Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-80/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə uyğun olaraq notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)-779/2021 nömrəli qərarından Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Mingəçevir İcra hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 30.06.2021-ci il və 17.07.2021-ci il tarixlərdə iddiaçıya tələbin cavabdeh inzibati orqanla bağlı hissəsinin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı 29.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan olaraq Cavabdeh Başçısının 2 nömrəli Sahə Ərazi İnzibati Dairəsi üzrə Nümayəndəliyini qeyd etmiş, iddia tələbini həmin cavabdehə qarşı yönəltmişdir. Şəki İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli 2-1(116)-1077/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini ailəsinin 2 nəfərdən ibarət olması (özü və 8 yaşına çatmayan övladı), başqa ailə üzvünün olmaması, 8 yaşına çatmamış körpə uşağa baxan tək subay ana kimi orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması, buna görə də ailəsinin sosial yardım almaq hüququna malik aztəminatlı ailə olması ilə əsaslandırmışdır. O, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə uyğun olaraq notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Birinci instansiya məhkəməasinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, yaşadığı ünvanda valideynləri yaşasa da o, özünün və qızının ehtiyaclarını valideynlərinin köməyi olmadan qarşılayır. Buna görə də yalnız eyni ünvanda yaşaması əsas gətirilərək onun valideynləri ilə birgə təsərrüfat aparması ilə bağlı cavabdeh inzibati orqanın mövqeyini düzgün hesab etmir. Hesab edir ki, əgər eyni ünvanda yaşayan şəxslərin həm də birgə təsərrüfat aparması nəzərdə tutulmuş olsaydı, “VEMTAS” portalında ünvanda yaşayan digər şəxslər (valideynin ailəsi) sualının, ailə üzvlərinin sayı sualından ayrıca göstərilməsinə ehtiyac qalmazdı. Cavabdeh iddia tələbinə etirazını iddiaçının Mingəçevir şəhər İHB-nın 2 №-li sahə İƏD üzrə nümayəndəliyə birbaşa müraciət etməməsi, iddiaçının Mingəçevir ŞİH-nə etdiyi müraciəti 01.06.2021-ci il tarixli məktubla 2 №-li sahə İƏD üzrə nümayəndə Faiq Mustafayevə göndərilməsi, müraciətlə əlaqədar iddiaçının yaşadığı H.Z.Tağıyev küçəsindəki 24 №-li evə baxış keçirilməsi, evdə 4 nəfər ailə üzvünün yaşamasının (İddiaçı, qızı Miray Həsənli, anası Əzimova Şəhla və atası Əzimov Mübariz) müəyyən edilməsi, bu barədə aktın tərtib olunması və iddiaçı tərəfindən imzalanması, nümayəndəlik tərəfindən iddiaçıya 4 nəfərdən ibarət ailə tərkibi haqqında arayışın verilməsinin təklif olunması ilə əsaslandırmışdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı valideynləri və qızı ilə bir evdə yaşayır, birgə təsərrüfat aparır, buna görə də iddiaçıya özü və qızı barədə ayrıca arayışın verilməsi mümkünsüzdür. Göstərilən nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: MKT İstehsalat Birliyinin 17.05.2021-ci il tarixli 631 №-li arayışından görünür ki, iddiaçı H.Z.Tağıyev küçəsi 24 №-li evdə yaşayır və onun ailə üzvü 2018-ci il təvəllüdlü X1 ibarətdir. Mingəçevir ŞİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin 11.06.2021-ci il tarixli 76 nömrəli məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Mingəçevir ŞİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyi tərəfindən 08.06.2021-ci il tarixdə tərtib edilmiş və nümayəndə, onun müavini, MKTİB-nin sahə nəzarətçisi və iddiaçı tərəfindən imzalanmış aktdan görünür ki, iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri olaraq qızı X5, anası X6, atası X9 qeyd olunmuşdur. Göstərilmişdir ki, iddiaçının bacısı X4 və digər şəxs X7 qeydiyyatda olduğu halda həmin ünvanda yaşamırlar. Akt qonşuların veridiyi şifahi məlumat əsasında göstərilən şəxslərin həmin ünvanda yaşaması ilə əsaslandırılmışdır. İddiaçının qohumluq məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının qızı X5 18.08.2018-ci il tarixdə doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-194/2021 nömrəli qətnaməsindən görünür ki, X8 ilə İddiaçı arasında olan, 28 avqust 2017-ci ildə Mingəçevir şəhər Nikah Evində bağlanmış, 209 saylı nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 18 avqust 2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1077/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə İddiaçı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə uyğun olaraq notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən (X5 və İddiaçı) ibarət olan “ailə tərkibi haqqında” arayışın verilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1077/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ata-anasına məxsus evdə yaşasa da onlarla birgə təsərrüfatla məşğul olmur, ayrı otaqda qızı ilə yaşayır və onun ehtiyaclarını təkcə qarşılayır. O, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1077/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının 03 fevral 2022-ci il tarixli iclasında Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəsi X2 İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1077/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq hazırkı məhkəmə iclasında Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və üçüncü şəxs Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1077/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçının müvafiq arayışın verilməsi üçün birbaşa nümayəndəliyə müraciət etməməsi ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, hər bir halda Cavabdeh tərəfindən 01.06.2021-ci il tarixli məktubla iddiaçının müraciəti nümayəndəliyə yönəldilmiş və cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati araşdırma aparılmışdır (iddiaçının yaşadığı ünvana baxış keçirilmiş, müvafiq akt tərtib edilmiş). Yəni, iddiaçının hüquqi marağına uyğun olaraq, aidiyyəti inzibati orqanda inzibati araşdırma aparılmış və müraciətin təmin edilməsindən imtina edilməklə inzibati icraat başa çatmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün təqdim etməli olduğu sənədlərdən biri olan “ailə tərkibi haqqında” arayışın 2 nəfər ailə üzvü ilə birlikdə (özü və qızı) əldə edilməsinə nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.9-ci bəndində ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyəti olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. İddiaçı öz ailə tərkibinin 2 nəfərdən ibarət olmasını, cavabdeh inzibati orqan isə iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olmasını bildirir. İddiaçı tərəfindən təqdim edilmiş Mingəçevir şəhər MKT İstehsalat Birliyinin 26 avqust 2021-ci il tarixli arayış və 01 mart 2022-ci il tarixli aktla müəyyən edilir ki, həqiqətən də İddiaçı ailə tərkibi 2018-ci il təvəllüdlü qızından ibarətdir, o, ata-anası ilə birgə təsərrüftla məşğul olmur və öz tələbatlarını özü qarşılayır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2). Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Digər tərəfdən isə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də, müraciəti qəbul edən elektron sistem şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat vermələrini də tələb edir. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Hazırki işin hallarından isə müəyyən olunur ki, cavabdeh müvafiq arayışın verilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, 4 nəfər birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparıb-aparmamasını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının atası, anası və azyaşlı övladının həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı təsdiq edir. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və valideynlərinin ümumi ev təsərrüfatına malik olmaları qənaətinə gəlməyə əsas vermir. Yəni, iddiaçının valideynləri ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-194/2021 nömrəli qətnaməsi ilə azyaşlı Miray Həsənlinin anasının himayəsində saxlanması müəyyən olunduğundan, həmçinin qeyd edilən ünvanda yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olması halı müəyyən edilmədiyindən, iddiaçı övladı ilə birlikdə 2 nəfərlik ailə tərkibi haqqında arayışın cavabdeh inzibati orqan tərəfindən ona verilməsini tələb etməkdə haqlı olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı ona 2 nəfərlik ailə tərkibi haqqında arayışın cavabdeh inzibati orqan tərəfindən ona verilməli olmasını sübuta yetirmiş, cavabdeh inzibati orqan isə müvafiq arayışın iddiaçıya verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1077/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-80/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-80/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver