Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-82/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: ünvan 1 ünvanında, 2-ci girişdə 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında, 2-ci girişdə, 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv.m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsin 03.06.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərardadı ilə Yevlax rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2009-cu il tarixli 201 saylı sərəncamına əsasən Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında, 2-ci girişdə 2- ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə iddiaçıya ailə üzvləri ilə birlikdə daimi yaşamaq hüququnu təsdiq edən order verilmişdir. Orderdə iddiaçı və iki nəfər ailə üzvü X19iu (həyat yoldaşı) və X7 (qızı) göstərilmişdir. İddiaçı, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələbini müvafiq mənzilə dair verilmiş orderin onun mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas olması ilə, cavabdeh inzibati orqan isə iddia tələbinə etirazını iddiaçıya verilmiş 30.12.2009-cu il tarixli orderin 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarından iddiaçı X11 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır, mötəbər sübutlara əsaslanmır, ləğv edilməlidir. İlk növbədə qeyd etmək istərdim ki, 1976-cı ildən həmin mənzilə gəlin köçmüş və indiyədək orada yaşayıram. Həmin mənzildən ıkı qız övladımı gəlin köçürmüş və oğlumun toy məclisini belə orada etmişəm. Bu günədək də orada yaşayıram, bütün kommunal və digər izafi xərclərin ödənilməsi tərəfimdən təmin edilir. Yəni ümumi qaydada desək 30 ildən artıqdır ki, həmin mənzil üzərində fasiləsiz sahiblik, sərəncam və istifadə hüquqlarımı həyata keçiririəm. İki inzibati orqanın səhvi ucabtından həm mənəvi həm də maddi əziyyət çəkirəm. Azərbaycan Respublikasında Ana qanun sayılan Azərbaycan Respublikasının Konsitusiyasında bır mənalı olaraq qeyd olunur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Göründüyü kimi , artıq bu qəbil işlərdə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin tip mənzillərin sənədləşdirilərək çıxarışın verilməsini cavabdeh şəxs təmin etmişdir. "İnzibati icraat haqqında' Azərbaycan Respublikası qanununun 3.1-ci maddəsində qeyd olunur ki, bu qanunun müddəaları, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların fəaliyyətinə şamil olunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, 30.12.2009-cu il tarixli, 92 nömrəli orderdən görünür ki, vətəndaş İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə C.Cabbarlı küçəsi, 04 saylı evdə, 10 saylı mənzildə, 2-ci girişdə, 2-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 38.04 kv.m. olan mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. - DƏDRX-in 17 saylı Ərazi İdarəsinin 22.04.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti yanında ictimai mənzil komissiyasının 29.12.2009-cu il tarixli 12 saylı protokolu nəzərə alınaraq, adı siyahıda 8ci yazılan, ünvan 2 ünvanda yaşayan İddiaçı mənzilə daimi yaşamaq hüququ verən orderin verilməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2021-ci il tarixli 354 №-li məktubundan görünür ki, Yevlax şəhəri XDS İcraiyyə Komitəsinin 1970-1980-cı illərə dair İcrakom iclas protokolları yoxlanılmış, ünvan 3 ünvanında 10 saylı mənzilin İddiaçı verilməsi barədə qərar tapılmamışdır - notarial qaydada təsdiq edilmiş **********180 nömrəli ərizədən görünür ki, X5 anası İddiaçı ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının tanınmasına dair tələbinə etiraz etmir və gələcəkdə də hər hansı bir etirazı olmayacaq. - notarial qaydada təsdiq edilmiş **********181 nömrəli ərizədən görünür ki, X6 anası İddiaçı ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının tanınmasına dair tələbinə etiraz etmir və gələcəkdə də hər hansı bir etirazı olmayacaq. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında yerləşən 10 saylı mənzilin ümumiyyətlə əvəllər (2009-cu il oktyabrın 1-dək) iddiaçıya ayrılması ilə bağlı hər hansı hüquqi sənəd olmadığı halda Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamı əsasında həmin mənzil üzrə iddiaçı və ailə üzvlərinin adı qeyd olunmuş order verilmişdir. Həmin mənzilin iddiaçıya verilməsi ilə bağlı müvafiq qərarın mövcud olmaması işdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2021-ci il tarixli 354 №-li məktubu ilə də sübut olunur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı, həmin mənzilin əvvəllər qaynatasına pambıq zavodunda işlədiyinə görə verilməsini, özünün isə 1976-cı ildən sonra həmin yaşayış sahəsinə gəlin köçməsini və indiyədək orada yaşamasını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamı və onun əsasında verilmiş orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamından çıxarışdan məlum olur ki, Yevlax Şəhər İcra Hakimiyyəti yanında ictimai mənzil komissiyasının 29.12.2009-cu il tarixli 12 saylı protokolu nəzərə alınaraq, adı siyahıda 8-ci yazılan, ünvan 2 ünvanda yaşayan İddiaçı mənzilə daimi yaşamaq hüququ verən orderin verilməsi qeyd olunmuşdur. Həmçinin Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, 30.12.2009-cu il tarixli, 92 nömrəli orderdən məlum olur ki, vətəndaş İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə C.Cabbarlı küçəsi, 04 saylı evdə, 10 saylı mənzildə, 2-ci girişdə, 2-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 38.04 kv.m. olan mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələbini müvafiq mənzilə dair verilmiş orderin onun mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas olması ilə, cavabdeh inzibati orqan isə iddia tələbinə etirazını iddiaçıya verilmiş 30.12.2009-cu il tarixli orderin 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasi tərəfindən işə əlavə edilmiş sənədlərin tədqiq olunaraq müəyyən edilmişdir ki, həmin binanın özəl, dövlət və ya bələdiyyə mənzil fonduna aid olması müəyyən edilməmiş, həmin mənzilə dair iddiaçıın adına order verilmişdir ki, 2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə mənzillərə dair verilmiş orderlər sosial kirayə müqavilələri ilə əvəz edilmişdir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsində qeyd olunur ki, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsində qeyd olunur ki, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələbinə görə yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında verilir. Hazırda mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə Yevlax Şəhər İcra Hakimiyyəti arasında sosial kirayə müqaviləsinin bağlanmaması ona dəlalət edir ki, həmin mənzil dövlət və ya bələdiyyə mənzil fonduna aid deyildir, həmin mənzilin yerləşdiyi binanın Şəhər İcra Hakimiyyətinin balansında olması mənzilin mülkiyyətçisi olması anlamına gəlmir. Kollegiyası tərəfindən iddiaçının tələbi üzrə cavabdeh orqanın inzibati praktikası yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının həmin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına almaqdan imtina etsə də, Yevlax Şəhər İcra Hakimiyyətinin 27.12.2011-ci il tarixli 269 nömrəli sərəncamı əsasında verilmiş orderlər və forma 2 arayışları əsasında Yevlax şəhər C.Mustafayev küçəsində 106 A nömrəli binada yerləşən 18 nömrəli mənzil X4, 19 nömrəli mənzil X8, 24 nömrəli mənzil X1, 26 nömrəli mənzil X3, 28 nömrəli mənzil X9 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Buda onun göstəriçisidir ki, artıq bu qəbil işlərdə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin binada yerləşən mənzillər cavabdeh orqan tərəfindən mülkiyyət hüququ əsasında onların adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq həmin binada yerləşən mənzillərdən bir neçəsi xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına iddiaçının etimadı qanunla qorunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan iddiaçının tələbinin təmin edilməməsini zəruri edən faktiki şərtlərə istinad etsə də, öz hərəkətləri ilə bu halı təkzib etmiş, əksinə həmin sənədlərlə yuxarıda qeyd olunan digər vətəndaşlara mənzillər üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Belə olan halda, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, “Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında, 2-ci girişdə 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. “Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında, 2-ci girişdə 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-82/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-82/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver