Məhkəmə qərarları › İş №2-1(107)-83/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-83/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-83/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X8 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus və Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşərək ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2-1(116)- 1728/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya məxsus və Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşərək ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Ağsu rayonu, Təklə kəndində birmərtəbəli, ümumi sahəsi 144 kv.metr olan fərdi yaşayış evini inşa etdirmiş və həmin tarixdən də istifadəsindədir. Özü və 4 (dörd) nəfərlik ailə üzvləri daimi olaraq həmin fərdi evdə yaşayırlar. 2019-cu ilin fevral ayında Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş və onlara ziyan dəymişdir. Həmin zaman iddiaçıya məxsus fərdi ev də zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Bununla bağlı xx.xx.2019-cu il tarixində Ağsu RİH-nin Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edilmiş və bu barədə rəsmi Arayış alınmışdır. 7-8 ay ərzində şəxsi məqsədlərinə görə evləri qəzalı ev kimi qeydiyyata almayıblar. Bundan sonra 2019-cu ilin sonunda fərdi evin qəzalı olmasına dair Ağsu RİH Başçısının, Ağsu RİH-nin Memarlıq və Tikinti şöbəsinin və FHN-nin “AzKommunlayihə” İnstitutunun möhürləri ilə təsdiq olunmuş Qüsur Aktı hazırlanmış və fərdi evin 12049,33 manat məbləğində təmir işlərinin Smetası da tərtib olunaraq möhür və imza ilə təsdiq olunmuşdur. İki il ərzində cavab verilmişdir ki, “vəsait yoxdur, vəsait olan kimi “AzKommunlayihə”dən smetanız gələcək və ev təmir olunacaqdır”. İddiaçı fərdi yaşayış evinin tikilməsi və təmir edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

3. Cavabdeh inzibati orqan etirazı onunla əsaslandırmışdır ki, Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu ərazisində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən vizual baxış keçirilmişdir. Baxış keçirilmiş 2175 ədəd fərdi yaşayış evi təmirə ehtiyacı olan ev kimi qiymətləndirilmiş və mülkiyyətinə ziyan dəymiş şəxslərin adına rəsmiləşdirilmişdir. Belə evlərdən biri Ağsu rayonu Təklə kəndində 1993-cü ildə inşa edilmiş Nümayəndə Hacıqulu oğluna məxsus fərdi yaşayış evidir. Evin tikinti sahəsi 144 m2 olmaqla mişar daşından inşa edilmişdir. Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən evə baxış keçirilmiş və tərtib olunmuş “Qüsur Aktları" vətəndaşın həyat yoldaşı İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırlanmış “Qüsur Aktları” əsasında FHN-nin Azkommunlayihə İnstitunda dəymiş ziyan əsasında smeta sənədləri hazırlanaraq FHN-nin “Tikintidə Qiymətqoyma Mərkəzi”ndə təsdiq edilərək Cavabdehnə təqdim edilmişdir. Ağsu RİH-nə daxil olmuş sənədlər əsasında təmir işlərinin aparılması üçün “Təkliflər sorğusu” formasında Tender keçirilmiş və qalib gələn müəssisələr tərəfindən adları tender siyahısında olan evlərin təmir işlərinə başlanılmışdır. Mütəmadi olaraq dövlət tərəfindən ayrılmış vəsaitin miqdarından asılı olaraq evlər təmir olunmuşdur. Beləliklə Ağsu rayonu üzrə zəlzələ nəticəsində ziyan dəymiş 2175 evdən 1698-i təmir edilərək vətəndaşlara təhvil verilmişdir. Qalan 477 fərdi yaşayış evlərinin smeta sənədləri Ağsu RİH-dədir. Dövlət tərəfindən vəsait ayrılan təqdirdə 477 fərdi yaşayış evinin, o cümlədən Ağsu rayonu Təklə kənd sakini İddiaçı məxsus evdə də təmir işləri həyata keçiriləcəkdir. Məlumat üçün bildiririk ki, Şamaxı və İsmayıllı rayonlarında da təmir olunmamış çoxlu sayda fərdi yaşayış evləri qalmaqdadır.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh 13 fevral 2024-cü il tarixli imtina məktubu; - Cavabdeh 22 avqust 2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 sentyabr 2024-cü il tarixli 2-1(116)-1728/2024 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus və Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşərək ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu Təklə kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evinin qəzalı olması qeyd edilmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan fərdi yaşayış evinin təmir edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. - Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2- 1(102)-1301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-1728/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək apellyasiya şikayətində qərarın tarixinin 03 sentyabr 2024-cü il kimi nəzərə alınmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassız, qanunsuz və ədalətsiz olduğundan ləğv edilməli və yeni ədalətli qərar qəbul edilməlidir. Əvvəla məhkəmənin qərarında göstərilən “qüvvədə olan qanunvericilk aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır” tələbini yox, yaşayış evinin təmiri öhdəliyinin qoyulması tələbini qoymuşdur. Daha sonra məhkəmə “qüvvədə olan qanunvericilk aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır” və Mənzil Məcəllləsinin 28.1-ci maddəsinə əsaslanıb qərar qəbul etmişdirsə, belə olan halda Ağsu rayonu üzrə zəlzələdən zərər çəkmiş yaşayış evlərinin təmir və ya inşasına açıq internet məlumatlarına əsasən 2019-cu ildə 3 milyon, 2021-ci ilin oktyabr ayında ölkə prezidentinin sərəncamına görə ayrılmış dövlət vəsaitinin məhkəmə qərarında göstərildiyi 1698 vətəndaşın yaşayış evinin təmir edildiyini göstərdiyi halda, Ağsu rayon İH-də bu məqsədlə növbəlilik əsasında 1778-ci sırada onun evi qeydə alındığı halda 1779-cu sırada həmkəndlisi X2 və ondan da sonrakı sırada onun bacısının evinin təmir edildiyi halda imkansız olanların evlərinin təmir edilməməsi qanunsuzluq kimi qiymətləndirilməlidir. Qeydə alınmış təmir üçün vətəndaşların siyahısından çıxarışı hazırkı şikayətinə əlavə edir. İşin tam, ətraflı araşdırılması üçün məhkəmə Cavabdehnə sərəncam sorğusunda zəlzələdən ziyan çəkmiş vətəndaş evlərinin təmirində dövlət tərəfindən hansı vaxtlarda, nə qədər məbləğdə vəsait ayrılması, həmin vəsaitin məqsədli təmiri işinə xərclənməsində Cavabdeh nə kimi rolunun olması və ümumiyyətlə kimlərin vəsaitin xərclənməsində iştirakları, təmir üçün növbəlilik məsələsinə riayət edilib-edilməməsi, edilmədiyi halda nə üçün edilməməsi barədə məhkəmə sərəncam sorğusu ilə ətraflı olaraq məlumat alıb işi ətraflı olaraq araşdırmalı olduğu halda belə edilməmişdir. Yəni məhkəmə bunlara nəzər yetirməmişdir. Təmir növbəliyində ərinin ikinci qrup, bir oğlunun da əlil olmaları, digər oğlunun Qarabağ müharibəsi veteranı olması, minimum yaşayış meyarı səviyyəsindən aztəminatlı olmaları da nəzərə alınmamışdır. Zəlzələdən ziyan çəkmiş evlərin təmiri işində başqa vətəndaşların evləri təmir edildiyi halda məhkəmənin istinad etdiyi normalara əsaslanıb iddiasını təmin etməməklə mövcud halda və şəraitdə evinin təmir işini mülkiyyətçi kimi üzərinə qoyması ədalətsiz, qanunsuz və əsassız məhkəmə qərarıdır. Onu da ərizələrinə əlavə edirlər ki, 2019-cu ildə bəlkə də 12 min manat vəsaitə onların evi təmir oluna bilərdi, lakin ötən 6 il müddətinə elə yararsız və bərbad hala düşmüş ki, hazırda heç 25 min manat vəsaitə də evin təmiri başa gələn deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2- 1(116)-1728/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması. 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

16. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Bənd 1.5. Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər.

Apellyasiya şikayətinin mümkünlüyü

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı Ağsu rayonu Təklə kəndində yerləşən, zəlzələ nəticəsində ziyan görmüş fərdi yaşayış evinin dövlət vəsaiti hesabına təmir olunması ilə bağlıdır.

23. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində mülkiyyətinə ziyan dəymiş şəxslər siyahısında onun evi 1778-ci sırada, həmkəndlisi X2 evi 1779-cu sırada və ondan sonrakı sırada onun bacısının adı qeydə alınmışdır. Həmin şəxslərin evləri təmir edildiyi halda onun evi təmir edilməmişdir.

24. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası tərəfindən Cavabdehnə sorğu edilərək 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində mülkiyyətinə ziyan dəymiş şəxslər siyahısında adları 1779-cu sırada qeyd edilən X9, 1780-cı sırada qeyd edilən X11, 1781-ci sırada qeyd edilən X10 və 1782-ci sırada qeyd edilən X6 mülkiyyətində olan və zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin dövlət tərəfindən ayrılmış vəsait hesabına təmir olunub-olunmaması, həmin şəxslərin evləri təmir olunduğu təqdirdə onlardan öncə sıra nömrəsi olan İddiaçı evinin təmir olunmamasının səbəbləri araşdırılmışdır.

25. Cavabdeh 22 may 2025-ci il tarixli, 5-34/2-218/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağsu rayonu ərazisində məlum tarixdə zəlzələ hadisəsi baş verdikdən dərhal sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri rayon ərazisinə ezam edilərək ziyan çəkmiş fərdi yaşayış evlərinə baxış keçirmişlər. Keçirilən baxışlar vətəndaşların müraciəti əsasında Cavabdeh tərəfindən tərtib edilmiş siyahılar əsasında aparılmışdır. Sonrakı mərhələdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdində olan “Azkommunlayihə” İnstitutunun əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşların adlarına qüsür Aktları tərtib edilmiş və bu aktlar əsasında institutda smeta sənədləri hazırlanaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qiymətqoyma Mərkəzinə təqdim edilmiş və qiymətləndirilərək Cavabdehnə göndərilmişdir. Bundan sonra tender keçirilərək qalib gələn müəssisələr tərəfindən təmir işləri həyata keçirilmişdir. - Əlavə olaraq qeyd edilir ki, Cavabdehnə daxil olan adlı Smetalar toplum şəkildə, yəni ayrı-ayrı kitablar şəkilində hazırlanıb təqdim edilir. Hər kitabda neçə vətəndaşın adlı smetası varsa kitab həmin rəqəmlə adlanır. Məsələn kitab 63, yəni həmin kitabda 63 nəfər vətəndaşın adlı smetası təqdim olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən Cavabdehnə 22 ədəd kitab daxil olub. Bunlardan 16 ədədi 2019-cu ildə, 5 ədədi 2020-ci ildə, 1 ədəd 80 adlandırılan kitab isə hansı ki, İddiaçı adlı smetası olan 2021-ci ildə təqdim olunmuşdur. Sözügedən kitabda əvvəlinci səhifələrdə vətəndaşların adları və smetalarının əhatə etdiyi vərəqlərin sayı göstərilir (smeta kitabının üz qabığının və əvvəlinci səhifədə olan vətəndaşların adlı siyahının surəti əlavə edilir). Bildirilir ki, 80 adlandırılan kitab 2021-ci ilin sonunda hazırlanıb təqdim edildiyi üçün sonuncu tender sənədlərində o kitabda adları olan vətəndaşların heç birinin fərdi yaşayış evlərinin təmiri yoxdur. - Bundan başqa evlərində təmir işlərinin aparılıb-aparılmaması ilə bağlı suala cavab olaraq bildirilir ki, X3 evi təmir olunub, adlı smetası 103 kitabındandır, 2019-cu il. X4 evi təmir olunmayıb, 103 kitabdadır, 2019-cu il. X7 evi təmir olunub, 103 kitabdadır, 2019-cu il. X6 evi təmir olunub, 67 kitabdadır, 2020-ci il. Adları çəkilən vətəndaşların adlı smetası olan kitabların üz vərəqələrinin və əvvəlinci vərəqələrdə olan vətəndaşların adlı siyahısının surəti məktuba əlavə edilir. Yekun olaraq bildiririk ki, Təklə kənd sakini İddiaçı adına hesablanmış smeta sənədləri Cavabdehnə tender keçirildikdən sonra daxil olunduğu üçün zəlzələdən ziyan dəymiş fərdi yaşayış evlərinin təmiri üçün Dövlət tərəfindən ayrılmış vəsait onun evinin təmirinə şamil edilməmişdir.

26. Həmçinin kollegiyanın sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin 04 fevral 2025-ci il tarixli, 3-18-2/2- 1210/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2019-cu il tarixli 1021 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə müvafiq məbləğlərdə vəsait ayrılmışdır. Həmçinin, “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2020-ci il tarixli 2229 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə müvafiq məbləğdə vəsait ayrılmışdır.

27. Kollegiyanın sorğusu əsasında verilmiş Cavabdeh 21 yanvar 2025-ci il tarixli 5- 34/2-32/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu ərazisində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən vizual baxış keçirilmişdir. Baxış keçirilmiş 2175 ədəd fərdi yaşayış evi təmirə ehtiyacı olan ev kimi qiymətləndirilmiş və mülkiyyətinə ziyan dəymiş şəxslərin adına rəsmiləşdirilmişdir. Belə evlərdən biri də Ağsu rayonu Təklə kəndində 1993-cü ildə inşa edilmiş İddiaçı məxsus fərdi yaşayış evidir. - Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin Tikintidə X5 Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən evə baxış keçirilmiş və tərtib olunmuş “Qüsur Aktı” vətəndaş İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırlanmış “Qüsur Aktı” əsasında FHN-nin Azkommunlayihə İnstitunda dəymiş ziyan əsasında smeta sənədləri hazırlanaraq FHN-nin “Tikintidə Qiymətqoyma Mərkəzi”ndə təsdiq edilərək Cavabdehnə təqdim edilmişdir. - Ağsu RİH-nə daxil olmuş sənədlər əsasında təmir işlərinin aparılması üçün “Təkliflər sorğusu” formasında Tender keçirilmiş və qalib gələn müəssisələr tərəfindən adları tender siyahısında olan evlərin təmir işlərinə başlanılmışdır. Mütəmadi olaraq dövlət tərəfindən ayrılmış vəsaitin miqdarından asılı olaraq evlər təmir olunmuşdur. Beləliklə Ağsu rayonu üzrə zəlzələ nəticəsində ziyan dəymiş 2175 evdən 1698-i təmir edilərək vətəndaşlara təhvil verilmişdir. Qalan 477 fərdi yaşayış evinin smeta sənədləri Ağsu RİHdədir. Dövlət tərəfindən vəsait ayrılacağı təqdirdə 477 fərdi yaşayış evinin, o cümlədən Ağsu rayonu Təklə kənd sakini İddiaçı məxsus evin təmir işləri həyata keçiriləcəkdir. Məlumat üçün bildiririk ki, Şamaxı və İsmayıllı rayonlarında da təmir olunmamış xeyli sayda fərdi yaşayış evi qalmaqdadır.

28. Göründüyü kimi, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində mülkiyyətinə ziyan dəymiş şəxslərin siyahısı Cavabdeh tərəfindən tərtib edilmiş və həmin siyahıya uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən ziyan çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmişdir.

29. İş materialları ilə də müəyyən olunur ki, ziyan çəkmiş fərdi yaşayış evlərinin təmiri ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən Cavabdehnə 22 ədəd kitab təqdim edilmiş, İddiaçı adlı smetası olan 80 nömrəli kitab isə 2021-ci ildə təqdim olunmuşdur. Həmin kitab 2021-ci ilin sonunda hazırlanıb təqdim edildiyi üçün sonuncu tender sənədlərində həmin kitabda adları olan vətəndaşların heç birinin fərdi yaşayış evlərinin təmiri olunmamışdır.

30. Apellyasiya şikayətində qeyd edilən şəxslərin isə adları olan kitablar 2019 və 2020-ci illərdə təqdim edildiyindən həmin evlər təmir olunmuşdur. İddiaçının adına hesablanmış smeta sənədləri Cavabdehnə tender keçirildikdən sonra daxil olduğu üçün zəlzələdən ziyan dəymiş fərdi yaşayış evlərinin təmiri üçün Dövlət tərəfindən ayrılmış vəsait onun evinin təmirinə şamil edilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Sərəncama əsasən baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılmışdır.

32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlar ilə 2019 və 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan zəlzələlər nəticəsində yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə həmin evlərin təmiri üçün vəsait ayrılmışdır. Lakin 2021-ci ilin dövlət büdcəsindən belə bir vəsait ayrılması barədə sərəncam verilməmişdir. İddiaçının adlı smetası olan 80 nömrəli kitab isə Cavabdehnə 2021-ci ildə təqdim edildiyindən 2019 və 2020-ci il üçün dövlət büdcəsindən ayrılmış vəsait onun evinin təmirinə şamil edilməmişdir.

33. Bundan başqa, iddiaçının göstərdiyi dəlillər, yəni ərinin ikinci qrup, bir oğlunun da əlil olmaları, digər oğlunun Qarabağ müharibəsi veteranı olması, minimum yaşayış meyarı səviyyəsindən aztəminatlı olmaları, zəlzələdən ziyan çəkmiş evlərin təmiri işində başqa vətəndaşların evləri təmir edildiyi halda onun evinin təmir olunmamaqla yanaşı ötən 6 il müddətində yararsız və bərbad hala düşməsi onun iddiasının təmin üçün əsas olmamışdır.

34. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. Əksinə, Mənzil Məcəlləsinin normalarının tələbi baxımından, mənzil və ya fərdi evin bərpası və təmiri, o cümlədən təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş yaşayış sahəsinin mümkün olan ən qısa müddət ərzində təmiri və bərpası mülkiyyətçinin vəzifəsi və öhdəliyinə aiddir. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır.

35. Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən də göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

37. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2-1(116)-1728/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar