Məhkəmə qərarları › İş №2-1(107)-80/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-80/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-80/2024 06.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-741/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bir sıra xəstəliklərdən əziyyət çəkir. “Keçirilmiş toksiki politafikulaneyropatiyanın davamlı qalıqarı:göz hərəkəti sinirlərinin zədələnməsi, onurğa beyin sinirlərinin hərəki hissi pozulması, Nevrasteniya” diaqnozu qoyulsa da əlillik dərəcəsinin verilməsi və pensiyanın təyin edilməsindən imtina edilmişdir.Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə imtina məktubu vermişdir.

3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyətinə Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacı olması”-Səbəb, əsasə diaqnozun fəsadlarını dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi isə əlilliyin təyin edilməsində imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müalicə alınması tövsiyə olunmuşdur. Bundan əlavə qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il də imtina verilsə də, o 2022-ci ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 oktyabr 2023-cü il tarixli, 2- 1(116)-741/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-741/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-741/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli 661 nömrəli rəyindən görünür ki, 1,4,5 Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün son forma 088 göndərişində qeyd edilən “Keçirilmiş toksiki poliradikuloneyropatiyanın davamlı qalıqları, göz hərəkəti sinirlərinin zədələnməsi, onurğa beyin sinirlərinin hərəki hissi pozulması, nevrasteniya” diaqnozlardakı xəstəliklərdən hazırda əziyyət çəkib-çəkməməsi ilə əlaqədar onun son bir ildə ixtisaslaşmış müayinəsi olmadığından statisionarda diaqnozlara uyğun instrumental müayinələr aparılmalı və bundan sonra tibb müəssisələrində yeni Forma 088 doldurulmaqla əlillik əyani dəyərləndirilə bilər. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin idarəetmə birliyi” X6 “Ucar rayon Mərkəzi Xəstəxanası” X6in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əyani müayinə üçün xəstəxanaya dəfələrlə dəvət olunsa da getməmiş,müalicə ilə bağlı müraciət etməmişdir. - Məhkəmə kollegiyasının araşdırması zamanı əldə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6in T196/2024 nömrəli ekspert rəyində qeyd olunur ki, 1970-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi və həmin xəstəliklərin xx.xx.2016-cı il tarixdə ona təyin edilmiş diaqnozla eynilik təyin edib-etməməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Vətəndaş Ə.Ə. Lətifovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün son Forma 088 göndərişində “Keçirilmiş toksiki poliradikuloneyropatiyanın davamlı qalıqları, göz hərəkəti sinirlətinin zədələnməsi, onurğa beyin sinirlərinin hərəki-hissi pozulması, nevrasteniya” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsi qeyd edilsə də, şəxsin əyani müayinəsində müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarına şamil etməyə əsas vermədi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-741/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmuşdur

22. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2016-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması,əsas diaqnozun fəsadlarının dəqiqləşdirilməsi üçün əlavə müalicə təyin olunduğu üçün imtina edilmişdir.

23. İddiaçı barəsində təqdim edilmiş ekspert rəyindən də görünür ki, iddiaçıya təyin olunmuş diaqnozlardakı xəstəliklərdən hazırda əziyyət çəkib-çəkməməsi ilə əlaqədar onun son bir ildə ixtisaslaşmış müayinəsi olmadığından, statisionarda diaqnozlara uyğun instrumental müayinələr aparılmalı və bundan sonra tibb müəssisələrində yeni Forma 088 doldurulmaqla əlillik əyani dəyərləndirilə bilər.

24. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən “Ucar rayon Mərkəzi Xəstəxanası” X6inin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əyani müayinə üçün xəstəxanaya dəfələrlə dəvət olunsa da getməmiş,müalicə ilə bağlı müraciət etməmişdir.

25. Həmçinin məhkəmə kollegiyasının araşdirması nəticəsində əldə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6in ekspert rəyində isə qeyd edilmişdir ki, SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi və həmin xəstəliklərin xx.xx.2016-cı il tarixdə ona təyin edilmiş diaqnozla eynilik təyin edib-etməməsi barədə konkret fikir söyləmək mümkün olmamışdır.

26. Vətəndaş Ə.Ə. Lətifovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün son Forma 088 göndərişində “Keçirilmiş toksiki poliradikuloneyropatiyanın davamlı qalıqları, göz hərəkəti sinirlətinin zədələnməsi, onurğa beyin sinirlərinin hərəki-hissi pozulması, nevrasteniya” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsi qeyd edilsə də, şəxsin əyani müayinəsində müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarına şamil etməyə əsas verməmişdir.

27. Yuxarıda sadalananlara və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti əyani olaraq müayinə edilmiş,cavabdeh tərəfindən imtina əsası kimi qeyd olunan “əlavə müalicəyə ehtiyacın olması” öz təsdiqini tapmışdır.İddiaçı xx.xx.2021-ci il tarixindən işə baxılan müddətə kimi müalicə ilə bağlı müraciət etməmiş,onunla bağlı hər hansı müalicə aparılmamışdır.

28. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “xx.xx.2021-ci il tarixli tibb müəssisəsinin göndərişi əsasında 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-741/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar