Məhkəmə qərarları › İş №2-1(107)-83/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-83/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-83/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı hüquqi varisi X4, Cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 saylı qərarından İddiaçı hüquqi varisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2018-ci il tarixli, 2-1(84)-1787/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.01.2019-cu il tarixli, 2-1(107)-115/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-1475/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 30.01.2019-cu il tarixli, 21(107)-115/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı artıq icra edilmişdir. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinə 11.08.2020-ci il tarixli 1184 nömrəli ərizə göndərərək, qeyd olunan inzibati işin təzələnməsini və işə yenidən Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə baxılmasını xahiş etmiş, məhkəmənin 10.12.2020-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, lakin, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-121/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-121/2021 nömrəli qərardadından kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(102)-872/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 04.12.2018-ci il tarixli, 2-1(84)-1787/2018 saylı inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2-1(116)-1182/2021 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin “yeni açılmış hallara dair” ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərardadı ilə inzibati iş üzrə iddiaçı mərhum İddiaçı hüquq varisi X8 ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə ona 0,04 ha torpaq sahəsi verilməsini və bununla bağlı JN- 2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmasını, həmin şəhadətnamənin "həyətyanı sahənin qaiməsi /sertifikatı/" qrafasında torpaq sahəsinin ümumi sahəsi 400 kv.m qeyd edildiyini bildirərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 05.11.2018-ci il tarixli **********57 nömrəli məktubla bildirmişdir ki, şəhadətnamə elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmamış, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələri arasında JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ikinci nüsxəsi mövcud deyil. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini JN- 2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha torpaq sahəsinin heç kimin etirazı olmadan bu günədək onun istifadəsində olması ilə əsaslandırmış, cavabdeh orqan şəhadətnamənin elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmamasını, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələri arasında JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ikinci nüsxəsinin mövcud olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olmasını bildirərək iddia tələbinə etiraz etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1182/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməmiş və bu qərar Şəki İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 04.12.2018-ci il tarixli, 2-1(84)1787/2018 saylı qərarını əvəz edilməsi qərara alınmışdır. İddiaçı hüquqi varisi X2 İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)- 1182/2021 saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellysiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. X16 Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X8 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarınının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır. - 21.10.2020-ci il tarixli 05/Q-860/69 №-li Mingəçevir şəhər Qeydiyyat şöbəsinin arayışından görünür ki, İddiaçı 15.04.2020-ci il tarixdə vəfat etmişdir və bununla bağlı 21.04.2020-ci il tarixdə 88 №-li akt tərtib edilmişdir. - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.11.2020-ci il tarixli məktubundan görünür ki, JN-2786B (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron bazada mövcud olmadığı üçün həmin şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsinin elektron bazada hansı subyektin mülkiyyətində olması, o cümlədən torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı barədə məlumatların verilməsi mümkün olmamışdır. - Mingəçevir şəhər Prokurorluğunun 03.02.2021-ci il tarixli “axtarış və götürülmənin aparılması haqqında” protokolundan görünür ki, Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X6 icraatında olan ********* №-li cinayət işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 03.02.2021-ci il tarixli qərarına əsasən X3 istifadəsində olan onun atası, hazırda ölmüş İddiaçı məxsus Mingəçevir şəhəri Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparmış, axtarış zamanı digər sənədlərlə bərabər, selofan torbanın içərisində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişesi yerləşdirilmiş bir ədəd möhürqabı, həmçinin üzərində “Horse” sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür klişesi olan mürəkkəb yastığı aşkar edilərək götürülmüşdür. - Mingəçevir şəhər Prokurorluğunun 04.05.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X6 icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında, həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin baza məlumatlarının mövcud olmaması, həmçinin onun adının “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” olmaması, lakin buna baxmayaraq onun adına ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə “çıxarış və planölçü” sənədinin verilməsi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, X12 adına olan JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X12 adı bazanın adlı siyahısında mövcuddur. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2021-ci il tarixli, 5/88 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş X13 adına tərtib olunmuş, JN-2819 №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 3-cü vərəqindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi ilə öz aralarında eynilik təşkil etmir. Təqdim edilmiş X13 adına tərtib olunmuş, JN-2819 №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi ilə öz aralarında eynilik təşkil etmir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli, 5/111 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, X13 adına tərtib olunmuş, JN-2819 №-li və X1 adına tərtib olunmuş JN-2786B №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdəki möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş, X13 adına tərtib olunmuş JN-2819 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 3-cü səhifələrindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş X13 adına tərtib olunmuş, JN-2819 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci səhifəsindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş, X1 adına olan JN-2786B №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmuşdur. Təqdim edilmiş, X1 adına olan JN-2786B №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhürlə vurulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, SDS-191 saylı məktubundan məlum olur ki, X3 (mərhum iddiaçının oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 178.2.1, 178.2.4, 312.1, 320.1 və 188.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 190510-12/2022 saylı cinayət işi hazırda məhkəmənin icraatındadır. Əsaslandırma hissəsi: İddiaçının hüquq varisinin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna uyğundur. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda düzəliş edilərək üçüncü şəxslərin adlarının çıxarılması ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş və sonuncu yazılı qaydada bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddia tələbinin əsassız olması onunla bağlıdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0.04 ha torpaq sahəsinə dair JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş İş materiallarında olan sənədlərdən də göründüyü kimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0.04 ha torpaq sahəsinə dair JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilir. Belə ki, iddiaçının adına tərtib edilmiş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2021-ci il tarixli, 5/88 №-li və 15.02.2021-ci il tarixli, 5/111 №-li ekspert rəyləri ilə sübut olunur. Həmin rəylər işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq rəylər iş üzrə mötəbər sübut qismində qəbul edilməlidir. Müvafiq rəylərlə müəyyən edilir ki, X1 adına olan JN-2786B №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksləri Mingəçevir şəhər Prokurorluğunun 03.02.2021-ci il tarixli “axtarış və götürülmənin aparılması haqqında” protokoluna əsasən X3 istifadəsində olan, onun atası, hazırda ölmüş İddiaçı məxsus Mingəçevir şəhəri Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparılarkən götürülmüş, üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür əksləri ilə vurulmuşdur. Müqayisəli tədqiqata təqdim edilmiş X12 adına tərtib edilmiş JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və onun üzərində icra edilmiş möhür əkslərinin isə axtarış zamanı götürülmüş möhürlər vasitəsilə vurulması müəyyən edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqayisəli tədqiqata təqdim edilmiş X12 adına tərtib edilmiş JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və onun üzərində icra edilmiş möhür əkslərinin mötəbərliyi sual doğurmur. Belə ki, qeyd olunan şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X12 adı bazanın adlı siyahısında mövcuddur. X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin isə baza məlumatları mövcud deyildir, həmçinin onun adı “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” yoxdur. Qeyd olunan möhürlərin aşkar edilmə şəraiti və onun iş üzrə müqayisəli tədqiqata təqdim edilmiş X12 adına olan JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin üzərinə vurulmuş möhürlərdən fərqlənməsi həmin möhürlərin saxta olması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının adına tərtib edilmiş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Beləliklə, iddia olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olduğundan, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübut mövcud olmadığından, iddiaçının adı torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında olmadığından cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə görə, mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar