Məhkəmə qərarları › İş №2-1(107)-85/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-85/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-85/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1965-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək X3 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2013-cü il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1402/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1950-ci ildə anadan olmuşdur. Ona xx.xx.2013-cü ildə əmək pensiyası təyin edilmişdir. Təhsil illərinin sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, 1965-1969-cu illərdə X3 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1965-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək X3 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2013-cü il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda əyanı təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə ki, “Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən Sosial Sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirənlərdir. İddiaçı məcburi sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Odur ki, iddiaçının iddia tələbi təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara Cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubu, C seriyalı 590216 nömrəli diplomun təsdiqlənmiş surəti, xx.xx.1969-cu il tarixli və xx.xx.1988-ci il tarixli iddiaçının əmək kitabçalarının təsdiqlənmiş surətləri, xx.xx.1980-ci il tarixli əmək kitabçasına əlavə vərəq, DSMF-nin Şəki şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1402/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçıxx.xx.1965-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək X3 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2013-cü il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Şəki şəhər şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1402/2019 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.21.1 -ci maddəsinə istinadən: «Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir».Bu maddəyə əsasən vətəndaş təhsil dövründə heç bir sosial sığorta haqqı ödəmədiyi üçün onun pensiya kapitalı “0”-a bərabər olur.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li Qərarı ilə təsdiq olunmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının Sosial sığorta stajının hesablanması prosedurunda sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Bu Qaydalarda da əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır.Sosilal sığorta stajı deyilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. Vətəndaşın 1965- 1969-ci illərdəki təhsil müddətinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən sosial sığorta stajına aid edilə bilməz. Çünki, həmin illərdə hər hansı gəlir əldə edilməmiş və hər hansı ödəmələr ödənilməmişdir. Odur ki, apelyasiya şikayətin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1402/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1402/2019nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadixx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1402/2019nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, iddiaçının xx.xx.1965-cü il tarixindən xx.xx.1969-cu il tarixinədək X3 ibtidai sinif müəllimi hazırlayan şöbədə əyani təhsil alması C seriyalı 590216 nömrəli diplomu ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçıya xx.xx.2013-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. Əgər onun təhsil illəri nəzərə alınarsa pensiyasının məbləği artar. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1965-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək X3 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2013-cü il tarixindən pensiyasının yenidən hesablanması qoyulmalıdır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Şəki şəhər Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1402/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar