Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-99/2021 18.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli 4 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş JN 279F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1(116)-247/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayonu Nic qəsəbəsində mülkiyyətinə verilmiş 0.47 ha torpaq sahəsinin plan ölçü və koordinatlarının müəyyən edilərək naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə iddiaçının ailəsinə, yəni İddiaçı, X2 və X5 mülkiyyətinə ümumi paylı mülkiyyət hüququ əsasında 0.47 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair JN- 279F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilən 0.47 ha torpaq sahəsinin 0.41 ha hissəsini adları qeyd olunmuş cavabdehlər, yəni Qabilovlar ailəsi, 0.6 ha hissəsini isə Qəribovlar ailəsi tutmuş və həmin torpaq sahələri onların qanunsuz istifadəsində və sahibliyindədir. Bu barədə Qabilovlar və Qəribovlar ailəsi ilə iddiaçı dəfələrlə söhbət aparmış, lakin onlar iddiaçıya bildirmişlər ki, onun torpaq sahəsini tutmamışlar, istifadə etdikləri torpaq sahəsi onların öz torpaqlarıdır. Qabilovlar və Qəribovlar ailələrinin tutduqları torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını sübut etmək üçün iddiaçının mülkiyyətində olan 0.47 ha torpaq sahəsinin sərhədlərinin və koordinatlarının müəyyən edilməsi zərurəti yaranmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə onun hüquqları məhdudlaşdırılmış və iddiaçı Qabilovlar və Qəribovlar ailələrinin qanunsuz zəbt etdiyi torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli 4 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş JN 279F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı adına Qəbələ rayon AİK-nın Qərarı əsasında tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də 0.47 ha torpaq sahəsi qeyd edilsə də, faktiki torpaq sahəsi azlıq təşkil edir, torpaq sahəsinin bir hissəsi başqa vətəndaş tərəfindən istifadə edilir. Torpaq sahəsi üzərində mübahisə olduğundan ərazi İdarəsinin əməkdaşlarına müvafiq mərzçəkmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkənəsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkənəsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan JN-279F kod 40600068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli 04 saylı Qərarı ilə 0.47 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin (X4 və X7) mülkiyyətinə verilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 14.10.2019-cu il tarixli **********82 nömrəli imtina məktubu, cavabdehin 27.09.2019-cu il tarixli **********74 nömrəli bildirişi, JN279F kod 40600068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, cavabdehin 27.11.2019-cu il tarixli **********20 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 26 oktyabr 2020-ci il tarixli 2- 1(116)-247/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli 4 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş JN 279F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan torpaq sahəsinə İddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayəti verərək 26 oktyabr 2020-ci il tarixli 2-1(116)-247/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, İddiaçı və ailə üzvləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia qaldırıb, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.47 ha torpaq sahəsinin adına qeydə alınıb reyestrindən çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli, 2-1(116)-247/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, 0.47 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin adına qeydə alınıb çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli, 2-1(116)-247/2020 nömrəli qərarı ləğv olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan 0.47 ha torpaq sahəsi ona və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 4 nömrəli qərarı ilə hazırlanmış JN 279 F saylı “Torpağın Mülkiyyətə Vedilməsinə Dair Şəhadətnamə” əsasında verilmiş və onların mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı və ailə üzvlərinin adına Qəbələ rayon AİK-nın qərarı əsasında tərtib edilmiş JN-279 F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.47 ha torpaq sahəsi qeyd edilsədə faktiki torpaq sahəsi azlıq təşkil edir, torpaq sahəsinin bir hissəsi qonşu mülkiyyətçilər tərəfindən istifadə edilir. Torpaq sahəsi üzərində mübahisə var, Ərazi İdarəsinin əməkdaşlarına müvafiq mərzçəkmə işlərinin aparılmasına imkan verilmədi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı və ailə üzvlərinin iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-247/2020 nömrəli qərar ləğv olunmalı, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 81, 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020ci il tarixli, 2-1(116)-247/2020 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1(116)-247/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1(116)-247/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh orqanın iddiaçının JN-279F saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə torpaq sahəsi 0.47 ha qeyd edilsə dəfaktiki olaraq az olması dəlili ilə razılaşmır. Belə ki, həmin orqanın özünün vermiş olduğu 02 mart 2021-ci il tarixli arayışıda qeyd etmişdir ki, həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt olunması göstərilir. Bu isə torpaq sahəsinin qeydiyyatdan imtinaya səbəb ola bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1(116)-247/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-99/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-99/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver