Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-78/2023 05.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 vəfat edən günədək pensiya və dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)- 1225/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 vəfat edən günədək pensiya və dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Abid Mollaçiyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, 259,78 manat yaşa görə əmək pensiyası alırdı. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdən Abid Mollaçiyev ölən günədək olan pensiyasını, eyni zamanda onun dəfn pulunu almamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olmuş xx.xx.1950-ci il təvəllüdlü X4 (FİN: 43QWFMW, AZE ********) əmək pensiyası hüququ olmadan təyin edilmiş pensiya işi ləğv edilmişdir. X1 pensiya hüququ olmadığından “Əmək pensiyaları haqqında" Qanunun 42.2-ci maddəsində nəzərdə tutulmuş dəfn üçün birdəfəlik müavinətin ödənilməsi mümkün deyildir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X4 yaşa görə əmək pensiyası hüququ olmadan təyin edilmiş pensiya işi ləğv edilmiş və ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.
5. İddiaçı 1 aprel 2022-ci il tarixli ərizə ilə Fondun 3 saylı Şəki-Zaqatala regional filialına müraciət edərək, atası X2 yaşa görə əmək pensiyasının dayandırıldığı (xx.xx.2021-ci il) tarixdən vəfat edən günədək (xx.xx.2021-ci il) pensiya pulunun və dəfn pulunun ödənilməsini xahiş etmişdir.
6. Cavabdeh orqanın 29 aprel 2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda, X4 hüququ olmadan təyin edilmiş əmək pensiyası dayandırılmış, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aldığı pensiyası qanunsuz (etibarsız) sayılmış və nəticədə sözügedən dövrlər üzrə 17116,42 manat artıq ödəmənin müəyyən edildiyi bildirilmişdir.
7. Göründüyü kimi, şəxs vəfat edərkən əmək pensiyaçısı olmamışdır. Eyni zamanda əmək pensiyası hüququ şəxsin şəxsiyyəti ilə birbaşa bağlı hüquq olduğundan hüquqi varislik qaydasında keçə bilməz.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Həmin qərarın 5.2-ci bəndinə əsasən məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın.
13. Cavabdeh etirazında iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
14. İddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, qaldırdığı iddia üzrə subyektiv hüquqa malik olub-olmadığının araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olmasını təsdiq edən vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın faktiki olaraq qəbul edilməsi haqqında sənəd əlavə edilmədiyindən qaldırdığı iddia üzrə subyektiv hüquqa malik olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır.
15. Hüquqi yardım məktubunda məlumat üçün bildirilmişdir ki, əmək pensiyasının təyin edilməsi ilə bağlı tələb şəxsin şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların həyata keçirilməsinə əsaslandığından şəxs vəfat etdikdən sonra ona əmək pensiyasının təyin edilməsi tələbi ilə iddia qaldırılması yolverilməzdir.
16. Hüquqi yardım məktubunda iddiaçıya qeyd olunan sənədlərin (vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın faktiki olaraq qəbul edilməsi haqqında sənəd) əslləri və ya notariat qaydada təsdiq olunmuş surətlərinin, həmçinin, məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif olunmuşdur.
17. İddiaçı hüquqi yardım məktubunu aldıqdan sonra birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə ünvanlamışdır. İddiaçı ərizəsinə Zaqatala rayonu Göyəm kəndində yaşayan İddiaçı tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin notariat qaydada təsdiq olunmuş surətini əlavə etmişdir. Ərizənin məzmunundan müəyyən olunmuşdur ki, iddiaçı notariat ofisinə müraciət etməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 noyabr 2022-ci il tarixli 2-1(116)-1225/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Belə nəticəyə gələrkən atasından miras qalmış mirasın faktiki olaraq qəbul edib-etməməsi haqqında sənəd və ya vərəsəlik hüququ haqqında şəhadətnamənin olmadığını əsas gətirmişdir. Birinci instansiya məhkəməsinə görə onun mərhum atasının vərəsəsi olmasını sübut edən fəkt vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın faktiki olaraq qəbul edilməsi haqqında sənəddir. Birinci instansiya məhkəməsinin belə bir nəticəyə gəlməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, mərhumun vərəsəsinin kimlər olması, vərəsələrin dairəsinin hansı qohumlar təşkil etməsi mülki qanunvericiliklə müəyyən olunur, hər hansı bir şəhadətnamə və yaxud sənədlə deyildir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən eyni zamanda İPM-in tələblərini pozmuşdur. Belə ki, o, mərhum atasının qanun üzrə birinci növbəli vərəsəsidir, bu fakt MM-in 1159-cu maddəsi ilə təsdiq olunur və bu faktın təsdiq olunması üçün başqa sübutların tələb olunmasına ehtiyac yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, əmək pensiyası hüququ şəxsin şəxsiyyəti ilə birbaşa bağlı hüquq olduğundan hüquqi varislik qaydasında keçə bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, iddianın tələbi mərhuma hesablanmış və mərhum tərəfindən alınmamış pensiya məbləğinin və mərhumun dəfni üçün nəzərdə tutulmuş məbləğin tələbindən ibarətdir. Alınmamış pensiya məbləği mərhumun əmlakı hesab olunur. Həmin əmlakı tələb etmək vərəsə kimi onun hüququdur. Bundan başqa birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, atasının dəfn mərasimini o təşkil etmişdir və o dəfn etmişdir. Mövcud qanunvericiliyə əsasən dəfn pulu mərhumun yaxın vərəsəsinə, mərhumu dəfn edən şəxsə dövlət tərəfindən ödənilir və dəfn pulunu almaq üçün hər hansı bir vərəsəlik hüququ haqqında şəhadətnamə tələb olunmur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-1225/2022 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-1225/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
23. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
29. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
32. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq mərhum atasından qalmış mirasın qəbul olunmasına dair müvafiq sənədlərin məhkəməyə təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, vərəsəlik üzrə şəhadətnamə və ya mirasın qəbul edilməsinə dair sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş, ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizə ilə iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət olunması müəyyən ediləsə də, yardım məktubunda qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın qəbul olunmasına dair sənəd nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. 33 .Göründüyü kimi, iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
34. Beləliklə,yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)- 1225/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-1225/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.