarı dəyişdirilir. İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/1-N-16019/2025 saylı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar 28750,67 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar