Məhkəmə qərarları › İş №2-1(107)-8/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-8/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-8/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonunun Çayarxı kəndində yerləşən, xx xxx 2006-cı il tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsindən aldığı 0,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116) 449/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Göyçay rayonu Çayarxı Bələdiyyəsinə ərizə ilə müraciət edərək Göyçay rayonu Çayarxı bələdiyyəsi ərazisində Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. xx xxx 2006-cı il tarixdə Bələdiyyənin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 06 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, Çaylaq adlanan hissədən 0,12 hektar yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə ona satılmışdır. Həmin tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsi ilə onun arasında torpaqların alqı-satqısına dair akt imzalanmış və o, torpaq sahəsinin alqı-satqısı üçün müəyyən edilmiş məbləği bələdiyyənin hesabına ödəmişdir. Torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsə də cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********39 saylı məktubla mülkiyyət hüququnun qeydə alınmasından imtina etmiş və imtinasını torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin möhürü ilətəsdiq edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin etirazının dəlilləri: İddiaçı Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına uyğun tərtib edilməmişdir. Belə ki, torpaqların alqı-satqısına dair akt DT və XK-nin Göyçay rayon şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsinə müayinə baxışı keçirilən zaman həmin torpaq sahəsinin Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşdüyü, həmçinin həmin torpaq sahəsindən götürülən koordinatlar (faktiki koordinatlar) elektron kadastr məlumat bazasında araşdırılan zaman, həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşdiyi məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-449/2020 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonunun Çayarxı kəndində yerləşən, xx xxx 2006-cı il tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsindən aldığı 0,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Şəki İnzibati Məhkəməsi onun cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Göyçay rayonunun Çayarxı kəndində yerləşən, xx xxx 2006-cı il tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsindən aldığı 0,12 ha torpaq sahəsi tələbinə dair iddiasını rədd edərkən gəldiyi nəticəni onunla Çayarxı bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri X3 tərəfindən imzalanmaması, aktın qeydiyyata alınmaması, torpağın Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşməsi, həmçinin həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşməsi ilə əsaslandırmış, onun hüquqlarını dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətlərini qanunauyğun hesab etmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, o, Göyçay rayonu, Çayarxı Bələdiyyəsinə ərizə ilə müraciət edərək Göyçay rayonu Çayarxı bələdiyyəsi ərazisində bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. xx xxx 2006-cı il tarixdə Bələdiyyənin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 06 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, Çaylaq adlanan hissədən 0,12 hektar yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə ona satılmışdır. Həmin tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsi ilə onun arasında torpaqların alqısatqısına dair akt imzalanmış və o, torpaq sahəsinin alqı-satqısı üçün müəyyən edilmiş məbləği bələdiyyənin hesabına ödəmişdir. Bildirmişdir ki, hal-hazırda torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsə də cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********39 saylı məktubla mülkiyyət hüququnun qeydə alınmasından imtina etmiş və imtinasını torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin möhürü ilə təsdiq edilməməsi ilə əsaslandırmışdır. İddia tələbini əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də hakim mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan yalnız cavabdeh orqanın imtinasında və iddia ərizəsinə etirazda göstərdiyi əsaslara istinad edərək iddia tələbini təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-449/2020 nömrəli qərarının ləğv edilməsini bildirmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-449/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, iclasa gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - İş materiallarında olan X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********12 nömrəli məktubundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə müayinə baxışı keçirilən zaman həmin torpaq sahəsinin Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşdüyü, həmçinin həmin torpaq sahəsindən götürülən koordinatlar (faktiki koordinatlar) elektron kadastr məlumat bazasında araşdırılan zaman, həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşdiyi məlum olmuşdur. - İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay rayon şöbəsinin müdiri X1 iştirakı ilə tərtib olunması qeyd olunsa da, akt onun tərəfindən imzalanmamış, möhürlə təsdiqlənməmiş və ümumiyyətlə qeydiyyata alınmamışdır. Akt 2 nəfər tərəfindən imzalanmışdır. Bələdiyyə sədri X2 və İddiaçı. Həmçinin aktda iddiaçının şəxsiyyət vəsiqəsində ünvanı ünvan 1 olduğu halda, ünvanı ünvan 2 qeyd olunmuşdur. - İş materiallarında olan yerquruluşu planından çıxarışın surətindən görünür ki, həmin sənəd də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay rayon şöbəsinin müdiri X3 tərəfindən imzalanmamış, möhürlə təsdiqlənməmişdir. - İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin qəbz 2010cu illərə aid qəbz olsa da, 1 rəqəminin üstündən qaralama edilərək, 2006 qeyd olunmuşdur. Bu da həmin qəbzin sonradan keşmiş tarixə tərtib olunması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyasının iclasında iş materiallarına əlavə olunmuş sübutlar tədqiq edilərək müəyyən olundu ki, X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********39 nömrəli məktubundan görünür ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaqların alqı satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına uyğun tərtib edilməmişdir. Beləki, Torpaqların alqı-satqı Qaydalarına əsasən torpaqların alqısatqılarına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Təqdim edilən torpaqların alqı-satqısına dair akt DT və XK-nin Göyçay rayon şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkili Qanuni nümayəndə izahatını əsas tutaraq, inzibati iş üzrə qanuni və obyektiv qərarın çıxarılması üçün Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-356/2020 nömrəli qərаrdаdı ilə iş üzrə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvаlə edilmiş, rəy аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci ildə X7 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********24 nömrəli, xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, İddiaçı Göyçay rayonunun, Çayarxı bələdiyyəsindən aldığı 0,12 ha həyətyanı torpaq sahəsinə hazırlanmış ilkin torpaqqayırma sənədləri əsasında tərtib edilmiş yerquruluşu planında göstərilən həyətyanı torpaq sahəsinin kifayət qədər istinad nöqtələri və koordinatları olmadığından iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı.İddiaçı naturada göstərdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Su fondu torpaqlarına düşür. İddiaçı naturada göstərdiyi torpaq sahəsi Göyçay rayon inzibati ərazisində yerləşməklə məcrası dəyişdirilmiş Göyçay çayının mühafizə zolağına düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yer quruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Beləliklə, iş materiallarına əlavə olunan sənədləri tədqiq edən məhkəmə kollegiyası iddiaçı ilə Çayarxı bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay rayon şöbəsinin müdiri X3 tərəfindən imzalanmadığını, aktın qeydiyyata alınmadığını, torpağın Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşdüyünü, həmçinin həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşdiyini nəzərə alaraq iddianın əsassız olması qənaətinə gəlmişdir. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 60 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-449/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-449/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 60 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar