Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-94/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı "ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi atası X2 adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(116)-1069/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 19.04.1993-cü il tarixli 1/469 nömrəli sərəncamına əsasən, ünvan 5 ictimai yaşayış binasının 20,9 kv.m yaşayış sahəsi olan iki otaqlı mənzilinin pulsuz olaraq X2 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin ünvanda yerləşən yaşayış evi Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona bu barədə Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının atası X6 01.01.2008-ci ildə vəfat etmişdir. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, atası X3 məxsus Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 27.05.2021-ci il tarixli **********99 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ictimai mənzil fondundan özəlləşdirildiyinə görə fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyil. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana qarşı "ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, Milli Arxiv İdarəsinin Şəki filialı tərəfindən təqdim edilmiş arxiv sənədlərindən aydın olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətində olan fərdi yaşayış evi mənzil kimi qeydiyyata alınsa da, arxiv sənədlərində qeyd edilən ünvan məlumatlarına əsasən, yaşayış sahəsinin mənzil deyil, fərdi yaşayış evi olduğu açıq-aşkar görünür. Onun ərizəsinə əlavə etdiyi arayışdan görünür ki, yaşadıqları evin ünvan məlumatlarında mənzil olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir, əksinə, fərdi yaşayış evi olmasını təsdiqləyən ünvan məlumatları qeyd edilmişdir. Cavabdeh iddiaya qarşı 01.07.2021-ci il tarixli **********47 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, Ərazi İdarəsinin arxiv materiallarında sözügedən ünvanda yerləşən mənzillə bağlı Şəki Şəhər İcra Hakimiyyəti başçısının 19.04.1993-cü il tarixli 1/469 nömrəli sərəncamından çıxarış, 23.04.1993-cü il tarixli evin bəxşiş edilməsi müqaviləsi və mənzilə dair qeydiyyat vəsiqəsi barədə məlumat mövcuddur. Bundan sonra iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi atası X2 adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 29.11.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(116)-1069/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yaşayış evi kimi iddiaçının atası X2 adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, prosessual xərclərin cavabdehə aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizası xərcini təşkil edən 50 manat məbləğində pulun cavabdeh inzibati orqandan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətini imtina məktubunun dəlillərinə uyğun əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(116)- 1069/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(116)-1069/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Şəki Şəhər İcra Hakimiyyəti başçısının 19.04.1993-cü il tarixli 1/469 nömrəli sərəncamından görünür ki, ünvan 5 ictimai yaşayış binasının 20,9 kv.m yaşayış sahəsi olan iki otaqlı mənzilinin pulsuz olaraq X2 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. - Qeydiyyat vəsiqəsindən görünür ki, Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən Şəki şəhəri 19-cu rayon M.Ə.Rəsulzadə küçəsi 307 ünvanında yerləşən yaşayış evi X2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - AZ-İ seriyalı 282745 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X6 01.01.2008-ci ildə vəfat etmişdir. - cavabdehin 27.05.2021-ci il tarixli **********99 nömrəli imtina məktubundan görünür ki, sözügedən mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ictimai mənzil fondundan özəlləşdirildiyinə görə fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyil. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(116)-1069/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən 11.03.2022-ci il tarixdə cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin mübahisələndirilən hissəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, hasarlanmış torpaq sahəsi ilə mübahisəli tikili 1 mərtəbədən, 4 yaşayış otağından və tikintisi tamamlanmamış 1 mətbəxdən ibarət idi. Bununla yanaşı, sanitar qovşağın tikilisi həyətyanı sahədə idi. Mübahisəli predmeti olan tikili 3 tərəfdən qonşularla və bir tərəfdən isə yol ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 13.1.1-ci və 13.1.2-ci maddələrinə əsasən, həm yaşayış evi, həm də mənzil yaşayış sahələrinə aiddir. - 13.2-ci maddəsində deyilir ki, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. - 13.3-cü maddəsində isə deyilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Göründüyü kimi, yaşayış sahəsinin mənzil, yaxud da yaşayış evi hesab edilməsi üçün meyar kimi Mənzil Məcəlləsində konkret texniki göstəricilər nəzərdə tutulmuşdur. Sözügedən ünvanda yerləşən yaşayış sahəsinin bu meyarlardan hansına cavab verməsi, yəni mənzil, yoxsa yaşayış evi hesab edilməsinin müəyyən olunması üçün birinci instansiya məhkəməsinin 13.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 15.11.2021-ci il tarixli 10/3820 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən, yaşayış evidir. Göründüyü kimi, ekspert rəyi ilə ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin mənzil deyil, yaşayış evi olduğu təsdiq edilmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən 11.03.2022-ci il tarixdə cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin mübahisələndirilən hissəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, hasarlanmış torpaq sahəsi ilə mübahisəli tikili 1 mərtəbədən, 4 yaşayış otağından və tikintisi tamamlanmamış 1 mətbəxdən ibarət idi. Bununla yanaşı, sanitar qovşağın tikilisi həyətyanı sahədə idi. Mübahisəli predmeti olan tikili 3 tərəfdən qonşularla və bir tərəfdən isə yol ilə əhatə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, həmin yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində məhz yaşayış evi kimi qeydiyyata alınmalıdır və cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Cavabdehin imtinasının və etirazının dəlili bundan ibarətdir ki, sözügedən mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ictimai mənzil fondundan özəlləşdirildiyinə görə fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyil. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən yaşayış sahəsinin özəlləşdirmədən əvvəl ictimai mənzil fonduna aid olması həmin yaşayış sahəsinin məhz mənzil olması mənasını vermir. Belə ki, həmin Qanunun 1-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. -15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, sözügedən Qanunda yalnız mənzillərin deyil, həm də evlərin özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehin dəlili tamamilə əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(116)-1069/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-94/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-94/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver