Məhkəmə qərarları › İş №2-1(107)-84/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-84/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-84/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı 19 il 8 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1523/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı 19 il 8 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı 19 il 8 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-xx.xx.1983-cü ildə Sovet Ordu sıralarında xidmət etmişdir. (iş stajı 2 il) xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Azerkabel” zavodunda elektrik quraşdırıcı vəzifəsində işləmişdir. (iş stajı 2 il 1 ay 18 gün) 11.07.85-ci il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Reqenerar” zavodunda çeşidləyici-qablaşdırıcı vəzifəsində işləmişdir. (iş stajı 1 ay 23 gün) xx.xx.1985-xx.xx.1986-cı il tarixdə Mingəçevir “Azerkabel” zavodunda elektrik maşınlar üzrə elektrik quraşdırıcı işləmişdir. (iş stajı 8 ay 19 gün) xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Perm şəhərində cihazqayırma istehsalat birliyində 4-cü dərəcəli elektrik quraşdırıcı işləmişdir. (iş stajı 2 il 2 ay 12 gün). xx.xx.1991xx.xx.1996-cı ildə Mingəçevir “Azerkabel” zavodunda elektrik avadanlıqların quraşdırıcısı vəzifəsində işləmişdir. (iş stajı 4 il 11 ay 26 gün) xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexinin QQ sahəsində çilingər işləmişdir. (güzəştli şərtlərlə iş stajı 4 il 11 ay 20 gün) xx.xx.2002xx.xx.2003-cü il tarixdə ”Azyolmaş” ASC yığıcı-çilingər işləmişdir. (iş stajı 1 il 3 ay 4 gün) xx.xx.2003-xx.xx.2004-cü ildə “BAM” firmasında 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 8 ay 22 gün) xx.xx.2004-xx.xx.2006-cı ildə "xxxx" MMC elektrik-qaz qaynaqçısı işləmişdir. (güzəştli şərtlərlə iş stajı 1 il 5 ay 16 gün) xx.xx.2006-xx.xx.2009-cu ildə "xxxx" ASC ”Azərenerjitikinti” MMC enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsində 5-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 il 9 ay 25 gün) xx.xx.2009xx.xx.2009-cu ildə "xxxx" MMC 2 saylı Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcıçilingər işləmişdir. (iş stajı 2 ay 28 gün) xx.xx.2009-xx.xx.2015-ci ildə "xxxx" ASC X2 İdarəsinin Quba MES quraşdırma sahəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 6 il 2 ay 2 gün) xx.xx.2015-xx.xx.2015-ci ildə X4 X8 Nakliyyə Sənaye və Ticarət Limited şirkətinin filialında tikinti-sahə üzrə quraşdırıcı işləyib. (güzəştli şərtlərlə iş stajı 1 ay 18 gün) xx.xx.2015-xx.xx.2016-cı ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 11 ay 21 gün) xx.xx.2016-xx.xx.2017-ci ildə “Azfen” BM-nin Gürcüstan filialında 6-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 11 ay 9 gün) xx.xx.2017-xx.xx.2018-ci ildə "xxxx" MMC-də boru üzrə ustabaşı vəzifəsində işləmişdir. (iş stajı 3 ay 05 gün) xx.xx.2018-xx.xx.2018-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 10 ay 08 gün) xx.xx.2019-xx.xx.2019cu ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 ay 19 gün) xx.xx.2019-xx.xx.2020-ci ildə “X7” MMC-də boru quraşdırıcısı işləmişdir. (güzəştli şərtlərlə iş stajı 7 ay 04 gün) xx.xx.2020-xx.xx.2022-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 11 ay 04 gün). Beləliklə iddiaçının ümumi iş stajı 33 il 4 ay 10 gün, güzəştli şərtlərlə iş stajı isə 19 il 8 ay 3 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-17- 1\2-M-310122\2023 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı qanunvericiliklə tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdən pensiya təyinatının aparılması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ИТ seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Onun 1985-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Azerkabel” zavodunda elektrik quraşdırıcısı; 11.07.85-ci il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Reqenerar” zavodunda çeşidləyici-qablaşdırıcı; xx.xx.1985-xx.xx.1986-cı tarixdə Mingəçevir “Azerkabel” zavodunda elektrik maşınlar üzrə elektrik quraşdırıcı; xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Perm şəhəriçihazqayırma istehsalat birliyində 4-cı dərəcəli elektrik quraşdırıcı; xx.xx.1991-xx.xx.1996–cı ildə Mingəçevir “Azerkabel” zavodunda elektrik avadanlıqların quraşdırıcısı; xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexinin QQ sahəsində çilingər; xx.xx.2002-xx.xx.2003-cü ”Azyolmaş” ASC yığıcı-çilingər; xx.xx.2003-xx.xx.2004-cü ildə “BAM” firmasında 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı; xx.xx.2004-xx.xx.2006-cı ildə "xxxx" MMC elektrik-qaz qaynaqçısı; xx.xx.2006-xx.xx.2009-cu ildə "xxxx" ASC”Azərenerjitikinti” MMC enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsinə 5-ci dərəcəli çilingər; xx.xx.2009-xx.xx.2009-cı ildə "xxxx" MMC 2 saylı Quraşdırma İdarəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər; xx.xx.2009-xx.xx.2015-ci ildə "xxxx" ASC X2 İdarəsinin Quba MES quraşdırma sahəsinə 5-cı dərəcəli quraşdırıcı-çilingər; xx.xx.2015-xx.xx.2015-ci ildə X4 X8 Nakliyyə Sənaye və Ticarət Limited şirkətinin Az. Respub. Filialı tikintisində tikinti sahə üzrə quraşdırıcı işləyib; xx.xx.2015-xx.xx.2016-cı ildə “Azfen” BM 5-ci dərəcəli borucu; xx.xx.2016-xx.xx.2017-ci ildə “Azfen” BM-nin Gürcüstan filialında 6-ci dərəcəli borucu; xx.xx.2017-xx.xx.2018-ci ildə "xxxx" MMC-də boru üzrə ustabaşı; xx.xx.2018-xx.xx.2018-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu; xx.xx.2019-xx.xx.2019-cu ildə “Azfen” BM 5-ci dərəcəli borucu; xx.xx.2019-xx.xx.2020-ci ildə “X7” MMC-də boru Quraşdırıcısı; xx.xx.2020-xx.xx.2022-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu; - Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01-V7/164 nömrəli işin xarakteri haqqında arxiv arayışı; - "xxxx" MMC-nın xx.xx.2023-cü il tarixli 05-18 nömrəli arxiv arayışı; - НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli e-2- 1(116)-1523/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı 07 il 8 ay 21 gün olaraq qəbul edilmişdir. Həmin dövrə iddiaçının xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexində çilingər işlədiyi, xx.xx.2011-xx.xx.2013-cü illərdə "xxxx" ASC X2 İdarəsinin Quba MES quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işlədiyi dövr daxil edilmişdir. Məhkəmə mübahisələndirilməyən 07 il 8 ay 21 gün güzəştli iş stajı dövrünü qəbul etməklə bərabər aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2009-xx.xx.2015-ci illərdə 5 il 2 ay 2 gün müddətində "xxxx" ASC-də müxtəlif sahələrdə quraşdırıcı-çilingər işləmişdir. Cavabdehin qəbul etdiyi 2 il 10 ay 1 günlük dövrlə müqayisədə iddiaçının əmək fəaliyyətinin xüsusiyyətləri dəyişməmiş, həmin dövr bütünlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən nəzərə alınmalıdır. Belə ki, həmin dövr Siyahının 29-cu-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə “tutulan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. - Həmçinin, iddiaçı xx.xx.2006-xx.xx.2009-cu illərdə, 2 il 8 ay 25 gün müddətində "xxxx" ASC "xxxx" MMC Enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsində 5-ci dərəcəli çilingər peşəsində işləmişdir. Həmin dövr sözügedən siyahının 24-cü-Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində təsbit edilən “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşəsinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minimum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1523/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-311433/2023 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əsasən iddiaçının güzəştli iş stajının qanunvericiliklə tələb olunan müddətdən (12 il 6 ay) az olması (7 il 08 ay 21 gün (xx.xx.1996-xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01-VƏ/164 nömrəli arayışında onun xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. - Bütün qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməklə maddi və prosessual pozuntulara yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının xx.xx.2009-xx.xx.2015-ci illərdə işlədiyi quraşdırıcı-çilingər vəzifəsinin işin hallarının araşdırılması prinsipinə zidd olaraq iddiaçının əmək fəaliyyətinin xüsusiyyətlərinin dəyişmədiyini, həmin dövrlərin bütünlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısr”na əsasən nəzərə alınmalı olduğu bildirilmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illərdə “Azərenerji" ASC "xxxx" MMC Enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsinə 5-ci dərəcəli çilingər vəzifəsi sözügedən siyahının 24-cü-Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində təsbit edilən "qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları bütün adlardan olan elektrik çilingərləri” peşəsinə uyğundur. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifəsinə uyğun deyil. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1523/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1523/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1523/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Əmək pensiyaları haqqında” Qanun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

17. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

2. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

27. İş materiallarından görünür ki, iddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.

28. Müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.

29. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.

30. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının “xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2011-ci illər və xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajının müddəti bitmir.

31. İş materiallarından isə görünür ki, cavabdeh orqan iddiaçının xx.xx.1996xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövrləri güzəştli iş stağı kimi qəbul etmiş və mübahisələndirilməmişdir. Həmin dövrlərdəki iddiaçının vəzifələrinə nəzər yetirildikdə görünür ki, iddiaçı xx.xx.1996-xx.xx.2001-ci il tarixlərdə Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexinin QQ sahəsində 3-cü, 4-cü və 5-ci dərəcə çilingər vəzifəsində, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlərdə isə "xxxx" ASC Cənub Layihəsi MA və MKQ sahəsində 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləmişdir.

32. Göründüyü kimi, iddiaçı xx.xx.2009-xx.xx.2015-ci illərdə 5 il 2 ay 2 gün müddətində "xxxx" ASC-də müxtəlif sahələrdə quraşdırıcı-çilingər işləmişdir. Cavabdehin qəbul etdiyi 2 il 10 ay 1 günlük dövrlə müqayisədə iddiaçının əmək fəaliyyətinin xüsusiyyətləri dəyişməmiş, ona görə həmin dövr də bütünlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən nəzərə alınmalıdır.

33. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlərdə "xxxx" ASC Cənub Layihəsi MA və MKQ sahəsində 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləməsini güzəştli iş stağı kimi nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olması qənaətinə gəlmiş, iddiaçının eyni vəzifədə, eyni idarədə işlədiyi xx.xx.2009-xx.xx.2011-ci illər və xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyini hansı səbəbdən nəzərə almadığını əsaslandıra bilməmişdir.

34. Bir sözlə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan eyni idarədə eyni vəzifədə işləyən iddiaçının xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövrləri güzəştli iş stağı kimi qəbul edir, lakin xx.xx.2009-xx.xx.2011-ci illər və xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi dövrləri yalnız mülahizələrə əsaslanmaqla güzəştli iş stajı kimi qəbul etmir. Bu da iddiaçıya münasibətdə İnzibati İcraat haqqında qanunun tələblərinə zidd olmaqla onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Cavabdeh orqanın qeyd etdiyi xüsusatlar iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

35. Cavabdeh orqanın mübahisələndirdiyi xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlərə münasibətdə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olması müəyyən edilmişdir.

36. Göründüyü kimi, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

37. Həmçinin, apellyasiya araşdırması zamanı tədqiq edilmiş iddiaçının yerinə yetirdiyi işin xüsusiyyətləri barədə arayışdan görünür ki, iddiaçı 1996-cı il tarixdən 2015-ci ilədək vəzifə borcunu tam iş günü ərzində yerinə yetirmiş, zərərli sahədə 8 saatlıq iş günü ərzində Qazanxana Avadanlıqlarının və Mexaniki Avadanlıqlarının və X1 sahəsində təmir zamanı səs-küy, tozun iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur.

38. İstinad olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr”in siyahısından görünür ki, 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə avadanlığınının işini təmin edən elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aiddir.

39. Odur ki, iddiaçının xx.xx.2006-xx.xx.2009-cu illərdə, 2 il 8 ay 25 gün müddətində "xxxx" ASC "xxxx" MMC Enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsində 5-ci dərəcəli çilingər peşəsində işlədiyi vəzifəsi də, məhz qazanxana, turbin (buxar-qaz turbini) və yanacaqötürmə avadanlığının işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyoru və elektrik çilingəri kimi nəzərdən keçirilərək onun güzəştli iş stajı müəyyən edilməlidir. Hər bir halda iddiaçının əmək fəaliyyətini tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində və digər sahələrdə həyata keçirməsi iş materialları ilə sübuta yetirilir.

40. Odur ki, cavabdeh orqan qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə avadanlıqlarının fəaliyyətində (işinin təmin edilməsində) birbaşa iştirak etmiş iddiaçının quraşdırıcı çilingər olaraq fəaliyyət göstərdiyi müddəti xüsusi iş stajına daxil etməməkdə səhvə yol vermişdir.

41. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Qeyd edilən sahələr üzrə isə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

43. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.

45. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

46. İş materiallarında olan sübutlar iddiaçının zəruri güzəştli iş stajının mövcud olduğunu sübut edir, həmin arayışların mötəbər sübut hesab olunmaması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

47. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.

48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). 49 Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

50. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2-1(116)-1523/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar