Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-90/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Hacı-X3 iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1075/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A№ 342132 saylı və A№342133 saylı” Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatlarındakı yanlışlığı aradan qaldıraraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A№ 342132 saylı və A№342133 saylı ”Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 22.06.2021-ci il tarixdə daxil olmuş və həmin taridən icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1075/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, həmin qərardadı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Əvvəla onu qeyd etmək istəyir ki, Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 25.02.2021-ci ü tarixli vərəsəliyə dair arayışından və Şəki Rayon Məhkəməsinin müvafiq qərardadından göründüyü kimi atası X1 vərəsəsi olmağı müəyyən edilmişdir. Bundan başqa atası X4 11.04.2011-ci il tarixdə ölüb, o yeganə vərəsə olaraq atasından miras qalmış Şəki rayonu Oxud kəndində yerləşən evdə atası ölməmişdən əvvəl də yaşamış, hazırda da orada yaşayır. Bir sözlə, atasından qalan miras əmlaka sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Bu hal məhkəmə iclaslarında digər bacı- qardaşları tərəfindən də təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1 (116)-1075/2021 saylı qərardadını ləğv edərək, işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 oğlu şikayətin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1075/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1075/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şəki Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(075)- 36/2021 nömrəli qərardadından görünür ki, həmin iş üzrə iddiaçılar X7, X11, X13, İddiaçı və X8 həmin iş üzrə cavabdeh X6 qarşı “X5 A seriyalı, 342133 nömrəli, habelə A seriyalı, 342132 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri üzrə ailələrinə verilmiş Şəki rayonu, Oxud kəndində yerləşən 289.18 kv.m və 520.6 kv.m torpaq sahələrindən çıxarılması” tələbinə dair ilk və X5 X7, X11, X13, İddiaçı və X12 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A seriyalı, 342133 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndində yerləşən 289.18 kv.m həyətyanı torpaq sahəsi X2 verilmiş, sənəd X21 kitabında 10.10.2011-ci il tarixdə 8525a nömrəl ilə uçota alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A seriyalı, 342132 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndində yerləşən 520.6 kv.m həyətyanı torpaq sahəsi X2 verilmiş, sənəd X21 kitabında 10.10.2011-ci il tarixdə 8525 nömrəl ilə uçota alınmışdır. 290 inventar nömrəli, 1988-ci ilin may ayında tərtib edilən “fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, Şəki rayonu, Oxud kəndində sənəd üzrə 1000 kv.m, faktiki 1446.1 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A№ 342132 saylı və A№342133 saylı” Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatlarındakı yanlışlığı aradan qaldıraraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A№ 342132 saylı və A№342133 saylı ”Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan A 342132 nömrəli plan ölçü sənədi üzrə həyətyanı torpaq sahəsinin hüdudları daxilində qonşuya məxsus köməkçi tikili olmaqla mübahisə olduğundan, həmçinin torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və razılıq ərizəsi ərazi idarəsinə təqdim edilmədiyindən, A 342133 saylı plan ölçü sənədi üzrə isə torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki yerləşmə yeri arasında uyğunsuzluq olduğundan müraciətin təmin edilməsindən imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahələrini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı mərhum atası X2 müvafiq qərarlarla verilmiş 289.18 kv.m və 520.6 kv.m torpaq sahələrinə dövlət reyestrindən çıxarış almaqdan ibarət olsa da, daşınmaz əmlakın mülkiyyətçisinin vəfatından sonra vərəsəliklə bağlı müvafiq orqana müraciət edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə mirası notarial qaydada qəbul etmədiyi üçün hazırkı vəziyyətdə həmin əmlakla bağlı iddiaçının hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Bundan başqa iddia ərizəsinə əlavə edilən Şəki Rayon Məhkəməsinin müvafiq qərardadından görünür ki, İddiaçı mərhum X1 tək vərəsəsi deyildir. Belə ki, sözügedən qərardaddan X7, X11, X13, X8 həmçinin mərhum X1 vərəsələri olması müəyyən olunur. Lakin yerdə qalan digər vərəsələrin miras əmlaka dair vərəsəliyi qəbul etməsi təsdiqini tapmamış və bu barədə iş materiallarına müvafiq sənədlər əlavə edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə tək vərəsə olmadığı üçün və ümumiyyətlə mirası nə notarial, nə də faktiki olaraq qəbul etmədiyi üçün hazırkı vəziyyətdə iddiaçının həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra hazırkı iddianı irəli sürə bilərdi. Bununla belə inzibati orqan mərhumun mülkiyyət hüququnun qeydə alınmasından imtina etdiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Lakin yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı vərəsə olması barədə sübutu məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bundan əlavə iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Beləliklə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1075/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1075/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-90/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-90/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver