Məhkəmə qərarları › İş №2-1(107)-89/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-89/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-89/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil (sədrlik edən və məruzəçi), X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 1305/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 085188 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və xx.xx.2019-cu ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra iddiaçı həmin müavinətin xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək olan müddət üçün ona birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla bildirmişdir ki, müavinət almaq hüququ müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən yarandığı üçün xx.xx.2019-cu ildən müavinət təyin edilmişdir.Əvvəlki dövrlər üçün isə müavinət ödənilməməlidir.İddiaçı hazırda əmək pensiyası almır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, veteran statusunu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə aldığını, habelə qanunvericilikdə müraciət edilmə tarixindən asılı olmayaraq hüququnun yarandığı vaxtdan əvvəlki müddətə sosial müavinətin ödənilməsinin nəzərdə tutulduğunu bildirmiş və müavinətin xx.xx.2019cu ildən xx.xx.2019-cu ilədək olan müddət üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 1305/2019 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinin üzərinə iddiaçıya xx.xx.2016cı ildən xx.xx.2019-cu ilədək ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək həminqərarın ləğv edilərəkiddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət almaq hüququ yalnız xx.xx.2019-cu il tarixdə yaranmışdır. Müharibə veteranı adı və vəsiqəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiyanın rəyinə əsasən verilir. Qeyd edilən müavinətin veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki dövr üçün müavinətin ödənilməsi qanunsuz və əsassızdır. İddiaçının hüququ xx.xx.2019-cu il tarixdən, yəni müharibə veteranı vəsiqəsini aldığı gündən yarandığından müavinətin ödənilməsi də həmin vaxtdan həyata keçirilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana məlumat verilmiş, lakin həmin orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü mddəsinə əsasən cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Onlara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 085188 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, DSMF-in Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli, xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu, xx.xx.2019-ci il tarixli **********3 nömrəli etirazı, xx.xx.2019-ci il tarixli **********3 nömrəli arayışı və apelyasiya şikayəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 085188 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən müharibə veteranı adı verilmiş və həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilmiş, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehinxx.xx.2019-cu il tarixli məktubla iddiaçının müavinət almaq hüququnun müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən yarandığına görə müavinət xx.xx.2019-cu il tarixdən təyin edilməli olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinəti almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsini təqdim etmiş, həmçinin iddiaçı müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədi əldə etdiyindən iddiaçının “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən əvvələ (3 il) müavinət təyin edilməsini tələb etmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə аrаşdırаrаq bu nəticəyə gəlir ki, birinci instаnsiyа məhkəməsi iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmunundan da göründüyü kimi cavabdeh inzibati orqan müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməli olmasını mübahisləndirməyərək, həmin hissədə birinci instansiya məhkəməsinin qərarında göstərilənləri qəbul etmiş, lakin iddiaçının bu hüquqa yalnız ona vəsiqənin verildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən malik olması kimi dəlillər irəli sürərək iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd edilən dəlillərinə hüquqi qiymət verərək onu qeyd edir ki, iddiaçının müharibə veteran olması faktını təsdiq edən sənədi xx.xx.2019-cu il tarixdə alması onun müavinət alması hüququnun vəsiqənin verildiyi tarixdə yaranmasına dəlalət etmir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, iddiаçıyа mühаribə veterаnı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsi о demək deyildir ki, iddiаçı məhz həmin tаrixdə mühаribə veterаnı оlmuşdur. İddiаçı Аzərbаycаn Respublikаsının ərаzi bütövlüyü uğrundа gedən döyüşlərdə iştirаk etdiyinə görə mühаribə veterаnı sаyılmışdır. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Məhkəmə kоllegiyаsı qeyd оlunаnlаrа əsаsən belə nəticəyə gəlir ki, cаvаbdehin iddiаçıyа əvvəlki 3 il üçün ödənilməli оlаn müаvinəti ödəməməsi qаnunsuz оlmuş və iddiаçının hüquqlаrının pоzulmаsınа səbəb оlmuşdur. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994- cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Sadalanan normalardan da göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. - 10.1-ci madəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. - 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. - 10.4-cü maddəsinə əsasən müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. - 10.5-ci maddəsinə əsasən müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə, müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli 168 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, o cümlədən digər müvafiq kateqoriyadan olan şəxslərə 55 manat miqdarında aylıq müavinət verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Göründüyü kimi müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyasının qənaətinə gorə, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə tələbində haqlı olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1305/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar