Məhkəmə qərarları › İş №2-1(107)-90/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-90/2020

06.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-90/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7 (bundan sonra mətndə cavabdeh), (üçüncü şəxslər: X5, X8 və X6) qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 və ailə üzvləri X8 və X2 adlarına hazırlanmış xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsindəki tərəfindən satın alınmış evə dair vahid daşınmaz əmlak obyekti kimi çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1276/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Oğuz rayon Dövlət notariat kontorunda rəsmi alqı satqı müqaviləsi bağlamaqla Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən X3 mülkiyyətində olan fərdi yaşayış evini satın almışdır. Qeyd edilən müqavilə əsasında adına xx xxxxxx 2003-cü il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və xx xxxxxx 2004-cü il tarixli 1673 nömrəli Qeydiyyat vəsiqəsi hazırlanmışdır. X5 evi yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçıya satmışdır. Qeyd edilən evin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsi Oğuz Rayon X1 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarı ilə X5 və digər ailə üzvləri X8 və X2 mülkiyyətinə verilmişdir. Bu qərarın qəbul edilməsinə baxmayaraq o, evi satın alan tarixədək qeyd edilən evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquq sahiblərinin adlarına mülkiyyət hüququ tanıyan müvafiq sənəd hazırlanmamışdır. O, Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evini satın aldıqdan sonra həmin evin yerləşdiyi 0,10 hektar torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 və ailə üzvləri X8 və X2 adlarına xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Qeyd edilən həyətyanı torpaq sahəsi xx xxxxxx 2003-cü il tarixdən onun qanuni və faktiki istifadəsində olduğundan, həmin tarixdən X3 və ailə üzvləri X8 və X2 həmin torpaq sahəsinə dair hüquqlarına xitam verilərək həmin hüquqlar iddiaçıya keçdiyindən onun və ailə üzvləri X8 və X2 adlarına xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə hazırlanmasını qanunsuz və əsassız hesab edir. Artıq torpaq islahatı başa çatmışdır. Oğuz rayon X4 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi artıq fəaliyyət göstərmir. X10 Komissiyalarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin səlahiyyətlərini isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 X14 həyata keçirir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 X11 ərizə ilə müraciət edərək satın aldığı evin həyətyanı torpaq sahəsinə dair əsassız tərtib edilmiş xx xxxxx 2006-cı il tarixli, JN- 636A saylı saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, satın aldığı ev və yerləşdiyi həyətyanı torpaq sahəsi barədə vahid daşınmaz əmlak obyekti kimi adına çıxarış və texniki pasport hazırlanmasını xahiş etmişdir. Həmin təşkilatdan ona verilən xx xxxx 2019-ci il tarixli **********38 nömrəli cavab məktubunda təqdim etdiyi sənədlərin araşdırıldığı, satın aldığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair mövcud JN-636A saylı şəhadətnamənin ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 X9 səlahiyyətləri daxilində olmadığı, qeyd edilən torpaq sahəsi və üzərində yerləşən evin vahid daşınmaz əmlak kimi adına yalnız bu əmlaklar barədə hüquqmüəyyənedici müvafiq sənədlər əsasında müvafiq qeydiyyatın aparıla biləcəyi bildirilmiş, müraciətin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 ailə üzvləri X8 və X2 adlarına hazırlanmış xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilməli, Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi ev 3 ünvanında yerləşən, fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar həyətyanı toıpaq sahəsinə və həmin torpaq sahəsindəki tərəfindən satın alınmış evə birgə daşınmaz əmlak obyekti kimi adına vahid mülkiyyət hüququ tanıyan sənəd hazırlanmalıdır. Bu isə indiki vəziyyətdə yalnız məhkəmə qərarı ilə mümkündür. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1276/2019 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apelyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyаsiyа şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 2003-cü il tarixdə Oğuz rayon Dövlət notariat kontorunda alqı satqı müqaviləsi bağlamaqla Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən X3 mülkiyyətində olan fərdi yaşayış evini satın almış, qeyd edilən müqavilə əsasında adına xx xxxxxx 2003-cü il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və xx xxxxxx 2004-cü il tarixli 1673 nömrəli Qeydiyyat vəsiqəsi hazırlanmışdır. X5 evi yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə ona satmışdır. Qeyd edilən evin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsi Oğuz Rayon X1 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarı ilə X5 və digər ailə üzvləri X8 və X2 mülkiyyətinə verilmişdir. Bu qərarın qəbul edilməsinə baxmayaraq o, evi satın alan tarixədək qeyd edilən evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquq sahiblərinin adlarına mülkiyyət hüququ tanıyan müvafiq sənəd hazırlanmamışdır. Ona məxsus evin yerləşdiyi torpaq sahəsinin həmin fərdi yaşayış evinin əvvəlki sahiblərinin adına hazırlanmasını qanuni hesab etmir. Bu hal onun mülkiyyət hüquqlarını pozur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər və üçüncü şəxslər hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyası iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsini rəhbər tutaraq həmin şəxslərin iştirakı olmadan işə baxmağı mümkün hesab etdi. Məhkəmə kollegiyasının hazırkı iş üzrə əvvəl keçirdiyi məhkəmə iclasında X5 öz adından və xx.xx.2018-ci il tarixli 740961 nömrəli etibarnamə ilə oğlu X2 adından məhkəmə kollegiyasına ərizə ünvanlayaraq Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi ev 3 ünvanında yerləşən, fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar həyətyanı toıpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 ailə üzvləri X8 və X2 adlarına hazırlanmış xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini və həmin torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etmirlər. Eyni zamanda, iş üzrə digər üçüncü şəxs X8 xx.xx.2020-ci il tarixdə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 ailə üzvləri X8 və X2 adlarına hazırlanmış xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini və həmin torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etmir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir. Belə ki, işə əlavə olunmuş JN seriyalı 636A nömrəli (kod 40501004) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon X1 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarına əsasən 0,10 ha həyətyanı torpaq sahəsi X5, X8, X2 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli 200174 nömrəli müqavilənin təsdiqlənmiş surətindən görünür ki, X5 mülkiyyətində olan Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evini iddiaçıya satmışdır. İş materiallarında olan 1673 nömrəli qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Məhkəmə kollegiyası iddianın mümkünlük şərti ilə bağlı bildirir ki baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair iddiaçı və 3-cü şəxslər arasında notariat qaydasında təsdiq edilmiş müqavilə olmadığı üçün cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuş və bu səbəbdən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və belə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud olduğundan birinci instansiya məhkməsinin inzibati iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarının tədqiqi əsasında müəyyən etdi ki, xx.xx.2003cü il tarixli 200174 nömrəli müqavilə alqı-satqı müqaviləsi ilə X5 mülkiyyətində olan Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evini İddiaçı satmış, Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Eyni zamanda, JN seriyalı 636A nömrəli (kod 40501004) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Oğuz rayon X1 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarına əsasən 0,10 ha həyətyanı torpaq sahəsi X5, X8, X2 mülkiyyətlərinə verilmişdir. Bununla yanaşı alqı-satqı müqaviləsindən sonra İddiaçı adına hazırlanmış Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evinin texniki pasportundan görünür ki, qeyd edilən həyətyanı topaq sahəsinin ümumilikdə ölçüsü 789,2 kv.m təşkil edir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilən (iş vərəqi 30) iddiaçıya məxsus yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçü və cizgilərindən müəyyən edilir ki, həmin həyətyanı torpaq sahəsinin ölçüsü 0,0885 hektar təşkil edir. Məhkəmə kollegiyası iş materiallarından, o cümlədən tərəflərin və üçüncü şəxslərin rəsmi mövqelərindən müəyyən edir ki, JN seriyalı 636A nömrəli (kod 40501004) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə müəyyən edilən 0,10 hektar torpaq sahəsi iddiaçının istifadəsindədir, ona sahiblik edir və həmin torpaq sahəsindən istifadə edir, üçüncü şəxslər yəni adına qeyd edilən şəhadətnamə hazırlanmış şəxslər həmin torpaq sahəsinin iddiaçıya məxsusluğunu etiraf edir və həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etirazları yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki,tərəflər arasında Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evinin alqı-satqı müqaviləsi bağlanan zaman həmin müqavilədə mübahisə predmeti olan torpaq sahəsi göstərilməsə də əslində tərəflər həmin evlə bərabər onun həyətaynı torpaq sahəsinin də satılması barədə razılığa gəlmişlər. Lakin qeyd edilən dövrdə torpaq islahatı aparıldığından, torpağa dair sənədlər tam hazır olmadığından və həmin vaxta qədər əvvəllər torpaq sahələri alqı-satqı predmeti olmadığından qeyd edilən müqvilədə torpaq sahəsi qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 88-ci maddəsinə əsasən

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyd edilən normaların hazırkı işin faktiki hallarına münasibətdə tətbiq etdikdə müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsinin yerlşdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ iddiaçıya keçdiyindən həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da iddiaçıya həmin evin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir. Tərəflər arasında torpaq sahəsinin iddiaçıya verilməməsi ilə bağlı tərəflər arasında hər hansı bir şərt olmamış, fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi, o cümlədən adlarına torpaq sahəsinə dair şəhadətnamə verilmiş şəxslər mübahisələndirməmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2– hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ilə üçüncü şəxs Nüsrət Kərimov arasında fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanarkən həmin evin həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi olmamış, torpaq islahatının nəticəsi olan hazırkı mübahisə predmeti olan JN seriyalı 636A nömrəli (kod 40501004) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazır olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiy yətinə verilir. -10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının təhlili nəticəsində müəyyən etmişdir ki, Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evinin 0,10 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş JN seriyalı 636A nömrəli (kod 40501004) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən torpaq sahəsi əslində iddiaçıya məxsusdur, bu hal üçüncü şəxslər tərəfindən mübahisələndirilmir. Qeyd edilən şəhadətnamə əslində həmin dövrdə fərdi yaşayış evinin qanuni sahibi olan iddiaçının adına hazırlanmalı idi. Lakin cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən sənədlərin hazırlanması uzun müddət davam etdiyindən şəhadətnamə təqdim edilən vaxt daşınmaz əmlakın mülkiyyətçisinin deyil, əvvəlki mülkiyyətçinin adına hazırlanmışdır. Bu mənada iddiaçının hazırkı vəziyyətdə belə bir halın yaranmasında təqsiri mövcud deyildir. Əks yanaşma iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozuntusuna şərait yarada bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, həqiqətən də, cavabdeh inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesab edilməli, onа görə də Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərаrı ləğv edilərək iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə

Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1276/2019 nömrəli qərаrı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 və ailə üzvləri X8 və X2 adlarına hazırlanmış xx xxxxx 2006-cı il tarixli, JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilsin. Oğuz şəhəri, H.Naxçıvanlı küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq Çıxarışın və texniki pasportun hazırlanması vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7 həvalə edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar