Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-92/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X5 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirak ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir..
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1946/2023 nömrəli qərardadı ilə İsmayıllı rayonu Talıstan Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Talıstan kəndində doğulmuşdur və hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Həyətyanı torpaq sahəsi əldə etmək üçün İsmayıllı rayonu Talıstan Bələdiyyəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 20 iyul 2011-ci il tarixli, 385 nömrəli məktubla İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 12 iyul 2011-ci il tarixli, 76 nömrəli məktubuna cavab olaraq iddiaçıya həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,12 hektar torpaq sahəsi satılmasına etiraz etmədiyi bildirilmiş, bələdiyyə mülkiyyətiə verilmiş torpaqların yerquruluşu sxemindən çıxarış tərtib edilmişdir. İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsi 18 mart 2008-ci il tarixli, 120 nömrəli məktubla İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 04 fevral 2008-ci il tarixli, 04 nömrəli məktubuna cavab olaraq şəhərin perspektiv inkişaf fondu torpağından 0,12 hektar torpaq sahəsi satılmasına etiraz etmədiyi bildirilmişdir. İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə Talıstan Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmışdır. Satılmış torpaq sahəsinin haqqı olaraq 960 manat məbləğdə pulu xx.xx.2011-ci il tarixdə "xxxx" ASC İsmayıllı filialı vasitəsilə İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin hesabına ödəmişdir. Həmin torpaq sahəsinin satılmaına dair Bələdiyyənin nümayəndəsi Süleymanov Mahmud və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri X3 iştirakı ilə 22 iyul 2011-ci il tarixli akt tərtib edilmiş, imzalamaqla möhlərlə təsdiq edilmiş, torpaq şöbəsində 22 iyul 2011-ci il tarixdə, 300 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi A 365682 nömrəli torpaq sahəsinin planı və ölçsü sənədini hazırlamış, Dövlət Torpaq və Kadastr Kitabında xx.xx.2011-ci il tarixldə 5202 nömrə ilə uçota alındığı göstərilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququmu təsdiq edən sənəd təqdim edə bilmədiyim üçün bundan imtina edilmişdir.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu, X1 Teymur Mirsahab oğluna 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2011-ci il tarixli, 10 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Buna görə də ərizənin icrası mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona 1200 kv.m torpaq sahəsinin verilməsinə dair İsmayıllı rayonu, Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 saylı qərarı ləvğ edilməmişdir, qüvvədədir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2- 1(116)-137/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı üçüncü şəxs iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - A seriyalı 365682 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu, Talıstan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya 1200 kv.m torpaq sahəsi verilmişdir. - xx.xx.2011-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən İsmayıllı rayonu, Talıstan Bələdiyyəsinin hesabına 960 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4665/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
17. Hazırkı iş üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə:
9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.2. Öz səlahiyyətləri hüdudlarında torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq; [5] 9.4. Dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək; 9.5. Dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasının təmin etmək; ...
10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.1. Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir; ... 10.15. Torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyası örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinə bitişik torpaq sahələrinin sənədləri araşdırılmışdır.Müəyyən edilmişdir ki,iddia olunan torpaq sahəsi iki tərəfdən kənd təsərrüfatı təyinatlı torpaqlarla əhatə olunmuş,digər iki tərəfdən isə kənd təsərrüfatı təyinatlı yola çıxışı vardır.Yaşayış məntəqəsi təyinatlı torpaq sahələri ilə bitişik deyildir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan DTXK-nın İsmayıllı rayon şöbəsinin rəyindən görünür ki, İsmayıllı rayonu, Talıstan kənd sakini İddiaçı Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə və “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-İİİQD nömrəli Qanununa əsasən alqı-satqı qaydasında ayrılıb verilməsi məqsədəuyğundur. Odur ki, DTXK-nın İsmayıllı rayon şöbəsi İsmayıllı rayonu Talıstan kənd sakini İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,12 ha torpaq sahəsinin satılmasına etiraz etmir.
28. İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı protokolundan çıxarışdan görünür ki, Talıstan kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə ərizəsi nəzərə alınaraq, Talıstan kənd sakini İddiaçı bələdiyyənin yaşayış məntəqəsi sahəsindən 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. X7 və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir.
29. Göründüyü kimi, İddiaçı İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı qərarına əsasən 0,12 ha torpaq sahəsi satılmışdır. Həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və topaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan DTXK İsmayıllı rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. Hazırkı iş üzrə cavabdeh orqan verdiyi mütəxəssis rəyində isə torpaq sahəsinin İsmayıllı rayon Talıstan kənd inzibati ərazi dairə sərhəddi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası kollu örüş olan ərazidə yerləşdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etmir.
30. Habelə iş materiallarında olan İsmayıllı rayonu Talıstan bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, İsmayıllı Rayon Talıstan kəndində doğulmuş və hal-hazırda həmin ünvanda yaşayan İddiaçı İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Satılmış torpaq sahəsinin haqqı 960 manat məbləğində pulu xx.xx.2011-ci tarixdə "xxxx" ASC İsmayilli filialı vasitəsilə İsmayıllı rayonu Talıstan bələdiyyəsinin hesabına ödənmişdir. Talıstan Bələdiyyəsinin nümayəndəsi Süleymanov Mahmud və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri X3 iştirakı ilə 22 iyul 2011-ci il tarixli akt tərtib edilmiş, imzalamaqla möhürlərlə təsdiq edilmiş, torpaq şöbəsində 22 iyul 2011-ci il tarixdə, 300 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini hazırlamış, Dövlət Torpaq ve Kadastr kitabında 23.08.201l-ci il tarixdə 5202 nömrə ilə uçota alındığı göstərilmişdir. İddiaçı tanıdılıb təhvil verildiyi xx.xx.2011-ci il tarixdən həmin torpaq sahəsini istifadə etmiş va torpaq vergisini ödemişdir. Həmin torpaq sahəsinə başqa şəxsin və Talıstan Bələdiyyəsinin heç bir iddiası yoxdur. İddiaçı hazırda istifadə etdiyi torpaq sahəsi ona ayrılmış torpaq sahəsi ile eynidir. Onun cənubdan qonşusu Mirzəyev Rəşad, şərqdən qonşusu Tapdıq, Qərbdən qonşusu Ağayev Yaqub va Şimaldan ictimai yoldur.
31. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 960 manat məbləğin ödənilməsi işdə olan "xxxx" ASC İsmayilli filialının 4 saylı qəbzi ilə də öz sübutunu tapır.
32. Göründüyü kimi iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin İsmayıllı şöbəsi tərəfindən rəy verilmişdir.
33. Həmçinin cavabdeh orqan verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış A seriyalı 365682 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0198 hektar (198 kv.m) hissəsi faktiki naturada yola düşür.
34. Belə olan halda, məhkəmə kollegiyası iddia tələbini İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış 0,12 hektar həyətyanı torpaq sahəsinin ölçüsü 0,0198 hektar olmaqla yola düşən hissəsədə əsassız hesab edir.
35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
36. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsinin 0,0198 ha yola düşən hissəsi istisna olmaqla 0,1002 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsinin 0,1002 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İddia tələbi İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsinin yola düşən 0,0198 ha hissəsində təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.