Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-95/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra – inzibati orqan) qarşı Balakən rayonu Gərəkli Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə dair plan-ölçünün və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları Balakən rayonu Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, xx.xx.2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. İddiaçı Gərəkli Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, 0,10 ha torpaq sahəsinə dair müvafiq sənədlərin tərtib edilməsini xahiş etmiş, lakin müraciəti sonuncular tərəfindən təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli Bələdiyyəsinin üzərinə Bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarını icra etməklə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, 0,10 ha torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, plan-ölçünün və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 14 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada göstərilmişdir ki, Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təmin edildikdən sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli rəyində qeyd edilir ki, Gərəkli Bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli Bələdiyyəsinin 03 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URXnin Şəki LTİ-nin yerquruluşu planı (№0090) və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-627/2016 saylı qərardadı əsasında Gərəkli Bələdiyyəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan bələdiyyə torpaq sahəsi ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********80 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı Ərdəfıl qızı tərəfindən iddia olunan 0,10 ha torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin 0,10 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikintialtı torpaq sahəsidir. Sözügedən ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Sözügedən torpaq sahəsi Kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyil. Birinci instansiya məhkəməsində icraat. İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Gərəkli Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 29 saylı iclasının qərarına əsasən ona bələdiyyənin perspektiv inkişaf fondundan 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. Qeyd olunan torpaq sahəsinin dəyərini qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Cavabdeh orqana müraciət edərək, 0,10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmiş, sonuncu tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən qeydiyyatdan imtina üçün hər hansı çatışmazlıq olmamışdır və həmin Qanunun 14-cü maddəsində göstərilən sənədlərin həqiqiliyinə şübhə halı cavabdeh orqan tərəfindən müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-1(84)- 627/2016 saylı qərarı ilə Balakən rayonu Gərəkli Bələdiyyəsinin üzərinə, Bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarının icra edilərək 0,10 ha torpaq sahəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Lakin Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir (Balakən rayonu Gərəkli Bələdiyyəsi ilə iddiaçı arasında müvafiq notariat kontorunda təsdiq olunaraq bağlanılmış alğı-satqı müqaviləsi). Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə xx.xx.2020-ci il tarixli, **********37 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Balakən rayonu Gərəkli Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, həmin məhkəmənin (bundan sonra – birinci instansiya məhkəməsi) 2-1(116)-358/2021 nömrəli iş üzrə qəbul etdiyi 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 9, 10, 18, 48-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 23.1, 23.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci, “İnzibati icraat haqqında” Qanunun 17, 19.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-359/2021 nömrəli iş üzrə qəbul etdiyi 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 2388/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Z.Quliyev (sədrlik edən və məruzəçi), S.Kərimov və R.Nəbizadə) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin satılmasının qanuna uyğun olub-olmaması ilə əlaqədar müxtəlif əlaqəli inzibati orqanların fərqli rəyləri mövcuddur. İş üzrə düzgün, obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsi üçün sözügedən məsələ tam və hərtərəfli araşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-103/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Vəkil2 və Ə.Məcidov) Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir və bu torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1730/2021 nömrəli iş üzrə qəbul etdiyi 18 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Hüseynov (sədrlik edən və məruzəçi), K.Bədəlov və N.Rəsulbayova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarını əlaqəli inzibati orqanların iş materiallarında olan fərqli rəylərinə əsaslanaraq çıxarmış, Ali Məhkəmənin qərarında qeyd etdiyi halları araşdırmamış, iddiaçıya torpağın verilməsinə dair Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci İl tarixli 29 saylı qərarının, həmin tarixli 39 saylı Sərəncamın və kassa mədaxil orderinin Gərəkli Bələdiyyəsindən məhkəməyə təqdim etməsini tələb etməklə kifayətlənmişdir. Halbuki, həmin sənədlər əvvəldən iş materiallarında mövcud olmuşdur. Apellyasiya baxışının hədləri. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə mahiyyəti üzrə tam həcmdə baxılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Cavabdeh inzibati orqanının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Balakən rayon Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (notarial) bağlanmış alğı-satqı müqaviləsinin əlavə olunmadığı müəyyən edildiyini göstərmişdir. Lakin iddia ərizəsində göstərilən kimi ərizəyə aşağıdakı sənədləri əlavə edilmişdir: Gərəkli Bələdiyyəsinin 0,10 ha torpağın satılmasına dair xx.xx.2005-ci il tarixli, 29 saylı iclasının qərarı və həmin tarixli 26 saylı sərəncamı; Bələdiyyənin xəzinəsinə torpağı almaq üçün ödənilmiş 1.860.000 (köhnə pulla) manat pulun 33 nömrəli kassa mədaxil orderi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qərarı; LTİ-nin 15 noyabr 2019cu il tarixli 0,10 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planı; Balakən RİH Memarlıq və Tikinti şöbəsinin rəyi və ayrıc aktı (xx.xx.2020-ci il). 0,10 ha torpaq sahəsi iddiaçıya Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə verilmişdir. Verilən torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində həmin 0,10 ha torpaq sahəsinin elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikintialtı torpaq sahəsi olduğu göstərilmişdir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əsasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina,anbar, digər tikili qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Lakin qeyd edilən ərazidə heç bir tikili yoxdur, əsassız olaraq oranı ictimai tikintialtı torpaq sahəsi kimi göstərmək istəyirlər. İşə baxan məhkəmə iddiaçının təqdim etdiyi mötəbər sübutların həqiqətə uyğun olmadığını sübuta yetirə bilməyib. Məhkəmə işə cəlb etdiyi Gərəkli Bələdiyyəsindən 2012-ci ilədək ictimai tikililər üçün ayırılaraq nəzərdə tutulmuş torpaqla bağlı bələdiyyə iclasının qərarını, 2012-ci ildən sonra isə Gərəkli bələdiyyəsinin ictimai təyinatlı tikililər üçün planını (müfəssəl plan) məhkəməyə təqdim edilməsi üçün tələb edilməyib. Cavabdeh inzibati orqan islahat vaxtından həmin ərazinin ictimai tikililər üçün nəzərdə tutulduğunu bildirsə də, islahatdan 25 il vaxt keçdikdən sonra həmin ərazidə heç bir ictimai tikili tikilimədiyini və həmin ərazidə heç bir ictimai tikilinin tikilməsi planlaşdırılmaması və həmin ərazinin ictimai tikililər üçün nəzərdə tutulmadığını ehtiva edir. Cavabdeh inzibati orqan və üçüncü şəxs Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi X3 izahatında bildirmişdir ki, təmsil etdiyi inzibati orqanın hazırki mübahisə ilə bağlı rəyi mövcuddur. Həmin rəyə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Hazırda həmin torpaq sahəsində ictimai tikililər olmasa da, gələcəkdə belə tikililərin inşa edilməsi istisna edilmir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi-mütəxəssis X5 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzrə rəy verən mütəxəssisdir. İddiaçıya ayrılmış torpaq sahəsi ictimai tikinti altına düşən torpaq sahəsidir. Torpaq sahəsinə dair rəyi elektron baza məlumatlarına əsasən vermişdir. Həmin torpağın təyinatı 1996-cı ildən, yəni aqrar islahat aparılan vaxtdan müəyyən edilib və elektron bazaya da o formada işlənilib. Hazırda həmin torpaq sahəsinin üzərində və ya həmin sahə ilə sərhəd olan ərazilərdə yerləşən torpaq sahələrinin üzərində hər hansı ictimai tikili yoxdur və gələcəkdə inşa ediləcəyi barədə hər hansı məlumatı yoxdur. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən üçüncü şəxs Balakən rayon Gərəkli Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaqdır. 2005-ci ildə torpaq sahəsi iddiaçıya satılarkən ona satılan torpaq sahəsinin yeri faktiki göstərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçıya göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş məhkəmənin qərarı ilə bələdiyyənin üzərinə iddiaçıya satılan 10 sot torpaq sahəsinin ayrılması vəzifəsi qoyulmuşdur. Məhkəmənin qərarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya verilməsi üçün 10 sot torpağa dair ayrıc aktı tərtib edilmişdir. Lakin ayrılan torpaq sahəsi ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu üçün cavabdeh inzibati orqan ayrılmış torpaq sahəsini qeydiyyata almaqdan imtina edir. Torpaq sahəsi üzərində hər hansı tikili yoxdur, torpaq sahəsi bir hissədə pay torpaq sahəsi, bir hissədə dövlət mülkiyyətində olan torpaq sahəsi, bir hissədə isə xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsi, bir hissədə yol zolağı ilə həmsərhəddir. Gələcəkdə həmin torpaq sahəsində hər hansı ictimai tikilinin tikiləcəyi barədə bələdiyyənin hər hansı planı yoxdur. Bələdiyyənin ehtiyatında başqa torpaq sahəsi olmadığı üçün iddiaçıya başqa sahənin verilməsi mümkün deyil. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;... 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri: Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Maddə 56.2. (xx.xx.2005-ci il tarixdə qüvvədə olan) Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: İİ Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İV Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
19. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
20. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məclləsi Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunarkən və birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərkən Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlərin (Balakən rayonu Gərəkli Bələdiyyəsi ilə iddiaçı arasında müvafiq notariat kontorunda təsdiq olunaraq bağlanılmış alğı-satqı müqaviləsi) ərizəyə əlavə edilmədiyinə istinad olunmuşdur. Eyni zamanda kassasiya instansiya məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayətinə birinci dəfə baxılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin satılmasının qanuna uyğun olub-olmaması ilə əlaqədar müxtəlif əlaqəli inzibati orqanların fərqli rəyləri mövcuddur. İş üzrə düzgün, obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsi üçün sözügedən məsələ tam və hərtərəfli araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli münasibətlər (bələdiyyə qərarının qəbul edildiyi vaxt) yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alğı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Həmin bəndə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə edilən və 11 iyul 2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə həyata keçirilir. Mübahisəli münasibətlərin yarandığı tarixin 2005-ci ilin avqust ayı olduğu nəzərə alındıqda görünür ki, bələdiyyə orqanı tərəfindən “Torpaqların alğı-satqısı Qaydaları”nın tələblərinə riayət edilmiş, torpaq sahəsi iddiaçının mülkiyyətinə həmin Qaydalarda nəzərdə tutulan bələdiyyə qərarı əsasında verilmiş və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilməklə rəsmiləşdirilmişdir. Beləlilklə, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman qüvvədə olan maddi hüquq normalarına əsasən bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanması tələbi mövcud olmamış, torpaq sahəsi hüququn yarandığı zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Ona görə də, Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması zamanı (xx.xx.2005-ci il tarixdə) qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd olunan normanın tələbindən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi nəzərdə tutulmamışdır. Qanunvericilik torpağın hərrac və ya müsabiqədən kənar satılması imkanını da nəzərdə tutmuşdur. Hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün, yəni həyətyanı torpaq sahəsi kimi satılmışdır. Bu da onu deməyə əsas verir ki, bələdiyyə hərrac və ya müsabiqə keçirmədən, birbaşa özü qərar qəbul etməklə torpağı satmaq səlahiyyətinə malik olmuşdur. Bununla yanaşı Məhkəmə onu da qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, qərarında gəldiyi nəticənin yeganə əsası kimi, iddiaçının faktiki olaraq mülkiyyət hüququnun qeydə aldırmaq istədiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsi olmasını göstərmiş və buna görə də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə istinad eməklə iddiaçının iddiasını rədd etmişdir. Qanunun (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”) qeyd olunan maddəsinin tələblərinə görə ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********80 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı Ərdəfıl qızı tərəfindən iddia olunan 0,10 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikintialtı torpaq sahəsidir və həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyil. Bundan başqa, Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli rəyində isə qeyd edilir ki, iddiaçıya ayrılmış 0,10 torpaq sahəsi üzərində tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İşə yenidən apellyasiya qaydasında baxılarkən mübahisə predmeti olan torpaq sahəsi ilə əlaqədar müxtəlif əlaqəli inzibati orqanların fərqli rəylərinin araşdırılması məqsədi ilə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi, icra hakimiyyəti başçısı aparatı Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) X1 məhkəmə iclasında iştirakı təmin edilmiş və nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə situasiya planının hazırlanmasına köməklik göstərilməsi ilə bağlı 2020-ci ildə Gərəkli Bələdiyyəsindən təmsil etdiyi orqana müraciət daxil olmuşdur. Həmin müraciət əsasında memarlıq və tikinti şöbəsi tərəfindən 02 mart 2020-ci il tarixli rəy verilmişdir. Rəy verilməzdən əvvəl torpaq sahəsinə baxış keçirilmiş və ayrıc aktı tərtib olunmuşdur. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün heç bir maneənin olmadığı müəyyən edilmişdir. Torpaq sahəsinin ictimai tikililər üçün nəzərdə tutulan sahə olması barədə onlarda hər hansı məlumat olmamışdır. Eyni zamanda, iddiaçıya ayrılmış torpaq sahəsində gələcəkdə hər hansı ictimai tikilinin inşa edilməsi üçün Memarlıq və Tikinti şöbəsində hər hansı layihə yoxdur. Eyni zamanda apellyasiya baxışının iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndələri də izahatlarında bildirmişlər ki, mütəxəssi rəyi Elketron baza məlumatlarına əsasən verilmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində və ya həmin sahə ilə sərhəd olan ərazilərdə yerləşən torpaq sahələrini üzərində hər hansı ictimai tikili yoxdur və gələcəkdə inşa ediləcəyi barədə hər hansı məlumatları yoxdur. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirаkı ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirərkən müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinə sərhəd olan torpaq sahələri üzərində heç bir ictimai tikili mövcud deyil. Torpaq sahəsinin şimalında xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində isə fərdi yaşayış evi inşa olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən verilmiş rəydə sözügedən torpaq sahəsinin kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsi olduğu qeyd olunsa da, bu hal Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisinin rəyi, habelə Məhkəmə tərəfindən keçirilmiş yerli baxışın nəticələri ilə (ərazidə ictimai tikilinin mövcud olmaması, mübahisəli torpaq sahəsi ilə həmsərhəd xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və inşa edilmiş fərdi yaşayış evinin mövcudluğu) təkzib olunur. Bunlardan başqa, Məhkəmə qeyd edir ki, “Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri və sair. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsi yaşayış məntəqələrinin torpaqları tərkibinə hansı torpaqların daxil olduğu barədə məlumat verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsi isə hansı torpaqların xüsusi mülkiyyətə verilə bilməməsinin siyahısını verir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin kateqoriyasının ictimai tikililər üçün ayrılmış ərazi olduğu qeyd edilsə də, həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud olmadığı göstərilmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsində, məhz ümumi istifadədə olan və üzərində küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların yerləşdiyi torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qadağan olunmuşdur. Hazırki apellyasiya baxışının araşdırması zamanı isə müəyyən olunmuşdur ki, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin kateqoriyası, cavabdeh inzibati orqanın nümayəndəsinin bildirdiyinə görə 1996-cı ildən ictimai tiklilər üçün nəzərdə tutulmuş torpaq sahəsi kimi müəyyən edilsə də, həmin tarixdən 27 il keçməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində hər hansı tikili tikilməyib, belə bir tikili hazırda da mövcud deyil və gələcəkdə tikilməsi ilə bağlı istər torpağın hazırki mülkiyyətçisi Balakən rayon Gərəkli Bələdiyyəsində, istərsə də Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində hər hansı layihə-plan yoxdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində gələcəkdə ictimai tikili inşa edilə bilməsi ehtimalına əsaslanaraq iddia tələbinin rədd edilməsi də iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulması ilə nəticələnə bilər. Bunlardan əlavə, Məhkəmə qeyd edir ki, bələdiyyə tərəfindən satılmış 0,10 ha torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyinin qoyulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla, iddia təmin olunmalı, Balakən rayonu Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 saylı qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına plan-ölçünün və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-358/2021 nömrəli iş üzrə qəbul etdiyi 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Balakən rayonu Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 saylı qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına plan-ölçünün və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.