Məhkəmə qərarları › İş №2-1(107)-96/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-96/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-96/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi iştirakı, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1084/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun xx.xx.2019-cu il tarixli 2429/5 saylı əmri ilə Cavabdeh Dövlət Yanğından Nəzrəti Xidmətinin şimal-qərb regional İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru olaraq fövqəladə hallar orqanlarında xaric olunmuşdur. İddiaçı hesab edir ki, barəsində olan həmin əmr qanunsuz hesab olunmaqla ləğv olunmalı və o əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Belə ki, iddiaçı həmin idarədə 2010-cu ildən çalışmaqla öz vəzifə borcunu vicdanla yerinə yetirmiş, işlərində heç bir qüsura yol verməmişdir. İşdən azad olma əmrində göstərilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xidmətə çıxmamış, bununla da “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası qanunun 10.0.10-cu maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin tarixdə iddiaçı üzrlü səbəblərdən xidmətə çıxa bilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 14:26-da "103" xidmətinə çağırış edilərək iddiaçıya “böyrək sancısı” diaqnozu qoyulmuş və müvafiq tibbi yardım göstərilmişdir. xx.xx.2019-cu il tarixində “Yaşam” tibb mərkəzində “dərman mənşəli toksiki allergik dermotit" diaqnozu ilə plazmaterez membranlı müalicəsi almışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də plazmaterez prosedurundan keçməklə həkim nəzarəti altında ambulator müalicə almışdır. Göründüyü kimi 04 noyabr-xx xxxxxx 2019-cu il tarixində iddiaçının xəstəliyi ilə əlaqədar xidmətə çıxa bilməməyi üzrlü səbəblərdən olmuşdur. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı və onun vəkili ilə qeyd olunan iddianın qaldırılması müddətinin ötürülməsi barədə müzakirə aparılmış, iddiaçının hazırki iddia ilə hələ xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etdiyi, onun tərəfindən iddianın geri götürülməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edildiyi və məhkəmənin 2-1(116)-521/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadla icraata xitam verildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia müddətini ötürmədiyini işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddianın mümkün sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1084/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1084/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixdə iddia tələbi üzrə işə açıq şifahi məhkəmə iclasında baxaraq 2- 1(116)-1084/2020 nömrəli qərardad qəbul etmişdir. Həmin qərardadda İddiaçı Cavabdehnə qarşı “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Hesab edirik ki, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qəraradadı qanunsuz və əsasızdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, hazırkı iddiasını geri götürdüyünü bildirmiş və iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2020ci il tarixli 2-1(116)-521 /2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Bununla da iddiaçı ən azından məhkəməyə birinci dəfə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən mübahisələndirilən əmrdən məlumatlı olmuş, xx.xx.2020-ci il tarixli 2-1 (116)-521 /2020 saylı qərardadı almış, ondan şikayət verməmişdir. İddiaçı yenidən xx.xx.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi verməklə qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübut təqdim etməmişdir. Şəki İnzibati Məhkəməsinin mübahisələndirdiyimiz qərardadına münasibət bildirərək qeyd edirik ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. Sadalanan normaların tələblərindən göründüyü kimi inzibati aktı maraqlı şəxsə şəxsən və ya digər üsullarla təqdim edilməlidir, eləcə də qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Qanun ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Yuxarıda qeyd edilənlərə əsasən belə hesab edirik ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən verilmiş 2429/5 saylı əmri (inzibati aktı) xx xxxxxx 2019-cu il tarixdə qəbul etməsi və iddiaçı işdən çıxarılmasının 2019-cu ilin dekabr ayından bilməsi, məhkəməyə iddia ərizəsi ilə müraciət edib, sonradan iddiasını geri götürməsi ona inzibat orqan tərəfindən qəbul edilmiş inzibati aktın təqdim edilməsi kimi başa düşülə bilməz, mübahisələndirilən inzibati aktın maraqlı şəxsə təqdiminin baş tutması kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, inzibati aktın iddiaçıya elan edilməsi və inzibati aktın iddiaçıya təqdiminin baş tutması ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə heç bir subut təqdim edilməmişdir. Bu xüsusatları görməzdən gələn birinci instansiya məhkəməsi isə şəxsin bilməsini və ya bilməli olmasını əsas götürərək iş üzrə məkəmə aktı qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1084/2020 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1084/2020 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hazırki tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək hazırki iddiasını geri götürdüyünü bildirmiş və iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-521/2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçı ən azından məhkəməyə birinci dəfə müraciət etdiyi xx.xx.2019-cu il tarixindən mübahisələndirilən əmrdən məlumatlı olmuş, xx.xx.2020-ci il tarixli 2-1(116)-521/2020 nömrəli qərardadı məhkəmə qərardadını almış, ondan şikayət verməmişdir. İddiaçı tərəfindən ilk dəfə verdiyi iddia ərizəsi geri götürülərək müvafiq məhkəmə qərardadının qəbul edilməsi ona münasibətdə iddia qaldırmaq müddətinin axımını dayandırmamışdır. İddiaçı yenidən xx.xx.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi verməklə qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübut təqdim etməmişdir. Ümumiyyətlə onun tərəfindən ilk dəfə iddia veriləndə iddia müddəti ötürülmədiyi üçün və onun öz iradəsinə uyğun olaraq ərizəsini geri götürməsi və bundan təqribən 6 ay sonra yenidən məhkəmədə iddia qaldırması onun hər hansı üzürlü səbəbinin olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1084/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1084/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar