Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-92/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1563/2019nömrəli qərardadından İddiaçı1tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs: X4) qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Zərdab RİHB-nin xx.xx.2013-cü il tarixli 121a nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü il tarixdən Kəlbəcər rayonunun işğalından sonra ailələri ilə birlikdə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində Sovxoz ferması adlanan ərazidə məskunlaşmışlar. Sovxoz dağıldıqdan sonra məskunlaşdıqları ərazidən 100 ha yaxın sahədə mal-qara saxlamaqla məşğul olmuşlar. Zərdab RİHB-nin xx.xx.2002-ci il tarixli sərəncamı ilə 3 il müddətinə ümumilikdə 70 ha torpaq sahəsi ayrılmış və icarə müqaviləsi ilə həmin torpaq sahəsi hazırkı vaxtadək onların istifadəsində olmuşdur. Cavabdeh onlarla müqaviləni pozmadan, onlara məlumat vermədən istifadələrində olan torpaq sahəsinin 40 ha hissəsi də daxil olmaqla 100 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 123 nömrəli sərəncamına əsasən X2 ayrılmışdır. Sözügedən sərəncamın ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldıran zaman hazırkı mübahisə predmeti olan sərəncamdan məlumatlı olmuşlar. Üçüncü şəxs Həsən Əhmədov xx.xx.2019-cu il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, İddiaçı1 ona məxsus torpaq sahəsinin 49,5 ha hissəsini zəbt etmişdir. Bu barədə məhkəmə mübahisəsi olmuş və məhkəmə qərarları mövcuddur. Bu səbəbdən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan sərəncamdan 2018-ci ildə məlumatlı olsa da, sərəncamın onun istifadəsində olan torpaq sahəsinə aid olmadığını hesab etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1563/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı1 həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iddia müddətinin ötürülməsi ilə bağlı nəticəyə gələrkən qanunvericilikdən daha çox öz şəxsi mülahizələrindən irəli gələn əsaslandırma aparmışdır. Habelə tərəfin qeyd edilən qərardan şikayət vermək hüququnun, yəni sərəncamın mübahisələndirilməsi barədə məhkəmənin adı çəkilən qərarındakı istinadı ilə razılaşmayaraq şikayət vermişdir. Cavabdeh Zərdab RİH tərəfindən inzibati akt qəbul edilərkən qanunun tələblərinə riayət edilməsi, inzibati icraat zamanı şəxsin iştirakının təmin edilməsi, onun izahatının dinlənilməsi, qəbul edilmiş inzibati akt barədə məlumatlandırılması və s. məhkəmə iclasında müəyyən edilməmiş və inzibati orqan tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddianın verilməsi üçün 30 günlük iddia müddətinin hansı tarixdən hesablanması məlum deyildir. Çünki iş materiallarında həmin sərəncamın cavabdehin nümayəndəsi tərəfindən sözügedən iş üzrə məhkəməyə təqdim edilməsi və iddiaçıların hamısının həmin sərəncamla tanış olmaları barədə heç bir sənəd mövcud deyildir. Həmin sərəncamla bağlı sadəcə etiraz ərizəsində bir cümlə qeyd edilmişdir ki, ümumilikdə verilən bütün apelyasiya və kassasiya şikayətinin əsas dəlillərindən biri də həmin sərəncamın mövcudluğundan məlumatın olmaması, hazırkı vaxta kimi həmin sərəncamın özünün təqdim edilməməsidir. Əvvəlki iş üzrə də həmin sərəncam heç vaxt özü təqdim edilməmiş, ümumiyyətlə həmin sərəncamın mahiyyət və məzmunu barədə, əsaslandırılması barədə məlumatları olmamışdır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1563/2019nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1563/2019nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zərdab RİH-nin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1563/2019nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar X1, İddiaçı3 və üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası ilk onu qeyd edir ki, iddiaçının Zərdab RİHB-nin sərəncamının ləğv edilməsinə yönələn tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minməsindən öncə ötürülmüş iddia müddətlərini bərpa etməmiş və mübahisələndirmək imkanı qanunla tükənmiş mübahisələrə dair hər hansı imkan tanımamışdır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi maddə-11.1). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, Dağıstan Xudaquluyev və İddiaçı3 cavabdeh Zərdab RİH-yə qarşı Zərdab RİHB-nin xx.xx.2011-ci il tarixli 123 nömrəli sərəncamının və onun əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(84)-1597/2018 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(107)165/2019 nömrəli, kassasiya şikayəti isə xx.xx.2019-cu il tarixli 2-1(102)-2270/2019 nömrəli qərarları ilə təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Sözügedən məhkəmə qərarlarında Zərdab RİHB-nin xx.xx.2002-ci il tarixli 48 nömrəli sərəncamının xx.xx.2013-cü il tarixli 121a nömrəli sərəncamı ilə ləğv edilməsi və bununla da sərəncamın hüquqi qüvvəsini itirməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçılar hazırkı mübahisə predmeti olan sərəmcamdan həmin mübahisə zamanı, yəni 2018-ci il tarixdən məlumatlı olmuşlar. İddiaçı1 də birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında suallara cavab olaraq sərəncamdan 2018-ci il tarixdən məlumatlı olduğunu bildirmişdir. Belə olan halda, həmin sərəncamın mübahisələndirilməsi üçün iddia müddətinin axımı 2018-ci il tarixdən başlamışdır. Lakin buna baxmayaraq, iddiaçılar 30 (otuz) gün müddətində məhkəmə müdafiəsi hüquqlarından istifadə etməmiş və sərəncamdan məlumatlı olduqları 2018-ci ildən 1 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(84)1597/2018 nömrəli qərarı isə iddiaçılara və vəkillərinə xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə təqdim olunmuşdur. Belə ki, sözügedən məhkəmə qərarlarında Zərdab RİHB-nin xx.xx.2002-ci il tarixli 48 nömrəli sərəncamının xx.xx.2013-cü il tarixli 121a nömrəli sərəncamı ilə ləğv edilməsi və bununla da sərəncamın hüquqi qüvvəsini itirməsi qeyd olunmuşdur. X6-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1597/2018 nömrəli qərarını əldə etdikləri vaxt mübahisələndirilən sərəncamın onların pozulması ehtimal edilən mənafeyinə zidd olduğunu anlamalı və dərhal onun mübahisələnirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməli idilər.Belə ki, işlərə məhkəmədə baxılması iddia müddətinin axımının dayandırılmasına səbəb olmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddia müddətinin ötürülməsi iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamdan məlumatlı olmasına baxmayaraq həmin sərəncamın onun istifadəsində olan torpaq sahəsinə aid olmadığını hesab etdiyini bildirsə də, birinci instansiya məhkəməsi haqlı olaraq bu halı iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi qəbul etməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1563/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1563/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-92/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-92/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver