Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-86/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Göyçay rayon şöbəsi) qarşı “1978-1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda işlədiyi illərin, yəni 14 il 7 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1454/2019 nömrəli qərarından DSMF-in Göyçay rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxx 1961-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayır. Əmək fəalliyyətinə 1978-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda başlamış, 1997-ci il tarixə kimi həmin kolxozda işləmişdir. 1-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə cavabdeh DSMF-in Göyçay rayon şöbəsinə müraciət etmiş, lakin “N.Nərimanov” adına kolxozda işləyərkən adına əmək kitabçası açılmadığı üçün cavabdeh ona 1-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinin qanunamüvafiq olmaması haqqında cavab vermişdir. Halbuki o, 1978-1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda işləməyi və əmək günü qazanmağını təsdiq edən Dövlət Arxivinin Göyçay filialından arxiv arayışını cavabdehə təqdim etmişdir. Odur ki, 1978-1997ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2019-cu il tarixində birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının 1978- 1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda işlədiyi illərin, yəni 14 il 7 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının İİİ fəslinin 3.1.1-ci maddəsinə görə Arxiv arayışına əsasən sizə əlilliyə görə əmək pensiyası hesablamaq qanunamüvafiq deyil. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1454/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Göyçay rayon şöbəsinin üzərinə İddiaçı “1978-1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda işlədiyi illərin, yəni 14 il 7 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən ona əmək pensiyasının təyin edilməsi öhdəliyininqoyulması, məhkəmə xərcinin iddiaçıya aid edilməsiqərara alınmışdır. DSMF-in Göyçay rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilmləsi, baxılması və saxlanılması Qaydalarının İV fəslinin 4.2.7-ci maddəsinə əsasən pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə söğortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı xx.xx.2019cu il tarixdə əlilliyə görə əmək pensiyası hüququ yarandığı üçün DSMF-in Göyçay rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının 1978-1979, 1982-1997-ci illərdə cəmi 14 il 7 ay 0 gün, xx.xx.1979-xx.xx.1981-ci illərdə cəmi 2 il 1 ay 5 gün hərbi xidmət illəri vardır. Ümumilikdə iddiaçının 16 il 8 ay 5 gün sosial sığorta stajı və 12042 manat pensiya kapitalı vardır. İddiaçının əlilliyi müəyyən olunduğu zaman yaş həddi üçün 14 il sosial sığorta stajı tələb olunur. Göründüyü kimi iddiaçının 1978-1979, 1982-1997-ci illər Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda 1965-ci il tarixdən 1990cı il tarixədək kişilər üçün 200 adam günü norması, 1990-cı il tarixdən isə 180 adam günü norması nəzərdə tutulmuşdur. Məhkəmə qərarı əsasında iddiaçının 1978-1979, 1982- 1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil edildiyi halda pensiya almaq hüququ yarana bilər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1454/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1454/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1454/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli ş/v surəti, DSMF-in Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 252 nömrəli arxiv arayışı, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat, DSMF-in Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli məlumat məktubları aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1454/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Göyçay rayon şöbəsinin üzərinə İddiaçı “1978-1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi “N.Nərimanov” adına kolxozda işlədiyi illərin, yəni 14 il 7 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən ona əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işləməsi, adam günü norması və əmək haqqı qazanması Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 252 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işləməsi, adam günü norması və əmək haqqı qazanması Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 252 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İş materiallarında olan cavabdeh DSMF-in Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli **********8 nömrəli məlumat məktublarında qeyd edilmişdir ki, iddiaçının iş stajı aşağıdakı qaydadadır: 1978-1979, 1982-1997-ci illər = 14 il - 7 ay-0 gün (kolxoz stajı, Arxiv arayışı) 1979.xx.xx-1981.11.23 = 2 il-1 ay- 5 gün (hərbi xidmət illəri). Ümumilikdə İddiaçı 16 il 8 ay 5 gün sosial sığorta stajı və 12042 manat pensiya kapitalı vardır. İddiaçının əlilliyi müəyyən olunduğu zaman, yaş həddi üçün 14 il sosial sığorta stajı və 20160 manat pensiya kapitalı tələb olunur. Göründüyü kimi iddiaçının 1978-1979, 1982-1997-ci illər Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda 1965-ci il tarixdən 1990-cı il tarixədək kişilər üçün 200 adam günü norması, 1990-cı il tarixdən isə 180 adam günü norması nəzərdə tutulmuşdur. Məhkəmə qərarı əsasında iddiaçının 1978-1979, 1982- 1997-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil edildiyi halda pensiya almaq hüququ yarana bilər. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, iddiaçıya xx.xx.2019-cu il tarixində birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin məlumat məktubunda iddiaçının əlilliyi müəyyən olunduğu zaman, “yaş həddi üçün 14 il sosial sığorta stajı və 20160 pensiya kapitalı tələb olunur” dəlilinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Birinci qrup əlilliyə görə pensiya təyin olunması üçün kapital tələb olunmur. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən N.Nərimanov adına kolxozda işləməsi, adam günü norması və əmək haqqı qazanması Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 252 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1454/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-86/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-86/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver