Məhkəmə qərarları › İş №2-1(107)-82/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-82/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-82/2021 29.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1990-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1436/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. xx.xx.2006-cı il tarixdən hal-hazıradək Şəki şəhər 14 nömrəli uşaq bağçasında işləyir. 5 uşaq anasıdır. xx.xx.1982, xx.xx.1984, xx.xx.1988, xx.xx.1990 və xx.xx.1994-cü il tarixlərdə övladları dünyaya gəlmişdir. Həmçinin xx.xx.1994-cü il təvəllüdlü oğlu İbrahim xx.xx.1997-ci il tarixdən sağlamlıq imkanları məhdud əlil kimi sosial müavinət alır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun həm 8.1, həm də 8.2 maddələrinə əsasən onun 56 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası almaq hüququ vardır. Ona yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə ƏƏSMN yanında DSMF Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, xx.xx.1982, xx.xx.1984, xx.xx.1988, xx.xx.1990 və xx.xx.1994-cü il tarixlərdə uşaqları doğulmuşdur. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən Aysel və İbrahim adlı uşaqlarına görə xx.xx.1990-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əmək kitabçasına və fərdi uçot məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 12 il sosial sığorta stajı vardır. Həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sağlamlıq imkanları məhdud əlil uşağına 8 il 4 ay qulluq etmişdir. İşləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 6 il sığorta stajına əlavə olunduqda, onun cəmi 26 il 4 ay sosial sığorta stajı olur. Belə olduqda isə 25 il sosial sığorta stajı tamamlandığından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ yaranır. Cavabdehin etirazının dəlilləri: İddiaçı iddia edir ki, 5 uşaq anasıdır və 1994-cü il təvəllüdlü oğlu xx.xx.1997-ci il tarixdən sağlamlıq imkanları məhdud əlil kimi sosial müavinət alır. Buna əlavə olaraq, xx.xx.2006-cı il tarixdən hal-hazıradək Şəki şəhər 14 nömrəli uşaq bağçasında işlədiyini bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 8.1 və 8.2ci maddələrinə əsasən 56 yaşından etibarən yaşa görə pensiya hüququ yarandığından Şəki Regional “Asan Xidmət” Mərkəzinin vasitəsi ilə ƏƏSMN tabeliyində DSMF Şəki şəhər filialına müraciət etmişdir. Cavab olaraq, tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından imtina verilmişdir. Beləki, Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalarının 3.2 bəndinə əsasən (sosial sığorta stajının hesablanması) 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası: 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Siyahının məzmunundan da göründüyü kimi, işləməyən ananın üç yaşadək uşağına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasınının Qanununa əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavədə nəzərdə tutulmuş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.2-ci bəndində əsasən, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.2.1. qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2.2.2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı; 2.2.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti. Lakin iddiaçı tərəfindən qanunvericilikdə qeyd olunan qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış şöbəyə təqdim edilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialınınxx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, vətəndaşın tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 12 il 6 ay sosial sığorta stajı vardır. «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li qərarı ilə təsdiq olunmuş «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının sosial sığorta stajının hesablanması prosedurunun 3.9 bəndinə istinadən 10 №-li əlavə tərtib edildikdən sonra xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 18 yaşadək sağlamlıq imkanları məhdud əlil uşağa qulluq müddəti 6 il 6 ay 19 gün təşkil edər. Belə olduğu halda iddiaçının cəmi 19 il 19 gün sosial sığorta stajı olar. İddiaçının tələbində qeyd etdiyi xx.xx.1990-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan müddətlər Məhkəmə qərarı əsasında sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sosial sığorta stajı tamamlanar. İddiaçı tələbində işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətlərin sosial sığorta stajına daxil edilməsini qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Pespublikası Qanununun 21-ci maddəsinə əsasən işləməyərək 3 yaşadək uşağa qulluq müddətinin sosial sığorta stajınına daxil edilməsi mümkün deyildir. Buna görə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2 -ci maddələrinə istinadən vətəndaşın tələb olunan 25 il sosial sığorta stajı olmadığından iddiasını əsassız hesab edir və Məhkəmədən təmin edilməməsini xahiş edirik. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan İİ-ЖГ seriyalı 463527 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 ilə İddiaçı arasında xx.xx.1981-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan Vİİİ-ЖГ seriyalı 449439 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan X-ЖГ seriyalı 324397 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə X9 doğulmuşdur. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı 313752 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı 496487 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan XVİİİ-ЖГ seriyalı 404552 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 14 nömrəli uşaq baxçasına paltaryuyan vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qızı 16 yaşadək SİM əlili X2 qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 6 il 6 ay 19 gün təşkil edir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1436/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1990-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öyhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1436/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına qarşı “xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi” dair tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı 04.02. 1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, icraatınızda olan 2-1 (116)- 1436/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli Şəki İnzibati Məhkəməsinin qərarı aşağıdakı əsaslarla qanuna zidd və əsassızdır. Beləki, Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış larin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11,12.2017 tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalarının 3.2 bəndibə əsasən (sosial sığorta stajının hesablanması) 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; « 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya ucus və ucus-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Siyahının məzmunundan da göründüyü kimi, işləməyən ananın üç yaşadək uşağına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Odur ki, İddiaçı “xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2-1 (116)-1436/2020 saylı qərarın ləğv olunması və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1436/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1436/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1436/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia həmçinin əsaslıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1982-ci il tarixdə X3, xx.xx.1984-cü il tarixdə X9, xx.xx.1988-ci il tarixdə X5, xx.xx.1990-cı il tarixdə X6, xx.xx.1994-cü il tarixdə X4 doğulmuşdur. X1, anaları İddiaçıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qızı 16 yaşadək SİM əlili X2 qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 6 il 6 ay 19 gün təşkil edir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbinin təmin ediləcəyi təqdirdə pensiya hüququnun reallaşmasından ibarətdir. İddiaçının sağlamlıq imkanları məhdud uşağına qulluq etməsi işin mübahisələndirilməyən halıdır. Cavabdehin etirazında qeyd etdiyi “qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış şöbəyə təqdim edilməmişdir.” dəlili tamamilə əsassız olmaqla barəbər inzibati icraatın cavabdeh orqan tərəfindən natamam aparılmasının və ya iş materiallarında olan sənədlərdən, eyni zamanda cavabdeh inzibati orqanın özünün məhkəməyə təqdim etdiyi sənədlərdən cavabdehin nümayəndəsinin məlumatsız olmasından qaynaqlanır. Belə ki, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı elə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bundan sonra məhkəmə tərəfindən cavabdeh inzibati orqandan müvafiq 10 nömrəli əlavə tələb olunmuş, qeyd olunan sənəd də məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətiş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1436/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar