Məhkəmə qərarları › İş №2-1(107)-99/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-99/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-99/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-434/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçının sahib olduğu, Qəbələ rayon Zarağan kəndində yerləşən “Okean” şadlıq sarayında operativ nəzarət qaydasında xronometraj metodu keçirdiyi 20-22 oktyabr 2022-ci il tarixlərdəki müşahidə nəticəsində gündəlik satış dövriyyəsinin 1120 manat müəyyən edilməsi barədə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, seriya DVX, 014085№-li Aktın ləğv edilməsi, iddiaçının adının Azərbaycan Respublikasının X10 ödəyicisinin Dövlət Reyestrindən çıxarılaraq sadələşdirilmiş vergi ödəyicisi hesab edilməsi və ƏDV ödəyicilərinin Dövlət Reyestrinə daxil edilərək iddiaçıya tətbiq edilən sanksiyaların, cərimələrin və faizlərin silinməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yerləşən “Okean” şadlıq sarayının sahibidir və fərdi sahibkardır. Cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsi onun vergi ödəmə fəaliyyətinin vergi qanunvericiliyinə uyğun olub-olmamasını, ödədiyi verginin təqdim etdiyi vergi bəyannamələrində göstərdiyi dövriyyəyə uyğun olubolmamasını müəyyənləşdirmək üçün operativ vergi nəzarəti qaydasında xronometraj metodu ilə müşahidə aparmaq qərarına gələrək, 20-22 oktyabr 2022-ci il tarixlərdə “Okean” şadlıq sarayında xronometraj müşahidə aparmışlar. 2022-ci ilin oktyabr ayının 20də dövriyyə sıfır olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə keçirilən toy şənliyində 1710 manat, 22 oktyabr 2022-ci il tarixli toy şənliyində isə 1650 manat mədaxil olmuşdur. Yəni, 3 gündə dövriyyə 3360 manat olmuşdur. Bu məbləğ 3 günə bölünərək gündəlik dövriyyə 1120 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının 2022-ci il üçün gündəlik dövriyyəsini 1120 manatdan götürərək illik dövriyyəni əsassız olaraq 200.000 manatdan artıq hesablayaraq iddiaçını sadələşdirilmiş vergi ödəyicisindən, X10 ödəyicisi kimi qeydiyyata almışlar. Bu barədə **********9 №-li bildiriş göndərilmişdir.

4. Bildirişdə göstərilir ki, qeydiyyatın aparılmasına əsas **********998300; qeydiyyatın qüvvəyə mindiyi tarix: xx.xx.2023; qeydiyyata alınma tarixi: xx.xx.2023. İddiaçı aparılmış xronometrajın düzgün aparılmadığını uyğunsuz olduğunu, ona görə də xronometraj aparılmasını tələb edərək cavabdehə xx.xx.2023-cü ildə müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılmış, lakin təmin edilməmişdir. Bundan sonra o, xx.xx.2023-cü ildə cavabdehin qərarından yuxarı inzibati orqana şikayət etmişdir.

5. X5 Xidmətinin İnzibati Şikayətlərə Baxılması Baş idarəsi tərəfindən baxılmış,xx.xx.2023-cü il tarixli **********640900 №-li qərarla şikayəti təmin edilməmişdir.

6. “Okean” şadlıq sarayının illik dövriyyəsinin 200.000 manatdan artıq olması barədə cavabdeh, 10 saylı Ərazi Vergilər İdarəsinin onun Azərbaycan Respublikasının X10 ödəyicilərinin Dövlət Reyestrinə daxil edilməsi üçün tərtib etdiyi **********008300 saylı əsasın ləğv edilməsi, onun adının ƏDV ödəyiciləri Dövlət Reyestrindən çıxarılması, ƏDV ödəyicisi kimi ona tətbiq edilmiş sanksiya və cərimələrin ləğv edilməsi, sadələşdirilmiş vergi ödəyicisi hesab edilməyi barədə qərar qəbul edilməlidir.

7. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********8048 nömrəli Qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus ünvan 1i ünvanda yerləşən "Okean” şadlıq sarayında (**********-44005) idarənin əməkdaşları kiçik vergi xidməti müşaviri X6 və kiçik vergi xidməti müşaviri X1 tərəfindən xronometraj metodu ilə müşahidə keçirilmişdir. İddiaçı ərizəsində Vergi Məlləsinin 50.1.3cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Bildiririk ki, xronometraj metodu ilə müşahidənin aparılması Vergi Məcəlləsi ilə vergi orqanının hüquqlarına aid edilmişdir və VM-nin 50-1.3-cü maddəsində qeyd edilmişdir ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günüdən çox olmayan müddətdə aparılmalıdır. Göründüyü kimi cavabdeh heç bir hüquq pozuntusuna yol verməmiş, vergi ödəyicisinin obyektində 3 iş günü ərzində xronometraj metodu ilə müşahidə aparılmaqla müşahidənin nəticəsi aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzası ilə təsdiqləmişdir.

8. Xronometraj metodu ilə müşahidə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli KY221830698 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən çıxarışa əsəsən Xronometraj metodu ilə müşahidə aparılması haqqında Qərara əsasən qanunauyğun şəkildə həyata keçirilmişdir. Xronometrajın nəticəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəticəsi 1650 manat olmaqla, 3 günlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən illik dövriyyə 200.000 manatı ötdüyü üçün vergi ödəyicisi X10 məqsədləri üçün özü ərizə vermədiyi üçün idarə tərəfidən xx.xx.2023-cü il tarixli **********326800 nömrəli vergi ödəyicisinə göndərilmiş “X10 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildirişə əsasən xx.xx.2023-cü il tarixdən ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür. İddiaçı ərizəsində cavabdehə xx.xx.2023-cü il tarixdə təkrar xronometraj metodu keçirilməsinə ərizə ilə müraciət etdiyini, müraciətin təmin edilmədiyini bildirmişdir. Bildiririk ki, vergi ödəyicisi “Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına ərizə ilə müraciət etməklə fəaliyyətini xx.xx.2023-cü il tarixdən xx.xx.2098-ci il tarixədək dayandırmışdır. Göründüyü kimi ödəyicinin ərizə ilə təkrar xronometrajla bağlı müraciət etdiyi xx.xx.2023cü il tarixdə onun fəaliyyəti passiv olmuşdur. 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2004cü ildən vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü il yanvar, fevral və mart ayı hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzərində yaranmış elektron və elektrondan kənar uyğunsuzluqlar əsasında kameral vergi yoxlaması aparılaraq 12130,17 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Belə ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü il yanvar, fevral və mart ayları hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzərində aşağıdakı məzmunlu elektron və elektrondan kənar uyğunsuzluqlar aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq bildiririk ki, İddiaçı şikayətində göstəriyi dəlillər tam əsassızdır, heç bir hüquqi əsası yoxdur. Vergi orqanı xronometraj metodu ilə müşahidəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilməklə aparmışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-434/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmə əsası kimi qeyd etmişdir ki, iddiaçı barəsində mübahisələndirilən qərar xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla bərabər toy-nişan mərasimlərinin adətən təşkil edildiyi həftənin cümə və şənbə günlərində aparılmışdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə iddiaçının dövriyyəsi digər aylarda və günlərdə tamamilə əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildiririk ki, məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmişdir. Vergi Məcəlləsinin 50-1.3-cü maddəsində qeyd edilmişdir ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılmalıdır. Göründüyü kimi cavabdeh heç bir hüquq pozuntusuna yol verməmiş, vergi ödəyicisinin obyektində 3 iş günü ərzində xronometraj metodu ilə müşahidə aparılmaqla müşahidənin nəticəsi aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzası ilə təsdiqləmişdir. Xronometraj metodu ilə müşahidə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli KY221830698 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışa əsəsən Xronometraj metodu ilə müşahidə aparılması haqqında Qərara əsasən qanunauyğun şəkildə həyata keçirilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəticəsi 1650 manat olmaqla, 3 günlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən illik dövriyyə 200.000 manatı ötdüyü üçün vergi ödəyicisi X10 məqsədləri üçün özü ərizə vermədiyi üçün cavabdeh tərəfidən xx.xx.2023-cü il tarixli **********326800 nömrəli vergi ödəyicisinə göndərilmiş “X10 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildirişə əsasən xx.xx.2023-cü il tarixdən ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür. İddiaçı ərizəsində cavabdehə xx.xx.2023-cü il tarixdə təkrar xronometraj metodu keçrilməsinə ərizə ilə müraciət etdiyini, müraciətin təmin edilmədiyini bildirmişdir. Bildiririk ki, vergi ödəyicisi “Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına ərizə ilə müraciət etməklə fəaliyyətini xx.xx.2023-cü il tarixdən xx.xx.2098-ci il tarixədək dayandırmışdır. Göründüyü kimi ödəyicinin ərizə ilə təkrar xronometrajla bağlı müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun fəaliyyəti passiv olmuşdur. Göstərilənlərə əsasən bildiririk ki, İddiaçı şikayətində göstərdiyi dəlillər tam əsassızdır, heç bir hüquqi əsası yoxdur. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 (iki yüz min) manatdan artıq olan fiziki şəxslər həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu səbəbdən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi iddiaçıya xx.xx.2023-cü il tarixli **********326800 nömrəli məktubla tövsiyyə olunmuş, müəyyən olunmuş müddətdə ərizə verilməzsə vergi orqanı Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınacağı barədə xəbərdar edilmişdir. Vergi orqanı xronometraj metodu ilə müşahidəni və iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasını Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilməklə aparmışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 157.5-ci maddəsi məhdudlaşdırıcı şəkildə təfsir olunmuş və yanlış tətbiq edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-434/2024 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün təkrar Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024cü il tarixli 2-1(116)-434/2024 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün təkrar Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)- 434/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2022-ci il tarixli **********8048 nömrəli qərar.

2. xx.xx.2022-ci il tarixli , seriya DVX, 014085№-li Aktın surəti.

3. Cavabdehin 12 sentyabr 2023-cü il tarixli etiraz məktubu və ona əlavə olunan sənədlər.

4. 2022-ci ilə dair sadələşdirilmiş vergi bəyannamələri.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-434/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

23. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

24. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İşin hallarından göründüyü kimi, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli **********8048 nömrəli Qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus ünvan 1i ünvanda yerləşən "Okean” şadlıq sarayında (**********-44005) 3 gün müddətində xronometraj metodu ilə müşahidə keçirmişdir. Həmin xoronometraj nəricəsində isə iddiaçının X10 ödəyicisi hesab edilməsi qərara alınmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərar qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı barəsində mübahisələndirilən qərar xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə ki, aparılmış xronometraj müşahidəsi qısa müddətli olmaqla bərabər toy-nişan mərasimlərinin adətən təşkil edildiyi həftənin cümə və şənbə günlərində aparılmışdır. Belə ki, tədbir keçirilməyən həftənin digər günlərində vergi orqanı tərəfindən müşahidə aparılmamışdır. Bununla yanaşı kollegiya tərəfindən cavabdehin nümayəndələrinə həftənin digər günlərində xronometraj metodu ilə müşahidənin hansı əsasla aparılmaması barədə sual verildikdə onlar isə bunu həftənin istənilən günlərində xronometraj metodu ilə müşahidənin aparılmasının vergi orqanının hüququ olması ilə əsaslandırmışlar. Bu səbəbdən də cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə iddiaçının dövriyyəsi digər aylarda və günlərdə tamamilə əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır.

28. Təqdim edilmiş dövriyyə barədə məlumata əsasən müəyyən edilir ki, iddiaçının xx.xx.2021-xx.xx.2022-ci illərdə sadələşdirilmiş vergi bəyənnamələrinə əsasən dövriyyəsi 120100 (yüz iyirmi min yüz) manat olmuşdur. Məhkəmə kollegiyasına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrindən görünür ki, 2022-ci ilin 1-ci rübü üzrə iddiaçının dövriyyəsi 26,650 manat, 2-ci rüb üzrə 33,200 manat, 3-cü rüb üzrə 60,250 manat olduğu halda, 4-cü rüb üzrə isə dövriyyə əvvəlki rüblərə münasibətdə daha artıq, 92,320 manat olduğundan cavabdeh orqan tərəfindən, həmin rüb üzrə dövriyyənin obyektiv araşdırılaraq hesablanması inandırıcı deyildir. Göründüyü kimi mübahisələndirilən qərara əsasən iddiaçının dövriyyəsi 200 min manatdan artıq hesab edilir ki, bu da əvvəlki ilin məlumatından ən azı 80 min manat artıq olmasını göstərir.

29. Göründüyü kimi vergi qanunvericiliyi vergi orqanına xronometraj metodu ilə operativ vergi yoxlamasının keçirilməsi sayında və ya müddətində məhdudiyyət qoymamışdır. İddiaçının xronometraj metodu ilə yoxlama keçirilən aylardan başqa digər günlərdə və aylarda, xüsusən həftəsonunu seçməsi iddiaçının orta günlük dövriyyəsi əhəmiyyətli dərəcədə dəyişmiş, dövriyyə məbləğində fərq olmuşdur. Cavabdeh sonradan nə öz təşəbbüsü ilə yenidən xronometraj metodu ilə müşahidə aparmamış, nə də iddiaçının belə müraciətini təmin etməmişdir.

30. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun.

31. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(102)- 3019/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

33. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, bunu etməmiş və bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-434/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar