Məhkəmə qərarları › İş №2-1(107)-86/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-86/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-86/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2- 1(116)-1168/2024 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-4329/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsi dövründə vətənin müdafiəsinə könüllü şəkildə getmişdir. 1992-ci ilin noyabr ayında ağır yaralanmışdır. Ömürlük 2-ci qrup əlilliyi təsdiq edilmişdir. Lakin iddiaçının avtomobillə təmin edilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətdən sonra əlilliyi əsassız olaraq ləğv edilib. İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət edib.

4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətinizə çatdırırıq. Qəbələ rayon sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2002ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin təyinatı barədə qərar verilmişdir. Odlu silah yaralanmasından sonra sol buddan döş qəfəsindən və hər iki baldırdan qəlpə çıxarılmasından sonrakı hal. Nevrastenitya. Xroniki sistit. Sidik turşulu diatez. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsı zamanı sol budun orta 1/3-də, sol baldırın yuxarı 1/3-də, sağ kürəkdə və döş qəfəsinin tərəfində torakosintezdən sonrakı çapıq izlənilmiş, hərəkətlər sərbəst, əzələlərdə atrofiya, ətraflarda iflic, parez qeyd olunmamışdır. Auskultasiya zamanı hər iki ağciyər payları üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-98%, THS-19, ps-91 vurğu olmuş, hal-hazırda əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası“na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 0240003AAH03 nömrəli göndərişi. - 4431 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surəti. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli, **********0 nömrəli Qərarı. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə müayinə olunmuş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - Qəbələ rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1168/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2975 nömrəli rəyi.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1168/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. - İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya “Odlu silah yaralanmasından sonra sol buddan döş qəfəsindən və hər iki baldırdan qəlpə çıxarılmasından sonrakı hal Nevrastenitya. Xroniki sistit. Sidik turşulu diatez.” Diaqnozu ilə müddətsiz əlilik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinəsi təmin edilməklə barəsində yanvar 2023-cü il tarixində iddiaçının “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. - Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması barədə ekspertiza təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T372/2024 nömrəli rəyində deyilir: “1961-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı iş materiallarında olan tibbi sənədlərində qeyd olunan “Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah yaralanması. Sol budun, hər iki baldırın, döş qəfəsinin çoxsayda qəlpə yaralanmasından sonraki vəziyyət. Ağırlaşmalar: L90.5- Dərinin çapıqlaşmış vəziyyəti və pibrozu. Sol budda, hər iki baldırda, döş qəfəsində çoxsaylı, posttravmatik hipertrofik çapıqlar. R.26-Hərəkətin və yerişin pozulmaları. Aşağı ətrafların funksiyasının pozulması.; Yanaşı xəstəliklər: El 1.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tipi insulin; G63.2*- Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə) Diabetik ensefalopatiya. İİ 1.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hıpertenziv (hipertoniya) xəstəlik (- yi). Arterial hipertenziya İİ, əlavə risk İİİ. İ44.4-His dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokadası. His dəstəsinin sol ayaqçığının tam blokadası. 179.2-Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya. H26.İ-Digər dəqiqləşdirilmiş, katarakta OD Yetişmiş katarakta. Vis OD=0,011 (k\etmir) Vis OS=0,2;” diaqnoz ona stasionarda müalicəsi zamanı anamneslik, klinik və ona laborator instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinədə sol budun orta 1\3-də, sol baldırın yuxarı 1\3-də sağ Kürəkdə və döş qəfəsinin sağ tərəfində torakosintezdən sonrakı çapıq izlənmiş, hərəkətlər sərbəst, əzələlərdə atrofiya, ətraflarda iflic, parez qeyd olunmamışdır. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiya SpO2-98%, Ths-19, ps-91 vurğu olmuş, hazırda əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. - Göründüyü kimi, iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə ona təyin edilmiş əlillik arasında eyniyyət mövcud deyildir. Odur ki, yuxarıda qeyd edilən diaqnozlar nəzərə alınmaqla ona əlilliyin təyini zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması ilə əlaqədar xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi və ümumi xəstəlik ilə əlaqədar isə xəstəlik 187 saylı qərarın əhatə dairəsinə düşdüyündən tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirilməlidir. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizmində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır.

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1168/2024 nömrəli qərarının ləğv edilərək cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, qərar qanunsuz və əsasızdır. Belə ki, o, xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. Birinci Qarabağ müharibəsində Vətənin ağır günlərində vətənin müdafiəsinə könüllü şəkildə getmişdir. 1992-ci ildə Bakı Şixovda təlim keçəndən sonra onları Şuşaya göndərmişlər. 1992-ci ilin noyabr ayında Kərkican yaxınlığında ağır yaralanmışdır. 3 ay xəstəxanada yatandan sonra yenidən orduya qayıtmışdır. Ağdərədə Kəlbəcərin yolunun açılması üçün döyüşə girmişdir. Ağdərədə döş qəfəsindən ağır yaralanmışdır, qara güllə 5,45. Onu yenidən xəstəxanaya gətirmişlər. Bildirmişlər ki, orduya yararsızdır, əlillik təyin olunsun. 1993-cü ildə əllilik təyin olunmuşdur. 1999-cu ildən ona ömürlük 2-ci qrup əlilliyi təsdiq edilmişdir. Lakin o, avtomobillə təmin edilməyi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi şikayət xarakterli müraciətdən sonra Nazirliyin tabeliyində olan cavabdeh onun əlilliyini heç bir əsas olmadan ləğv edib. Müharibədə aldığı çoxsaylı yaralanmalar yaşlaşdıqca onun səhhətinə daha da pis təsir edir. Bu təbiidir. Çünki insan yaşlaşdıqca bədən hüceyrələri zəifləməyə doğru gedir. Aldığı tramvalar ona daha çox mənfi təsir edir. xx.xx.2002-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Odlu silah yaralanmasından sonra sol buddan, döş qəfəsindən və hər iki baldırdan qəlpə çıxarılmasından sonrakı hal. Nevrastenitya. Xroniki sistit. Sidik turşulu diatez. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsı zamanı sol budun orta 1/3-də, sol baldırın yuxarı 1/3-də, sağ kürəkdə və döş qəfəsinin tərəfində torakosintezdən sonrakı çapıq izlənilmiş, hərəkətlər sərbəst, əzələlərdə atrofiya, ətraflarda iflic, parez qeyd olunmamışdır. Onun müraciətindən sonra dövlət qulluqçuların iştirakı ilə inzibati məhkəməyə cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı iddia hazırlanıb məhkəməyə göndərilmişdir. Lakin ekspertiza aparan Mərkəz bildirmişdir ki:” . SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı iş materiallarında olan tibbi sənədlərində qeyd olunan “Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah yaralanması. Sol budun, hər iki baldırın, döş qəfəsinin çoxsayda qəlpə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşmalar: L90.5-Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Sol budda, hər iki baldırda, döş qəfəsində çoxsaylı, posttravmatik hipertrofik çapıqlar. R.26-Hərəkətin və yerişin pozulmaları. Aşağı ətrafların funksiyasının pozulması.; Yanaşı xəstəliklər: El 1.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tipi insulin; G63.2*- Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə) Diabetik ensefalopatiya. İİ 1.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hıpertenziv (hipertoniya) xəstəlik (- yi). Arterial hipertenziya İİ, əlavə risk İİİ. İ44.4- His dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokadası. His dəstəsinin sol ayaqçığının tam blokadası. 179.2-Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya. H26.İ-Digər dəqiqləşdirilmiş, katarakta OD Yetişmiş katarakta. Vis OD=0,011 (k\etmir) Vis OS=0,2;” diaqnoz ona stasionarda müalicəsi zamanı anamneslik, klinik və ona laborator instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinədə sol budun orta 1\3-də, sol baldırın yuxarı 1\3-də, sağ Kürəkdə və döş qəfəsinin sağ tərəfində torakosintezdən sonrakı çapıq izlənmiş, hərəkətlər sərbəst, əzələlərdə atrofiya, ətraflarda iflic, parez qeyd olunmamışdır. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiya SpO2-98%, Ths-19, ps-91 vurğu olmuş, hazırda əlillik təyinatına əsas verən xəstəliyin tam reablitasiya olunması müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Akad.C.Abdullayev adına X1 müayinəsi zamani “ ÜİX. Gərginlik stenokardiyası. (G.S. İİİ f.s.) İnfarktdan sonrakı kaldioskleroz. Hipoertoniya xəstəliyi İİ AF-25%. Xroniki ürək çatmamazlığı İV f.s.” diaqnozu müəyyən edilmişdir”. - Məhkəmə belə nəticəyə gəlmişdir ki, onun aldığı xəsarətlər hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizmində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından iddia tələbi təmin olunmamışdır. Qərarda qeyd olunmuşdur ki, "hazırda əlillik təyinatına əsas verən xəstəliyin tam reablitasiya olunması müəyyən edilmişdir" Bu qərara məhkəmə, ekspertizanın gəldiyi nəticəsi üzrə gəlmişdir. Halbuki TSEK ona bildirmişdir ki, mövcud xəstəliklərə görə ona 1-ci qrup əllilik müəyyən edilməlidir. Əlavə keçirilən ekspertizaya etiraz etməyinə baxmayaraq əlavə ekspertiza keçirilməmişdir. Lakin ekspertizanın natamam olduğu açıq-aşkar görünsə də, iddiaçının aldığı xəsarətin hansı fəsadlar törətdiyi araşdırılmamışdır. Məhkəmə gedən dövrdə o yenidən müayinədən keçmiş və ona 1-ci qrup əlillik təyin edilməsini təklif etmişlər. Aparılan ekspertiza və onun verdiyi rəyi əsassız hesab edir. Belə ki, ağır yaralanmanın hansı fəsadları olduğunu ekspertiza müayinə etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh inzibati orqan apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsində iddia qaldırılaraq əlilliyin ləğvi barəsində cavabdehin qərarının ləğv edilməsi və əvvəllər mövcud olmuş əlilliyin bərpa edilməsi barədə iddia qaldırmışdır. Həmin iddiaya məhkəmə qaydasında yazılı münasibət (etiraz) bildirilərək iddianın əsassız olması və bu səbəbdən dolayı təmin olunmamalı bir tələb olması əsaslandırılmışdır. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən müvafiq araşdırmanın aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspert rəyinin nəticə hissəsində isə iddiaçının əvvəllər əlillik müavinəti aldığı diaqnoz üzrə xəstəlikdən tam reabilitasiya olması öz təsdiqini bir daha tapmışdır. Həmçinin qərarda qeyd edildiyi kimi, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hətta əsaslandırılmışdır ki, oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin hüquqi mövqe öz əksini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1168/2024 nömrəli qərarına qarşı verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bənd 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: Maddə 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; Maddə 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; Maddə 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; Maddə 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Maddə 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Maddə 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Apellyasiya şikayətinin mümkünlüyü

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Cavabdeh orqanın imtinasının və etirazının dəlilləri ondan ibarətdir ki, əlilliyə əsas verən patofunksional pozuntular aşkarlanmadığından iddiaçıya əlillik təyinatına əsas verən xəstəliyin tam reabiltasiya olunması barədə qərar verilmişdir.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya “Odlu silah yaralanmasından sonra sol buddan, döş qəfəsindən və hər iki baldırdan qəlpə çıxarılmasından sonrakı hal. Nevrasteniya. Xroniki sistit. Sidik turşulu diatez.” Diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinəsi təmin edilməklə barəsində 05 yanvar 2023-cü il tarixində iddiaçının “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin ləğvi ilə bağlı hüquqi nəticə yaradan qərar məhz Agentliyin 05 yanvar 2023-cü il tarixli qərarıdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Həmçinin hazırkı iş üzrə cavabdeh də məhz Agentlikdir.

23. Belə ki, cavabdeh orqan imtinasını “əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir” səbəbi ilə əsaslandırmışdır.

24. İş materiallarından da görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarının özünə aid hissədə ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə cavabdeh orqanın xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi barədədir.

25. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbisosial ekspert komissiyası tərəfindən xx.xx.2002-ci ildə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

27. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

28. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.

29. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı halda bu, baş verməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır.

31. Qeyd olunanları nəzərə almadan cavabdeh orqan iddiaçının minik avtomobili ilə təmin olunması ilə bağlı müraciətinə baxan zaman həmin müraciətə imtina cavabı verməklə bərabər, ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv etmişdir.

32. Həmçinin qeyd olunmalıdır ki, əvvəllər iddiaçıya müddətsiz əlillik təyin olunduğuna görə onun barəsində ekspertiza keçirilməsinə də zərurət olmamışdır. Daha sonra qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini də nəzərə almağa borcludur.

33. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2002-ci ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir.

34. Belə ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

35. Məhkəmə kollegiyası cavabdehin dəlillərini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

36. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçıya münasibətdə qanuni əlverişli inzibati akt sayılan xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsində yalnız müvafiq (“inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda, maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda, inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda, inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda”) əsaslar olduğu halda, cavabdeh orqan bu halların hər hansı birinin iddiaçıya münasibətdə mövcud olduğunu sübuta yetirə bilməmiş, bununla bağlı sübut-sənəd təqdim etməmişdir.

37. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2002-ci il tarixdə təyin olunmuş müddətsiz əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalıdır.

39. Məhkəmə kollegiyası iddiaçının tələbinin “iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə təyin olunmuş müddətsiz əlilliyin ləğv edilməsi barədə cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ləğv olunduğundan nəticə olaraq iddiaçının əlilliyi də bərpa edilir. Odur ki, əlavə olaraq bu tələbin də təmin edilməsinə zərurət qalmır.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1168/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin “İddiaçı xx.xx.2002-ci il tarixdə təyin olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə” qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Apellyasiya şikayəti və iddia tələbi qalan hissədə təmin olunmasın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar