Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-83/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1240/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əmək pensiyasının bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu Topçu kəndində anadan olmuş və xx.xx.1969-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonunda 22 nömrəli Texniki peşə məktəbini bitirərək əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1971-1974-cü illərdə SSRİ dövründə Azərbaycanda yerləşən “Qafqazenerjiquraşdırma” trestinin Türkmənistan Respublikasının Krasnovodski şəhərində turba perovodçik (montajnik) vəzifəsində işləmişdir. İddiaçı 1974-1976-cı ildən hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra həmin müəssisədə işə başlamışdır. İddiaçı SSRİ dövründə “Qafqazenerjiquraşdırma” trestinin Türkmənistan Respublikasının Mari şəhərində yerləşən Mari trestində montajnik vəzifəsində işləmişdir. İddiaçı 1978-2002-ci ilə kimi “Qafqazenerjıquraşdırma” trestinin Türkmənistan Respublikasında yerləşən Krasnovodski və Mari şəhər filiallarında müəyyən vəzifələrində işləmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2020-ci il tarixdən qanunsuz və əsassız olaraq pensiya ödənişi dayandırılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının pensiya ödənişi aydınlaşma statusu ilə xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, 1981-1992-ci illər üzrə iddiaçının əmək fəaliyyəti araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərilmişdir. Qeyd olunan araşdırma başa çatdıqdan sonra iddiaçının yaşa görə əmək pensiyasının bərpasına baxılacaqdır.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5803/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
5. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1240/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
7. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********3 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən xx.xx.2019-cu il tarixdən ona 64 yaşından 31 il 3 ay 24 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir.
8. Lakin sonradan onun 1981-1992-ci illərdə Türkmənistan Respublikasında olan iş stajının yoxlanılması ilə bağlı olaraq əmək pensiyası xx.xx.2020-ci il tarixdə dayandırılmışdır.
9. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.
10. İddiaçı ərizəsinə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 37.8.3-cü maddəsinə əsasən bu qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılır.
11. Sözügedən maddənin tələblərinə əsasən pensiya ödənişi aydınlaşma statusu ilə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır.
12. Həmçinin, 1981-1992-ci illər üzrə əmək fəaliyyətinin araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərilmişdir.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır).
14. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
15. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
17. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.
18. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.
19. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
21. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir.
22. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.
23. Filial etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
25. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
26. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1240/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
27. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
28. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən sonra əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar yarandığından və qanunvericiliyin tələblərinə əsasən pensiya ödənişi aydınlaşma statusu ilə xx.xx.2020-ci tarixdən onun 1981-1992-ci illər üzrə əmək fəaliyyətinin araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərildiyi üçün dayandırılmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1240/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1240/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1240/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
31. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - 1026 nömrəli attestatın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək təhsil almışdır. - xx.xx.1974-cü ildə tərtib olunmuş əmək kitabçasına əsasən: iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilədək “Qafqazenerjiquraşdırma” trestinin Mari quraşdırma şöbəsində 3-cü dərəcəli çilingər işləmişdir; 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək hərbi xidmət keçmişdir; xx.xx.1976-cı ildən “Qafqazenerjiquraşdırma” trestinin Mari quraşdırma şöbəsində 3cü dərəcəli çilingər işləməyə başlamış; xx.xx.1977-ci ildən 4-cü dərəcəli çinlingər təyin edilmiş; xx.xx.1981-ci ildə şöbənin adı dəyişdirilərək Türkmənistan quraşdırma şöbəsi adlandırılmış; xx.xx.1984-cü ildən iddiaçı 5-ci dərəcəli çilingər-quraşdırıcı dərəcəsi verilmiş; xx.xx.1988-ci ildən sürücü işləmiş; xx.xx.1992-ci ildən “Qafqazenerjiquraşdırma” trestinin Türkmənistan quraşdırma şöbəsinin adı dəyişdirilərək “Türkmənenerjimontaj” korporasiyası adlandırılmış; xx.xx.2002-ci ildə 63-k nömrəli əmrlə işdən azad edilmişdir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş 984733 nömrəli “pensiyaçının uçot vərəqi”nin təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. - Pensiya ödənişi aydınlaşma statusu ilə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
32. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
34. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2018-ci il tarixdən etibarən xx.xx.2019-cu il tarixədək kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olmuşdur. 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün sığorta stajına daxil edilməsində iki hal fərqlənir: 1. başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış müqavilələrdə nəzərdə tutulmuş qaydada sığorta stajına daxil edilir;
2. başqa dövlətlərin ərazisində iş dövrü Nazirliyə məcburi dövlət sosial sığorta haqları ödənilməklə sığorta stajına hesablanır.
35. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
38. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1240/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
40. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
41. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, 1026 nömrəli attestata əsasən, iddiaçı xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək təhsil almışdır. xx.xx.1974-cü ildə tərtib olunmuş əmək kitabçasına əsasən: iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilədək “Qafqazenerjiquraşdırma” trestinin Mari quraşdırma şöbəsində 3-cü dərəcəli çilingər işləmişdir; 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək hərbi xidmət keçmişdir; xx.xx.1976-cı ildən “Qafqazenerjiquraşdırma” trestinin Mari quraşdırma şöbəsində 3-cü dərəcəli çilingər işləməyə başlamış; xx.xx.1977-ci ildən 4-cü dərəcəli çinlingər təyin edilmiş; xx.xx.1981-ci ildə şöbənin adı dəyişdirilərək Türkmənistan quraşdırma şöbəsi adlandırılmış; xx.xx.1984-cü ildən iddiaçı 5-ci dərəcəli çilingərquraşdırıcı dərəcəsi verilmiş; xx.xx.1988-ci ildən sürücü işləmiş; xx.xx.1992-ci ildən “Qafqazenerjiquraşdırma” trestinin Türkmənistan quraşdırma şöbəsinin adı dəyişdirilərək “Türkmənenerjimontaj” korporasiyası adlandırılmış; xx.xx.2002-ci ildə 63-k nömrəli əmrlə işdən azad edilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş 984733 nömrəli “pensiyaçının uçot vərəqi”nə əsasən, iddiaçıya xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya ödənişi aydınlaşma statusu ilə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmışdır.
43. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən sonra əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar yarandığından və qanunvericiliyin tələblərinə əsasən pensiya ödənişi aydınlaşma statusu ilə xx.xx.2020-ci tarixdən onun 1981-1992-ci illər üzrə əmək fəaliyyətinin araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərildiyi üçün dayandırılmışdır.
44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, pensiya təminatı sahəsində Azərbaycan Respublikası Türkmənistan Respublikası ilə ikitərəfli sazişlər imzalamış və bu saziş Azərbaycan Respublikası tərəflər ratifikasiya etmişdir. Vətəndaşların Azərbaycan Respublikasının Saziş bağladığı dövlətlərlə qazandığı sığorta stajı həmin Sazişlərdə nəzərdə tutulan qaydada hesablanır.
45. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.
46. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh heç bir inzibati icraat aparmadan, iddiaçıya məlumat vermədən, hər-hansı mötəbər dəlil olmadan, qərar qəbul etmədən iddiaçıya münasibətdə təyin edilmiş əmək pensiyasını şübhələrə istindən xx.xx.2020-ci il tarixdən etibarən dayandırmaqla iddiaçının etimad hüququnun, bununla yanaşı sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
48. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə icraatı gedişində də, iddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsini istisna və ya əmək kitabçasında göstərilən məlumatların qeyri-mötəbərliyini təsdiq edən hər-hansı sübut təqdim edilməmişdir. İddiaçı ona münasibətdə əmək pensiyasının bərpa edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.
50. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1240/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.