Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-91/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “otuz il öncə 18.10.1991-ci il tarixdə Ağdaş rayon XDS-nin icraiyyə komitəsinin qərarı əsasında Ağdaş Qaradağlı kəndində ayrılmış torpaq sahəsinin 0,10 hektar alınması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021ci il tarixli, 2-1(116)-1450/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizədə qeyd etmişdir ki, inzibati məhkəmə qarşısında qaldırdığı iddia tələbləri ondan irəli gəlir ki, otuz il öncə 18.10.1991-ci il tarixdə Ağdaş rayon XDS-nin icraiyyə komitəsinin qərarı əsasında Ağdaş Qaradağlı kəndində ayrılmış torpaq sahəsinin 0,10 hektar alınması üçün Məhkəmənin qərar qəbul edilməsini həyata keçirilməsini xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 07.10.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, ərizəsi İPM-in 46-cı maddəsinin tələblərinə cavab vermir. Həmçinin iddia tələbi aydın deyildir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə etdiyi cavabdehin iddiaçıya ünvanlanmış 11.08.2021-ci il tarixli imtina məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçının müraciəti Ağdaş rayonu Qaradağlı kənd ərazisində yerləşən, “Şəhriyar” müştərək müsəssisəsinin Ağdaş rayon filialına ayrılmış 0,1 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Lakin iddia ərizəsində iddiaçı kimi öz adını qeyd etmişdir. Odur ki, əgər tələb “Şəhriyar” müştərək müsəssisəsinin Ağdaş rayon filialına ayrılmış 0,1 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlıdırsa iddiaçı qismində “Şəhriyar” müştərək müsəssisəsinin adını qeyd etməklə, tələbin aydın göstərildiyi dəqiqləşmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi iddiaçıya tövsiyyə edilmişdir. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, iddia “Şəhriyar” müştərək müsəssisəsinin adından qaldırıldığı halda, həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və iddia ərizəsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər də iddia ərizəsinə əlavə olunmalıdır. Qeyd olunan düzəlişlərin aparılması üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmiş, əks təqdirdə İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadlarının şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilməsi imkanı iddiaçıya izah edilmişdir. Birinci instansiya məhkəməsinin yardım məktubu 16.10.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə iddiaçıya çatdırılmışdır. İddiaçı birinci instansiya məhkəməsinin yardımına cavab olaraq 01.11.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, 14.10.1991-ci il tarixli XDS-nin icraiyyə komitəsinin qərarı ilə Qaradağlı kəndində Kökəltmə kompleksinin yolunun üstündə boş sahədən 0,10 ha torpaq sahəsi ayrılması barədə olan qərarı əldə əsas tutaraq, məhkəmə qərarı çıxarılmasını, Ağdaş rayonunda olan fialına verilməsinə köməklik edilməsini xahiş etmişdir. Ərizə 11.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəmənin yardımında göstərilən çatışmazlıqları aradan qaldırmamışdır. Şəki İnzibаti Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1450/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1450/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1450/2021 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1450/2021 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Ali Məhkəmənin qərarının göstərilən tələblərinə istinadən məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü məsələləri yoxlanılarkən, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq yardım məktubu məhkəmə tərəfindən ünvanlanmış, bununla da onun dinlənilmə hüququ təmin edilmiş, öz mövqeyini məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmiş, Məhkəmənin yardım məktubu ilə iddiaçının dinlənilmək hüququ təmin olunmuşdur. Lakin İddiaçı məhkəmənin yardımına adekvat münasibət bildirməmiş, məzmunu aydın olmayan ərizə təqdim etməklə faktiki olaraq İPM-in tələblərinə cavab verməyən ərizəsini 27-ci və 46-cı maddələrin tələblərinə uyğunlaşdırmamışdır. Həmçinin qeyd olunmalıdır ki, ərizənin xahiş etdi hissəsi olmadığından iddiaçının konkret olaraq hansı torpaq sahəsinə münasibətdə, hansı hərəkətin həyata keçirilməsini tələb etdiyini müəyyən etmək mümkün olmamışdır. Ərizəyə iddia mövqeyindən yanaşılsa belə, iddia tələbinin nədən ibarət olduğu, iddiaçının tələbinin özü və ya hansısa hüquqi şəxslə bağlı olduğu aydın olmayan ərizə üzrə iddia mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1450/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1450/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-91/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-91/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver