Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-87/2022 11.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 13.09.2021- ci il tarixli qərardadla məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli Ə96- 189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissəsində ləğv edilməklə işinə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 2012-ci ildən daxili işlər orqanlarında işləyir. İşlədiyi müddətdə daim işinə vicdanla yanaşaraq nümunəvi xidmət aparmışdır. Rəhbərlik tərəfindən verilən tapşırıqları daim qüsursuz yerinə yetirmiş və buna görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Lakin iddiaçı cavabdehin 18.06.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Ona bildirilmişdir ki, DİNin “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin iddiaçı bildirir ki, o, xidməti fəaliyyətində daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişdir. X2 onun barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı şikayətlər əsassızdır, şər və böhtan xarakterli şikayətlərdir. Rəvanə Cəfərzadə iddiaçının qardaşı Qanuni nümayəndə arvadıdır. Belə ki, iddiaçının qardaşı Qanuni nümayəndə 10 oktyabr 2020-ci il tarixdə Şəki regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə X4 ilə ailə həyatı qurmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan X2 müəyyən psixoloji problemləri olduğundan münasibətləri pozulmuş və birgə yaşamaqları qeyri-mümkün hala gəlmişdir. Belə ki, iddiaçının qardaşı X4 ilə ailə qurandan sonra onda müəyyən psixoloji problemlərin olduğunu görərək ona müalicəsi üçün həkim psixiatra müraciət etməyi təklif etmişsə də, onu müalicə olunmağa razı sala bilməmiş, ona görə də ondan ayrılmaq qərarına gəlmiş və məcbur qalaraq nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan narazı qalan X4 məhkəmə iclasında iddiaçının qardaşına dərs verəcəyini, ondan boşanmağının ona baha başa gələcəyini bildirərək, müxtəlif hədələr etmişdir. Ona görə də X4 iddiaçının qardaşı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, həm iddiaçının qardaşı Tural, həm də iddiaçı barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmişdir. X1 anlamır ki, heç kim zorla kimləsə nikahda saxlanıla bilməz və nikah könüllülük əsasında bağlanılır və tərəflər könüllülük əsasında nikahda qalırlar. Qanunvericiliyin tələbinə görə ər-arvad nikahın pozulmasına razı olmasa belə tərəflərdən biri onun pozulmasına təkid etdikdə nikah pozulur. X4 iddiaçının qardaşından və iddiaçıdan belə əsassız şikayətlər edərək iddiaçının qardaşını nikahın pozulmasından yayındırmağa çalışır və belə əsassız şikayətləri iddiaçının qardaşına qarşı təsir vasitəsi kimi istifadə edir. İddiaçı X2 şikayət ərizəsində yazılanlarla bağlı bildirir ki, həmin xüsusatlar şər və böhtan xarakterli məlumatlardır, iddiaçının qardaşının ondan ayrıldığı üçün intiqam almaq məqsədi ilə edilmişdir. Buna görə də iddiaçını guya X3 “WhatsApp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin göründüyü kimi həmin şikayət iddiaçının xidməti fəaliyyətilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. İddiaçı bildirir ki, X2 iddiaçı ilə olan problemi onların ailədaxili problemidir və ailədaxili münasibətə görə iddiaçı işdən azad edilmişdir. Onun işdən azad edilməyinin səbəbi kimi Rəvanə Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyi göstərilmişdir. Halbuki, Rəvanə Cəfərzadə heç də özünü zəhərləmək məqsədi ilə dərman qəbul etməmişdir. Belə ki, Şəki ŞRPŞ TB-nin təhqiqatçısı, polis kapitanı X5 HK-1/322 nömrəli material üzrə qəbul etdiyi 21 mart 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı izahatı alınan X4 izahatında göstərmişdir ki, 20.03.2021-ci il tarixdə yaşadığı evdə saat 21:30 radələrində arıqlamaq üçün dərman qəbul edərək bir qədər ev işləri ilə məşğul olmuşdur. Sonra onun başı ağrımağa başlamış və ürəyi bulandığı üçün qaytarmağa başlamışdır. Bundan sonra o, zəhərləndiyini düşünüb təcili tibbi yardım çağıraraq Şəki MRX-ya müraciət etmişdir. Orda ona sistem qoşulduğu üçün vəziyyəti yaxşılaşmış, daha sonra ona dərman qəbul etdiyi üçün zəhərləndiyini bildirmişlər. Həmçinin həmin tarixdə onu evə buraxmışlar. O ehtiyatsızlıqdan arıqlamaq məqsədi ilə dərmanı icib zəhərləndiyi üçün hər hansı şikayət və tələbinin olmadığını, eləcə də hadisə zamanı yanında heç kimin olmadığını qeyd etmişdir. Göründüyü kimi R.Cəfərzadənin “dərman zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı Şəki ŞRPŞ-da araşdırma aparılmış və HK-1/322 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda iddiaçının həmin hadisə barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi formada məlumat verməməsindən söhbət gedə bilməz. Həmin qərar hal-hazıradək qüvvədədir və prediyusial əhəmiyyətə malikdir. R.Cəfərzadənin iddiaçının qardaşının ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkməyə müracət etməsindən sonra yenidən iddiaçının qardaşından guya onun intihar etməyə cəhd etməsi ilə bağlı şikayət etməsi də bir daha onu göstərir ki, R.Cəfərzadə iddiaçının qardaşından ondan boşandığı üçün intiqam almaq məqsədi ilə etdiyi şər və böhtan xarakterli şikayətdir. O xidmətdə olduğu müddətdə intizam məsuliyyətinə cəlb edilməmiş, özünü nizam intizamlı polis əməkdaşı kimi göstərmiş və onun barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinə heç bir şikayət daxil olmamışdır. Cavabdeh 09.08.2021-ci il tarixli məktuba iddiaçının işdən xaric edilməsinə dair materialları əlavə edərək məhkəməyə göndərmişdir. Məktuba əlavə edilmiş Şəki Rayon Prokurorluğunun Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı 25.05.2021-ci il tarixli məktubdan aydın olur ki, Şəki Rayon Prokurorluğu araşdırılan 98c-21 nömrəli materialı nəzərdən keçirib müəyyən edilmiş xüsusat üzrə İddiaçı barəsində xidməti araşdırma aparılaraq nəticəsi barədə Şəki Rayon Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Məktuba əlavə edilmiş Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c- 21 nömrəli (d/0 189-15039-1121) məktubun və X8 ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsinin icrası üzrə aparılmış xidməti təhqiqata dair Rəyin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki ŞRPŞ-nin TİQ-nin baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı tərəfindən təhqir olunması barədə vətəndaş X2 müraciəti ilə əlaqədar Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli (d/0 189- 15039-1121) məktubun və X8 ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsinin araşdırılması üzrə toplanmış materialları nəzərdən keçirib təklif etmişdir: “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi" nin 1, 2 ,3 ,20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in 10.02.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq "Whatsapp” mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, Rəvanə Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyinə, onunla fərdi profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətində müsbət xarakterizə edilmədiyinə görə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmağadək ağır ntizam məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiq hesab edilsin”. Şəki İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi onun dəlillərinin heç birini araşdırmadan formal mülahizələr əsasında göstərmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir. Göründüyü kimi o guya X3 “WhatsApp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin həmin şikayət onun xidməti fəaliyyəti ilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. Qeyd edilən dövrdə o ümumiyyətlə məzuniyyətdə olmuş və xidməti fəaliyyət zamanı hər hansı bir qanunsuz əməl törətməyi mümkün olmamışdır. Ümumiyyətlə onun xidməti fəaliyyəti ilə bağlı heç bir şikayət edilməmiş və xidməti fəaliyyətimdə heç bir nöqsan olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli, Ə96-189-21 nömrəli Əmrinin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli məktub və R.Cəfərzadənin Şəki ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, Şəki şəhər sakini R.Cəfərzadə polis nəfəri İddiaçı ona qarşı qanunsuz hərəkətlərindən şikayət etməsi ilə əlaqədar Şəki Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında, eləcə də qeyq edilən mobil tətbiqetmədə paylaşdığı şəkillərin alt hissəsində R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələrdən istifadə etmişdir. İddiaçı qardaşı Turalla aralarında boşanmaları ilə əlaqədar yaranan mübahisəyə, daha sonra onu sillə ilə vurmasına və nalayiq ifadələrlə təhqir etməsinə görə R.Cəfərzadə 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən polis nəfəri İddiaçı onun Şəki MRX-yə çatdırılması və zəruri tibbi preparatlarla təmin edilməsinə lazımi köməklik göstərsə də, məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞnin rəhbərliyinə yazılı yaxud şifahi məlumat verməmişdir. Bundan əlavə, o da məlum olmuşdur ki, polis nəfəri İddiaçı internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etmişdir. Vətəndaş R.Cəfərzadənin müraciəti ilə əlaqədar polis nəfəri İddiaçı ŞRPŞ-nin rəisi tərəfindən qəbul edilərək onunla fərdi-profilaktiki söhbətlər aparılmış, polis əməkdaşına yaraşmayan hərəkətlərindən çəkinməsi, əks təqdirdə ciddi intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq tənqidi nəticə çıxarmamış, müsbət dönüş yaratmamışdır. Onun polis əməkdaşına yaraşmayan davranış və hərəkətləri vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olmuşdur. Bundan başqa polis nəfəri, polis serjantı İddiaçı cari ilin ötən müddəti ərzindəki xidmət göstəriciləri də qənaətbəxş olmamışdır. Bundan başqa 17.06.2021-ci il tarixli “İddiaçı xidmət göstəricilərinə dair” Şəki ŞRPŞ-nin PPXB-nin komandiri, polis komandiri İlkin Bədəlov tərəfindən tərtib edilən arayışın təsdiq edilmiş surətində qeyd edilir ki, polis serjantı İddiaçı 2012-ci il tarixdən daxili işlər orqanlarında, 2016-cı il tarixdən hazıradək Şəki Şəhər-Rayon Polis Şöbəsinin PPX Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. Müddət ərzində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsinə görə 2 nəfər, 521-ci maddəsinə (məişət səs-küyü) görə 3 nəfər və 211ci maddəsinə (epidemiya əleyhinə rejimlərin pozulması) görə 4 nəfər şəxsin saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etmişdir. İş göstəriciləri günün tələbləri səviyyəsində deyildir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi" nin 1, 2, 3, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in 10.02.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok" sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp" ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, R.Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat vermədiyinə, onunla fərdi profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətində müsbət xarakterizə edilmədiyinə görə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğün olaraq DİO-da xidmətdən xaric olunması əmr edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. Bundan əlavə iddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa iddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X10 izahat verərək bildirmişdi ki, Daxili İşlər orqanlarının əməkdaşıdır. Məsələ ilə bağlı məlumatlıdır. İddiaçı qardaşının ailəsində problem olmuş, İddiaçı da bu söz-söhbətin içərisində olmuşdur. Hətta bir dəfə şöbə rəisi İddiaçı yanına çağıraraq onunla profilaktik söhbətlər də aparmışdır. Bundan başqa İddiaçı xidməti fəaliyyəti də qənaətbəxş olmamşdır. Belə ki, o pandemiya ilə əlaqədar tibbi masqalardan istifadə edilməməsinə görə cərimələrin yazılmasında zəif iştirak etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X7 izahat verərək bildirmişdi ki, İddiaçı onun bacısının keçmiş əridir. Bacısı zəhərlənən günü İddiaçı da orada olmuşdur. Birlikdə bacısı Rəvanəni xəstəxanaya aparmışlar. Ümumilikdə İddiaçı bu ailə münaqişəsinə qarışmış, vatsap sosial şəbəkəsində nalayiq statuslar paylaşmışdır Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Göründüyü kimi apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 727- İQ nömrəli Qanunun: 1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; Həmin qanunun 5-ci maddəsinin İİ hissəsinə görə, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Polis əməkdaşının ümumi vəzifələri Qanunun 13-cü, Polis əməkdaşının xidmətdən xaric edilməsi halları isə 34-cü maddəsində öz əksini tapmışdır. DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin: ümumi müddəalarına əsasən dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquqmühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər. Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi (bundan sonra Davranış kodeksi) - əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və qaydalara zidd hərəkətləri barədə təsdiqləyici məlumatların daxil olması, onun xidmətə qəbulunun rədd edilməsi üçün əsas sayıla bilər. Həmin kodeksin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin kodeksin 2-ci maddəsinə görə anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin kodeksin 3-cü maddəsinə əsasən, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin kodeksin 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin kodeksin 11-ci maddəsinə görə, sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Həmin kodeksin 14-cü maddəsinə əsasən, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Həmin kodeksin 20-ci maddəsinə görə, xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir. Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin kodeksin 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. 29 iyun 2001-ci il 168-İİQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin: 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyi halda xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 24 avqust 2020-ci il tarixli əmrində qeyd edilmişdir ki, şəhər, rayon polis orqanlarının rəisləri Xidmətə (işə) qəbul, təyin, azad etmə və xidmət (iş) yerini dəyişmə üzrə: kiçik rəis heyətinin bütün təsnifat vəzifələrində (bu əmrin 3.10.1.1 -ci yarımbəndində qeyd edilən vəzifələr istisna olmaqla) xidmətə, habelə mülki işçilərin işə qəbulu, xidmət (iş) yerlərini dəyişdirmə, xidmətdən (işdən) xaric (azad) etmə; tabelikdəki qurumlarda əməkdaşların xidmət yerini böyük rəis heyətinin üçüncü, orta rəis heyətinin bütün təsnifat vəzifələrindən bərabər statuslu analoji vəzifələrə dəyişdirmə (xidmət sahəsi dəyişdirilməməklə, habelə bu əmrin 2.3.2-ci yarımbəndində qeyd edilən vəzifələr, təhqiqatçı və baş təhqiqatçı vəzifələri istisna olmaqla). Səlahiyyət nomenklaturası çərçivəsində: kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlara növbəti xüsusi rütbələr vermə. Nazirin birinci müavininin və nazir müavinlərinin nomenklaturasına aid kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul, xidmət yerini dəyişdirmə, vəzifədən azad etmə, rütbə vermə və xidmətdən xaric etmə ilə əlaqədar sənədləşmə işləri Baş Kadrlar İdarəsi tərəfindən aparılsın. Bu əmrlə təyin, azad etmə və rütbə vermə səlahiyyətləri müəyyən olunmuş qurumların rəisləri tərəfindən müvafiq funksiyalar yuxarı instansiyalar ilə razılaşdırılmadan həyata keçirilsin, habelə Nazirliyin nomenklaturasına aid məsələlər ilə əlaqədar müraciətlər aidiyyəti üzrə birbaşa təqdim olunsun. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-87/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-87/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver