Məhkəmə qərarları › İş №2-1(107)-98/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-98/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-98/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X4 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin vergiləri, sosial siğorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1710/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 18846 (on səkkiz min səkkiz yüz qırx altı) manat ƏDV borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi, sözügedən qaimənin qanuna müvafiq olması səbəbindən risksiz olması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin vergiləri, sosial siğorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur, heç vaxt gömrük və ya vergi orqanları ilə problemi olmayıb, bütün vergi və sosial ödənişləri vaxtlı-vaxtında ödəmişdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət lahiyələrində müxtəlif su elektrik stansiyalarının salınması və onların su boru xətlərinin təchizatının salınmasında xidmətlər göstərir. Bu işin faktiki tərəfləri ilə bağlı qeyd edir ki, 25 may 2023-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlamışıq. Həmin müqavilə və ona əlavə olunmuş Protokol əsasında ümumi dəyəri 123546 (yüz iyirmi üç min beş yüz qırx altı) manat olan 5 adda texniki avadanlıq (generator, qaynaq aparatı) almışdır. "xxxx" MMC ilə həmin malların təhvil-təslim edilməsinə dair xx.xx.2023-cü il tarixli 05/23 saylı Malların təhvil-qəbul aktı da imzalamışdır. Müqaviləyə əsasən aldığı malları EBDG seriyalı 404047 nömrəli elektron qaimə təqdim etməklə almışdır. 2023-cü ilin dekabr ayında məlum olmuşdur ki, həmin texniki avadanlıqların alınması riskli əməliyyat olduğundan EBDG seriyalı 404047 nömrəli elektron qaimə üzrə əvəzləşdirmə qeyri-mümkündür və ƏDV ödənişindən kənarlaşma yaranması səbəbindən 18846 manat ƏDV borcu yaranmışdır. İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə bildirmişik ki, bu əməliyyatın riskli olması barədə məlumatı olmayıb, başqa sözlə desək, mövcud problemin yaranması iddiaçının təqsirindən və ya hər hansı hüquqazidd əməlindən yaranmamışdır. Apardığı əməliyyat üzrə ƏDV və gəlir vergisi hesabatlarını təqdim etmişdir. Bir vacib məsələni də qeyd edir ki, "xxxx" MMC 25 may 2023-cü il tarixdə, hətta ondan əvvəl də Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi internet saytında da bu məsələni yoxlamışdır. Lakin 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə iddiaçıya 18846 manat ƏDV borcu hesablamaqla Qərar qəbul etmişdir. O, bu qərarla razı deyil və qərarı mübahisələndirmişdir.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) xx.xx.2023cü il tarixli EBDG seriyalı 404047 nömrəli qaimədə qaynaq aparatı və generatorların alındığı rəsmiləşdirilsə də əslində 4 müəssisənin (İddiaçı MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) iştirakı ilə qurulmuş sxem əsasında əmtəəsiz əməliyyatın aparıldığı müəyyən edilmişdir. Əməliyyatın əmtəəsiz aparıldığının vergi orqanı tərəfindən müəyyən edilməsinin mümkünsüz etmək məqsədilə çoxpilləli alqı-satqı əməliyyatları sxeminin qurulduğu müəyyən edilmişdir. Belə ki, sözügedən qaimədə göstərilən malların mənşəyinin müəyyən edilməsi məqsədilə aparılmış inzibati araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli qaimədə göstərilən malların "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN:**********), "xxxx" MMC tərəfindən isə "xxxx" MMC-dən (VÖEN:**********) alındığı rəsmiləşdirilmiş, lakin, "xxxx" MMC-nin aldığı malların tərkibində isə EBDG seriyalı 404047 nömrəli qaimədə göstərilən mallar aşkar edilməmişdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi “CENCO" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli elektron qaimə ilə təqdim olunduğu göstərilən mallara münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)- 1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir.

5. Göründüyü kimi “CENCO" MMC "xxxx" MMC ilə əmtəəsiz əməliyyat aparmış və bu səbəbdən də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin dekabr ayının ƏDV bəyannaməsi kameral qaydada yoxlanan zaman həmin maddənin tələbləri nəzərə alınaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat rəsmiləşdirdiyi xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli elektron qaiməyə əsasən əvəzləşdirdiyi 18846 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması təmin edilmişdir. Bundan başqa həmin bəyannamədə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən dövriyyəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDO seriyalı 928065 nömrəli və xx.xx.2023-cü il tarixli EBDO seriyalı 974450 nömrəli qaimələrdəki ƏDV məbləğlərinin (99+90=189 manat) 2023cü ilin noyabr ayında tam məbləğdə əvəzləşdirilən dövriyyəyə əlavə edildiyi müəyyən edilərək 189 manat məbləğində ƏDV-nin hesablanması təmin edilmişdir. Beləliklə də vergi ödəyicisinin 2023-cü ilin dekabr ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsinin kameral yoxlanması nətricəsində 18846+189=19035 manat məbləğində əlavə ƏDV məbləği hesablanmışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1710/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh orqan apellyasiya şikayətini iddiaya etiraz ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1710/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1710/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və digər nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 1710/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərar; - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərar; - Cavabdehin etiraz məktubu və ona əlavə edilən sənədlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

15. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır .

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

19. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

20. İddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərarın qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2024-ci il tarixində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdehin qərarının əsasını iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli elektron qaiməyə əsasən əvəzləşdirdiyi 18846 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 928065 nömrəli və xx.xx.2023-cü il tarixli EBDO seriyalı 974450 nömrəli qaimələrdəki ƏDV məbləğlərinin 99+90=189 manat əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranması təşkil etmişdir.Nəticə etibarı ilə ümumilikdə 19035 manat məbləğində əlavə vergi hesablanmaqla iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərar qəbul edilmişdir.

23. Mübahisələndirilən qərar riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən “MOLATER ES" MMC ilə iddiaçı arasında 25 may 2023-cü tarixli müqavilənin bağlanması nəticəsində qəbul edilmişdir.

24. İş materillarından müəyyən edilir ki, iddiaçı ilə “MOLATER ES" MMC ilə arasında alqısatqı müqaviləsi 25 may 2023-cü il tarixində bağlanmışdır. Təqdim edilən sənədlrədən görünür ki, “MOLATER ES" MMC xx.xx.2024-cü il tarixli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir.

25. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir.

26. Belə ki,Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

27. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

28. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.(Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı 22.xx.xx.2024-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe).

29. Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe).

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin vergiləri, sosial siğorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1710/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar