Məhkəmə qərarları › İş №2-1(107)-84/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-84/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-84/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı, cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinin nümayəndəsi X10, üçüncü şəxslər X11 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinə qarşı “Göyçay rayonu Xəlitli kəndində iddiaçının zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər X9 və X11) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Xəlitli kəndində zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X2 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 21.06.2018-ci il tarixli 04 nömrəli qərarı və X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 14.12.2020-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Göyçay rayonu Xəlitli kəndində iddiaçının zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayonu Xəlitli bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış yanvar 2001-ci il tarixli icarə müqaviləsi ilə 0,95 ha torpaq sahəsi 1 il müddətinə onun icarəsinə verilmiş, sonra həmin 0,95 ha torpaq sahəsinin 0.50 ha hissəsi 2006-cı il tarixli icarə müqaviləsi ilə 3 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Daha sonra Göyçay rayonu Yeniarx bələdiyyəsi ilə iddiaçının arasında bağlanmış 31 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi ilə həmin 0,50 ha torpaq sahəsi 11 aylıq, 23 mart 2012-ci il tarixli torpaq icarə müqaviləsi ilə 11 aylıq, 03 fevral 2016-cı il tarixli torpaq icarə müqaviləsi ilə 11 aylıq müddətinə iddiaçının icarəsinə verilmişdir. Lakin Göyçay rayonu Yeniarx bələdiyyəsi tərəfindən iddiaçının məlumatı olmadan, ona təklif edilmədən uzun illər icarəsində və istifadəsində olan həmin torpaq sahəsinin 0,08 ha hissəsi qardaşı X8, 0.06 ha hissəsi isə X1. X9 daha sonra həmin 0,06 ha torpaq sahəsini X4. Halbuki, X9 1985- ci ildən həmin kənddə yaşamayıb və bələdiyyədən torpaq sahəsi ala bilməzdi. X11 isə uzun müddət Rusiya Federasiyasında yaşamış və Göyçay rayonu Yeniarx bələdiyyəsinin ərazisində yaşamamışdır. Ona görə də iddiaçı istifadəsində olan həmin torpaq sahələrinin hansı yolla onun xəbəri olmadan satılması ilə bağlı Göyçay rayonu Yeniarx bələdiyyəsinə müraciət etmiş, ona bildirmişlər ki, artıq gecdir, torpaq sahəsi satılmışdır. İddiaçı istinad etdiyi müqavilələri iddia ərizəsinə əlavə etmişdir. Şəki İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işi tam araşdırmamış, yerli baxış keçirilməmişdir. 0.50 ha torpaq sahəsi onun istifadəsində olmaqla X3 Göyçay rayonu YeniArx Bələdiyyəsi rəhbərliyinin köməyilə tam qanunsuz əldə edilmişdir. O məhkəmədə verdiyi izahatda da göstərmişdir ki, torpaq sahəsi uzun illər onun zəbtində olmuşdur. X11 heç torpağın harda olunmasını son zamanlar məhkəmə çəkişməsi olduqdan sonra bilmişdir. Bununla yanaşı qonşular görmüşdür. Bu baxımdan, adlarını təqdim edəcəyi qonşuların şahid qismində məhkəmə iclasına cəlb edilməsi vacibdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X11 və X9 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 2001-ci ilin yanvar ayında tərtib edilmiş “İcarə müqaviləsi”nə əsasən, Xəlitli bələdiyyəsinin perspektiv inkişaf torpaq sahəsindən 0,95 ha torpaq sahəsi 1 (bir) il müddətinə, 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 3 (üç) il müddətinə, 31.01.2011-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 11 (on bir) ay müddətinə, 27.03.2012-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 11 (on bir) ay müddətinə, 03.02.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən isə, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini bağçılıq məqsədilə 11 (on bir) ay müddətinə İddiaçı icarəsinə vermişdir. Həmin müqavilələrə əsasən icarəyə verilmiş torpaq sahəsinin məhz mübahisəli torpaq sahəsi olması öz təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun zəbtində və istifadəsində olmuşdur. Göyçay rayonu Yeniarx bələdiyyəsinin 20.10.2020-ci il tarixli 13 saylı iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, bələdiyyənin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin satılması üçün müvafiq rəylərin alınması məqsədilə Göyçay RİH Memarlıq və Tikinti şöbəsinə və ƏMDK 16 saylı Ucar ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi İdarəsinin 02.12.2020-ci il tarixli 84 nömrəli rəyinin təsdiq edilmiş surətindən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 0,08 ha torpaq sahəsi Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır, uqodiyası əkinə aiddir. Rəydə qeyd edilir ki, torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Göyçay RİH Memarlıq və Tikinti şöbəsinin Yeniarx bələdiyyəsinə ünvanladığı rəyin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİ Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə uyğun olaraq Göyçay rayonunun Yeniarx bələdiyyəsinin ehtiyat fondu sahələrindən 0.08 ha torpaq sahəsinin Xəlitli kəndi ərazisində həyətyanı məqsədi ilə satılmasına Şöbə etiraz etməmişdir. Göyçay rayonu Yeniarx bələdiyyəsinin 12.12.2020-ci il tarixli 17 saylı iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinə çıxarışın alınması üçün DƏDRX 16 saylı Ucar ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 saylı iclas protokolundan və protokoldan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilinəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1- ci maddəsinə uyğun olaraq Xəlitli kəndində yaşayan X7 mülkiyyətinə satılması barədə sənədlərin nəzərə alınması və Xəlitli kənd sakini X8 bələdiyyənin torpaq sahəsindən 0,08 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün satılması qərara alınmışdır. 17.12.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətində olmuş, 24.12.2020-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Göyçay rayonu Yeniarx bələdiyyəsi mülkiyyətində olan 0,08 ha torpaq sahəsini iş üzrə üçüncü şəxs X4. 21.01.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi iş üzrə üçüncü şəxs X7 mülkiyyətindədir. 21.01.2021-ci il tarixdə AA 556592 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, sənədin tərtib olunması əsası kimi alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi (4Ə-1272, 24.12.2020) göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini rədd etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında üçüncü şəxsin mülkiyyətinə verdiyi torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasına, yüklülüyünə dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, inzibati orqanın mübahisəli qərarı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur. Məhkəmə kollegiyası 19 yanvar 2022-ci il tarixli sorğu ilə Cavabdehnə sorğu ünvanlayaraq Göyçay rayonu Xəlitli kəndində iddiaçının 0,50 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi, icarə ödənişləri və həmin müqavilənin qüvədə olub-olmaması sənədlərin təsdiq edilmiş surətinin, həmçinin Göyçay rayonu Xəlitli kəndində iddiaçının icarəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X8 və X2 barədə müqavilələrin təsdiq edilmiş surətinin, eyni zamanda bu barədə yazılı arayışın Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh sorğuya cavab olaraq qeyd etmişdir ki, İddiaçı ilə Yeniarx bələdiyyəsi arasında son 6 (altı) ildə heç bir icarə müqaviləsi bağlanmamışdır. Əvvəlki illərdə bağlanmış icarə müqavilələrinin isə heç bir hüquqi qüvvəsi yoxdur. Sözügedən həmin torpaq sahəsi ilə əvvəlki bələdiyyə arasında bağlanmış qeyri-qanuni icarə müqavilələrin də bələdiyədə ödəniş qəbzləri olmamışdır. X8 bələdiyyə tərəfindən satılmış 0,08 ha torpaq sahəsi isə qardaşı X5 zəbtində və istifadəsində olan torpaq sahəsi olub və Abdullayev Mübarizin razılığı ilə Abdullayev Sahibə satılmışdır. Həmçinin cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinin nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, İddiaçı ilə Yeniarx bələdiyyəsi arasında son 6 (altı) ildə heç bir icarə müqaviləsi bağlanmamışdır. Əvvəlki illərdə bağlanmış icarə müqavilələrinin isə heç bir hüquqi qüvvəsi yoxdur. X8 bələdiyyə tərəfindən satılmış 0,08 ha torpaq sahəsi isə qardaşı X5 zəbtində və istifadəsində olan torpaq sahəsi olub və Abdullayev Mübarizin razılığı ilə Abdullayev Sahibə satılmışdır. İddia tamamilə əsassızdır. Göründüyü kimi apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 153-cü maddəsinə görə bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir; 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). Həmin Məcəllənin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar