Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-8/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
3. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, təqdim edilən əmək kitabçası, hərbi biletin surətlərinə və digər sənədlərə əsasən sığorta stajı 20 il 11 ay 3 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 50 №-li arxiv arayışına əsasən xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Qaradağlı kənd sabiq “Lenin” adına sovxozun əmək günləri uçotu və son hesablaşma cədvəllərində 138 ay əməkhaqqı hesablandığı müəyyən edilmiş və yalnız əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Fondun 2 saylı X7 Filialının müvafiq xidməti məktubuna əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxananın arxiv sənədləri Ucar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədə iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 may 2023-cü il tarixli 2- 1(116)-478/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə xx.xx.2022-ci il tarixində inzibati orqana müraciət etmiş, lakin iddiaçıya xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi və iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulan dövrdən (25 ildən) az olduğu qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsi iddiaçının ümumi sosial sığorta stajının 28 il 7 ay 19 gün olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, sorğulara gələn cavablara əsasən mübahisələndirilən dövrlərdə Ucar rayon Buzxanalı Sallaqxana müəssisəninin fəaliyyətini davam etdirmiş və xx.xx.2007-ci il tarixdən özəlləşdirilərək “Ucar Buzxana" ASC olaraq fəaliyyət göstərmişdir. Ancaq məhkəmə iddiaçının əmək kitabçasının doldurulması ilə bağlı məsələyə hüquqi qiymət verməmiş, əmək kitabçasının mötəbərliyini şübhə altına almamışdır. İddiaçının xx.xx.2006-cı il tarixə qədər mübahisələndirilməyən sosial sığorta stajı 20 il 11 ay 3 gün taşkil edir (hərbi xidmət illəri daxil olmaqla). İddiaçının iş stajı ilə bağlı mübahisələndirilən dövrlər xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxanadakı əmək fəaliyyəti dövrü (7 il 1 ay 6 gün). xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinə münasibətdə araşdırma aparmaq zərurəti yaranmışdır. Belə ki, DSMF-in 2 saylı X7 Filialının xx.xx.2022-ci il tarixli **********08 nömrəli xidməti məktubuna əsasən iddiaçının sözügedən müəssisədə işləməsi faktı həmin idarənin sənədlərinin Ucar rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlanılması mümkün olmamışdır. İddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti haqqında qeydlərdə əmək kitabçasının doldurulması qaydası pozulmuşdur. Belə ki, həmin qeydlərdə latın qrafikalı əlifbadan istifadə edilmiş, daha sonra üzərində kiril qrafikalı hərflə düzəliş edilmişdir. İddiaçının əmək kitabçası mübahisələndirilən dövrlərə münasibətdə mötəbər hesab oluna bilməz. Bu səbəbdən də məhkəmə tərəfindən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Mübahisələndirilən dövrlər (7 il 1 ay 6 gün) iddiaçının sosial sığorta stajına daxil edilə bilmədiyindən tələb olunan müddət (25 il) tamamlanmır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957ci ildə doğulmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 28 fevral 2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC (VÖEN **********) Ucar Buzxana Sallaqxanasının bazasında yaradılıb və onun hüquqi varisi olmaqla xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. - xx.xx.1977-ci il tarixdə tərtib edilmiş əmək kitabçası, Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 57 nömrəli məktubu və həmin məktubun verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlar; Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu. - Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1492 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin X2 bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. - Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Ucar rayonu Küçəkənd kəndində yerləşən Buzxanalı Sallaqxana hal-hazırda fəaliyyət göstərmir. X4 1990-cı ildən 2012-ci ilədək fəaliyyət göstərmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin xx.xx.2024cü il tarixli sorğuya cavab məktubuna əsasən, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixinə kimi X5 Xidmətinin arxivində Ucar rayonu Buzxanalı Sallaqxanasının binasında yanğın baş verməsi ilə əlaqəli məlumat yoxdur. - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 bazasında yaradılıb və onun hüquqi varisidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baza məlumatlarına əsasən fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı” və cəmiyyətin hüquqi ünvanı Ucar rayonu Bərgüşad kəndi cəmiyyətin rəhbəri X6 olaraq qeyd olunmuşdur. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciətinə əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2122-ci il tarixədək dayandırılıb. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
15. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddia tələbinə etirazının dəlili – Ucar rayon Buzxanalı Sallaqxananın sənəd və materialları arxivə təhvil verilmədiyindən iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyətinin araşdırılmasının mümkün olmaması, buna görə də qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxananın işləməsi barədə qeydlər icra olunmuşdur. Həmin müddətin araşdırılmasının mümkünsüzlüyünə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin müəssisənin o dövr üçün fəaliyyəti davam etmiş, habelə 2007-ci ildə "xxxx" ASC kimi hüququ varisi tərəfindən fəaliyyət bərpa olunmuşdur. Həmin müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Bundan başqa işdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu ilə müəyyən olunur ki, X3 xx.xx.2007-ci il tarixdə özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Odur ki, əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə və iddiaçının işlədiyi müəssisənin mövcudluğuna hər hansı şübhə yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1997-ci il tarixdən X1 traktorçu vəzifəsinə qəbul edilmiş və "xxxx" X9 Cəmiyyətinin möhürü ilə təsdiqlənmişdir. Müəssisənin maliyyə vəziyyəti ağır olduğu üçün fəaliyyəti dayandırıldığından xx.xx.2004-cü il tarixdən iddiaçı həmin vəzifədən azad edilmiş və "xxxx" X9 Cəmiyyətinin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçasında həmin qeydlər kiril qrafikalı əlifba ilə yazılmışdır.
26. Bununla yanaşı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1492 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin X2 bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.
27. Eyni zamanda, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır.
28. Göründüyü kimi, "xxxx" Dövlət Şirkətinin X2 bazasında "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişdiyi və xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı halda iddiaçı xx.xx.1997-ci il tarixdən təyin edildiyi traktorçu vəzifəsindən xx.xx.2004-cü il tarixdən azad edilmiş və iddiaçının həmin vəzifədən azad edilməsi "xxxx" X9 Cəmiyyətinin möhürü ilə təsdiqləndiyindən, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrdə iddiaçının həmin müəssisədə traktorçu vəzifəsində işləməsi barədə iddiaçıya məxsus əmək kitabçasındakı kiril əlifbası ilə yazılan qeydlər mötəbər hesab edilə bilməz.
29. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
30. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasındakı onun həmin müəssisədə traktorçu vəzifəsində işləməsi barədə qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, cavabdehin apellyasiya şikayətində göstərilmiş dəlilləri əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi əsassız olmuşdur.
31. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.