Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-88/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-855/2024 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh orqanın üzərinə xx.xx.2021ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-855/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı, növbəti dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1973-cü ildə Balakən rayonunda anadan olmuşdur və Balakən rayonu Tülü kəndində yaşayır. İddiaçıya 2011-ci il tarixdə 2ci dərəcə əlillik təyin edilmişdir. 2016-cı il tarixdə müayinə olunmuş və əlilliyi 5 il müddətinə uzadılmışdır. 2021-ci il tarixdən ona təyin edilmiş 2-ci dərəcə əlillik ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkir və dəfələrlə xəstəxanalarda müalicə almışdır. 2021-ci ildə əlillik ləğv olunduqdan sonra Respublika Klinik xəstəxanasında müalicə olunmuşdur. 2022-ci ildə Balakən RMX tərəfindən əlillik dərəcəsinin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasına Göndəriş (Forma-88) göndərilmişdir. Lakin TSEK tərəfindən imtina verilmişdir. İmtinanı rəsmi şəkildə ala bilməmiş, yalnız xx.xx.2023-cü il tarixində əldə etmişdir. İmtinaya səbəb olaraq göstərilir ki, əlavə müalicəyə ehtiyac vardır. Balakən RMX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışda xəstəlikləri göstərilir. Arayışdan görünür ki, xx.xx.2011-ci ildən Balakən RMX poliklinika şöbəsində həkim-uroloqun qeydiyyatındadır. Diaqnoz: sağ böyrəyin daşı, sağ tərəfli pielolitotomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki kalkulyoz pielolitin kəskinləşməsi. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Arterial hipertoniya. Renal anemiya. Xəstə mütəmadi olaraq həkimin ambulator və stasionar müalicələrini aparır. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Respublika Kliniki xəstəxanasının nefrologiya şöbəsində stasionar müalicə alıb. Diaqnoz: sağ tərəfli pielolitomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki obstruktiv pielonefrit. Xroniki böyrək çatmamazlığı İİ mərhələ, (kreatinin 260). xx.xx.2021 — xx.xx.2021-ci il tarixlərdə Bakı şəhəri Respublika Kliniki xəstəxanasının nefrologiya şöbəsində stasionar müalicə alıb. Diaqnoz: sağ tərəfli pielolitomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki obstruktiv pielonefrit. Xroniki böyrək çatmamazlığı İİ mərhələ, (kreatinin 260). Xəstə endokrinoloji kabinetdə xx.xx.2015-ci ildən “şəkərli diabet İİ tip. İnsulindən asılı olmayan” diaqnozla qeydiyyatdadır. Mütəmadi olaraq həkimin qəbulunda olur. xx.xx.2015-ci ildən həkim kardioloqun qeydiyyatındadır. Mütəmadi olaraq qəbulunda olur. Diaqnoz: Hipertoniya xəstəliyi İİİ mər.çox yüksək riskli. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ fs. xx.xx.2015-ci il tarixdən Göz kabinetində qeydiyyatdadır, mütəmadi qəbulda olur. DZ- Hipertonik retinopariya. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş imtina əsassızdır.
7. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xroniki obstruktiv pielonefrit, xroniki obstruktiv pielonefrit kəskinləşmə ilə. sağ böyrəyin açıq nefrolitomiya c\ə sonraki hal Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür." səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
8. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 723 №-li tibbi arayışı və xx.xx.2024-cü il tarixli, 18-1-27/2-219/2024 nömrəli məktubu, - Səhiyyə Nazirliyi TSEK-ya Göndəriş, -Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006).
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 sentyabr 2024-cü il tarixli 2-1(116)-855/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir (iddiaçı tərəfindən məhkəmə təqdim edilən imtina cavabının çap tarixi xx.xx.2023-cü il qeyd edilmişdir). Bundan başqa, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2022-ci il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina etmiş, ixtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz: sağ böyrəyin pielolitotomiya əməliyyatdan sonrakı vəziyyət. İki tərəfli xroniki kalkulyoz pielonefrit. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Nefrogen hipertoniya olmuşdur. Balakən rayon Tülü kənd 1973 təvəllüd İddiaçı hal hazırda Balakən MRX-nın poliklinika şöbəsində uroloji kabinetdə qeydiyyatdadır. Xəstə 2014-cü il tarixdə Zaqatala MRX-da “sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmışdır. Xəstə mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçmişdir, lakin nəticələri qısa müddətli olmuşdur. Göründüyü kimi cavabdeh orqan iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı versə də, iddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya Zaqatala MRX-da sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmasını, iddiaçının mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçməsini, lakin nəticələrinin qısa müddətli olmasını bildirir. İşdə olan “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 723 №-li tibbi arayışı ilə iddiaçının diaqnozda qeyd edilmiş xəstəliklə bağlı uzunmüddətli müalicə və müayinə olunduğu sübut olunur. Qeyd olunan hal “ixtisaslaşmış müalicənin davam etdirilməsi” və “əlavə müalicəyə ehtiyacın olması” ilə bağlı cavabdeh orqanın dəlilinin əsassızlığını sübut edir. Belə ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnoza münasibətdə müalicə potensialının tükənməməsini, əlavə müalicənin effektivliyini (o cümlədən zəruriliyini) və tam reabilitasiya olunmanın mümkünlüyünü əsaslandırmamış, uzun müddətli müayinə və müalicə olunmasına baxmayaraq, iddiaçının sağlamlıq vəziyyətinin bərpa olunmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. Əsasnamənin 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas olaraq müəyyən edilmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişdən görünür ki, ona XBT-na uyğun olaraq N11.1,İ15.1, N18.3 və digər kodlar nəzərə alınmaqla diaqnoz qoyulmuşdur. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz (N18.3) istinad olunan Əsasnamədə ikinci dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2-1(116)-855/2024 nömrəli qərarının ləğv edilərək iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd etmək istəyirlər ki, məhkəmə buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə münasibət bildirərkən səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixli göndəriş əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilərək şəxsə bu barədə ona məxsus mobil nömrəsinə (***-***-**-** ) xx.xx.2022-ci il tarixində sms xəbərdarlıqla məlumat verilmiş və bununla da şəxs ona verilmiş imtinadan xx.xx.2022-ci il tarixdən etibarən xəbərdar olmuşdur. Lakin vətəndaş müddəti ötürməklə xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə iddiaçının əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar iddiası, fıkrimizcə. mümkünsüz hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək göstərmişdir ki, o, yataq xəstəsidir, mütəmadi olaraq Bakı Respublika Xəstəxanasında, Balakən Xəstəxanasında stasionar müalicələr almışdır. Hətta, 2021-ci ilin noyabr ayında ağır böyrək əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra uzun müddət reabilitasiya olmuş və xroniki xəstədir. Həmçinin həyat üçün riskli olan 3-cü mərhələ hippertoniya xəstəsidir. Ürəyi işemik diaqnozu ilə qeydiyyatdadır və gözlərindən 2015-ci ildən retinopatiyadan əziyyət çəkir. Cavabdeh isə apellyasiya şikayətində əlilliyin imtinası ilə bağlı telefonuna sms ilə məlumat verdiyini bildirir. Yuxarıda qeyd etdiyi kimi ağır əməliyyat keçirmiş və sms-ləri oxumağa fiziki imkanı olmayıb. Ona yazılı surətdə rəsmi cavab verilməli idi. Belə ki, AR Konstitusiyasının 57-ci maddəsinə, mülki məcəllənin və vətəndaşların müraciətinə baxılması haqqında qanuna əsasən vətəndaşlara cavab yalnız yazılı halda göndərilməlidir. Bundan başqa birinci instansiya məhkəməsində cavabdeh tərəf imtina tələbinə etirazını müalicələrinin davam etdirilməsi ilə əsaslandırmışdır. Müddətin ötürülməsi barədə bir kəlmə də belə göstərilməmişdir. Məhkəmə bu halı da nəzərə almalıdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayətinin dəlili olaraq göstərdiyi sms xəbərdarlıq isə inzibati akt sayılmır və sms xəbərdarlıqdan məhkəməyə şikayət verilməsi heç bir qanunvericilik aktında göstərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 2-1(116)-855/2024 №-li iş üzrə xx.xx.2024-cü il tarixli qərarını gücündə saxlayaraq cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və X2 Hüquqi Şəxsin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini, iştirak edə bilməməsinin üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
16. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 25 Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan sonuncu, yəni xx.xx.2022-ci il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina etmiş, ixtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə münasibət bildirərkən səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixli göndəriş əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilərək şəxsə bu barədə ona məxsus mobil nömrəsinə (***-***-**-** ) xx.xx.2022-ci il tarixində sms xəbərdarlıqla məlumat verilmiş və bununla da şəxs ona verilmiş imtinadan xx.xx.2022-ci il tarixdən etibarən xəbərdar olmuşdur. Lakin vətəndaş müddəti ötürməklə xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
27. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
28. Cavabdeh orqan isə iddiaçıya məxsus mobil telefon nömrəsinə bu barədə məlumat verdiyini bildirir. Lakin inzibati aktın iddiaçıya təqdim olunması faktını sübut etmə vəzifəsi cavabdeh orqanın üzərinə düşsə də, cavabdeh bunu mötəbər sübutlarla təsdiq edə bilmir. Belə ki, maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
29. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən imtina cavabının çap tarixi xx.xx.2023-cü il qeyd edilmiş, iddia ərizəsi isə məhkəməyə 31 oktyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq rəsmi məlumat verilmə anı kimi inzibati aktın çatdığı an hesab olunur. Hər hansı bir inzibati aktın təqdim edilməsi barəsində mübahisə mövcuddursa, onda rəsmi məlumat verilmənin sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan isə İnzibati İcraat haqqında qanuna əsasən yol verilən bütün sübut vasitələri ilə sübutetməni həyata keçirə bilər.
31. Məhkəmə kollegiyası qənaətinə görə, məcburetmə haqqında iddia, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməmiş, iddiaçıya ancaq sms göndərilməklə kifayətlənilmiş, həmin sms-də isə inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti göstərilməmişdir.
32. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya SMS məlumatın göndərilməsi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın rəsmi qaydada təqdim edilməsi sayıla bilməz.
33. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göründüyü kimi, cavabdeh orqan iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı versə də, iddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya Zaqatala MRX-da sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmasını, iddiaçının mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçməsini, lakin nəticələrinin qısa müddətli olmasını bildirir. İşdə olan “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 723 №-li tibbi arayışı ilə iddiaçının diaqnozda qeyd edilmiş xəstəliklə bağlı uzunmüddətli müalicə və müayinə olunduğu sübut olunur. Qeyd olunan hal “ixtisaslaşmış müalicənin davam etdirilməsi” və “əlavə müalicəyə ehtiyacın olması” ilə bağlı cavabdeh orqanın dəlilinin əsassızlığını sübut edir. Belə ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnoza münasibətdə müalicə potensialının tükənməməsini, əlavə müalicənin effektivliyini (o cümlədən zəruriliyini) və tam reabilitasiya olunmanın mümkünlüyünü əsaslandırmamış, uzun müddətli müayinə və müalicə olunmasına baxmayaraq, iddiaçının sağlamlıq vəziyyətinin bərpa olunmamasını nəzərə almamışdır.
34. Cavabdeh orqan tərəfindən isə işin mahiyyəti üzrə qeyd edilən hallar apellyasiya qaydasında mübahisələndirilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
36. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın mümkün hesab edilməməsinin əsası kimi qəbul etmir.
38. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2-1(116)-855/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.