Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-99/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, 15 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibati iş üzrə (Açar sözlər: işə bərpa, ekspertiza məsələləri) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “15 sentyabr 2018ci il tarixli 1369 Ş/H saylı əmrdə işdən çıxarılmasının əsasının dəyişdirilməsinin cavabdehin üzərinə quyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2007-2010-cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxumuş, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında təhsilini davam etdirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. Hərbi hissənin 11-ci sərhəd zastavasının zastava rəisinin müavini vəzifəsini icra etmişdir. Bundan sonra 6-cı sərhəd zastavasının rəis müavini, bir müddət sonra isə zastava rəisi vəzifəsini icra etmiş və baş leytenant hərbi rütbəsi almışdır. Nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissə komandiri tərəfindən mükafatlandırılmış və fəxri fərman almışdır. 2017-ci ildə İslam oyunları çərçivəsində Bayraqdar olmuşdur. Xidmət keçdiyi müddətdə heç bir nöqsanı olmamışdır. Sərhəd xidmətinin nə qədər ağır, çətin olduğunu həmişə hiss etmiş və işində məsuliyyətli olmağa çalışmışdır. 21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzduğa görə) müvafiq olaraq, o, 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə göndərilmişdir. Bir ildən artıqdır ki, iddiaçı hərbi zabit kimi işsizdir. Ehtiyata buraxılmağına baxmayaraq, yuxarıda sözü gedən qanunun xidməti uyğunsuzluğa görə müddəasına əsasən o, xidmətə çağırılmamışdır. Həmçinin həmin əsasla onun ehtiyata buraxılmağına görə o, müstəqil olaraq başqa işlə təmin olunmağı üçün müraciət edə bilməmişdir. Başqa sözlə, xidməti uyğunsuzluğa görə heç bir yerdə iş tapa bilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin qeyd olunan əmri ona qarşı qərəzli olmuş, onun xidməti hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. O, gənc bir hərbiçi kimi əsassız olaraq xidmətdən kənarda saxlanmışdır. İllərlə hərbi təhsil almış, vətənə xidməti üçün bu yolu seçmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən verilən əmri ona imkan vermir ki, müvafiq işlə təmin olunsun. Ona görə də iddiaçı «işdən çıxarılma barədə əmrdə işdən çıxarılmanın əsasının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 01 mart 2021-ci il tarixli, 2- 1(116)-58/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Dövlət Sərhəd Xidmətinin 1369 ş/h saylı, 15 sentyabr 2018-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti apellyasiya şikayəti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-252/2021 saylı (hakimlər Elçin Hüseynov-sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-252/2021 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2093/2021 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-252/2021 saylı qərarının ləğv edilməsi qərar alınmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 01 mart 2021-ci il tarixli, 2- 1(116)-58/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Dövlət Sərhəd Xidmətinin 1369 ş/h saylı, 15 sentyabr 2018-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. X5 Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, İnzibati Prosessual Məcəllənin 2.2.1, 8.1.3, 32.1, 35, 38.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası, Narkoloji Xidmət və Nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələri, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1, 32.1, 70.1, 70.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, sabiq hərbi qulluqçu İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə xidməti zərurətlə əlaqədar X11 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu müddətdə 11 sentyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu səbəbdən də sonuncu DSX rəisinin xx.xx.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. Ekspertin xx.xx.2018-ci il tarixli 2679/K nömrəli məhkəmə kimyəvi aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşüsu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. İddiaçı məxsus sidik nümunəsində “Barbiturat (BAR) maddəsinin pozitiv olması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik idarəsinə dəvət olunaraq izahatı alınmışdır. İddiaçı izahatında “son altı ay ərzində hər hansı dərman preparatı qəbul edib-etməməsi” soruşulmuş, o isə təxminən iki ay əvvəl N nömrəli hərbi hissədə xidmətdə olarkən səhhətində yaranmış narahatlıqla bağlı dərman preparatı qəbul etdiyini bildirmişdir. Keçirilmiş məhkəmə iclasında İddiaçı, N nömrəli hərbi hissədə xidməti ezamiyyətdə olan zaman xx.xx.2018-ci il tarixdə başının ağrıması səbəbindən hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini və ona dərman preparatı verildiyini iddia etsə də, xx.xx.2018-ci il tarixdə verdiyi izahatında ən son iki ay öncə N nömrəli hərbi hissədə xidmət etdiyi zaman dərman preparatı qəbul etdiyini qeyd etmişdir. Bundan başqa İddiaçı 2021-ci ilin yanvar ayında Dövlət Sərhəd Xidməti rəisinə ərizə ünvanlayaraq xidmət müddətində buraxdığı nöqsanları səmimi olaraq etiraf etdiyini, etimad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd etmiş və xidmətə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh DSX-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, Şəki İnzibati məhkəməsi birtərəfli qaydada iddiaçının izahatlarını diniəmiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarmışdır. Göründüyü kimi, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi» tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək əsassız qərar qəbul etmişdir. Buna görə də Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2- 1(116)-58/2021 saylı qərarı qanuni və əsaslı hesab edilə bilməz, çünki məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq, sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2- 1(116)-58/2021 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki inzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən narkoloji yardım - narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidədir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Şəxsin münaqişə komissiyasına müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmə baxışına qədər çıxarılmalıdır. Münaqişə komissiyasının tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasının 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 87.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia mümkün iddia olsa da əsassızdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)- 58/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası müəyyən edir ki, sabiq hərbi qulluqçu İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə xidməti zərurətlə əlaqədar X11 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu müddətdə 11 sentyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu səbəbdən də sonuncu DSX rəisinin xx.xx.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. Ekspertin xx.xx.2018-ci il tarixli 2679/K nömrəli məhkəmə kimyəvi aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. İddiaçı məxsus sidik nümunəsində “Barbiturat (BAR) maddəsinin pozitiv olması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik idarəsinə dəvət olunaraq izahatı alınmışdır. İddiaçı izahatında “son altı ay ərzində hər hansı dərman preparatı qəbul edib-etməməsi” soruşulmuş, o isə təxminən iki ay əvvəl N nömrəli hərbi hissədə xidmətdə olarkən səhhətində yaranmış narahatlıqla bağlı dərman preparatı qəbul etdiyini bildirmişdir. Keçirilmiş məhkəmə iclasında İddiaçı, N nömrəli hərbi hissədə xidməti ezamiyyətdə olan zaman xx.xx.2018-ci il tarixdə başının ağrıması səbəbindən hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini və ona dərman preparatı verildiyini iddia etsə də, xx.xx.2018-ci il tarixdə verdiyi izahatında ən son iki ay öncə N nömrəli hərbi hissədə xidmət etdiyi zaman dərman preparatı qəbul etdiyini qeyd etmişdir. Bundan başqa İddiaçı 2021-ci ilin yanvar ayında Dövlət Sərhəd Xidməti rəisinə ərizə ünvanlayaraq xidmət müddətində buraxdığı nöqsanları səmimi olaraq etiraf etdiyini, etimad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd etmiş və xidmətə bərpa edilməsini xahiş etmişdir. Kollegiya şikayətin dəlilləri ilə razılaşır. Belə ki, yuxarıda qeyd edilən qnunvericiliyin normalarının məzmunundan göründüyü kimi, tibbi müayinənin yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən aparılması tələbi insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinələrə aid edilmişdir. Hazırki işin hallarından isə məlumdur ki, iddiaçı barəsində aparılmış tibbi müayinənin məqsədi sərxoşluq halının hər hansı növünü müəyyən etmək məqsədi daşımamışdır. Yenə həmin normaların məzmunundan məlumdur ki, həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir. Narkoloji xəstə dedikdə isə insan psixikasına təsir göstərən maddələrin sui istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs başa düşülür. İşin müəyyən edilmiş faktiki hallarına əsasən isə iddiaçının narkoloji xəstə olması, yəni insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olması, yaxud da barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilməsi müəyyən olunmur. Belə olan halda, iddiaçı narkoloji xəstə olmadığından ona tibbi yardım göstərən və ya onun barəsində laborator müayinə aparan şəxsin həkim-narkoloq olmasını şərtləndirmir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol vermiş, mübahisəni qanunvericiliyin qüvvədə olan normalarına uyğun həll etməmiş və məhkəmə tədqiqatını lazımi qaydada və istiqamətdə aparmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı xidməti uyğunsuzluğa görə xx.xx.2018-ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmış və buna səbəb müvafiq test üsulu ilə hərbi qulluqçudan götürülmüş sidik analizinin müayinəsi zamanı iddiaçının sidik nümunəsində “barbiturat” maddəsinin pozitiv çıxması olmuşdur. Göstərilən nəticə ilə razılaşmayan iddiaçı müxtəlif tibb müəssisələrində təkrar xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixlərində analiz üçün sidik nümunələri vermiş və sidik analizi nəticəsində qeyd olunan maddə, həmçinin digər narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Bundan sonra, ilk dəfə hərbi hospitalda götürülmüş sidik nümunəsi müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7- Təcrübi və Tədris Birliyinə göndərilmiş və orada Birliyin ekspert-kimyaçısı Aida Məmmədrzayeva və laborantı Aygün Feyzullayeva tərəfindən sidik nümunəsi üzərində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəməkimyəvi tədqiqat aparılmışdır. Nəticədə, sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, 4 analiz nəticələri işə əlavə olunub və onların göstərişləri bir-birinə ziddir. Bununla yanaşı, iddiaçının xidməti araşdırması zamanı cavabdehə verdiyi ifadəsində onun tərəfindən hər hansı bir dərman preparatının müayinədən əvvəl iki ay ərzində qəbul edilmədiyini bildirsə də, iddiaçı digər izahatında müayinədən əvvəl baş ağrısını kəsən dərman qəbul etdiyini göstərmişdir. Bundan başqa, iddiaçının DSX rəisinə ünvanladığı ərizədən müəyyən edilmişdir ki, iddiaçı xidməti müddətində etdiyi nöqsanlardan peşman olmuş, ona yenidən etimad göstərilərsə özünü doğruldacağını bildirmiş və yenidən işə bərpa edilməsini xahiş etmişdir”. Ali Məhkəmənin yuxarıda qeyd edilən göstərişlərdə bu etirafın nədən ibarət olduğunu aydınlaşdırılması zəruriliyi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən hal araşdırılmış və iddiaçı izahatında həmin nöqsanların rəhbərlik tərəfindən onun barəsində verilmiş töhmətlərə və iradlara görə peşman olduğunu bildirmişdir. Etimad göstərilərsə özünü doğruldacağını bildirmişdir. Bundan başqa Ali Məhkəmənin yuxarıda qeyd edilən göstərişlərində qeyd edilmişdir ki, hazırki işin tam və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən müəyyən edilməlidir ki, fenobarbital tərkibli preparatı qəbul edən şəxslərin sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü? Yüksək İnstansiya Məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş və aşağıdakı suallar qoyulmuşdur. 1.Fenobarbital tərkibli preparatı qəbul edən şəxslərin sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X3” X12 xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Barbitur turşusunun törəmələri davamlı birləşmələrə aiddir və gec parçalanma xüsusiyyətinə malik olduqları üçün hətta 6 aydan 1,5 ilə qədər çürümüş meyit materialında onları aşkarlamaq mümkündür. Göründüyü kimi iddiaçının iddia tələbi əsassız olmuş, cavabdeh tərəf isə Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olduğu və bu səbəbdən də sonuncunun DSX rəisinin xx.xx.2018ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarı ləğv edisin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-99/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-99/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver