Məhkəmə qərarları › İş №2-1(107)-9/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-9/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-9/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-509/2022 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-137/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-137/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə Mingəçevir Şəhər Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu əsasında müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı icra edilmişdir.

6. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli xx.xx.2018 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1560/2018 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin “yeni açılmış hallara dair” ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,06 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir.

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1560/2018 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-1560/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanlmışdır.

9. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanlmışdır.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1691/2021 nömrəli qərardadı ilə iş üzrə X1 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

11. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə ona 0,06 ha torpaq sahəsi verilməsini və bununla bağlı JN- 3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmasını bildirərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli **********57 nömrəli məktubla bildirmişdir ki, şəhadətnamə elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmamış, arxivdə saxlanılan şəhadətnamələr arasında iddiaçının adına JN-3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ikinci nüsxəsi mövcud deyil. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini JN-3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,06 ha torpaq sahəsinin mülkiyyətində olması ilə əsaslandırmış, cavabdeh orqan iddia tələbinə etirazını müraciətin təmin edilməsindən imtina edilməsi ilə məktubunda qeyd edilmiş, eyni məzmunlu dəlillərlə əsaslandırmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 mart 2022-ci il tarixli 2- 1(116)-509/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi, bu qərarın Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarını əvəz etməsi qərara alınmışdır.

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-509/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-509/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X1 və X5 məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Mingəçevir Şəhər Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-3950A kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin surətindən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır. - JN-3950A kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X3 və iddiaçının adına tərtib edilmiş JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr şəhərin müxtəlif küçələrində bir-birindən 536 metr məsafədə yerləşirlər. - Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamından görünür ki, şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin DT və XK-nin mütəxəssisləri ilə birlikdə araşdırılmasının təmin edilməsi, sonuncudan qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin təmin edilməsi, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun sənədləşdirilməsi, məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflərin verilməsi və s.qərara alınmışdır. - Mingəçevir şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli “sənədə baxış keçirilməsi haqqında” protokolundan və Mingəçevir şəhəri üzrə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabı”nın son səhifəsinin surətindən görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X2 icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan Mingəçevir şəhəri üzrə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabına” və “dövlət torpaq kadastr planlarının qeydiyyatı kitabına” Mingəçevir şəhər prokurorluğunun inzibati binasında baxış keçirmiş, iç səhifəsində “şəhadətnamələrin qeydiyyatı kitabında” 3352 qeydiyyat nömrəsi ilə İddiaçı adına verilməsi kimi göstərilmiş JN-3950A seriya nömrəli şəhadətnamənin həqiqətən də həmin nömrə ilə kitabdan qeydiyyatdan keçibkeçmədiyini müəyyən etməkdən ötrü sıra nömrəsinə uyğun olaraq kitabın səhifələrinə baxış keçirilərkən məlum olmuşdur ki, kitabın sonuncu nömrəsi 2855-lə bitir və ümumiyyətlə JN3950A nömrəsi ilə iddiaçının adına hər hansı şəhadətnamə verilməmişdir. - Mingəçevir şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X2 icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında, həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən çap variantı İddiaçı adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin baza məlumatları İddiaçı deyil, X5 adlı şəxsin adına işlənmiş və həmin şəhadətnamənin baza məlumatlarına əsasən Alay Quliyevin torpaq sahəsi Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşir. Baxış zamanı müəyyən edildi ki, başqa nömrə ilə İddiaçı adına ümumiyyətlə elektron xəritə bazasında hər hansı bir şəhadətnamənin işlənməsinə dair baza məlumatları mövcud deyil və onun adı torpaq sahəsi ayrılmış şəxslərin elektron adlı siyahısında mövcud deyil. İddiaçı adına torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatları olmasa da, alt sənəd kimi qəbul olunmuş, JN-3950A şəhadətnamənin çap variantına əsasən onun ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli **********86 reyestr nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Alay Quliyevin adına olan JN-3950A nömrəli şəhadətnamənin baza məlumatlarında olan torpaq sahəsinin İddiaçı çıxarış verilən torpaq sahəsinin arasında hava yolu ilə 583 metr məsafənin olduğu müəyyən edildi. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli və X7 adına JN-2819A №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin“ 2-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsini 1-ci vərəqindəki “3352” əlyazma rəqəmlərindən birinci “3” rəqəminin yerində məzmuna aid olmayan əlavə cizgilər müşahidə olunur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki “Dövlət Yerquruluşu Layihə İnstitutu F.Cəfərov” yazılarının üzərində olan möhür əksinin yayılmış şəkildə əks olunması möhürün vurulması zamanı klişenin sürüşməsi nəticəsində əmələ gəlməsi ehtimal olunur.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0.06 ha torpaq sahəsinə dair JN-3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilmişdir. Belə ki, iddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi ilə sübut olunur. Həmin rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilmişdir.

32. Belə ki, müvafiq rəylə müəyyən edilir ki, İddiaçı Sabit oğlunun adına olan JN- 3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir.

33. Eyni zamanda qeyd olunmalıdır ki, X3 adına tərtib edilmiş, JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan torpaq sahəsi isə Mingəçevir şəhəri 20 yanvar küçəsi 166 saylı binanın qarşısında yerləşir, elektron adlı siyahıda Alay Quliyevin adına JN-3950A nömrəli şəhadətnamənin olması barədə məlumat mövcuddur, həmçinin, şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivindədir. Digər tərəfdən iddiaçının adına saxtalaşdırılaraq tərtib edilmiş şəhadətnamədə qeyd olunan torpaq sahəsi (Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 6 nömrəli binanın qarşısı) ümumi istifadədə olan torpaq sahələrinə aid olmaqla ümumiyyətlə xüsusi mülkiyyətə verilə bilməzdi.

34. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərkən iddiaçının adına olan JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iş üzrə mötəbər dəlil olaraq qəbul edilmiş və onun əsaslılığına dair heç bir şübhə olmamışdır. Odur ki, həmin sənədə istinad olunmaqla iddiaçının 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur.

35. Hazırda isə iş materialları ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, iddiaçının adına tərtib edilmiş JN- JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin özü saxta yolla tərtib edilmişdir.

36. Odur ki, iddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olduğundan, iddiaçının adı torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında olmadığından və həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübut mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-509/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar