Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-84/2021 19.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qanuni istifadəsinə verilən Oğuz rayon Padar kəndində yerləşən 0,39 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1272/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarına əsasən iddiaçıya Oğuz rayonu Padar kəndində 0,51 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin vaxtdan bu torpaq sahəsi istifadəsində və sahibliyindədir. Ona bu torpaq sahəsinə JN-279A KOD 40506018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Ancaq həmin sənəd verilərkən torpaq sahəsinin ölçüləri 0,12 ha olaraq göstərilmişdir. O, cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət etmişdir ki, şəhadətnamədə torpaq sahəsinin ölçüləri səhv göstərilmişdir. X1 Komissiyasının qərarı ilə verilmiş 0,51 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına çıxarış verilməlidir. Lakin həmin idarə tələbindən imtina etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən istifadəsində və sahibliyində olan qərarla ona verilən 0,51 ha torpaq sahəsinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydə alınaraq adına çıxarış verilməli idi. Cavabdehin etirazının dəlilləri: Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 0.39 ha hissəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edirlər ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.6087 hektar təşkil edir. Torpaq sahəsinin 0.12 ha hissəsinə dair JN- 279A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan JN-279A KOD 40506018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 1999-cu il tarixli Oğuz rayonu Padar kəndinə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə aid Cədvəldən görünür ki, İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********22 nömrəli etirazdan görünür ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.6087 hektar təşkil edir. Torpaq sahəsinin 0.12 ha hissəsinə dair JN-279A KOD 40506018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın 0.12 ha torpaq sahəsinə çıxarış verilməsi tələbinə dair hissəsi mübahisə olmadığı üçün mümkün sayılmamışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinin təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********21 nömrəli imtina məktubu, JN- 279A KOD 40506018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********22 nömrəli etirazı, Yerləşmə sxeminin təsdiqlənmiş surəti, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubu, 1999-cu il tarixli Oğuz rayonu Padar kəndinə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə aid Cədvəl, xx.xx.1998-ci il tarixli Çıxarışın təsdiqlənmiş surəti, 13 nömrəli Protokolun təsdiqlənmiş surəti, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********03 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1272/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “qanuni istifadəsinə verilən Oğuz rayon Padar kəndində yerləşən 0,39 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1272/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o, iddia ərizəsi ilə Şəki inzibati Məhkməsinə müraciət edərək, qanuni istifadəsinə verilən Oğuz rayonu Padar Kəndində yerləşən 0,39 ha torpaq sahəsini daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1272/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1272/2020 saylı qərarı qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Mübahisədən görünür ki, Aqrar İslahat Komissiyasının qərarı ilə ona 0,51 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Lakin ona Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb verilərkən 0,12 ha torpaq sahəsinə hazırlanıb verilmişdir. Məhkəməyə təsərrüfatlaşma kitabdan çıxarış təqdim etməyinə baxmayaraq, həmin sənədi ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul etməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd olunan Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə təsbit olunmuşdur ki, torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanun tövsiyyəsindən görünür ki, islahat aparılan zaman vətəndaşların qanuni istifadəsində olan torpaq sahəsi onların əvəzsiz olaraq mülkiyyətlərinə verilir. Mənə verilən torpaq sahəsi kolxozun qərarı ilə verilmiş, kolxoz vaxtından həmin torpaq sahəsindən istifadə etmişəm. Mərhum Prezidentimizin islahatla bağlı imzaladığı Fərman əsasında sözügedən torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi mənim mülkiyyətinə verilib. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1272/2020 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək, iddia tələbinin təmin edilməsini xahiş edirəm. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1272/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Oğuz rayon Padar kəndində yerləşən 0,51 ha torpaq sahəsinin 0,39 ha olan hissəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Əksinə iddiaçıya islahat zamanı qanuni istifadəsində olan 0.12 ha torpaq sahəsinə şəhadətnamə verilmiş, yerdə qalan 0.39 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. Aqrar islahatı zamanı iddiaçıya həyətyanı torpaq sahəsi verilmiş və adına mülkiyyət sənədi tərtib edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, 0,39 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1272/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-84/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-84/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver