Məhkəmə qərarları › İş №2-1(107)-93/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-93/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-93/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-in Ağdaş rayon şöbəsi) qarşı “1997-2001-ci illərdə 4 saylı X7 və 42 saylı X1 və 1979-1997-ci illərdə Ağdaş rayon sabiq “Əzizbəyov” kolxozunda işlədiyi illərin sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən pensiya təyin edilən tarixədək olan dövrün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1548/2019 nömrəli qərarından DSMF-in Ağdaş rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə Ağdaş rayonu Kotavan kəndində doğulmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək müxtəlif işlərdə, Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda 1979-cu ildə 208 adam günü, 1980-ci ildə 306 adam günü, 1981-ci ildə 299 adam günü, 1982-ci ildə 329 adam günü, 1983-cü ildə 312 adam günü, 1984-cü ildə 329 adam günü, 1985-ci ildə 327 adam günü, 1986-cı ildə 351 adam günü, 1987-ci ildə 351 adam günü, 1988-ci ildə 362 adam günü, 1989-cu ildə 343 adam günü, 1990-cı ildə 319 adam günü, 1991-ci ildə 287 adam günü, 1992-ci ildə 261 adam günü, 1993-cü ildə 282 adam günü, 1994-cü ildə 272 adam günü, 1995-ci ildə 185 adam günü, 1996-cı ildə 282 adam günü, 1997-ci ildə 66 adam günü və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 4 nömrəli X7 və 42 saylı X1 işləmişdir. Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda 1979-1982-ci illərdə kişilər üçün müəyyən olunmuş minimum iş günü norması 240 gün, 1983-1997-ci illərdə isə 200 gün olmuşdur. İddiaçı kolxozda işlədiyi 1980-1994 və 1996-cı illərdə müəyyən olunmuş minimum əmək iştirak normasını yerinə yetirsə də, 1979, 1995 və 1997-ci illərdə müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmiş və onun kolxozda işlədiyi müddətdə 17 il 10 ay 28 gün (1980-1994 və 1996 = 16 il, 1979-cu ildə 208/240x12 = 10 ay (10,4) 12 gün (0,4x30=12), 1995=ci ildə 185/240x12 = 9 ay (9,25) 7 gün (0,25x30 = 7) və 1997-ci ildə 66/240x12 = 3 ay (3,3) 9 gün (0,3x30 = 9)) sosial sığorta stajı vardır. İddiaçının qeyd olunan illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış, kolxozda işləməsi Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 66 nömrəli arxiv arayışı, digər işlərdə işləməsi isə adına açılmış xx.xx.1978-ci il tarixli AТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla bildirmişdir ki, kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından, 4 saylı X4 işlədiyi dövrun hesabatları təqdim edilmədiyindən həmin illər sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və pensiya kapitalı, fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Ağdaş rayonu Kotavan kəndində doğulmuş, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1977-1979-cu illərdə maşinist işləmiş, 1979-cu ildən 1997-ci ilədək Kotavan kənd “Əzizbəyov” kolxozunda kolxozçu və 1997-2002-ci illərdə 4 saylı X7 və 42 nömrəli X1 fəhlə işləmişdir. Ona yaşa görə pensiya təyin edilməsi iləbağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsiNümayəndə birinci instansiya məhkəməsinin iclasında iddiaçının müraciətinin təmin olunmasından imtinanın məzmuna uyğun izahat verərək qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1548/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 4 nömrəli X7 və 42 saylı X1 işlədiyi müddətin ona sosial sığorta stajı kimi hesablanması, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994 və 1996-cı illərdə Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işlədiyi 16 il müddətin ona sosial sığorta stajı kimi hesablanması, 1979, 1995 və 1997-ci illərdə Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işlədiyi müddətin Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozu tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlənmiş müddət nəzərə alınmaqla 1 il 10 ay 28 gün müddətin ona sosial sığorta stajı kimi hesablanması, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən pensiya təyin edilən tarixədək olan dövrün ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissələrdə rədd edilməsi qərara alınmışdır. DSMF-in Ağdaş rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməs zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı təqdim etidyi arxiv arayışı əmək kitabçasında qeyd olunmadığı üçün və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Mingeçevir şəhərində 4 nömrəli X7 və 42 saylı X2 işlədiyi müddətin yoxlanılması mümkün olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması qaydalara ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və Qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçının 1980-1997-ci illərdə Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işlədiyi müddətin və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Mingeçevir şəhərində 4 nömrəli X7 və 42 saylı X2 işlədiyi müddətin yoxlanılması mümkün olmadığı halda onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1548/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1548/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1548/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı xx.xx.2008-ci il tarixli 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış, Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 66 nömrəli arxiv arayışı, xx.xx.1978-ci il tarixli AТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, cavabdeh inzibati orqanın imtina məktubu, etirazı, DSMF-in Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********7 nömrəli sorğuya cavab məktubu, AR Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2019-cu il tarixli məktubu, DSMF-in Ağdaş rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli **********3 nömrəli sorğuya cavab məktubu və s. daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1548/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 4 nömrəli X7 və 42 saylı X1 işlədiyi müddətin ona sosial sığorta stajı kimi hesablanması, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994 və 1996cı illərdə Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işlədiyi 16 il müddətin ona sosial sığorta stajı kimi hesablanması, 1979, 1995 və 1997-ci illərdə Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işlədiyi müddətin Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozu tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlənmiş müddət nəzərə alınmaqla 1 il 10 ay 28 gün müddətin ona sosial sığorta stajı kimi hesablanması, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən pensiya təyin edilən tarixədək olan dövrün ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işləməsi, adam günü və əmək haqqı qazanması Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 66 nömrəli arxiv arayışı, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 4 nömrəli X7 və 42 saylı X1 işləməsi isə adına açılmış xx.xx.1978-ci il tarixli AТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işləməsi, adam günü və əmək haqqı qazanması Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 66 nömrəli arxiv arayışı, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 4 nömrəli X7 və 42 saylı X1 işləməsi isə adına açılmış xx.xx.1978-ci il tarixli AТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçası və əmək kitabçası olmadıqda isə Arxiv arayışları iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş DSMF-in Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********7 nömrəli sorğuya cavab məktubuna əsasən, 4 saylı X5 və 42 saylı X3 arxiv sənədləri saxlanılmadığı üçün yoxlaması mümkün olmamışdır. 4 saylı X5 qeyd olunan dövrlərə DSMF-in Mingəçevir şəhər şöbəsində hesabatları təqdim edilmədiyi üçün aşkar edilməmişdir. 42 saylı X6 isə 1999 və 2000-ci illərdə tam, 2001-ci ildə isə 1-ci və 2-ci rüb hesabatlar təqdim etmişdir. Göründüyü kimi, hər bir halda 4 saylı X5 və 42 saylı X6 tərəfindən DSMF-in Mingəçevir şəhər şöbəsinə 1999 və 2000-ci illərdə tam, 2001-ci ildə isə 1-ci və 2-ci rüb hesabatlar təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda 1979-cu ildə 208 adam günü, 1980-ci ildə 306 adam günü, 1981-ci ildə 299 adam günü, 1982-ci ildə 329 adam günü, 1983-cü ildə 312 adam günü, 1984-cü ildə 329 adam günü, 1985-ci ildə 327 adam günü, 1986-cı ildə 351 adam günü, 1987-ci ildə 351 adam günü, 1988-ci ildə 362 adam günü, 1989-cu ildə 343 adam günü, 1990-cı ildə 319 adam günü, 1991-ci ildə 287 adam günü, 1992-ci ildə 261 adam günü, 1993-cü ildə 282 adam günü, 1994-cü ildə 272 adam günü, 1995-ci ildə 185 adam günü, 1996-cı ildə 282 adam günü, 1997-ci ildə 66 adam günü işləmişdir. Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda 1979-1982-ci illərdə kişilər üçün müəyyən olunmuş minimum iş günü norması 240 gün, 1983-1997-ci illərdə isə 200 gün olmuşdur. İddiaçı kolxozda işlədiyi 1980-1994 və 1996-cı illərdə müəyyən olunmuş minimum əmək iştirak normasını yerinə yetirsə də, 1979, 1995 və 1997-ci illərdə müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmiş və həmin müddətdə olan 16 il iş stajı onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçı Ağdaş rayon Kotavan kənd sabiq “Əzizbəyov” kolxozunda işlədiyi 1979, 1995 və 1997-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən və bunun üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim olunmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının həmin ildə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət, yəni 1 il 10 ay 28 gün onun sosial sığorta stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. - 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş stajını təsdiq edən sənəd kimi əmək kitabçası, əmək kitabçası olmadıqda arayışlar da nəzərə alınır. Cavabdeh inzibati orqan əmək kitabçasında və arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin əmək kitabçası və arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan əmək kitabçasının və arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. İnzibati iş üzrə olan cavabdeh DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, iddiaçı pensiyaçı deyildir. İddiaçı tərəfindən mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayonu Dövlət Arxivinin 88 saylı, xx.xx.2019cu il tarixli kolxozçunun əmək günü uçotu və hesablaşma kitablarından çıxarışına əsasən 1979-1997-ci illərdə Ağdaş rayon sabiq “Əzizbəyov” kolxozunda işlədiyi illər, 4 saylı X7 və 42 saylı X1 işlədiyi illər ümumilikdə 22 il 5 ay 21 gün sosial sığorta stajı təşkil edir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu illər və 1977-1979-cu illərdə işlədiyi dövr ümumilikdə 3 il 1 ay 10 gün təşkil edir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı təsdiq edildikdə ümumilikdə 25 il 7 ay 01 gün sosial sığorta stajı təşkil edir və hüququ yarandığı xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. xx.xx.2019-cu il tarixə iddiaçının kolxozda və digər işlərdə işlədiyi, habelə hərbi xidmətdə olduğu illər daxil olmaqla 25 ildən artıq (17 il 10 ay 28 gün kolxoz, xx.xx.1974xx.xx.1976 (1 il 11 ay 12 gün), xx.xx.1977- xx.xx.1978 (1 il 6 ay 3 gün), xx.xx.1978-xx.xx.1979 (6 ay 26 gün və xx.xx.1997- xx.xx.2001 (4 il 6 ay 23 gün)) sosial sığorta stajı olduğundan və həmin tarixdən yaşa görə əmək pensiyası hüququ yarandığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və həmin tarixdən pensiya təyin edilən tarixədək olan dövr hesablanıb ödənilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin 1997-2001-ci illərin hesabatlarının arxivə verilməməsi səbəbindən həmin illərin iddiaçıya sosial sığorta stajı kimi hesablanmadığına dair dəlilləri ilə razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, xx xxxx 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx xxxx 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304-cü maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) 306-cı maddəsinin 2-ci bəndinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərinin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Üçüncü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, xx xxxxxx 2002-ci il tarixədək işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır ki, xx xxxxxx 2002-ci il tarixədək sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmiş və həmin tarixdən sonra qanunvericiliyin tələbi baxımından x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Bu səbəbdən də birinci instansiya məhkəməsihaqlı olaraq hesab etmişdir ki, iddiaçının iş fəaliyyəti xx.xx.2002-ci ilə qədər olan dövrü əhatə etdiyindən cavabdehin iddiaçının əmək haqqı almaması əsası ilə həmin müddətin onun sosial sığorta stajına daxil edilməməsi ilə bağlı hərəkətləri qanuni deyildir. Bununla da məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı deyildir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1548/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar