Məhkəmə qərarları › İş №2-1(107)-9/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-9/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-9/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Oğuz rayon bələdiyyəsinin nümayəndəsi X10, Üçüncü şəxs - X5 iştirakı ilə, İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə və üçüncü şəxs X6 qarşı “Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi tələbinə dаir” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2- 1(116)-241/2020 saylı qərarından İddiaçı Markozoviçin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Markozoviç cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz bələdiyyəsinin 29 iyul 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Markozoviçə məxsusdur. Həmin fərdi yaşayış evinin altında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsindədir. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış və reyestr nömrəsi **********45-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapır. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini X9, X7, X8, X11 həmin fərdi yaşayış evini zəbt edərək orada yaşayırlar. Oğuz rayon Məhkəməsinə müraciət edərək yuxarıda adları qeyd edilən şəxslərin fərdi yaşayış evindən çıxarılmaları xahiş edilmişdir. Oğuz rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Oğuz rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin hazırkı iş üzrə cavabdeh X8 iddiaçıya məxsus torpaq sahəsinin 0.03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almış və hal-hazırda orada tikinti işləri aparır. X8 iddiaçının ölkədə olmamasından istifadə edərək qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçının vəkili və nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiklərini bildirmiş və məhkəmə iclasında ərizə protokol qərardadı ilə birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətində olan torpaqlar bələdiyyə qərarları ilə deyil, Azərbaycan Respublikasında aparılan aqrar islahatların həyata keçirilməsini təmin edən Aqrar İslahatın əsasları haqqında Azərbaycan Respublikası Qanunu, Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu, Torpaq Məcəlləsi, eləcə də yerli rayon və respublika Aqrar islahatı komissiyalarının qərarları və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərabaycan Respublikasında torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları mövcuddur. Azərbaycan Respublikasında aparılan aqrar islahatlar zamanı Azərbaycan Respublikasının vahid torpaq fondu bu 3 mülkiyyət formasına - dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmişdir. Həmin qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bu qanun qüvvəyə mindiyi gündən (1996-cı ildən) dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlardan qeyri bütün torpaqlar üzərində bələdiyyənin mülkiyyət hüququ (əvvəl yaranmış hüquq) vardır. Bələdiyyə torpaqlarının alqı-satqısı zamanı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə əsasən (maddə 16) satılması nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun (Azərbaycan Respublikası Qanunları ilə yaranmış hüququn) qeydiyyata alınma proseduruna başlanması nəzərdə tutulur ki, Oğuz bələdiyyəsi də həmin torpaq sahəsinin alqı-satqısı zamanı bu prosedur qaydalarına əməl etmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa (maddə 6.5) əsasən torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyənin qərarı, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan sonra qəbul edilir. Müvafiq İcra hakimiyyəti orqanlarının rəyləri və Oğuz bələdiyyəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alındıqdan sonra alıq-satqı barədə qərar qəbul edilmişdir. Bununla yanaşı faktiki halların araşdırılmasına yardım edilməsi məqsədi ilə əlavə olaraq aşağıdakıları bildirirlər: İddiaçı 30-32 il bundan öncə Oğuz (Vartaşen) rayonunu, eləcə də Azərbaycan Respublikasını tərk etmiş və həmin vaxtdan qeyri ölkənin vətəndaşıdır. Ərizədə göstərilir ki, həmin torpaq sahəsi ona məxsusdur. Bildirmək istəyirlər ki, həmin torpaq sahəsi İddiaçı deyil, ona məxsus tikilinin qanuni sənəd üzrə olan torpaq sahəsindən əlavə olan, yəni vaxtı ilə İddiaçı tərəfindən zəbt edilmiş və hal-hazırda Oğuz bələdiyyəsinin dövlət qeydiyyatına alınmış mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 111-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq islahatı zamanı həmin torpaq sahəsi dövlət mülkiyyətinə saxlanılmamış, xüsusi mülkiyyətə də verilməmişdir. Aidiyyəti üzrə geri qaytarılaraq bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı səbəbdən ona məxsus tikiliyə aid sənəd üzrə torpaq sahəsi də istifadə formasındadır və özgəninkiləşdirilməmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar da bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir. Oğuz bələdiyyəsi tərəfindən satılan 0.03 ha həyətyanı torpaq sahəsi və eləcə də İddiaçı tikilisinə məxsus torpaq sahəsi də 30 ilə yaxındır ki, faktiki olaraq İsmayıl İsmayılovun ailəsinin istifadəsindədir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 10 sentyabr 2020-ci il tarixli, 2- 1(116)-241/2020 saylı qərarı ilə İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə və üçüncü şəxs X6 qarşı Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi tələbinə dаir iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 mart 2021-ci il tarixli 2- 1(107)-21/2021 saylı qərarı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(116)-241/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 05 may 2021-ci il tarixli, 2-1(102)-884/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 mart 2021-ci il tarixli, 2-1(107)-21/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(116)-241/2020 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini X9, X7, X8, X11 həmin fərdi yaşayış evini zəbt edərək orada yaşamışlar. Həmin şəxslər İddiaçı Markozoviçə məxsus fərdi yaşayış evini və onun istifadəsində olan torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə onların çıxarılması barədə iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edilmiş və Oğuz Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir. Lakin hazırkı iş üzrə cavabdeh X8 iddiaçıya məxsus, uzun illər onun istifadəsində olan, ətrafı onun tərəfindən daş hasarla hasarlanmış 0.07 ha torpaq sahəsindən 0.03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almış hal-hazıradək orada tikinti işləri aparır. X8 iddiaçının ölkədə olmamasından istifadə edərək qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. İşin faktiki halları ilə də öz təsdiqini tapır ki, mübahisəli torpaq sahəsi hələ Azərbaycan SSR-in dövründən İddiaçı Markozoviçin istifadəsində olmuş və həmin dövrdən iddiaçı istifadəsində olan 0.07 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və həmin 0.07 torpaq sahəsinin ətrafı İddiaçı Markozoviç tərəfindən çay daşından inşa edilmiş hasarla hasara alınmışdır. Belə olan halda iddiaçı tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbtindən söhbət gedə bilməz. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilərkən və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alınarkən həmin torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsində olmuşdur. Bundan əlavə cavabdeh Oğuz bələdiyyəsi həmin torpaq sahəsinin geri qaytarılaraq bələdiyyə mülkiyyətinə verildiyini qeyd etsə də heç bir geri qaytarılma proseduru olmamışdır. Əgər bələdiyyənin etirazda qeyd etdiyi kimi həmin torpaq sahəsinin geri qaytarılma proseduru olsaydı, bələbiyyə bu barədə müvafiq qurumlara və ya məhkəməyə müraciət edərdi. Lakin bu baş verməmişdir. Həmçinin cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı səbəbdən ona məxsus tikiliyə aid sənəd üzrə torpaq sahəsi də istifadə formasındadır və özgəninkiləşdirilməmişdir. Lakin hazırkı iddia tələbində mübahisələndirilən Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının verilməsinə əsas olmuş sənədləşmədə iddiaçının xarici ölkənin vətəndaşı olması barədə heç bir sənəd mövcud deyil. İddiaçı da bu barədə bələdiyyəni məlumatlandırmamışdır. Həmçinin iş materiallarında həmin torpaq sahəsinin ilk öncə iddiaçıya təklif edilməsi və iddiaçının xarici ölkənin vətəndaşı olması səbəbli həmin torpaq sahəsini ala bilməməsi barədə heç bir material mövcud deyil. Oğuz bələdiyyəsi "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndini kobud şəkildə pozaraq iddiaçının istifadəsində olmasına və həmin istifadə hüququ dövlət qeydiyyatına alınmasına baxmayaraq həmin torpaq sahəsini X2. Halbuki, qanunvericiliyin tələblərinə əsasən xarici ölkənin vətəndaşına torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(116)-241/2020 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Oğuz rayon bələdiyyəsinin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2-1(116)-241/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2-1(116)- 241/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Markozoviç hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialalrında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.10.2019-cu il tarixli, 2(107)-2826/2019 saylıqətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı Markozoviç Oğuz rayon Məhkəməsində X8 və onun ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi ilə ilə iddia qaldırmış və iddiası Oğuz rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(054)-341/2019 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin iş üzrə cavabdeh X9 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Oğuz rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(054)-341/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh 29 fevral 2021-ci il tarixli 03 saylı iclas protokolu qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid 0,06 və ya (600 kv.m) fərdi yaşayış evinin tikintisi məqsədilə Oğuz bələdiyyəsi ərazisində daimi yaşayan və ya ən azı beş il müddətində Oğuz şəhərində daimi qeydiyyatda olan vətəndaşa ayrılması nəzərdə tutulan sahənin məqsədli təyinatı, ərazinin yer qurquluşu təsərrüfat planına, ərazinin planlaşdırılması layihələrinə uyöun olduğundan və həmin yerin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin yuxarıda göstərilən məqsədlə satılması ilə bağlı özgəninkiləşdirmə tədbirlərinin həyata keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurasına başlanılması qərara alınmışdır. İş materiallarında olan ünvan 2 ünvanladığı məktubun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz bələdiyyəsinin satışa çıxarmaq istədiyi 300 kv.m və ya 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, “Dövlət reyestrindən Çıxarış” eləcə də, qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayış verilməsi üçün müraciət edilmiş və bunun əsasında həmin torpaq sahəsinə dair Çıxarış alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 10.07.2015-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi Oğuz bələdiyyəsinin tam mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh 29.07.2015-ci il tarixli 09 saylı iclas protokolunun qərarından çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun (28.10.2008-ci il tarixli 709-İİİ QD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliklə) 9-cu maddəsinin 9-1-ci bəndinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq ünvan 6 ünvanında yaşayan X6 – Reyestr nömrəsi **********47 Dövlət Reyestrindən Çıxarışa və 10.07.2015-ci il tarixli A seriyalı 001454 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən S.Qazıyev küçəsi dalan 2, ev 6A ünvanında yerləşən 300 (üç yüz) kv.m ölçüdə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan yaşayış məntəqələri torpaqlarından fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi hər 0.01 hektarın qiyməti 266.50 manat olmaqla satılmışdır. İş materiallarında olan DTXK Oğuz rayon şöbəsinin rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid olan 300 kv.m torpaq sahəsinin X3 məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan **********85 reyestr nömrəli 04.06.2019-cu il tarixli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İş materiallarında olan ******* nömrəli, 11.08.2015-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Oğuz rayon bələdiyyəsi tərəfindən X1. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara MA seriyalı ******* nömrəli, 23.11.2010-cu il tarixli Çıxarışın surəti, reyestr nömrəsi **********45-10301 olan “Daşınmaz əmlakın texniki pasportu”nun surəti, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.10.2019-cu il tarixli, 2(107)-2826/2019 saylı Qətnaməsinin surəti, RX seriyalı ******* nömrəli, 10.07.2015-ci il tarixli çıxarışın təsdiq edilmiş surəti, Oğuz Bələdiyyəsinin 29.07.2015-ci il tarixli 09 saylı iclas protokolunun qərarından çıxarışın təsdiq edilmiş surəti, DTXK Oğuz rayon şöbəsinin rəyinin təsdiq edilmiş surəti, **********85 reyestr nömrəli 04.06.2019-cu il tarixli çıxarışın surəti, olan ******* nömrəli, 11.08.2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, mahiyyət etibarı ilə əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2- 1(102)-1348/2021 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı Markozoviç cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz bələdiyyəsinin 29 iyul 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məlum olduğu kimi iddiaçının vəkili və nümayəndəsi X16 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiklərini bildirmiş və məhkəmə iclasında ərizə protokol qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi barədə 10.09.2020-ci il tarixli, 2-1(116)-241/2020 nömrəli qərarının dəyişirilmədən qüvvədə saxlanılmasına dair gəldiyi nəticə yalnız onunla əssslandırılmışdır ki, iddiaçı 2003-cü ildən əcnəbi vətəndaşdır, Azərbaycan Respublikası ərazisində isə torpaqlar əcnəbi vətəndaşa satıla bilməz. Torpaqların əcnəbi vətəndaşlara icarəyə verilməsi isə tərəflərin iradə ifadəsi olaraq müqavilə əsasında həyata keçirilir. İddiaçı isə bu barədə cavabdehə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin 7-ci səhifəsində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA-0104957 saylı çıxarışdan görünür ki, Oğuz şəhəri, S.Qazıyev küçəsi, dalan 2, ev № 6 İddiaçı Markozoviçin xüsusi mülkiyyətindədir, 0,07 hektar torpaq sahəsi isə Bələdiyyənin mülkiyyətində olmaqla İddiaçı istifadəsinə verilmiş və belə də hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 23.11.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 29.07.2015-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən müəyyən edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun (28.10.2008-ci il tarixli 709-İİİ QD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliklə) 9-cu maddəsinin 9-1-ci bəndinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq ünvan 6 ünvanında yaşayan X6 – Reyestr nömrəsi **********47 Dövlət Reyestrindən Çıxarışa və 10.07.2015-ci il tarixli A seriyalı 001454 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən S.Qazıyev küçəsi dalan 2, ev 6A ünvanında yerləşən 300 (üç yüz) kv.m ölçüdə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan yaşayış məntəqələri torpaqlarından fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi hər 0.01 hektarın qiyməti 266.50 manat olmaqla satılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, **********85 reyestr nömrəli 04.06.2019-cu il tarixli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X5 mülkiyyətindədir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ******* nömrəli, 11.08.2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Oğuz rayon bələdiyyəsi tərəfindən X1. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya verilmiş sözügedən seriya MA- 0104957 saylı çıxarışa əsasən bələdiyyənin mülkiyyətində olsa da belə, 0,07 hektar torpaq sahəsi iddiaçının istifadəsində Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 23.11.2010-cu ildən qeydiyyatda olduğu (yəni torpaq sahəsinin yüklülüyü olduğu) halda sözügedən torpaq sahəsinin yüklülüyünə rəsmi qaydada xitam verilməyincə, başqa şəxsə satılması yolverilməzdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, bələdiyyə tərəfindən həmin torpaq sahəsi satışa çıxarılmaq məqsədi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınmış və bundan sonra notarial alqı-satqı müqaviləsi bağlanmaqla 3-cü şəxsə satılmışdır. Bələdiyyənin mülkiyyət hüququnu qeydə aldırdığı torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. İddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışdan da görünür ki, hələ 2010-cu il tarixində qeyd olunan çıxarış verilərkən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.07 ha qeyd olunmaqla bələdiyyə mülkiyyətində olması təsbit olunmuş, iddiaçının həmin torpağa istifadə hüququ qeydə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişirdir ki, iddia təmin edilməməlidir. İşə apellyasiya icraatında yenidən baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2-1(107)- 304/2021 saylı qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası “Məhkəmə Ekspertiza Mərkəzi”nin mütəxəssis rəyində qeyd olunur ki: - ünvan 11 ünvanda iddia predmeti olan torpaq sahəsinin GPS ölçü aləti vasitəsilə koordinatları qeydə alınaraq plana alınmışdır. Həmin koordinatlar əsasında ərazinin ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində dəqiqləşdirilməsi zamanı İddiaçı Markozoviçə tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evinin altında yerləşən və İddiaçı Markozoviçin istifadəsində olan sənəd üzrə 0.07 ha torpaq sahəsinin naturada (yerində) faktiki sahəsi 0.0889 ha təşkil etməsi müəyyən olunmuş və natura üzrə faktiki ölçüləri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. - İddiaçı Markozoviçə tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evinin altında yerləşən və İddiaçı Markozoviçin istifadəsində olan 0.07 ha torpaq sahəsi ilə Oğuz bələdiyyəsi tərəfindən X4 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi (reyestr № **********85 olan çıxarış) tam həcmdə üst-üstə düşməsi müəyyən olunmuşdur. Mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşməsi halı xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində qeyd olunur ki: - İddiaçı Markozoviçə tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin faktiki olaraq 0.054 ha olduğu müəyyən olunur. - Cavabdeh tərəfin istifadəsində olan 0.03 ha torpaq sahəsi faktiki olaraq İddiaçı Markozoviçin mülkiyyətində olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20.11.2010-cu il tarixli texniki pasport sənədində qeyd olunan torpaq sahəsinin cənub hissəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, cavabdeh tərəfindən üçüncü şəxsə satılan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, başqa sözlə həmin torpaq sahələri bir-biri ilə üst-üstə düşür Belə olan halda cavabdeh bələdiyyə mübahisəli torpaq sahəsinin yüklü olmasına və həmin yüklülüyə rəsmi qaydada xitam verilməməsinə baxmayaraq həmin torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə əsasən (maddə 16) sözü gedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etməkdə haqlı olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-ci maddəinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə olan halda Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Markozoviçin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2-1(116)-241/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Oğuz rayonu Oğuz bələdiyyəsinin 29 fevral 2012-ci il tarixli 3 saylı qərarı ləğv olunsun. Aparılmış məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat və mütəxəssis tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin 175 (bir yüz yetmiş beş) manatı İddiaçı Markozoviçdən, qalan 175 (bir yüz yetmiş beş) manatı isə cavabdeh Oğuz rayon bələdiyyəsindən tutularaq müvafiq olaraq “X13”nin (Kapital Bank ASC-nin Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ**********0000001944, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22.) hesabına ödənilsin. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar