Məhkəmə qərarları › İş №2-1(107)-95/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-95/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-95/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qardaşı X4 (təvəllüd: xx.xx.1987) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1605/2019nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bаxаrаq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı "qardaşı X4 (təvəllüd: xx.xx.1987) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qardaşı X5 xx.xx.1987ci ildə Şəki şəhərində anadan olmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsi olsa da, şəxsiyyət vəsiqəsi yoxdur. Onlar şəxsiyyət vəsiqəsi almaq üçün Şəki Regional "Asan Xidmət" Mərkəzində şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etmiş, lakin qardaşının doğum haqqında şəhadətnaməsi yararsız hala düşdüyünə görə şəxsiyyət vəsiqəsi verilməsi mümkün olmamış, təkrar doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Onlar bununla bağlı Cavabdehnə müraciət etmiş, lakin qardaşının şəxsiyyət vəsiqəsi olmadığına görə təkrar doğum haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Cavabdeh nümayəndəsi X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. İşdə olan, xx.xx.1987-ci il tarixli 224 nömrəli "Doğum haqqında akt qeydi"nin surətindən görünür ki, xx.xx.1987-ci ildə doğulmuş X4 doğumu Şəki rayon VVAQ bürosunda qeydə alınmış və onun adına Xİİ-ЖГ seriyalı 257895 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmişdir. İşdə olan Xİİ-ЖГ seriyalı 257895 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X5 xx.xx.1987-ci ildə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 226 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan, X4 doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə ərizəsinə Cavabdeh tərəfindən verilmişxx.xx.2019-cu il tarixli cavab məktubunda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Odur ki, X5 şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil, bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə edilir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1605/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "qardaşı X4 (təvəllüd: xx.xx.1987) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1605/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, Xİİ-KT seriyalı 257895 nömrəli doğum haqqlnda şəhadətnamədə bütün yazıları oxumaq olduğu halda qardaşıma şəxsiyyət vəsiqəsi ala bilmədik. Təkrar doğum haqqında şəhadətnaməni almaq üçün qeydiyyat şöbəsinə müraciət etdik. Şəki Qeydiyyat Şöbəsi bizə təkrar doğum haqqında şəhadətnamə verməkdən imtina edərək bizə məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. Şəki İnzibati-İqtisadi Məhkəməsi 2l(84)-1605/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardad çıxararaq iddianı mümkün saymadı. Məhkəmə qərardadı onunla əsaslandırdı ki, İddiaçı maraqlı şəxs olduğu üçün qeydiyyat şöbəsindən öz şəxsiyyət vəsiqəsini ərizəyə əlavcə edərək təkrar doğum haqqında şəhadətnamə ala bilər. Mən bir qardaş kimi və qanunda göstərilən maraqlı şəxs kimi qeydiyyat şöbəsinə müraciət etdim. Qeydiyyat Şöbəsi maraqlı şəxsə də verilə bilməz deyə, imtina verdi. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1605/2019 saylı qərardadı ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1605/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 №-li Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Bu növ iddialar üçün mümkünlük şərtlərindən biri iddiaçının əvvəlcədən eyni tələblə cavabdehə müraciət etmiş olmasıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı qardaşının adına təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etməmişdir. Cavabdehə müraciəti iddiaçının qardaşı X5 etmiş və cavabdeh də imtinanı həmin şəxsin müraciəti ilə bağlı vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qardaşının əvvəlcədən cavabdehə müraciət etməsi hazırkı iddianın mümkün sayılması üçün əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə görə, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin Qaydanın 9.3-cü bəndinə görə, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yeri barədə məlumatlar. Qaydanın 9.4-cü bəndinə görə, əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir. Sadalanan normalardan görünür ki, doğum haqqında təkrar şəhadətnamə tələb etmək hüququna yalnız doğumu qeydə alınmış şəxs deyil, həm də maraqlı şəxslər malikdirlər. Ona görə də İddiaçı maraqlı şəxs olmaqla ona qardaşı X4 adına doğum haqqında təkrar şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət edə bilər. Bundan başqa, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 2.1.4-cü bəndinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan sayılırlar. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. (1.1-ci maddə) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. (20.2-ci maddə) İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. (23.1-ci maddə) İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. (24.5-ci maddə) İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1-ci maddə) 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. (28.2-ci maddə) İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. (90.1-ci maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə, ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqanların vəzifəli şəxsləri tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarının pozulması müvafiq məsuliyyətə səbəb olur. Cavabdeh də inzibati orqan olduğuna görə həmin Qanunun tələblərinə riayət etməli və inzibati icraatı həmin Qanunda nəzərdə tutulmuş qaydada aparmalıdır. X1 ərizəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, cavabdeh həmin şəxsin şəxsiyyət vəsiqəsi təqdim edə bilməməsinə əsaslanaraq doğum haqqında təkrar şəhadətnamə verilməsinin mümkün olmamasını bildirməklə və məhkəməyə müraciət etməyi tövsiyə etməklə kifayətlənmiş, şəxsiyyət vəsiqəsi olan digər maraqlı şəxslərin də təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət edə biləcəyini ərizəçiyə izah etməmişdir. Bundan başqa, ərizə ilə əlaqədar cavabdeh tərəfindən qərar da qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı həmin Şöbəyə müraciət edəcəyi təqdirdə, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.2-ci bəndinin və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarına riayət etməlidir. Həmcinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X4 adına olan Xİİ-ЖГ seriyalı 257895 nömrəli "Doğum haqqında şəhadətnamə"nin əsli məhkəməyə təqdim edilmişdir. X5 həmin sənədi Şəki Şəhər Rayon Polis Şöbəsinə təqdim edərək ona şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edə bilər. İddiaçı şəxsiyyət vəsiqəsi almaq üçün Şəki Regional "Asan Xidmət" Mərkəzində şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etdiklərini, qardaşının doğum haqqında şəhadətnaməsi yararsız hala düşdüyünə görə şəxsiyyət vəsiqəsi verilməsinin mümkün olmamasını, təkrar doğum haqqında şəhadətnamə tələb olunduğunu iddia ərizəsində göstərsə də, məhkəmə iclası zamanı bildirdi ki, bu halları təsdiq edən sənəd yoxdur, həm müraciət, həm də cavab şifahi qaydada olmuşdur. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, X4 adına olan Xİİ-ЖГ seriyalı 257895 nömrəli "Doğum haqqında şəhadətnamə" yararlı vəziyyətdədir, həmin sənəddə olan bütün yazılı məlumatların sərbəst oxunması mümkündür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1605/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1605/2019nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar