Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-85/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ “Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 55 kv.m torpaq sahəsi üzərində (A seriyalı 040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq) iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2-1(116)-1787/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz rayon Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya satılmış 55 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış (mağaza) binasına iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1787/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 55 kv.m torpaq sahəsi üzərində (A seriyalı 040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq) iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İşin qısa məzmunu ondan ibarətdir ki, Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 saylı qərarı ilə Oğuz şəhəri Cavanşir küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 55 kv.m torpaq sahəsi satılmışdır. Qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair Akt tərtib olunmuş və 14 avqust 2007-ci il tarixdə 395 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra torpaq sahəsinı Dövlət Kadastr kitabında 10 iyun 2009-cu il tarixdə 2247 nömrə ilə uçota alınmış A040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin torpaq sahəsinə bütün müvafiq sənədlər hazırlandıqdan sonra mağaza binası inşa edilmiş və hal-hazırda istifadə olunur. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il imtina məktubu vermişdir.
5. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyri-yaşayış binasının təqdim olunan sənəd üzrə eskiz layihə planı ilə faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Qeyri-yaşayış binasının 3.8 kv.m hissəsi mülkiyyətində olan 55 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Həmçinin, aparılan araşdırma zamanı məlum olmuşdur ki, istismara qəbul aktı komissiyasının sədri tərəfindən təsdiq olunmamış, Əmək müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin DYNX-nın əməkdaşları tərəfindən imzalanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Üçüncü şəxs iddiaya münasibətində bildirmişdir ki, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə Oğuz şəhərində yerləşən 0.0055 ha və 55 kv.m ölçüdə torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi ilə satılmışdır. Oğuz bələdiyyəsi İddiaçı, Oğuz şəhərində yerləşən 0.0055 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmasına etiraz etmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 noyabr 2023-cü il tarixli 2- 1(116)-1787/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2024-cü il tarixli qərardadı ilə X9 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin araşdırılması məqsədi ilə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ünvan 1 ünvanında yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 saylı qərarı ilə iddiaçıya satılmış və A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 55,0 kv.m torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X5 (TEKUİS) əsasən Oğuz şəhər İnzibati ərazi dairəsi sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətidir, İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 57,5 kv.m torpaq sahəsi A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 55,0 kv.m torpaq sahəsi ilə 24,25 kv.m hissədə üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan 57.5 kv.m torpaq sahəsinin 6,75 kv.m hissəsi **********0622 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının adına tərtib edilmiş A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş 55,0 kv.m torpaq sahəsinin 30.15 kv.m hissəsi qonşunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. 0,6 kv.m hissəsi isə iddiaçının özünün istifadəsinə olan torpaq sahəsinin qarşısında boş əraziyə düşür.. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2- 1(116)-1787/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2- 1(116)-1787/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2-1(116)-1787/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs Oğuz bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 55 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-5230/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 saylı qərarı ilə iddiaçıya satılmış və A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 55,0 kv.m torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X5 (TEKUİS) əsasən Oğuz şəhər İnzibati ərazi dairəsi sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətidir, İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 57,5 kv.m torpaq sahəsi A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 55,0 kv.m torpaq sahəsi ilə 24,25 kv.m hissədə üst-üstə düşür. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin faktiki sahəsi 57,5 kv.m-dir. 57,5 kv.m tikilinin 24,25 kv.m hissəsi A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 55,0 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Qeyri-yaşayış binaları təqdim olunan Memarlıq planlaşdırma layihəsinə uyğun inşa olunub-olunmaması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İddiaçının faktiki istifadəsində olan 57,5 kv.m torpaq sahəsinin 6,75 kv.m hissəsi **********0622 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür, iddiaçının adına tərtib edilmiş A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş 55,0 kv.m torpaq sahəsinin 30,15 kv.m hissəsi qonşunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. 0,6 kv.m hissəsi isə iddiaçının özünün istifadəsinə olan torpaq sahəsinin qarşısında boş əraziyə düşür. - İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 580 manat məbləğində torpağın dəyəri Oğuz bələdiyyəsinin hesabına ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin rəyinə əsasən, kommersiya məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 55 kv.m olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şərti yararsız torpaq olmaqla bu məqsəd üçün satılması məqsədəuyğun hesab edilmişdir. - Oğuz RİH Memarlıq və tikinti şöbəsinin 2007-ci il tarixli 1590 nömrəli məktubundan görünür ki, Şöbə 55 kv.m torpaq sahəsinin kommersiya məqsədi ilə satılmasına etiraz etməmişdir. - A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı iclas protokolunun qərarı ilə 55 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş A seriyalı 313299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə 50 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün X1. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən X7 verilmiş A seriyalı 313299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılmır.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmi “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.
23. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İş materialları ilə müəyyən edilir ki, Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 55 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 580 manat məbləğində torpağın dəyəri Oğuz bələdiyyəsinin hesabına ödənilmişdir. Təqdim olunan mütəxəssis rəyindən də görünür ki, iddia olunan torpaq sahəsi iddiaçının istifadəsindədir.
32. Həmçinin, üçüncü şəxs iddiaya münasibətində bildirmişdir ki, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə Oğuz şəhərində yerləşən 0.0055 ha və 55 kv.m ölçüdə torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi ilə satılmışdır. Oğuz bələdiyyəsi İddiaçı, Oğuz şəhərində yerləşən 0.0055 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmasına etiraz etmir.
33. Göründüyü kimi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz bələdiyyəsi iddiaçıya iddia predmeti olan torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. Habelə birinci instansiya məhkəməsinin qərarından Oğuz bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilməmişdir.
34. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin rəyinə əsasən, kommersiya məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 55 kv.m olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şərti yararsız torpaq olmaqla bu məqsəd üçün satılması məqsədəuyğun hesab edilmişdir.
35. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq sahibkarlığın inkişafı məqsədilə iddiaçının mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.
36. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş A seriyalı 313299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə 50 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün X1. Lakin inzibati orqan tərəfindən bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin X2 qeyd edilsə də ona verilmiş A seriyalı 313299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılmır.
37. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
38. Beləliklə, yuxarıda göstərilənlərdən də göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir.
39. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
40. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
41. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 55 kv.m torpaq sahəsi üzərində (A seriyalı 040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq) iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2-1(116)-1787/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.