Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-89/2025 16.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2108/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı, xx.xx.1958-ci ildə Ucar rayonunda doğulmuşdur. O, xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilə qədər əyani şəkildə ali təhsil almışdır. xx.xx.1977xx.xx.1979-cu ilədək sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1981xx.xx.1998-ci ilədək Məişət ATSC-də, xx.xx.1998-05.01,2002-ci ilədək Ucar rayonu Yeni Söz qəzetində və xx.xx.2002- xx.xx.2010-dək "xxxx" Törəmə ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. 65 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur. Buna görə də iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətini xx.xx.2024-cü il tarixli 9-17-1/2-İ- 28886/2024 saylı məktubla təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək, məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Bildiririk ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən iddiaçının sosial sığorta stajı 11 il 5 ay 4 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 9 ay 4 gün sığorta stajına uyğun olaraq 9040,35 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1510,78 manat olmaqla, ümumilikdə 10551,13 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İ. Mübahisələndirilməyən dövrlər: 1. xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil dövrü; 2. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət müddəti; 3. xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının “Bakı Maşınqayırma Zavodu" TASC-də işlədiyi, adına əməkhaqqı hesablanan aylar nəzərə alınan dövr. İİ. Mübahisələndirilən dövrlər: 1. xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Məişət" ATSC-də işlədiyi əmək fəaliyyəti dövrü; 2. xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ucar rayonu “Yeni söz" qəzetində işlədiyi əmək fəaliyyəti dövrü; 3. xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının “Bakı Maşınqayırma Zavodu" TASC-də işlədiyi, adına əməkhaqqı hesablanmayan aylar olan dövr.
4. Bildirilir ki, iddiçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Məişət" ATSC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ucar rayonu “Yeni söz" qəzetində və xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Bakı Maşınqayırma Zavodu' Törəmə ASC-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Birinci sırada qeyd olunan əmək fəaliyyəti dövrünə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin (işdən azad olma qeydində iddiaçının “Məişət” ATSC-dən işdən azad olunmağı qeyd olunmasına baxmayaraq sözügedən müəssisənin hansı tarixdən ATSC-yə çevrilməsi barədə məlumat olmadığından) doldurulması qaydası pozulduğu üçün və Ucar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Məişət” ATSC-nin əmr kitabları və əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.
5. İkinci sırada qeyd olunan əmək fəaliyyəti dövrünə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialı ilə “Yeni söz” qəzetinin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Yeni söz” qəzetinin əmr kitablarında iddiaçının adına rast gəlinməmiş və Ucar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli aktına əsasən sözügedən müəssisənin əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılaraq iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırırıq ki, “Yeni söz” qəzetinin redaksiyasının xx.xx.2023-cü il tarixli 4 nömrəli məktubuna əsasən iddiaçının həmin redaksiyada xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmədiyi və əməkhaqqı almadığı qeyd edilmişdir. Sözügedən məktub Fondun 2 saylı Mərkəzi Aran regional filialına ünvanlanmış, rəhbər şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Lakin həmin əmək fəaliyyəti ilə bağlı qeydlər iddiaçı tərəfindən təqdim edilən və ona məxsus ******* nömrəli əmək kitabçasının 48 və 49-cu səhifələrinin 7 və 8-ci qeydlərində öz əksini tapmışdır. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının əmək kitabçasındakı müvafiq dövrlərlə bağlı qeydlər redaksiyanın xx.xx.2023-cü il tarixli məktubu ilə ziddiyət təşkil edir və əmək kitabçasının kim tərəfindən doldurulması, qeydlərin hansı sənədlərə əsasən yazılması şübhə doğurur. Bununla da əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə olan halda iddiaçıya pensiya təyinatı üçün əsas kimi əmək kitabçası mötəbər sübut qismində qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2- 1 (102)- 1521/2024 nömrəli qərarında qeyd olunan oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdırsa iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
6. Üçüncü sırada qeyd olunan əmək fəaliyyəti dövrünə münasibətdə isə bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" TASC-də 2003-cü ildə 10 ay, 2005-ci ildə 11 ay iddiaçının adına əmək haqqı hesablanmadığı və 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 1 ay öz hesabına məzuniyyətdə olduğundan sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2108/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2108/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2108/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 2108/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958ci il təvəllüdlüdür. - İddiaçıya məxsus ИТ-İ ******* saylı Əmək kitabçası. - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. - İddiaçıya məxsus Э 019207 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək ali təhsil almışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-12233/2024 nömrəli məktubu. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Ucar rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 195 nömrəli arayışı.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3- cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
20. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. .
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
27. İddia tələbinin məzmunundan görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - iddiaçıya 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsindən ibarətdir.
28. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).
29. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çoxdur. Bu iddiaçıya məxsus Əmək kitabçasına və iş materiallarına əsasən aşağıdakı qaydada hesablanmışdır : 1. xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilə qədər əyani şəkildə ali təhsil almışdır. 2. xx.xx.1977- xx.xx.1979-cu ilədək sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 3. xx.xx.1981 -xx.xx.1998-ci ilədək “Ucar Məişət” ATSC-də işləmişdir.
4. xx.xx.2002-xx.xx.2010-dək "xxxx" Törəmə ASC-də işləmişdir.(sonuncu iş yeri "xxxx" Törəmə ASC ,işdən çıxma əmri xx.xx.2010-c u il).
30. Cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı 11 il 5 ay 04 gün sığorta stajı qəbul edilməklə qalan dövr qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilməyən dövrün qanuniliyi qəbul edilməklə mübahisələndirlən dövr araşdırılmışdır.
31. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Məişət" ATSC-də işlədiyi əmək fəaliyyəti dövrü araşdırılmış, həmin dövrlə bağlı müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2- 12233/2024 nömrəli məktubundan görünür ki,sözgedən müəssisə xx.xx.2002-ci ildə tam özəlləşdirilənədək fəaliyyət göstərmişdir.
32. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kolegiyası bildirir ki, iddiaçının həmin tarixlərdə əmək fəaliyyətinə dair məlumat əmək kitabçasında qeydlər aparılmış,həmin 16 il 8 ay 20 günlük dövrün mötəbərliyini istisna edən hallarla bağlı cavabdeh tərəfindən də sübut təqdim edilməmişdir. Bütün bu hallar iddiaçının ziyanına nəzərə alına bilməz..
33. Həmçinin,iddiaçı fotoqraf olmaqla müxtəlif qəzet və jurnallarda yayımlanan fotoların,foto-etüdlərin müəllifi olmuş,onun müəlliflik hüququ həmin mətbu nəşrlərə əsasən də təsdiqini tapır.
34. Yuxarıda qeyd olunan dövrdə iddiaçının sosial sığorta stajının təsdiqini tapdığından prosessual qənaət prinsipi baxımından mübahisələndirilən digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır.
35. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
36. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.
37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq (28 il 01 ay 24 gün) sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2108/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.