Məhkəmə qərarları › İş №2-1(107)-89/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-89/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-89/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq), Zaqatala rayonu Kooperativlər Cəmiyyətinə qarşı (üçüncü şəxs: X4) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.10.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, həmin qərardadı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Mübahisələndirdiyim inzibati akt hesab olunan Zaqatala RKC 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı artıq icra olunmuş aktdır. Lakin qanunsuz sayılmalıdır. Çünki Zaqatala RKC 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarına əsasən həmin mağazanın Hacıömər Mustafayevə 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına şəxsən o ödəmişdir. Ödəniş qəbzindəki imza onun imzasıdır. İddiaya əlavə edilmiş 10 sentyabr 2003-cü il tarixli alqı-satqıya dair aktda Hacıömər Mustafayevin sözlərinin qarşısındakı imza onun imzasıdır. Həmin aktdan görünür ki, mağazanın alqı satqısına əsasən mağaza binası bütün inventarları köməkçi sahələri və tikililəri ilə birlikdə ona təhvil verilmişdir. Hazırda Şəki Apelyasiya Məhkəməsinin icraatında Hacıömər Mustafayevin onun qeyri yaşayış binasından çıxarılma tələbinə dair mülki işi vardır. Həmin işin icraatı bu iş yekunlaşanadək dayandırılmışdır. Odur ki, Zaqatala RKC 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı etibarsız hesab edilməlidir. Bundan başqa həmin mağaza binası ona satılmasına dair qərar qəbul edilməsi vəzifəsi cavabdeh Zaqatala RKC-nin üzərinə qoyulmalıdır. Həmçinin qeyd etmək istəyir ki, İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində qeyd olunur ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla bağlı təkrar bildirir ki, o Zaqatala RKC-nə 08.10.2021-ci il tarixdə məktubla müraciət edərək Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarının dəyişdirilməsini və ya ləğv edilməsini xahiş etmişdir. Lakin Zaqatala RKC onun müraciətinə 30 saylı məktubla cavab verərək, həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsindən imtina etmişdir. Eyni zamanda bildirir ki, İnzibati Prosessual Məcəllənin iddia müddətlərini tənzimləyən 38-ci maddəsində müəyyən etmə və ya tanınma haqqında iddialarla bağlı iddia müddəti nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi sözü gedən qərardadını qəbul edərkən onun Zaqatala RKC-nə 08.10.2021-ci il tarixli məktubunu nəzərə almamış və ona iddia tələbinin dəqiqləşdirilməsində düzgün istiqamət verməmiş, iddia növünün dəyişdirilməsinə köməklik etməmişdir. Buna görə də, Şəki İnzibati Məhkəməsi 17.12.2021-ci il tarixli 2-1(116)-1579/2021 nömrəli qərardadı ləğv edilməli və məhkəmə icraatı davam etdirilməlidir. Çünki o, Şəki İnzibati Məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarının qanunsuz sayılaraq etibarsızlığının tanınmasına və Zaqatala şəhəri Şeyx Şamil küçəsində yerləşən 20 nömrəli mağaza binasının mənə satılmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Zaqatala RKC üzərinə qoyulması tələbi ilə müraciət etmək fikrindədir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadını ləğv edərək, işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclasda iştirak etməmişlər. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsi ləğv edilmiş, iddiаçı İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Cavabdeh2 İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsı rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2021-ci il tarixli 2(102)-4728/2021 nömrəli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi “Zakatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının” etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Zakatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının surətindən görünür ki, RKC-ın balansında olan ünvan mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10.500.000 manata X1 qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, X5 5 sentyabr 2003-cü il tarixli, 152 nömrəli qərarı ilə X7 Zaqatala rayon kooperativ cəmiyyətinə aeraport ərazisində yerləşən «Kosmos» yeməkxana binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının 6500,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən qənnadi sexinin 1000,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə “mübahisələndirmə haqqında” iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu (bildiyi) vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Sadalanan normaların məzmunundan göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası iddia müddətinin axımının hesablanması üçün iddiaçının hüquq və azadlığının pozulduğu barədə məlumatının olduğu günün müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: - İddia ərizəsinin 3-cü və 4-cü səhifələrində iddiaçı tələb hüququnu əsaslandıraraq göstərir ki, 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən onların balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı almışam. Lakin, həmin dövrdə şəriyim Nazim Mustafayevlə razılığa gəlmişdik ki, alınacaq əmlaklar cavabdeh Hacıömər Mustafayevin adına alınacaq, sonra isə razılıq əsasında əmlak öz aramızda bölünəcəkdir. Bu məqsədlə mən, Hacıömər Mustafayevin adından X3 həmin mağazanın alınması ilə əlaqədar ərizə vermişəm. Həmin ərizədəki imza mənim imzamdır. Lakin, Hacıömər Mustafayev həmin dövrdə mənə heç bir etibarnamə verməmişdir. Hacıömər Mustafayevin adından ərizə verməkdə onun adından bu hərəkətləri edərək, lakin imzaları atmağımda məqsədim o olmuşdur ki, şəriyim X8 vətəndaşıdır və bir gün o, məni aldada bilər, aldığı əmlaklardan məni məhrum edə bilər. Buna misal olaraq hazırda məhkəmənin icraatında olan Hacıömər Mustafayevin mənim qeyri yaşayış binasından çıxarılma tələbinə dair mülki işi göstərə bilərəm... Zaqatala rayon Kooperativlər İttifaqının 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı ilə həmin mağazanın Hacıömər Mustafayevə 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına şəxsən mən ödəmişəm. Ödəniş qəbzindəki imza mənim imzamdır. Bundan başqa həmin qərar əsasında Zaqatala rayon Dövlət Notariat Kontorunda 14 fevral 2005-ci il tarixdə mağazanın alqı-satqısına dair Hacıömər Mustafayev və Zaqatala Kooperativlər Cəmiyyətinin nümayəndəsi arasında müqavilə bağlanaraq təsdiq edilmişdir. Həmin müqavilədə Hacıömər Mustafayevin imzasının qarşısındakı imza mənimdir. Nəticədə həmin əmlaka dair bütün sənədləşmələr, pul vəsaitinin ödənilməsi və sair hərəkətlər hamısı mənim tərəfimdən həyata keçirilmişdir, lakin hər yerdə Hacıömər Mustafayevin adı yazılmışdır...Həmin mağazanın satılması üçün müraciət mənim tərəfindən olunmuşdur... və s. İddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırkı tələbdə iddiaçının inzibati aktların ləğvini əsaslandırdığı hallar həmin aktlar qəbul olunduğu vaxtdan ona məlum olmuşdur. İddia ərizəsində iddiaçının özü də bildirmişdir ki, gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan sığortalanmaq üçün məhz bu addımı atmışdır. Yəni, mübahisələndirilən hallar iddiaçının iradəsi ilə baş vermiş, iddiaçının qanunsuz hərəkətlərinin davamı olaraq hazırda mübahisələndirilən qərarlar qəbul edilmiş, həmin qərarların qəbul edilməsi həmin dövrdə faktiki olaraq iddiaçının maraqlarına uyğun olmuşdur. Buna görə də ötən müddət ərzində qəbul edilmiş inzibati aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olmamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar