Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-81/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialına qarşı “iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1633/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialına qarşı iddia ərizəsi ilə müraicət edərək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi elektrik çilingəri, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi usta vəzifəsi, xx.xx.2006-cı il tarixdən hal hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1980-ci il tarixdən 1985-ci il tarixədək Azərbaycan neft və kimya institutunda təhsil almışdır. Həmin institutu Avtomatlaşdırılmış idarəetmə sistemləri ixtisası üzrə mühəndis sistematexnik kimi bitirmişdir. Əmək fəaliyyətinə isə xx.xx.1986-cı il tarixdən “Azərbaycan DRES-in X6 və Avtomatika sexində, Avtomatik İdarəolunma sistemi sahəsində elektrik stansiyasının avtomatika və ölçmə cihazlarına xidmət edən İV qurup elektrik çilingəri kimi başlamışdır. xx.xx.1986-cı il tarixdə texniki Təhlükəsizlik, istismar, yanğından mühafizə qaydalarından imtahan verdikdən sonra tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X6 və Avtomatika sexi, Avtomatik idarəolunma sistemi sahəsində elektronçu mühəndis vəzifəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə AİS sahəsində TP AİS-in xarici əlaqələri üzrə 1 qurup usta vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" MMCnin X6 və Avtomatika sexində, elektrik stansiyasının avtomatika və ölçmə cihazlarına təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixdən X6 və Avtomatika sexində növbə rəisi vəzifəsində müstəqil işə buraxılmış və halhazıradək X6 və Avtomatika sexində növbə rəisi vəzifəsində işləyir. İddia ərizəsinə əlavə eldiyi işin xarakteri haqqında arayışda da qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, 04,04.1990-cı ii tarixdən xx.xx.1998-cı il tarxədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006- cı il tarixədək, xx.xx.2006-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, sahə gərginliyi, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempraturu, əməyin ağırlığı, əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olan şəraitdə işləmişdir. İş şəraiti ağır və zərərli olduğuna görə xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək aylıq məvacibinin 12% məbləğində, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək aylıq məvacibinin 08% məbləğində, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-cı il tarixədək aylıq məvacibinin 12% məbləğində, xx.xx.2005-ci il tarixdən hal-hazıradək aylıq məvacibimin 12% məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina verilmişdir.
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret hallarını özündə əks etdirən iş yerindən arayışı cavabdeh orqana təqdim etmədiyindən onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Belə ki İddiaçı cavabdeh orqana təqdim etdiyi zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret hallarını özündə əks etdirən arayış tam şəkildə və düzgün formada doldurulmadığından mötəbər sübut kimi qiymətləndirilməmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiasını müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
5. İddiaçı Daməd oğlunun Fondun Xüsusi şərtlərlə X7 filialına təqdim etdiyi istehsalat fəaliyyəti haqqında arayışa əsasən İddiaçı xx.xx.1986-cı il tarixdən əmək fəaliyətinə X6 ve Avtomatikası sexində stansiyanın avtomatika və ölçmə cihazlarına xidmət edən Vİ qrup öyrənən elektrik çilingəri vəzifəsinə qabul edilmiş (xx.xx.1986-cu il əmr No 68), sınaq müddəti keçdikden sonra tutduğu vəzifədə müstəqil işə başlamışdır (xx.xx.1986, əmr No 62). Sexin AİS sahəsində elektronçu mühəndis (25 04.1989, əmr No 75) və TP AİS sahəsində xarici əlaqələr üzrə İ qrup usta vəzifəsində (xx.xx.1990, əmr No 49) işləmişdir. 07.09,1998-ci il tarixli 73/K No-li əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2005- ci il tarixli 403/Ş No-li əmrlə "xxxx" MMC-nin X6 va Avtomatika sexinə elektrik stansiyasının avtomatika ve ölçmə cihazlarının təmir ve xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. X6 va Avtomatika sexinə (xx.xx.2006 əmr No 10/Ş) öyrənən növbə rəisi, sınaq müddəti keçdikden sonra müstəqil olaraq X6 və Avtomatika sexində növbə rəisi vəzifəsində (xx.xx.2006 əmr No 104/Ş) işə başlamışdır ve hal-hazırda həmin vəzifədə işləyir.
6. Göründüyü kimi sözügedən arayışda İddiaçı işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda qeyd edilən hansı sahə və vəzifəyə uyğun olması ilə bağlı heç bir qeyd yoxdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1633/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, yalnız cavabdeh tərəfin imtinasına əsaslanmışdır. Belə ki, məhkəməyə təqdim etdiyi istehsalat fəaliyyəti haqqında və işin xarakteri haqqında arayışlarda işlədiyi sahədə hansı zərərli təsirlərə məruz qaldığı, eyni zamanda işlədiyi müddət ərzində zərərli təsirlərə məruz qaldığından hansı güzəştlərdən istifadə etdiyi öz əksini tapmışdır. Onun bu illər ərzində işlədiyi iş yerləri və malik olduğu peşələr onun üçün güşəştli pensiya hüququ yaratdığından "xxxx" MMC tərəfindən güzəştli pensiya hüququ ilə bağlı arayışlar verilmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi istehsalat fəaliyyəti haqqında arayışa əsasən o, sexin növbə rəisi kimi X6 və Avtomatika sexinə aid elektrikləşmiş armatur və siyirtmələr, nəzarət ölçü cihazları, avtomatika, mühafizə və siqnalizasiya avadanlıqlarının yerində təmirini, tənzimlənməsini, sınanmasını və sazlanması işlərini yerinə yetirir ki, bunlarda elektrik stansiyasının bütün sahələrində və xüsusilə də, 1 və 2 saylı Qazan- Turbin sexlərinin ərazisində quraşdırılmışdır. Avadanlıqların yerində təmiri, quraşdırılması və sazlanması işləri həmin sexlərin ərazisində baş verir. Qeyd edilən bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə onun iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən arayışlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan da, çoxdur. O, işlədiyi müddət ərzində ancaq güzəştli pensiya hüququ verən peşələrdə və vəzifələrdə işləmişdir. Bununla bağlı bütün sübutlarını məhkəməyə təqdim etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 1633/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 1633/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 2-1(116)-1633/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - İddiaçıya məxsus ******* seriya nömrəli əmək kitabçası; - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus HB seriyalı 968837 nömrəli diplomun surəti; - İddiaçıya məxsus ББ seriyalı 145755 nömrəli hərbi biletin surəti; - Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlar; - 2013-cü il tarixli İstehsalat fəaliyyəti haqqında arayış; - 2013-cü il tarixli işin xarakteri haqqında arayış; - xx.xx.2009-cu il tarixli Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi; - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC –nin xx.xx.2024-cü il tarixli məktubu; - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC –nin xx.xx.2024-cü il tarixli arayışı; - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC –nin xx.xx.2024-cü il tarixli arayışı.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
18. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayış əlavə edilmişdir. Həmin arayışda iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması qeyd edilməmişdir. Müvafiq dəqiqləşdirmə məqsədilə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC –nin xx.xx.2024-cü il tarixli məktub təqdim edilmişdir. İş yeri üzrə təqdim edilən məlumatdan da göründüyü kimi iddiaçının "xxxx" MMC-də güzəştli iş stajı 11 il 09 ay 18 gündür. İddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək, 13 yanvar 2006-cı il tarixindən etibarən çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli və 23 yanvar 2007-ci il tarixli Qərarları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan iddia tələbi uğursuzdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir.
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
28. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1) qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır. 2) azı 25 il ümumi sosial sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmalıdır.
29. Müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
30. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır. İddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, onun ümumi sosial sığorta stajı müddəti 25 ildən çoxdur, bu hal cavabdeh tərəfindən də mübahisələndirilməyib. Hazırkı iddia tələbi üzrə mübahisə iddiaçının qanuna əsasən minumum 12 il 6 ay güzəştli iş stajına malik olmaması ilə bağlıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının kollegiyaya təqdim etdiyi "xxxx" ASC "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli, 07-182 nömrəli arayışından iddiaçının X6 və Avtomatika sexində xx.xx.2006-cı ildən hal-hazırkı dövrədək “Əməliyyat heyəti” növbə rəisi vəzifəsində işləməsi və işlədiyi vəzifə üzrə sosial sığorta stajının 17 il, 10 ay, 23 gün olması müəyyən edilir.
32. Həmçinin iddiaçının kollegiyanın iclasında təqdim etdiyi Azərenerji” ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 07-181 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi 8 saatlıq iş vaxtı Qazan-Turbin sexində olduğundan sexin növbə rəisi kimi insan sağlamlığına zərərli olan bütün mənfi təsirlərə (səs-küy, titrəmə, rütubət, elektromaqnit sahəsi, yüksək temperatur, sahə gərginliyi, hündürlük və s.) məruz qalır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Resoublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərüfatı bölməsi, b) bəndində qazanxana, turbin (buxar-qaz), qazan-turbin, tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəislərinin vəzifəsi qeyd edilmişdir. Zərərlilik baxımından İddiaçı Qazan-Turbin sexinin növbə rəisi ilə eyni mühitdə işlədiyindən onun əmək fəaliyyəti 2140000b-24043 koduna uyğundur.
33. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid edilməməsinə əsas mövcud deyil. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı, eləcə də 25 ildən artıq ümumi iş stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır
34. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
35. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulmalıdır.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1633/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.