Məhkəmə qərarları › İş №2-1(107)-92/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-92/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-92/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “cavabdehin 26 yanvar 2022-ci il tarixli № **********74 saylı məktubu ilə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanuna zidd hesab edilməsinə, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmasına qərar verilmiş 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati işin şifahi məhkəmə baxışı iclasında tələbini dəqiqləşdirərək “Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərardadı ilə Qax Rayon İlisu Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində adi cəlb edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə (həyətyanı) 0.03 ha torpaq sahəsinin satılması qərara alınmış, tərəflər arasında alqısatqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

6. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsini bələdiyyə qərarı ilə əldə etməsi, torpaq sahəsinin dəyərini ödəməsi, bələdiyyə ilə arasında alqı-satqı aktının bağlanması və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi ilə əsaslandırmışdır.

7. Cavadeh iddia tələbinə etirazını torpaqların alqı-satqısına dair aktın xx.xx.2008-ci ildə tərtib olunaraq qeydiyyata alınması ilə əsaslandırmışdır.

8. xx.xx.2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Üçüncü şəxs iddia tələbinə münasibətində bildirmişdir ki, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz edilmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2022-ci il tarixli 2- 1(116)-936/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon İlisu Bələdiyyəsi torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli qərar qəbul etməsinə baxmayaraq torpaqların alqı-satqısına dair akt xx.xx.2008-ci il tarixdə tərtib olunaraq qeydiyyata alınmışdır ki, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli 466 saylı İİİ QD Azərbaycan Respublikası Qanunundan, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə” xx.xx.2007-ci il tarixli 466 saylı İİİ QD Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il, 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə xx.xx.2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Odur ki, Qax Rayon İlisu Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən ayrılmış 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Hesab etmişdir ki, cavabdehin həmin imtinası əsassız olduğundan cavabdehin üzərinə Qax Rayon İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçının satılmasına qərar verilmiş 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsi qoyulmalı idi. Birinci instansiya məhkəməsinin qərarının bələdiyyə qərarından sonra 60 gün müddətindən alqı-satqı müqaviləsi imzalanmalıdır bəndi xx.xx.2008-ci il tarixdən sonra, Qax Rayon İlisu Bələdiyyəsinin torpağın satılması barədə çıxardığı qərar və alqı-satqı aktından sonra qüvvəyə minmişdir. Göstərilənlərdən bəlli olur ki, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi qanunvericiliyin normalarını yanlış təfsir edərək, həmin dövr qüvvədə olan qanunvericiliyə istinad etməyərək imtina cavabı vermişdir. Həmin torpaq sahəsi bələdiyyənin öz təşəbbüsü ilə ona hədiyyə olaraq ayrılmışdır. Hazırda isə özlərinin ona verdikləri torpaq sahəsinin guya örüş sahəsi olması əsası ilə çıxarış verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi də cavabdeh orqanın imtinasına istinad edərək həmin torpaq sahəsinin örüş sahəsi olması səbəbindən çıxarış verilməsindən imtina edilməsini qanuni saymışdır. Qeyd etmişdir ki, nə torpaq sahəsi ona ayrılan zaman, nə də ki hazırkı vaxtda həmin ərazidə bir ot belə bitməmişdir. Qonşuluqda yerləşən bütün torpaq sahələri üzərində yaşayış evləri tikilmiş və cavabdeh orqan tərəfindən onlara çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin örüş yeri olmaması ilə bağlı dediklərini aydınlaşdırmaq üçün müvafiq ekspertiza təyin etməli olsa da bunu da etməmişdir. Ekspertlərin iştirakı ilə hadisə yerinə baxış olsa idi həmin ərazinin örüş sahəsi olmadığı da aydın olardı. Qax Rayon İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, İlisu Bələdiyyəsi ilə onun arasında bağlanmış “Torpaqların alqı-satqısına dair akt” və AR DTXKnin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 689 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 083737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə isə qanunvericiliklə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2- 1(116)-936/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək səhhətilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarından çıxarışdan görünür ki, iddiaçıya X4 kəndi ərazisindən 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - xx.xx.2007-ci il tarixli 06 nömrəli qəbzdən və xx.xx.2008-ci il tarixdə 1144 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 180 manat məbləğində ödəniş edilmiş, iddiaçıya satılmış 0.03 ha torpaq sahəsinə dair tərəflər (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi, İlisu bələdiyyəsi, iddiaçı) arasında alqı-satqı aktı tərtib edilərək təsdiq edilmişdir. - DT və XK-nin Qax rayon şöbəsinin 565 №-li arayışından və 753 №-li rəyindən görünür ki, iddiaçıya satılan torpaq sahəsi həyətyanı olmaqla, İlisu bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. - A083737 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən 300 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və fərdi yaşayış evi tikmək üçün satılması qeyd olunmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən bələdiyyənin kollu örüş torpaqlarına aiddir. Torpaq sahəsi faktiki olaraq X3 istifadəsindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir (1.0.1). qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsi:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. ... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan ... əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ... xüsusi mülkiyyətə verilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

25. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsin

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya X4 kəndi ərazisindən 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli 06 nömrəli qəbzdən və xx.xx.2008-ci il tarixdə 1144 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 180 manat məbləğində ödəniş edilmiş, iddiaçıya satılmış 0.03 ha torpaq sahəsinə dair tərəflər (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi, İlisu bələdiyyəsi, iddiaçı) arasında alqı-satqı aktı tərtib edilərək təsdiq edilmişdir. DT və XK-nin Qax rayon şöbəsinin 565 №-li arayışından və 753 №-li rəyindən görünür ki, iddiaçıya satılan torpaq sahəsi həyətyanı olmaqla, İlisu bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. A083737 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən 300 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və fərdi yaşayış evi tikmək üçün satılması qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən bələdiyyənin kollu örüş torpaqlarına aiddir. Torpaq sahəsi faktiki olaraq X3 istifadəsindədir.

32. Göründüyü kimi, iddiaçının tələbinin hüququnun əsası kimi istinad etdiyi, bələdiyyənin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı qanunsuz olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

33. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Göründüyü kimi, İlisu Bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci il tarixli 08 saylı qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz.

35. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanuna uyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

36. Buna baxmayaraq belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

37. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

38. Belə olan halda, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

39. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli istinad olunan qərarın məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən qərar qəbul edilərkən yol verilmiş icraat pozuntularına hüquqi qiymət verilərkən həmin pozuntuların qəbul ediləcək yekun qərarın hüquqi qüvvəsinə təsiri nəzərə alınmalıdır. Hazırkı işdə bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Yəni, bələdiyyə tərəfindən qanunvericiliklə birbaşa qadağan edildiyi halda uqodiyası örüş olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya satılmışdır.

40. İddiaçının etimad hüququnun qorunmasına münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsində qeyd edilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

41. Belə ki, bələdiyyə ehtiyat fondunun örüş torpaq sahəsinin iddiaçıya satılması torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. Örüş torpaq sahələrinə münasibətdə mülkiyyətə verilmənin qadağan edilməsində qanunvericinin məqsədi kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmin torpaq sahəsinin mühafizəsinin, normadan artıq yüklənməsinin və nəticəsində ot örtüyü seyrəkləşməsinin, həmçinin, torpaq sahəsinin eroziyasının qarşısının alınmasıdır.

42. Məhkəmə kollegiyası iddiaçının mübahisə predmeti olan torpaq sahəsinin örüş torpaq sahəsinə aid olub-olmamasının aydınlaşdırılması üçün ekspertiza təyin edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni-olub-olmaması barədə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh inzibati orqana sorğu edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən bələdiyyənin kollu örüş torpaqlarına aid olması, torpaq sahəsinin faktiki olaraq X3 istifadəsində olması müəyyən edilmişdir.

43. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar