Məhkəmə qərarları › İş №2-1(107)-79/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-79/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-79/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə X6 Departamentinin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “01.08.2002-ci il tarixdən 03.06.2015-ci il tarixə kimi “Müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1222/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə X6 Departamentinin böyük mütəxəssisi Rəşad Kazımov və həmin departamentin müdiri Yeganə Məmmədova tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “01.08.2002-ci il tarixdən 03.06.2015-ci il tarixə kimi “Müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 03.08.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində doğulmuş, 1992-1996-cı illərdə Azərbaycan respublikası Silahlı Qüvvələrində müddətli xidmət etmiş, 03.06.2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən ona MV 057023 №-li müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən ona müavinət təyinatı aparılmışdır. O, əvvəlki dövrlər üzrə müavinət almamış, buna görə də müavinətin 2002-ci ildən hesablanaraq ona ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Odur ki, 01.08.2002-ci il tarixdən 03.06.2015-ci il tarixədək olan müddət üzrə “Müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı) birinci instansiya məhkəmsinə ünvanladığı 30.08.2021-ci il tarixli, **********1 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçıya Müdafiə Nazirliyi şəxsi heyət Baş İdarəsi tərəfindən 03.06.2015ci il tarixdə veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında iddiaçıya veteran statusunu aldığı vaxtdan sosial müavinət təyin edilmişdir. Daha sonra iddiaçıya 15.09.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillik verildiyi üçün müavinət işi dayandırılmış, əvəzində əlilliyə görə əmək pensiyası və müharibə əlillərinə prezident təqaüdü təyin edilmiş, 20.02.2020-ci il tarixdən isə “Əlillik” altsistemində əlilliyinin ləvğ edilməsi səbəbindən əlilliyə görə əmək pensiyası və müharibə əlillərinə görə prezident təqaüdünün ödənişi dayandırılmış, həmin dövrdən isə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Buna görə də əvvəlki illər üzrə müavinət ödənilməsindən imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki 01.08.2002-ci il tarixdən 03.06.2015-ci il tarixədək dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirib ki, iddiaçı 18.09.2013-cü il tarixdən - 30.09.2020-ci il tarixədək əmək pensiyası almışdır. Şəki İnzibati Məhkəməsinin (hаkim Vüqar Musayev) 15 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1222/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üzərinə İddiaçı 03.06.2012-ci il tarixdən 18.09.2013-cü il tarixinədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəlinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə X6 Departamentinin böyük mütəxəssisi Rəşad Kazımov və həmin departamentin müdiri X9 İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1222/2021 saylı qərarından apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunazidd və əsassızdır. Belə ki, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq olaraq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Qanunvericiliklə güzəştləri (müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir.Deməli, vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir.Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusyon prinsiplərin pozulmasına gətirib çıxarır. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1222/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə X6 Departamentinin nümayəndəsi nümayəndələri X3 və X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1222/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə tərəflər xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə qismən əsaslıdır. İşdə olan SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin 05.03.2021-ci il tarixli 510 №-li arayışından görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı həqiqətən də müharibə veteranıdır. İşdə olan MV 057023 №-li vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya “Müharibə veteranı” adı 03.06.2015-ci il tarixdə verilmişdir. İşdə olan DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialının 05.07.2021-ci il tarixli **********7 №-li məktubundan görünür ki, cavadeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşdə olan DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialının 28.10.2021-ci il tarixli “məlumatların təqdim edilməsi barədə” xidməti məktubundan görünür ki, İddiaçı 18.09.2013-cü il tarixdən - 30.09.2020-ci il tarixədək əmək pensiyası almışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 03.06.2015-ci il tarixdə MV 057023 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; Həmin Qanunun 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilən müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin normanın məzmunundan belə nəticə hasil olur ki, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni, vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 03.06.2015-ci il tarixdə MV 057023 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçıya müharibə veteranı vəsiqəsi 03.06.2015-ci il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Göründüyü kimi, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçının 03.06.2012-ci il tarixdən 03.06.2015-ci il tarixədək “Müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi hüququ qanunvericiliyin tələbləri baxımından araşdırılmalıdır. DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialının 28.10.2021-ci il tarixli “məlumatların təqdim edilməsi barədə” xidməti məktubundan görünür ki, İddiaçı 18.09.2013-cü il tarixdən – 30.09.2020-ci il tarixədək əmək pensiyası almışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan şəxsin əmək pensiyası hüququ olmadığı halda verilir. Hazırki iş üzrə iddiaçıya 18.09.2013cü il tarixdən əmək pensiyası təyin olunmuş və həmin tarixdən o, əmək pensiyası almaq hüququ olan şəxs kimi pensiya almışdır. Belə olan halda iddiaçıya 18.09.2013-cü il tarixdən - 03.06.2015-ci il tarixədək olan dövr üzrə “Müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin hesablanması və ödənilməsi həyata keçirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanununun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbini qismən təmin edərək, cavabdehin üzərinə İddiaçı 03.06.2012-ci il tarixdən 18.09.2013-cü il tarixinədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyi qoyulması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə X6 Departamentinin böyük mütəxəssisi Rəşad Kazımov və həmin departamentin müdiri Yeganə Məmmədova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1222/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar