Məhkəmə qərarları › İş №2-1(107)-91/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-91/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-91/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar Balaməmmədov İlqar Allahyar oğlu, Balaməmmədova Çəmənnaz Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı, Balaməmmədova Sevinc Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızının, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “uzun müddət faktiki istifadələrində olmuş torpaq sahəsinə dair Balaməmmədov Sabir İsmayıl oğlu və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(116)-856/2023 nömrəli qərardadından Balaməmmədov İlqar Allahyar oğlu, Balaməmmədova Çəmənnaz Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı, Balaməmmədova Sevinc Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar Balaməmmədov İlqar Allahyar oğlu, Balaməmmədova Çəmənnaz Allahyar qızı, Balaməmmədova Sevinc Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı, Balaməmmədova Aygün Allahyar qızı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum Balammədov Allahyar Yusif oğlunun adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli, 14 saylı qərarı ilə A seriyalı 2293 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və Daimi İstifadə Hüququna dair Şəhadətnamə əsasında verilmiş, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 3.70 ha (3.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0.20 ha isə həyətyanı) torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyetsrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddiaçılar, tələblərini dəqiqləşdirərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli, 14 saylı qərarı ilə A seriyalı 2293 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və Daimi İstifadə Hüququna dair Şəhadətnamə əsasında verilmiş, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 3,70 ha (3,50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0,20 ha isə həyətyanı) torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum Balaməmmədov Allahyar Yusif oğluna məxsus olması barədə arayışın (elektron çıxarışın) və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. xx.xx.2023-cü il tarixli inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçılar, “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, tələbdə qeyd olunmuş torpaq sahəsinin 2,30 ha hissəsi üzərində Balaməmmədov Allahyar Yusif oğlu, Balaməmmədova Əlfinaz Cuma qızı, Balaməmmədova Sevinc Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızının ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlarla rəsmiləşdirildiyini bildirmişlər.

5. Həmçinin hazırda cavabdeh orqana qarşı tələblərinin uzun müddət faktiki istifadələrində olmuş torpaq sahəsinə dair Balaməmmədov Sabir İsmayıl oğlu və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızının ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı olduğunu bildirərək, sonuncu məzmuna uyğun olaraq iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 noyabr 2023-cü il tarixli, 2- 1(116)-856/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. İddiaçılar Balaməmmədov İlqar Allahyar oğlu, Balaməmmədova Çəmənnaz Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı, Balaməmmədova Sevinc Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızı həmin qərardaddan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iddianın mahiyyəti üzrə qərar çıxarmamışdır. Məhkəmə işin obyektiv həllini kənarda qoyaraq, iddiaçılara iddianın dəqiqləşdirilməsi barədə ərizə yazmalarına sövq etmişdir. Halbu ki, məhkəmənin bu barədə yardım etmək barədə məktubu olmamışdır. Hesab edirlər ki, iddia ərizəsində formal xətaların aradan qaldırılması, qeyri-müəyyən ifadələrin aydınlaşdırılması, natamam faktiki məlumatların tamamlanmasına zərurət olsaydı, bu barədə sədrlik edən hakimin yardım etmək təşəbbüsü olardı. xx.xx.2023-cü il tarixli ərizənin mahiyyəti məhkəmənin iddia tələbindən kənara çıxmasını göstərir. Bununla da məhkəmə işə qərəzli baxmışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli, 14 saylı qərarı ilə A seriyalı 2293 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və Daimi İstifadə Hüququna dair Şəhadətnamə hüquqi qüvvəsini itirməmişdir. Məhkəmənin yeni hüquqi arqument yaratması “uzun müddət faktiki istifadələrində olmuş torpaq sahəsinə dair Balaməmmədov Sabir İsmayıl oğlu və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və planölçü sənədinin verilməsi” iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına rəvac verir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(116)-856/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. İddiaçı Balaməmmədov İlqar Allahyar oğlu məhkəməyə teleqram göndərərək məhkəmə kollegiyasının iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - **********73, **********68, **********70 və **********14 reyestr nömrəli DƏDR-dən Çıxarışlardan görünür ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən, 0.44 ha, 0.1911 ha, 0,8749 ha, 0,80 ha torpaq sahələri üzərində Balaməmmədov Allahyar Yusif oğlu, Balaməmmədova Əlfinaz Cuma qızı, Balaməmmədova Sevinc Allahyar qızı, Balaməmmədova Laləzər Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızının ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - A434949 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə Balaməmmədova Çəmənnaz Allahyar qızının adına Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 10000 kv.m torpaq sahəsinə tərtib edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin o cümlədən üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış hissənin TEKUİS məlumat bazasında 0.86 ha hissəsi Balaməmmədov Sabir İsmayıl oğlu və onun ailə üzvlərinin adına işlənilmiş və DƏDRX-nin tərtib etdiyi **********03 reyestr nömrəli çıxarışla kənd təsərrüfatı təyinatlı əkin kimi xüsusi mülkiyyətlərinə qeydə alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

20. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddia tələbində qeyd olunmuş torpaq sahəsinin 2,30 ha hissəsi üzərində Balaməmmədov Allahyar Yusif oğlu, Balaməmmədova Əlfinaz Cuma qızı, Balaməmmədova Sevinc Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızının ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir.

22. Hazırda iddiaçıların tələbi Balaməmmədov Sabir İsmayıl oğlu və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızının ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır.

23. İş materiallarında olan mütəxəssis rəyindən göründüyü kimi iddia olunan 0.86 ha torpaq sahəsi TEKUİS məlumat bazasında Balaməmmədov Sabir İsmayıl oğlu və onun ailə üzvlərinin adına işlənilmiş və DƏDRX-nin tərtib etdiyi **********03 reyestr nömrəli çıxarışla kənd təsərrüfatı təyinatlı əkin kimi xüsusi mülkiyyətlərinə qeydə alınmışdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar həmin torpaq sahəsi üzərində Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızının ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsələr də, nəzərə alınmalıdır ki, sözügedən tələb iddiaçılar tərəfindən kollektiv şəkildə irəli sürülə bilməz. Yəni, Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızından başqa digər iddiaçıların həmin tələbi irəli sürmək üçün subyektiv hüquqları yoxdur.

25. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

27. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.».

28. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.

29. Məhkəmə kollegiyası iddiaçılar Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızına münsaibətdə isə qeyd edir ki, onlar tərəfindən həmin tələbin irəli sürülməsi üçün əvvəlcə analoji tələbə uyğun olaraq inzibati orqanda ilkin inzibati araşdırmanın aparılması müəyyən edilməlidir.

30. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir.

31. İş materiallarından göründüyü kimi iddiaçılar **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində Balaməmmədov İlqar Allahyar oğlu və Balaməmmədova Çəmənnaz Allahyar qızının ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə inzibati orqana müraciət etməmiş və sözügedən tələblə bağlı cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməsi (və ya müraciəti cavabsız saxlaması) müəyyən edilmir.

32. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçılara izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir.

33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar..

34. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

35. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

36. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(116)-856/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar Balaməmmədov İlqar Allahyar oğlu, Balaməmmədova Çəmənnaz Allahyar qızı, Balaməmmədova Laləzar Allahyar qızı, Balaməmmədova Sevinc Allahyar qızı və Balaməmmədova Aygün Allahyar qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(116)-856/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar