Məhkəmə qərarları › İş №2-1(107)-96/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-96/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-96/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı (bundan mətndə iddiaçı)cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək olan müddətdə pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1129/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxx 1964-cü ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, xx.xx.2003-cü il tarixdən ikinci qrup əlil olmaqla əmək pensiyası təyin edilmişdir. X2 şəhər məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 1-91/2005 saylı hökmü ilə X1 Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2010-cu ilin mart ayının 9-dək həbsdə olmuşdur. Bu səbəbdən də ona həmin müddətdə pensiya ödənişi dayandırılmış və ona pensiya verilməmişdir. Onun xəstəliyi sağalmaz xəstəlikdir. 2017-ci ilin dekabr ayında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə müraciət edərək, xx.xx.2004-cü il tarixdən xx xxxx 2010-cu il tarixədək olan müddətdə dayandırılmış pensiyanın ödənilməsi ilə bağlı sənədlərini təqdim etmiş, lakin DSMF-nin Balakən rayon şöbəsi ona xx xxxxxx 2017-ci il tarixli cavab məktubu göndərmiş və məktubda xx.xx.2004-cü il tarixdən xx xxxx 2010-cu il tarixədək olan müddətdə Rusiya Federasiyasında həbsxanada olduğu və illər üzrə həkim komissiyasından təkrar müayinədən keçmədiyinə görə pensiya ödənişinin dayandırıldığını səbəb göstərərək ona həmin müddətin pensiya ödənişinin verilməsindən imtina etmişlər. Həmin imtinanı əsassız hesab edir. Belə ki, o, həbsdə olmuş, onda olan xəstəlik sağalmaz xəstəlikdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 1129/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ona xx.xx.2003-cü il tarixdən ikinci qrup əlil olmaqla əmək pensiyası təyin edilmiş, X2 şəhər məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 1-91/2005 saylı hökmü ilə X1 Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2010-cu ilin mart ayının 9-dək həbsdə olmuşdur.2010-cu il may mayında Azərbaycana qayıtmış və ona təkrar olaraq əvvəlki xəstəlik olmaqla 2-ci qrup əlillik almış və ömürlük ona pensiya təyin edilmişdir. O həbsdə olması səbəbindən əlillər üçün müəyyən edilən tibbi müayinədən keçməmişdir. Bu onun təqsiri üzündən baş verməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, iş materiallarında iddiaçının barəsində olan cinayət işi ilə bağlı hazırda həbsdə olduğu bildirilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etmək istəyini bildirmədiyindən, həmçinin iddiaçının tələbi ilə bağlı işdə olan sənədlər əsasında müvafiq qərarın qəbul edilməsi mümkün olduğundan Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil edir və həmin sənədlərin məzmununa istinad edilir. Onlara Onlara AZE seriyalı, ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 27/5 nömrəli imtina məktubu, 11 saylı TSEK-in 036260 nömrəli, 299476 nömrəli arayışı, DSMF Balakən rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 5325 nömrəli arayışı, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 65 nömrəli arayışı, DSMF Balakən rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 27/160 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli 17 nömrəli arayış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2019cu il tarixli **********7 nömrəli, xx.xx.2019-cu il tarixli **********5 nömrəli arayışı və xx.xx.2019-cu il tarixli **********9 nömrəli etirazı, AR Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Şəki Pentensiar Müəssisəsinin xx.xx.2019-cu il tarixli 2821 nömrəli, xx.xx.2019- cu il tarixli 3609 nömrəli məktubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir.İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Müəyyən edildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 27/5 nömrəli imtina məktubunda iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Rusiyada həbsxanada olduğuna və illər üzrə həkim komissiyasından təkrar müayinədən keçmədiyinə görə pensiyanın ödənişi dayandırılması qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə tibbi sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və “Sağ ağciyərin tuberkulyoması BK(-). Xroniki bronxit. Tənəffüs çatışmamazlığı İİ dərəcə” xəstəliyi ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2013-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik təyin edilərkən ona müddətli təyin edilmişdir. Ona görə də o, hər il həkim komissiyasından təkrar müayinədən keçməklə pensiya ödənişini davam etdirə bilərdi. Lakin iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Rusiyada həbsxanada olduğuna və illər üzrə həkim komissiyasından təkrar müayinədən keçmədiyinə görə pensiya ödənişi dayandırılmışdır. İddiaçı yenidən bir də xx.xx.2013-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana 2017-ci ildə müraciət etmiş, beləliklə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmiş və bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təkrar tibbi müayinədən keçməmiş və bu səbəbdən iddiaçıya əlilliyə görə verilən pensiyanın dayandırılması ilə nəticələnmişdir. İddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixdək Rusiya Federasiyasının ərazisində azadlıqdan mərhrum etmə yerlərində cəza çəkməsi iş materialları ilə təsdiq edilir. Bununla bağlı qeyd edilməlidir ki, əlilliyin müəyyən edilməsi, müəyyən edilən növbəti müayinələrdən keçməsi və ömürlük əlilliyin təyin edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə sənədləşmə əsasında həyata keçirilir. İddiaçının qeyd edilən dövrdə həbsdə olması ilə bağlı cavabdeh inzibati orqanın məlumatı olmamış, iddiaçının əlilliyin müəyyən edilməsi ilə bağlı təkrar müayinədən keçməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə bağlı TSEK-nın qərarı olmdığından iddiaçıya verilən pensiyanın dayandırılması haqqında qərarın cavabdeh tərəfindən qəbul edilməsi qanunun tələblərinə uyğun olmuşdur. Əmək pensiyaları haqında Qanunun: 41.1. Əlil , sağlamlıq imkanları məhdud şəxs təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. 41.2. O, yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edilərsə, əmək pensiyasının verilməsi yenidən əlil , sağlamlıq imkanları məhdud hesab edildiyi gündən bərpa edilir. 41.3. Təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. 41.4. Təkrar müayinə zamanı əlil başqa əlillik qrupuna keçirildikdə, bu Qanunun 41.3-cü maddəsində göstərilən müddət üçün əmək pensiyası əvvəlki qrup üzrə ödənilir. Bundan əalvə 2015-ci il 16 mart tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməyə əsasən: 4.10. Həkim-məsləhət komissiyasının rəyinə görə xəstənin komissiyaya gəlməsi mümkün olmadığı hallarda, müayinə evdə və ya vətəndaş müalicə olunduğu xəstəxanada aparılır. 4.11. Müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırıldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir. 5.1. Əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2. Əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. İddiaçının tələbindən aydın olur ki, o hazırkı iddianı qaldırmaqla 2004-2010-cu illər ərzində əlil olmasının cavabdeh orqan tərəfindən tanınmasını tələb edir. Düzdür iddiaçı 2017-ci il tarixdən müddətsiz olaraq əlil təyin edilmişdir. Bu ona əsas vermir ki, onun müayinədən keçmədiyi müddət üçün həqiqətən əlil hesab olunsun və həmin dövr üçün pensiyanı tələb etsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 32.2-ci maddəsinə əsaən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normaların aəsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, iddiaçının apelyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli hesab etmir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbindən imtinası qanuni və əsaslı olmuşdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanmalı, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1129/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar