Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-138/2025 10.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Mirzəyeva Aygül Nazim qızının məhkəmə iclas katibliyi ilə, iddiaçı Babayev Sabir Mustafa oğlunun və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Hilallı Elməddin Nüsrət oğlunun iştirakları ilə, iddiaçı Babayev Sabir Mustafa oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 2022ci ilin avqust ayından ləğv edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(122)-737/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Babayev Sabir Mustafa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022ci ilin avqust ayından ləğv edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2- 1(122)-737/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2- 1(122)-737/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(122)-737/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Babayev Sabir Mustafa oğluna Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 19709 nömrəli, 21.06.2019-cu il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin təyin olunmuş əmək pensiyası 2022-ci ilin avqust ayında sistem üzərindən dayandırılmışdır. Pensiyanın dayandırılması səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması, həmçinin 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmadığı göstərilmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı Babayev Sabir Mustafa oğluna məxsus AT-I seriyalı, 8876682 nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlardan və ilkin olaraq əmək pensiyası təyin edilərkən təqdim edilmiş arayışlardan görünür ki, o, 16.08.1972-ci il tarixdən əmək fəaliyyətinə Naxçıvan Neftbazasında operator olaraq başlamış, 30.10.1973-cü il tarixdən 09.11.1975-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra əmək fəaliyyətinə həmin Naxçıvan Neftbazasında operator olaraq davam etmiş, 06.02.1976-cı il tarixdən 07.08.1981-ci il tarixədək Naxçıvan Ət-süd kombinatında fəhlə işləmiş, 01.04.1982-ci il tarixdən 01.04.1989-cu il tarixədək 2 saylı cəza çəkmə müəssisəsində cəza çəkmiş, daha sonra 26.02.1988-ci il tarixdən 25.01.1998-ci il tarixədək Naxçıvan Yol Tikinti idarəsində işləmiş və 08.12.2003-cü il tarixdən 31.12.2005-ci il tarixədək "Qaradağ Tikinti Materialları" 2 Açıq Səhimdar Cəmiyyətində (“Bakı Gips” ASC) işləmişdir. Beləliklə, iddiaçıya 26 il 8 ay 14 gün sığorta staji hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, 2022-ci il tarixdə Fond tərəfindən aparılmış daxili araşdırılma zamanı müəyyən olunmuşdur ki, Babayev Sabir Mustafa oğluna yaşa görə əmək pensiyası düzgün təyin edilməmişdir. Belə ki, iddiaçı Babayev Sabir Mustafa oğlunun 16.08.1972-ci il tarixdən 29.10.1973-cü il tarixədək (1 il 2 ay 13 gün) Naxçıvan Neftbazasında işlədiyi, 30.10.1973-cü il tarixdən 09.11.1975-ci il tarixədək (2 il 10 gün) hərbi xidmətdə olduğu, 10.11.1975-ci il tarixdən 02.02.1976-cı il tarixədək yenidən Naxçıvan Neftbazasında, 06.02.1976-cı il tarixdən 21.07.1971-ci il tarixədək (5 il 5 ay 15 gün) və 22.07.1981-ci il tarixdən 07.08.1981-ci il tarixədək (16 gün) Naxçıvan Ət-süd kombinatında, 01.01.1984-cü il tarixdən 01.09.1984-cü il tarixədək (8 ay) və 01.04.1985-ci il tarixdən 31.12.1987-ci il tarixədək (2 il 8 ay 30 gün) 2 saylı cəza çəkmə müəssisəsində, 26.02.1988-ci il tarixdən 14.09.1988-ci tarixədək (6 ay 19 gün) və 15.09.1988-ci il tarixdən 25.01.1998-ci il tarixədək (9 il 4 ay 10 gün) Naxçıvan Yol Tikinti idarəsində və 08.12.2003-cü il tarixdən 31.12.2005-ci il tarixədək (2 il 23 gün) "Bakı Gips" Açıq Səhmdar Cəmiyyətində əmək haqqı almaqla işlədiyi dövrlər nəzərə alındıqda onun cəmi 24 il 4 ay 9 gün iş stajı olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də onun pensiya ödənişi 2022-ci il tarixindən dayandırılmışdır. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının cəza çəkmə müəssisəsində işlədiyi müddətdə əməkhaqqı almaması ilə bağlıdır ki, ilkin olaraq ona əmək pensiyası təyin olunduğu zaman 01.04.1982-ci il tarixdən 01.04.1989-cu il tarixədək (5 il 10 24 gün) olan dövr nəzərə alınmış, lakin araşdırma zamanı həmin müddətin yalnız 3 il 5 ayı əmək haqqı aldığı dövrlər nəzərə alınmışdır. Buna görə də iddiaçının iş stajı 26 il 8 ay 14 gündən az, yəni 24 il 4 ay 9 gün təşkil etdiyi müəyyən olunmuşdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2. 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Hilallı Elməddin Nüsrət oğlu izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(122)-737/2025 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı Babayev Sabir Mustafa oğlu izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(122)-737/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 21 iyun 2019-cu il tarixli, 19709 nömrəli qərarından görünür ki, Babayev Sabir Mustafa oğluna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 06.04.2019-cu il tarixdən ömürlük olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. - Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 9, mənzil 31 ünvanında yaşayan Babayev Sabir Mustafa oğlu tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə ünvanlanmış 12 iyun 2019-cu il tarixli ərizədən görünür ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - AZE seriyalı, 06997683 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev Sabir Mustafa oğlu 06 aprel 1955-ci ildə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 18 aprel 2019-cu il tarixli, 13/302 nömrəli arxiv arayışından görünür ki, Babayev Sabir Mustafa oğlu 1988-1997-ci illər ərzində Naxçıvan Yol Tikinti İdarəsində işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 fevral 2019-cu il tarixli, 13/70 nömrəli arxiv arayışından görünür ki, Babayev Sabir Mustafa oğlu 1976-1981-ci illər ərzində Naxçıvan Ət-süd kombinatında işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 fevral 2019-cu il tarixli, 13/70 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Ət-süd kombinatının sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, Babayev Sabir Mustafa oğlunun 06.02.1976-cı il tarixli, 16 nömrəli əmrlə II dərəcəli fəhlə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. İşdən azad olunma haqqında əmr yoxdur. Lakin 1981-ci ilin iyul ayına qədər əməkhaqqı cədvəllərində əməkhaqqı alması qeyd edilmişdir, sonrakı illərdə isə adına rast gəlinməmişdir. - Qaradağ Tikinti Materialları ASC-nin 26 sentyabr 2022-ci il tarixli, M-10 nömrəli arayışından görünür ki, təqdim olunmuş əmək kitabçasına əsasən Babayev Sabir Mustafa oğlu 08 dekabr 2003-cü ildən 01 aprel 2008-ci il tarixədək Qaradağ Tikinti Materialları ASC-də işləmişdir. - Babayev Sabir Mustafa oğlu tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə ünvanlanmış 13 yanvar 2023cü il tarixli ərizədən görünür ki, Fonddan 06.04.2019-cu il tarixdən 31.08.2022-ci il tarixə kimi əmək pensiyası almışdır. 01.09.2023-cü il tarixdən əmək pensiyası ləğv olunmuşdur. Ona verilən artıq pulu ona təyin olunacaq Sosial Müdafiə Fondundan xəstəliyinin vəziyyətinin ağır olduğunu nəzərə alıb, ona verilən aylıq müavinətdən 10% tutulmasına etiraz etməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 02 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-6510/2025 nömrəli məktubundan görünür ki, Babayev Sabir Mustafa oğlunun 111302 nömrəli pensiya işində olan sənədlərdə 21 iyun 2019-cu il tarixli, 19709 nömrəli qərar ilə təyin olunmuş pensiya işinin ləğv olunması barədə inzibati icraat materialları və qərar olmadığından göndərilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin kollegiyanın sorğusuna cavab olaraq göndərdiyi 15 yanvar 2026-cı il tarixli, 3-48-NDA/1-2-33/2026 nömrəli məktubundan görünür ki, Babayev Sabir Mustafa oğlu Naxçıvan Ət-Süd Kombinatında və Naxçıvan Yol- Tikinti İdarəsində işləmiş və əməkhaqqı almış, bu barədə 13 yanvar 2026-cı il tarixli, 3-48- NDA/2-2-B69-33/2026 nömrəli arxiv arayışları və Naxçıvan Ət-Süd Kombinatının 06 fevral 1976-cı il tarixli, 16 nömrəli əmrin surəti əlavə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin kollegiyanın sorğusuna cavab olaraq göndərdiyi 16 yanvar 2026-cı il tarixli, 3- 16-17/19/2100/2026 nömrəli məktubundan görünür ki, iddiaçı Babayev Sabir Mustafa oğlu 01.04.1982-ci ildən 01.04.1989-cu ilədək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müxtəlif aylarda 1983-cü ildən 1987-ci ilədək təsərrüfat briqadasında əmək fəaliyyəti ilə məşğul olmuşdur və əmək haqqı almışdır. İddiaçı Babayev Sabir Mustafa oğlunun əmək haqqı üzrə ödəniş cədvəli əlavə olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin III bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin 21.06.2019-cu il tarixli, 19709 nömrəli qərarı ilə Babayev Sabir Mustafa oğluna “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 06.04.2019-cu il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. İddiaçıya təyin olunmuş pensiya ödənişi 2022-ci ilin avqust ayından Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmış və bu barədə iddiaçıya məlumat verilmiş, pensiya ödənişinin dayandırılmasının əsası kimi isə sonradan aparılmış araşdırma zamanı iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması həmçinin 01.01.2026-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması göstərilmişdir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqandan dəfələrlə Babayev Sabir Mustafa oğluna “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 06.04.2019-cu il tarixdən yaşa görə ömürlük pensiya təyin edilməsi barədə 21.06.2019-cu il tarixli, 19709 nömrəli qərarın ləğv edilməsi barədə qəbul edilmiş qərarın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən Babayev Sabir Mustafa oğluna təyin olunmuş pensiya işi barəsində yenidən araşdırılma aparılmasına səbəb olan hallar, araşdırılmanın inzibati icraat başlanılmaqla aparılması barədə sübutlar və pensiya təyin edilməsi barədə qərarın ləğv edilməsi barədə qəbul edilmiş qərar məhkəməyə təqdim olunmamış, o cümlədən cavabdehin sorğuya cavab olaraq göndərdiyi 02 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-6510/2025 nömrəli məktubunda Babayev Sabir Mustafa oğlunun 111302 nömrəli pensiya işində olan sənədlərdə 21 iyun 2019-cu il tarixli, 19709 nömrəli qərar ilə təyin olunmuş pensiya işinin ləğv olunması barədə inzibati icraat materialları və qərar olmadığından göndərilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin məhkəmə kollegiyasının Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış sorğusuna əsasən Babayev Sabir Mustafa oğlunun pensiya işi kollegiyaya ünvanlanmış, lakin 21.06.2019-cu il tarixli, 19709 nömrəli qərarın ləğv edilməsi barədə qəbul edilmiş qərar qeyd olunan pensiya işinin materialları arasında aşkar olunmamışdır. Kollegiya bu hallarla bağlı qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçı Babayev Sabir Mustafa oğlunu inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması həmçinin 01.01.2026-cı il tarixdən etibarən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması əsasları ilə pensiya ödənişini dayandırmışdır. Kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının əmək kitabçasındakı işlədiyi dövrlərə aid qeydlərin mötəbərliyini mübahisələndirmir və həmin dövrləri iddiaçının iş stajının hesablanması zamanı nəzərə alır. Belə ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Həmçinin məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Cavabdeh orqan apellyasiya şikayətində qeyd edir ki, hazırki iş üzrə mübahisəli məsələ iddiaçının cəza çəkmə müəssisəsində işlədiyi müddətdə əməkhaqqı almaması ilə bağlıdır ki, ilkin olaraq ona əmək pensiyası təyin olunduğu zaman 01.04.1982-ci il tarixdən 01.04.1989cu il tarixədək (5 il 10 24 gün) olan dövr nəzərə alınmış, lakin araşdırma zamanı həmin müddətin yalnız 3 il 5 ayı əmək haqqı aldığı dövrlər nəzərə alınmışdır. Buna görə də iddiaçının iş stajı 26 il 8 ay 14 gündən az, yəni 24 il 4 ay 9 gün təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin kollegiyanın sorğusuna cavab olaraq göndərdiyi 16 yanvar 2026-cı il tarixli, 3- 16-17/19/2100/2026 nömrəli məktubundan görünür ki, iddiaçı Babayev Sabir Mustafa oğlu 01.04.1982-ci ildən 01.04.1989-cu ilədək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müxtəlif aylarda 1983-cü ildən 1987-ci ilədək təsərrüfat briqadasında əmək fəaliyyəti ilə məşğul olmuşdur və əmək haqqı almışdır. İddiaçı Babayev Sabir Mustafa oğlunun əmək haqqı üzrə ödəniş cədvəli əlavə olunmuşdur. Həmin cədvələ əsasən iddiaçı Babayev Sabir Mustafa oğluna 1983-cü il üzrə 1 ay, 1984cü il üzrə 8 ay, 1985-ci il üzrə 9 ay, 1986-cı il üzrə 12 ay, 1987-ci il üzrə 12 ay, ümümilikdə 3 il 6 ay əmək haqqı özrə ödəniş edilmişdir. Kollegiya bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan əsaslarla pensiya ödənişinin ləğv edilərək dayandırılması əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Kollegiya bildirir ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh inzibati orqanın təyin edilmiş pensiyanı ləğv edərək pensiya məbləğini dayandırarkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat aparmamışdır. “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən əmək pensiyası cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh özünün əvvəlki təyinatla bağlı qərarında həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində həmin qərarı ləğv edə bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı Babayev Sabir Mustafa oğluna pensiya təyin edilməsi barədə sözügedən inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin 21.06.2019-cu il tarixli, 19709 nömrəli qərarı qüvvədə olmuşdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən qanunsuz hesab edilən 21.06.2019cu il tarixli, 19709 nömrəli qərarı həmin qərarın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində, yəni 21.06.2020-ci il tarixədək ləğv edilə bilərdi. Buna baxmayarq inzibati orqan pensiya təyin edilməsi barədə qərarın qəbulundan təqribən 3 il sonra “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat aparmadan təyin edilmiş pensiyanı ləğv edərək pensiya məbləğini dayandırmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq qərara gəlmişdir, eynilə cavabdeh orqan mübahisələndirilən məsələ ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla yanaşı inzibati icraata başlamamış və heç bir inzibati akt qəbul etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, pensiya ödənişini dayandırması inzibati icraat aparılmadan həyata keçirilməklə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələndiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin hüquqi qüvvəsini saxlayan qərarı inzibati icraatı aparmadan ləğv etməsi və pensiya ödənişini dayandırması “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuzdur. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(122)-737/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya
qərara alır:
Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2- 1(122)-737/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2- 1(122)-737/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.