Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-91/2021 19.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 oğlu və üçüncü şəxs Şəki rayon Qozlubulaq kəndi bələdiyyəsinin sədri X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qozlubulaq bələdiyyəsinin xx xxxxxx 2009-cu il tarixli, 05 nömrəli qərarı ilə ona 0.12 ha və mərhum əri X1 0.12 ha satılmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən həyətyanı torpaq sahələrinin ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-405/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qozlubulaq bələdiyyəsinin xx xxxxxx 2009cu il tarixli, 05 nömrəli qərarı ilə ona 0.12 ha və mərhum əri X1 0.12 ha satılmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən həyətyanı torpaq sahələrinin ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o və mərhum əri 2009-cu ildə Qozlubulaq bələdiyyəsinə müraciət edərək qanunvericiliyə uyğun qaydada onlara torpaq səhəsinin ayrılmasını xahiş etmişlər. Qozlubulaq bələdiyyəsi hər birinə 0.12 ha olmaqla xx xxxxxx 2009-cu il tarixli, 05 saylı protokol qərarı ilə ev tikmək üçün Şəki rayonu Qozlubulaq kəndində yerləşən ərazidə torpaq sahəsi ayıraraq satmışdır. Qeyd olunan torpaq sahələri “Torpaqların alqı-satqısına dair akt”ların qeydə alındığı tarixlərdən onların istifadəsində olmuş və hal-hazırda istifadələrindədir. Həmin torpaq sahələrinə DTXK-nın Şəki rayon şöbəsinin rəyi müvafiq qaydada alınmış, iddiaçı və mərhum ərinə ayrı-ayrılıqda 600 (altı yüz) manat olmaqla satılmışdır. İddiaçı qeyd olunan torpaq sahələrinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh müraciətə imtina edərək bildirmişdir ki, xx xxxxxx 2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Belə ki, əgər bələdiyyənin həmin torpaq sahəsini ona satmağa səlahiyyəti olmamışdırsa, bələdiyyələrə nəzarət edən orqan tərəfindən həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı tədbir görülməli idi. Həmçinin, bələdiyyə tərəfindən torpaq sahəsinin qeydə alınmadan ona satılması onun ziyanına təfsir olunmamalıdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Şəki rayonu Qozlubulaq Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2009-cu il tarixli qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxxx 2007-ci il tarixli, 466 saylı İİİ QD Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 271 saylı Fərmanından irəli gələn tələblərə cavab vermədiyindən vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətinin icrasından imtina olunmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə xx xxxxxx 2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Həmçinin ayrılmış torpaq sahəsi məktəb yaxınlığında yerləşdiyindən dövlət torpağı olub-olmadığını dəqiqləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Şöbəsinin, eləcə də torpaq sahəsinin koordinatlarının, təyinatının, plan-sxeminin alınması və istifadədə olan torpaq sahəsinin qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin dəqiqləşdirilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin və Şəki rayonu Cəyirli Bələdiyyəsinin prosesə cəlb edilməsi məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan DTXK-nın Şəki rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 645 nömrəli və xx.xx.2009-cu il tarixli 752 nömrəli arayışlarından görünür ki, müvafiq olaraq iddiaçı və mərhum ərinin hər birinə 0.12 ha olmaqla kənd təsərrüfatına az yararlı torpaq sahələrinin eyni məqsəd üçün ayrılması məqsədə müvafiq görülmüşdür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 127 nömrəli və xx.xx.2009-cu il tarixli 93 nömrəli “Torpaqların alqı-satqısına dair akt”lardan görünür ki, müvafiq olaraq iddiaçı və mərhum əri Qozlubulaq kənd bələdiyyə ərazisindən hər biri ayrı-ayrılıqda 0.12 ha olmaqla ümumilikdə 0.24 ha torpaq sahəsi almışlar və bunun üçün hər biri ayrı-ayrılıqda Qozlubulaq bələdiyyəsinin ********** nömrəli hesabına 600 (altı yüz) manat olmaqla haqq ödəmişlər. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 38 nömrəli arayışından görünür ki, Şəki rayonu Qozlubulaq Bələdiyyəsinin sənədləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 xx.xx.2020-ci il tarixli 09/3-31 nömrəli arayışından görünür ki, Şəki rayonu Qozlubulaq bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 05 nömrəli qərarı və qərarın verilməsinə əsas olmuş sənədlər X5 aşkar edilməmişdir. İş materiallarında olan “xxxx” MMC Şəki Layihə Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli ŞM-082 nömrəli arayışında qeyd edilir ki, İddiaçı və mərhum ərinə satılmış halhazırda iddiaçının özünün faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Həmin torpaq sahəsinin faktiki sahəsi 0.42 ha-dır. “xxxx” MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində həmin torpaq sahəsinin 0.13 ha hissəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı olub uqodiyası örüş olan əraziyə düşür. Qalan 0.29 ha hissəsi isə İctimai Tikili ərazisinə düşür. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********75 və **********76 nömrəli imtina məktubu, vətəndaşın AZE seriyalı 03693767 nömrəli ş/v surəti, AZ- İ seriyalı, 412681 nömrəli ölüm haqqında şəhadətnamə, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DTXK-nın Şəki rayon şöbəsinin müvafiq rəyləri, “Torpaqların alqısatqısına dair akt”lar və ödəniş qəbzləri, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli etirazı, A3 099141 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surəti, Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 38 nömrəli məktubu, X6 xx.xx.2020-ci il tarixli 09/3-31 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-405/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qozlubulaq bələdiyyəsinin xx xxxxxx 2009-cu il tarixli, 05 nömrəli qərarı ilə ona 0.12 ha və mərhum əri X1 0.12 ha satılmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən həyətyanı torpaq sahələrinin ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-405/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Qozlubulaq bələdiyyəsinin xx xxxxxx 2009-cu il tarixli 05 nömrəli qərarı ilə ona 0,12 ha və mərhum əri X1 0,12 ha satılmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən həyətyanı torpaq sahələrini ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-405/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-405/2020 saylı qərarı qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan iş üzrə araşdırma hüquqi müstəvidə aparılmadığmdan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Mübahisənin mahiyyətindən görünür ki, Qozlubulaq bələdiyyəsinin xx xxxxxx 2009-cu il tarixli 05 nömrəli qərarı ilə həm ona həm də mərhum ərinə fərdi yaşayış evi tikmək üçün torpaq sahələri ayrılmışdır. İş materillarmdan görünür ki, həmin torpaq sahələri ilə bağlı üçüncü şəxslərin iddiası yoxdur. İş materiallarından görünür ki, həmin torpaq sahəsinin dəyəri ödənildikdən sonra qərar qəbul edilmiş və həmin torpaq sahəsinə dair sxematik plan hazırlanıb verilmişdir. İş materillarmdan görünür ki, cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi sözügedən torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından aşağıdakı səbəbə əsasən imtina etmişdir. xx xxxxxx 2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində öz adlarına qeydiyyata aldıqdan sonra vətəndaşlara sata bilərlər. İmtina yuxarıda qeyd edilən hal olduğu təqdirdə məhkəmə mübahisə ilə bağlı Şəki rayonu Qozlubulaq bələdiyyəsini iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmişdir. Bu isə onun Konstitusiya ilə qorunan hüquqlarımın kobud şəkildə pozulmasına gətirib çıxarır. Bundan əlavə birinci instansiya məhkəməsi həmin torpaq sahələrinin bir hissəsinin məktəbin ərazisi olduğunu qeyd etmişdir. Lakin işə baxan məhkəmə birtərəfli mövqey göstərərək həmin məktəbin torpaq sahəsinin bələdiyyə torpaq sahələrinə aid olub-olmadığını yoxlamamışdır. Bu səbəbdən bələdiyyə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli idi. Şəki rayonu Qozlubulaq bələdiyyəsinin xx xxxxxx 2009-cu il tarixli 05 nömrəli qərarı hazırda qüvvədədir. Həmin qərar bələdiyyə və digər orqan tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Qərar qüvvədə olduğuna görə həmin torpaq sahələri hazırda mənim gözlənilən hüququm omaqla mülkiyyətimdədir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-l(116)- 405/2020 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-405/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-405/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şəki rayon Qozlubulaq kəndi bələdiyyəsinin sədri X9 bildirdi ki, İddiaçı dövlət reyestirində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, digər hissəsi isə məktəbin ərazisinə düşür. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). Kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə “xxxx” MMC Şəki Layihə Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli ŞM-082 nömrəli arayışın surətindən göründüyü kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.42 ha-dır. Həmin torpaq sahəsinin 0.13 ha hissəsi kənd təsərrüfatı təyinatlı olub uqodiyası örüş olan əraziyə, qalan 0.29 ha hissəsi isə İctimai Tikili ərazisinə aiddir. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərindəAzərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsi dövlət mülkiyyətinə aid olmaqla məktəb ərazisi olmuşdur. Qozlubulaq bələdiyyəsi mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya satmışdır ki, buna da bələdiyyənin səlahiyyəti yoxdur. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları əmələ gəlməmişdir ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, iddiaçının isə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-405/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-405/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-91/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-91/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver